Akademikin elmimizə son töhfəsi - Qəzənfər PAŞAYEV

 

Sanki dünən idi. AMEA-nın Rəyasət Heyətinin böyük akt zalında 80 illik yubileyi təntənə ilə qeyd olunurdu.

Məruzə ilə Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli çıxış etdi. Professorlar Vaqif Arzumanlı, Teymur Kərimli və mənim yubilyara həsr etdiyimiz kitablar xüsusi çantada zalda əyləşənlərə hədiyyə edildi.

Hamı çıxış edərək bu böyük alim və insan haqqında ürək sözünü demək istəyirdi.

Bəkir müəllim xoşbəxt idi. Elmi ictimaiyyət, ziyalılar onun görüşünə gəlmişdi.

Vaxt necə də amansızcasına, sezilmədən keçib gedir. Cismani cəhətdən bizdən ayrılmasından on il keçməsinə inanmaq olmur. Bu müddət ərzində görkəmli alim zərb-məsələ çevrilən hikmətli kəlamları, duzlu-məzəli söhbətləri ilə həmişə bizimlə olub, unudulmayıb.

Altmış ildən artıq zaman kəsiyində ədəbi prosesə, klassik ədəbi irsə, ədəbi tənqid və ədəbi əlaqələrə, poeziyada sənətkarlıq məsələlərinə dair yazıb çap etdirdiyi 60-dan artıq monoqrafiya və başqa kitabları, saysız-hesabsız elmi məqalələri alimə əbədilik qazandırmışdır.

"Ədəbi düşüncələr", "Görkəmli tənqidçi və ədəbiyyatşünas", "Müasirlik və sənətkarlıq uğrunda", "Süngüyə çevrilmiş qələm", "Tənqid və ədəbi proses", "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı", "Kamalın təntənəsi", "Söz ürəkdən gələndə", "Mənalı ömürdən səhifələr", "Roman və müasir qəhrəman", "Almas İldırım", "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı", "Çətin yollarda", "İstiqlal şairi", "Heydər Əliyev haqqında etüdlər", "Hərənin öz yolu", "Nəsimi kəlamının işığında", "Şamaxı torpağının yetişdirdiyi böyük Azərbaycan şairləri"  və s. akademik Bəkir Nəbiyevin ömür payında yazıb miras qoyduğu qiymətli əsərlərdir.

Bu yazımızda alimin vəfatından sonra işıq üzü görən, 520 səhifədən ibarət, "qalın və qalan" fundamental "Üzeyir Hacıbəylinin ömürnaməsi" kitabından bəhs edəcəyik. Bu qiymətli kitabda özündən sonra baş verənləri tam dəqiqliyi ilə görüb yazan alimin qoy ruhu şad olsun!

Akademik  çox qiymətli, nadir faktlarla zəngin əsərində möhtəşəm yaradıcılıq yolu keçən Üzeyir bəyin necə böyük və bənzərsiz şəxsiyyət, inanılmaz istedad sahibi olduğunu səriştəli, təcrübəli alim qələmi ilə açıb göstərə bilmiş, üzeyirsevərlərin və tədqiqatçıların ürəyincə olan bir əsər ortaya qoymuşdur.

Azərbaycan musiqişünaslığı tarixində ölkənin hüdudlarını yarıb, beynəlxalq arenaya çıxan, nəzəri musiqişünaslığın zəngin üfüqlərində bərqərar olan dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya səs salan ilk opera və operettalarımızın, ilk qəzəl-romansların, ilk Dövlət himninin müəllifi, yeni tipli ilk orta musiqi təhsil ocağının, milli konservatoriyanın, xalq çalğı alətləri ansamblının, simfonik orkestr və ilk təhsil və elmi tədqiqat İncəsənət İnstitutunun təşəbbüskarı və yaradıcısıdır.

Dahi bəstəkarın "Azərbaycan xalq musiqisinin əsasları" monoqrafiyası onu elmimizin korifeyləri sırasına yüksəltdi. O, təkcə Azərbaycan deyil, dünya musiqişünaslarının korifeylərinin fəth etdiyi zirvədə bərqərar olmuşdur. Üzeyir bəyin simasında dahi və korifey sözlərinin məna tutumu maraq doğurur və birbaşa mətləbə bağlıdır.

