Yazıçı ömrü - Allahverdi EMİNOV

Yazıçı-publisist Qafar Cəfərlinin 65 illiyi münasibətilə

 

Qafar Cəfərlinin yaradıcılıq diapazonu geniş olsa da, oxucular onu detektiv yazar kimi tanıyırlar. Nəşr olunmuş ""Taxta qaloş" əməliyyatı", "Amansız qətl", "Gecənin lal fəryadı", "Günahsız mələk", "Namus yarası", "Tanrının göz yaşları" və başqa povestləri, romanları maraq doğurmuşdur. Bu əsərlər Lənkəranda qələmə alınmışdır, eləcə də hekayələri, novellaları.

O, ibrətli həyat yolu yaşamışdır. 1957-ci ildə Lənkəranda doğulan Qafar İltifat oğlu Cəfərli müəllim ailəsində boya-başa çatmış, orta məktəbi qurtardıqdan sonra istehsalatda işləmiş, ordu sıralarında xidmət etmiş, 1978-ci ildə ADU-nun Hüquq fakültəsinin əyani şöbəsinə qəbul olmuş və uğurla bitirmiş, uzun illər hüquq mühafizə sistemində çalışmış, məsul vəzifələr tutmuşdur. Qafar Cəfərli cinayət axtarışı sahəsində işlədiyi uzun illərdə cinayət hadisələrinin açılmasında bilavasitə iştirak etmiş, yaxud rəhbərlik etmişdir. Zəngin müşahidələri onun gələcəkdə yazacağı əsərləri üçün material vermişdir.

Tələbə ikən müxtəlif janrlarda bədii və publisist məqalələrlə respublika qəzetlərində çıxış etmiş, az sonra hekayələrini, oçerklərini qələmə almışdır.

Qafar Cəfərli polis zabiti kimi I Qarabağ müharibəsində - Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.

Qafar Cəfərli təcrübəsində mühüm faktları, irəli sürdüyü fərziyyələrin ümumi mənzərəsinin uçotunu təhlil yolu ilə aparmış və bunu nə vaxtsa yazacağı əsərlərə zəngin material verəcək mənbə hesab etmişdir və yanılmamışdır. Beləcə, o, detektiv hekayə və povestləri sifarişlə yox, apardığı əməliyyatların reallığı çərçivəsində səmimiyyətlə qələmə almışdır. Seçilmiş faktlar, çətin situasiyaların həlli ("Kimsəsizlər", "Namus yarası", "Xəyanət", "Xoşbəxt əsirlər" əsərlərində) müəllifin üzərinə düşmüş, hər bir povestin predmeti yüksək bədii səviyyədə təsvir olunmuşdur.

Yaradıcılıqda belə bir formula var: "İnsan yalnız təfəkkürü ilə deyil, bəlkə də bütün hisslər ilə şeylər dünyasında özünün insanlığını təsdiq edir". Bu insanlıqdır - Qafar Cəfərli vicdanı ilə işləmək, yazmaq səlahiyyətini qarşısına qoydu və cavabdehlik daşıdı.

Qafar Cəfərli həyat adamıdır, - desəm yanılmaram, həyat onun üçün hərəkət və mübarizədir, yazdığı əsərlər əqli və emosional orqandır, deməli, sənətin vəzifəsi onun üçün sadəcə əks etdirmək yox, inkar, yaxud təsdiq yolu ilə sözünü göyərtməkdir. Çağdaş mürəkkəb həyatın hadisələri içərisindən keçmişi və yenisini görməkdir, oxucuya ünvanlamaqdır.

Yazıçı "Kimsəsizlər" povestini yazanda keçirdiyi hissləri belə təsvir edir ki, cinayətkarların amansızlığını görəndə özümü günahkarlardan biri hesab etmişəm, yeniyetmə gənclərə öyrətməyə borclu idik - ailədən başlamış, orta məktəb də daxil olmaqla topladığımız qənaətlə yanaşsınlar, ömürlərini səfeh işlərə sərf etməsinlər. "Kimsəsizlər"i təxəyyülümdə "quranda", uşaqların taleyini götür-qoy edəndə çox düşünüb-daşındım. Atalı, qohum-əqrəbalı Mətinlər, Hünərlər, Xanlar, Vəlilər - qətlə yetirilən uşaqlar xoşbəxtlik üçün doğulmuşdular, halal ana südü əmmişdilər, bəs sonu nə ilə nəticələndi?..

