Əbədiyyət karvanı - Sadıq Elcanlı

Azərbaycan dili haqqında publisistik düşüncələr

Akademik Həmid Araslının 1961-ci ildə qələmə aldığı "Əziz dost, unutma ki..." adlı kiçik məqalə-müraciətini oxudum və ruhumda bu yazının ilk qığılcımları parladı...
Allah sənə rəhmət eləsin, Həmid Araslı!

1. Qəlbimizin qalası,
ruhumuzun cənnəti

Qafqazın - Qaf-Oğuzun əzəli sivilizasiya məskənlərindən, ilkin tarix yollarından, Azərbaycanın ən qədim yurd-yaddaş binələrindən Azərbaycan dilinin, Azərbaycan varlığının əbədi səsləri gəlir.  Azıx yaddaşlı Quruçay sahillərindən tarixin Qobustan, Gəmiqaya, Urmiyə xatirələrinəcən, Orxon-Yenisey yazılarından neçə min yaşlı Qarabağ kurqanlarına, Xocalı şəhərgahına qədər, altı min illik qalalar qalası Dəmir Qapı Dərbənddən Xətai qılıncıyla Füzuli qələminin qardaşlığına kimi, beş min illik şəhərlər şəhəri Naxçıvandan - Nuhçıxandan ruhumuzun əbədiyyət heykəli Ağrı dağına, Təbriz-Bakı bütövlüyünəcən, Attilalara, Alp Ər Tonqalara deyilən ağılardan Dədə Qorqud eposunun ulu yurd yerlərinəcən hansı cığırı, yolu, hansı qayanı, dağı, hansı binəni, bəngüdaşı dindirsən Azərbaycan dilində danışar səninlə.  Bu, əzəli ruhumuzun, əbədi yaddaşımızın, ölümsüz milli-mənəvi varlığımızın xoşbəxtliyidir. Bu, tarixin amansız hücumlarına diz çökməyən, məğlub olmayan, yüzillərin gizli-aşkar imperiya basqılarına, mənəvi repressiyalarına, assimilyasiya tələlərinə mətanətlə sinə gərən, ruhumuzu-yaddaşımızı, bütöv milli varlığımızı yaşadan Azərbaycan dilinin tarixi hünəridir, misilsiz qələbəsidir.

Sənə üz tuturam, tarixi hünər və qələbələr sahibi Azərbaycan dili!  Sən Yer planetində ən qədim insanların ilkin sığınacaqlarından, bəşəri sivilizasiyanın əzəl ocaqlarından olan Azıx mağarasına ad verdin!  Sən dünya daşqınından xilas olan qədim insanları Ağrı, İnandağ, Kəmki zirvələrində - ulu toponimlərin mifik yaddaş süfrəsində salamladın!  Sən xalqlar xalqı Şumerin dilində öz sözlərinlə danışdın! Sən Sibir çöllərindən, Altay dağlarından, Avroasiyanın yovşanlı yamaclarından keçdin, Orxon-Ərhun və Yenisey-Yeni su çaylarının sirli-sehrli sahillərində qaşların sinəsinə, qayaların qəlbinə qazıla-qazıla, yazıla-yazıla böyük bir yol başladın; Dədə Qorqud eposunun mifik möcüzələr, əsatiri düşüncələr dünyasında, təxminən, 950 il əvvəl Mahmud Kaşğari "Divan"ında, Yusif Balasaqunlunun "Qutadqu bilik" poemasında xoşbəxtliyin ilkin badələriylə bəşəri bədii təfəkkürün bəxtəvərlik taxtına çıxdın!  Gəncəli Nizami sənin doğma qucağında düşünə-düşünə özgə dildə beş mənzum roman - "Xəmsə" yaratdı, Nəsimi sənin qüdrətinlə ənəlhəq dedi, hər iki cahana meydan oxudu, Füzuli sənin tanrısal ruhi gücünlə bəşəri poeziyanın şah əsərini - "Leyli və Məcnun" poemasını yaratdı; sən Dədə Qorqud, Mahmud Kaşğari, Yusif Balasaqunlu, Nəsimi, Xətai, Füzuli, Sabir kimi dahilər doğdun və onların çiynində ucala-ucala dünyanın dillər gülüstanında öz layiqli yerini tutdun;  sən əzəli-əbədi tarix yollarında heç vaxt dayanmadın, hücrələrin kor qaranlığına sıxılmadın, daim irəli can atdın, üfüqlərdən-üfüqlərə getdin, zirvələrdən-zirvələrə ucaldın; sən ümummilli ruhumuzun möhtəşəm mənəviyyat xəzinəsi, yorulmaz yaddaş karvanısan, qəlbimizin qalası, ruhumuzun cənnətisən, Azərbaycan dili!..