Dahi o yaradıcı simadır ki, onun gördüyü işi ondan əvvəl heç kim görmüş olmasın və bu, dünya səviyyəli nailiyyət olsun, nəhayət, dünyada qəbul edilsin.

Korifey isə o dahiyə deyilir ki, o, azı bir elm, sənət, texnika sahəsində yeni inkişaf istiqaməti açsın, bu istiqamətdə gələcək üçün fundamental əsas yaratsın, davamçılarının ilk nəslini hazırlasın.

Yalnız korifeylərin ilk əsəri klassikaya çevrilir. Üzeyir bəyin "Leyli və Məcnun" operası kimi.

Üzeyir Hacıbəyli yaradıcılığı sahilsiz ümmana bənzəyir. Bəstəkarın zəngin həyat yoluna, təkrarsız yaradıcılığına, elmi-pedaqoji, ictimai fəaliyyətinə həsr olunan məqalə və monoqrafiyaları saymaqla qurtaran deyil.

Təkcə Moskvada rusca V.Vinoqradovun "Ü.Hacıbəyov və Azərbaycan musiqisi" (1938), S.Korevin "Ü.Hacıbəyov və onun operaları" (1952), Qara Qarayevin giriş məqaləsi ilə Z.Səfərovanın "Ü.Hacıbəyovun musiqi və estetik görüşləri" (1973) monoqrafiyaları böyük tirajla çap olunmuşdur.

Heydər Əliyev Fondu tərəfindən hazırlanıb çap edilən "Üzeyir Hacıbəyli ensiklopediyası", "Üzeyir Hacıbəyli. Ömür salnaməsi (1885-1948) və bəstəkarın Biblioqrafiyası" dahi bəstəkara həsr olunmuş ən qiymətli əsərlər sırasındadır.

Akademik Bəkir Nəbiyev "Üzeyir Hacıbəylinin ömürnaməsi" əsəri üzərində işə başlamazdan öncə Azərbaycan xalqına başucalığı gətirən bəstəkarımıza həsr olunan bütün əsərlərlə tanış olmuş, bəzisini dönə-dönə oxumuş, qeydlər aparmış, üç il əsər üzərində işləmişdir.

Alim yeni yolla gedərək bəstəkarın çox zəngin həyat və fəaliyyətini təqvim üzrə əks etdirən xronoloji soraq kitabı hazırlamışdır.

Araşdırıcının "Milyonların həmdəmi" adlı giriş məqaləsində göstərdiyi kimi, əsərdə ilk növbədə, Üzeyir bəyin tərcümeyi-halının ən taleyüklü anları, bəstəkarın opera və operettalarının ilk tamaşa günləri, bütün əsərləri və haqqında nəşr edilmiş kitablar və s. qeyd olunsa da, bəzi sorğu kitablarından fərqli olaraq faktların sadalanması, təsviri ilə məhdudlaşmır, oçerklərdə söhbət gedən bütün fakt və hadisələrə müəllifin münasibətini və mühiti əks etdirir, buna görə də izahlı ömürnamə səciyyəsi daşıyır.

Təkcə 1-ci oçerki, Üzeyir bəyin anadan olma təqvim gününü götürüb təhlil etdikdə müəllifin haqlı olduğunu əyani şəkildə görürük. Bu oçerkdə Üzeyir bəyin atası Əbdülhüseyn bəydən, anası Şirinbəyim xanımdan, Üzeyir bəyin qardaşları və bacılarından, Şuşanın tarixindən, Vaqifin başına gələnlərdən, bütün Qafqazın musiqi Məkkəsi Şuşadan, onun yetirdiyi Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Firidun bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, Lətif Kərimov, Cəlal Qaryağdı kimi tarixi şəxsiyyətlərdən söz açır. Bir çap vərəqi həcmində olan bu oçerkdə müəllif Üzeyir bəyin Şuşada doğulmuş davamçıları və yetirmələrindən iftixarla bəhs edir. Zülfüqar Hacıbəyov, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Süleyman Ələsgərov kimi məşhurların adını çəkir. Fəxarətlə Cabbar Qaryağdı, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, Bülbül, Rəşid Behbudov, Sadıxcan, Qurban Pirimov, Məşədi Cəmil Əmirov kimi görkəmli sənətkarlarımızın musiqi mədəniyyətimizin planetimizdə yayılmasında gördüyü misilsiz xidmətlərdən danışır.