Qafar Cəfərlini yaxşı tanımaq üçün keçdiyi həyat yolu öz yerində, yaradıcılığında Zaman, Məkan, Cəmiyyət barədə və fərdi zövqlər kontekstində öz mülahizələri vardır. Bu "üçlüyə" onun yaşadığı ömrün qabarma və çəkilmələrini də əlavə edərdim. Qafar bəy heç vaxt ölümün labüdlüyünə şübhəli yanaşmamışdır, "Ölüm haqdır", - demişdir və bu vaxtsız gələn qonağı müdriklik adlandırmışdır. Həqiqətdir, insan var yaşaya-yaşaya ölür, insan da var uçurum qarşısına gələndə gərək saxlayasan, bunu etməmisənsə, o adamı axirət dünyasında axtarmaq əbəsdir!

Qafar Cəfərlinin hekayələri və povestləri ilk öncə diqqətimdən yayınmadı. Bu janr (hekayə) nəsrin ən ərköyün, tordan çıxmağa çalışan balıq çılğınlığını xatırladır: böyük fikir, konkret süjet və təsvir qısqanclığı: Gəl müəllif, oxucunu razı sal. İrihəcmli əsərdə yazıçı hansı məqamlarda "cızığından" çıxdığını bilir və üzərindən adlayır, boşluğu doldurur. Hekayə isə o qədər təmizdir - müəllifi qarabaqara izləyir. "Qəbir yeri", "Qumru", "Saatın 61-ci dəqiqəsi", "Övlad borcu", "Son nəfəsdə", "Bir ömür sevgi" hekayələri fikrimin təsdiqidir. Mən yazıçının hekayələrinin dəyərini yüksək qiymətləndirirəm, təsvir etdiyi hadisələrə fərdi münasibəti şəksizdir, obrazları sosial şüura malikdir, ailə-məişət dairəsində yaşayırlar.

"Saatın 61-ci dəqiqəsi" kitabında "Namus yarası", "Xəyanət", "Xoşbəxt əsirlər" adlı üç detektiv povesti verilmişdir. Əsərlərin uğur qazanması təbiidir, mövzuların seçilməsi, hadisələri macəraçılığa aparması və oxucunu intizarda saxlaması. Bu əsərlərin təqdir olunmasında başqa nüanslar da vardır: Yazıçının konkret təhkiyəsi, nəsr nitqinin (dialoq da istisna deyil) mühüm forması mülahizə, diskurs mühakimədir - hər bir söz, işarə olacaq hadisələrin "yolunu" açır, baş verən əməliyyatlar yazıçı düşüncəsinə və təhlilinə ehtiyac yaradır. Məsələnin həm sosial, həm də əxlaqi aspektdə qoyuluşu bəzi rakurslardan aydınlıq gətirir. Bu fikri Qafar Cəfərlinin detdektiv povestlərini oxuyandan sonra deməyi özümə borc bildim. Məşhur ədəbiyyatçı B.L.Borxesin: "Ədəbiyyat idarə olunan uyğudur" fikrini xatırladım. Necə ki, Q.Cəfərli hadisələri bədii situasiyalarda, səs-küysüz, təmkinlə məcrasına qoyur və ideyalara çevirir, "Namus yarası" povestində olduğu kimi ailə-məişət zəminində həll etmişdir. "Xoşbəxt əsirlər"i də səviyyəli, günün, ilin, əsrin ən yaralı nöqtələrindən, insanların (cinayətkarların) insanlıq müstəvisindən "oyana" çıxmasından bəhs edir və biz yenə də polis zabiti Əli Zaminli obrazı ilə qarşılaşırıq.