Tədqiqatçının əsərini həyəcansız, fikrə qərq olmadan oxumaq olmur. Elə götürək əsərin Üzeyir bəyin kiçik qardaşı Ceyhun Hacıbəyli ilə bağlı hissəsini. 1919-cu ildən dünyasını dəyişdiyi 1962-ci ilə qədər Fransada mühacir həyatı sürən, vətən həsrəti çəkən Ceyhun bəy bir an belə Azərbaycanı unutmamış, hətta fransızca "Qarabağ dialekti və folkloru" adlı monoqrafiya çap etdirmişdi. Əsəri f.e.n. Bayram Ağayev tərcümə etmiş və əsər 1999-cu ildə Bakıda, "Ozan" nəşriyyatında Bəkir müəllim və mütərcimin giriş məqaləsi ilə çap olunmuşdur. Ceyhun bəy Parisdə iki həyat yaşayırdı: bir real Paris həyatını, bir də özünün qurub-yaratdığı nisgillərdən, gümanlardan və xatirələrdən ibarət Vətən həyatını. Tədqiqatçı Ceyhun bəyin vətən xiffətini, vətən həsrətini necə də dəqiq ifadə edə bilmişdir: "Vətən həsrəti heç nə ilə müalicə olunmayan sağalmaz bir yaradır. Vətən həsrəti insanın qəlbini, ruhunu, vücudunu elə çulğayır ki, elə kövrəldir ki, hər gün, hər saat ürəyin intizarda, qulağın səsdə olur".

Deyilənlərə onu da əlavə etmək olar ki, ən təmiz, ən ülvi hiss vətəndən didərgin düşmüş, vətən üçün qəribsəyən insanların hissidir. Bu ülvi, pak, saf hiss Ceyhun Hacıbəylini həyatı boyu tərk etməmişdir.

Milli mədəniyyət hadisəsi olan "Üzeyir Hacıbəylinin ömürnaməsi" Azərbaycan xalqına Bəkir müəllimin son töhfəsidir.

Alim son töhfəsinə yarım səhifəlik son söz yazmışdır. Oxuyub heyrətlənməmək olmur. Onun özündən sonra baş verəcək hadisələri tam dəqiqliyi ilə görməsinə necə də heyrətlənməyəsən?!

Akademik yazmışdır: "Üzeyir Hacıbəylinin ömürnaməsinə burada xitam verdim. Amma kitab tamamlanmamış qaldı. Təkcə ona görə yox ki, Üzeyir aləmi bizim Kür çayı kimi bitməz-tükənməz bir nəhrdir və bu nəhr Azərbaycan ölkəsi, Azərbaycan xalqı, azad və müstəqil Azərbaycan Dövləti var olduqca, yəni əbədiyyət qədər çağlayacaq, axacaq, həmişə insanlara yüksək bəşəri fikirlər, incə bədii zövq aşılayacaqdır. Kitab natamam qaldı, çünki onun son səhifələrində yazılmaq üçün növbəsini gözləyən bir oçerkin yeri görünür. Həmin oçerk bəstəkarın doğulduğu, boya-başa çatdığı, dünyaya pərvazlandığı Şuşa şəhəri erməni işğalçılarından azad edildikdən sonra yazılacaqdır. Orada hökmən göstəriləcəkdir ki, bu münasibətlə "Azərbaycan Dövlət simfonik orkestri özünün tam heyəti ilə Şuşanın əfsanəvi gözəllik guşəsi olan Cıdır düzündə, hava şəraitinin necəliyindən asılı olmayaraq, Üzeyir bəyin "Koroğlu" operasının qələbə ahəngilə ləngərlənən uvertürasını xüsusi şövqlə çalmış, bununla da bütün dünyaya, o cümlədən namərd qonşumuza bir daha elan edilmişdir ki, Azərbaycanın haqq işi qalib gəlmiş, onun ərazi bütövlüyü birdəfəlik təmin edilmişdir".

Akademikin uzaqgörənliklə yazdıqlarının vəfatından cəmisi səkkiz il sonra tam dəqiqliklə yerinə yetməsi "sirri-xuda" olaraq qalır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!