Qafar Cəfərlinin son romanı "Tanrının göz yaşları"dır. Əsər iki cəhəti - özəlliyilə son illərin nəsrində mövzusu ilə bağlı orijinaldır. Birincisi, əsərdə Məkan problemi bütöv şəkildə qoyulmuşdur, I Qarabağ, xüsusilə, II Qarabağ müharibəsində Azərbaycanın bir kəndi - Ərənlər el-obası Ölkəmizi təmsil edir. Onun keçmişi və bugünü vuruşur, cavanları, hətta ordudan tərxis olunanlar da cəbhəyə könüllü yollanırlar, şəhidlik zirvəsinə yüksəlirlər. Nisbətən yaşlılar arxa cəbhədə fəaliyyətlərini davam etdirirlər. İctimai həyatda mübarizə aparırlar. Ərənlilər cəsarət rəmzidirlər, haqdan çəkinmirlər. Bu bütöv kəndin qadınları dar gündə çalışırlar, namusların keşiyində dururlar. Bu bütöv kəndin polkovniki də, prokuroru da, həkimi də olmuşdur. Bu bütöv kəndin müəllimləri də dərs demişlər, vətənpərvər gənclər yetişdirmişlər. İkincisi, cavan ikən ərini Rusiyaya iş dalınca yola salan qadın ananın daxili-mənəvi şücaətinin təmsilçisi Nərmindir. Cəbhədə şəhid olmuş oğlu Babəkin anasıdır. Oğlunu öz əli ilə məzara endirən və bu ağrıya dözməyən bir qadındır...

Qafar Cəfərlinin povest və romanları nə qədər polifanikdirsə, çox obrazlıdırsa, hekayə və novellaları sadə həyat həqiqətləri üzərində qurulmuşdur: ər-arvad isnişməsi, övlad məhəbbəti, qəfil sevgi oyanışı və daha günümüzün gedişində yaranan sevinclər, məyus anlar. Yazıçı qələmə aldığı hekayələrini "Bir gecənin vahiməsi" kitabında (2020) nəşr etdirmişdir.

Onun personajlarında ürək dolu sevgi və həsrət notları güclüdür, bu hisslər oxucuya təsəlli aşılayır. "Bir ömür sevgi"də yanğında kiçik oğlunu itirən, son nəfəsinəcən övlad məhəbbətini sinəsinin istisində yaşadan Ananın obrazını görürük. Bir udum hava! İnsanın yaşamasını təmin etmək üçün kifayətləndirən möcüzə. Amma məqam yetişir o saf havanın yolu kəsilir, insan vurnuxur, o bir udum havanın yaşatdığı qüdrətin yeri görünür, üzünü uca Tanrıya tutur: "Allah-təalanın bəxş etdiyi bir udumluq hava belə, insanı yaşadır, ona həyat bəxş edir".

On dörd yaşlı Fəridin namus üstündə qətl hadisəsi törətməsindən alınan təəssürat ədalətin keşiyində dayanan vəkil Rəhimli. Fəridin isə on dörd yaşı hələ tamam deyilmiş, bir neçə saat qalıbmış. Qanunun tələbi yerinə yetirilir...

Qafar Cəfərli hazırda ömrünün 65-ci ilinin astanasındadır. Əyalətdə yaşayıb yazır, insanlar arasında fəaliyyət göstərir, onlarla bağlıdır, arzularına və tələblərinə şərikdir. Əyalətdə yazıçı ömrü yaşamaq, yazıb-yaratmaq, peşəkar səviyyəli ədəbi əsərlər ortaya qoymaq asan deyil. Bütün bu işləri görmək, həmçinin AYB Lənkəran Zona Bölməsinin sədri olaraq cənib bölgəsində ədəbi mühitə rəhbərlik etmək, mühitin güclənməsi və daha da inkişafını təmin etmək məsuliyyətli olduğu qədər də çətindir. Qafar Cəfərlinin sədr olduğu bir il yarım ərzində gördüyü işlər deməyə əsas verir ki, o, istedadlı yazıçı olmaqla yanaşı, həm də bacarıqlı rəhbər və təşkilatçıdır.

Mən dostum Qafar Cəfərliyə şəxsi həyatında uzun ömür, cansağlığı, xidməti işində uğurlar, yaradıcılığında isə yeni və sanballı əsərlər yazmasını arzulayıram.

 

29.01.2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!