2. Zirvələrin çağırış səsi

Gecə saat üçdür. Jurnalistlər evinin yeddinci mərtəbəsinin açıq pəncərəsindən Xəzərin - Quzğun - Oğuzhun dənizinin Ay işığında gülümsəyən gözlərinə baxıram.  Və birnəfəsə yazdığım bu cümlələrin nagahan çağırışıyla gözlərimdə çalxanan Xəzər boyda bir damla göz yaşının xoşbəxtliyini yaşayıram; ruhumda anamın əlləri kimi ana dilimin sığalını, sevgisini hiss edirəm; belə bir qalib və qüdrətli dilin övladı olmağımla, bu dildə danışmağım, yazmağımla fəxr edir, qürur duyuram və Ay işığında gülümsəyən duyğuları, hissləri tam ifadə edə bilməyən "fəxr", "qürur" sözlərinin gəlmə kasıblığına heyrətlənirəm...

Sənə üz tuturam, bəşər tarixinin ən qədim mif və əsatirlərindən, nağıl və dastanlarından səsi gələn Azərbaycan dili!  Miladdan əvvəl birinci minilliyin ortalarında doğma oğlun, igidlər igidi Alp Ər Tonqanın ölümünə tökdüyün göz yaşları, ürək göynədən sözlərin yada düşür:

Alp Ər Tonqa öldümü,

İzsız amun qaldımı,

Ödlək öcün aldımı, -

İmdi yürək yırtılır.

Orxon-Yenisey çöllərindən, "Kül tiqin" abidəsinin daş yaddaşından gələn qalib və qüdrətli səsləri, sözləri eşidirəm:

"Başlığıc yüküntirmiş, tizliqiq sökürmüş, ilqəri Kadırkan yışka, kiru Temirkapıdka teqi kökturmış".

Oğuzun ana kitabı, Azərbaycan epos mədəniyyətinin, epik təfəkkür və təxəyyülünün zirvə həqiqəti "Kitabi-Dədə Qorqud"un ilk cümlələri ruhumun səmalarında bayraq kimi dalğalanır:

"Rəsul əleyhissəlam zamanına yaxın Bayat boyundan Qorqud Ata derlər bir ər qopdu. Oğuzun ol kişi tamam bilicisiydi, nə deyirsə olurdu. Qaibdən dürlü xəbərlər söylərdi".

Yusif Balasaqunlunun 1068-69-cu illərdə yazdığı, çinlilərin "Ədəbi-mülk", macinlilərin "Ayinül-məmləkət" dedikləri, ərəblərin "Zinətül-üməra", iranlıların "Şahnameyi-türk" adlandırdıqları 13200 misralıq "Qutadqu bilik" poemasından iki misranın işığı günəş kimi boylanır:

Keyik təki gördüm bu türkcə sözük,

Onı akru tutdum yakurdum ara.

On birinci əsrin 70-ci illərindən Mahmud Kaşğari "Divanı"nın --"Divani-lüğəti-it-türk"ün qəzəb və qüdrət dalğaları tarixin yalançı yollarının zibilli sahillərini bürüyür basır, həqiqətin hüzurunda səliqə-səhman yaradır:

Alplar başın toğradım,

Emdi məni kim tutar?!

Və qəfildən unudulmaz şair, fədakar alim, "İstiqlal" ordenli Xəlil Rza Ulutürkün susmaz, sarsılmaz səsini eşidirəm.  Xəlil Rza Ulutürk Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasının tərcüməsinə yazdığı "Bədii sözün Tanrısı" adlı ön sözdə maraqlı bir məqamı qeyd edir: "Belə bir incə cəhəti də gözdən qaçırmaq olmaz ki, Nizami Gəncəvi farsca yazan başqa şairlərdən xeyli fərqlənir. Bunu, hətta İranın ən qatı şovinist, mühafizəkar, məhdud fars təəssübkeşliyinə malik bəzi alimləri də etiraf edirlər.  Son zamanlarda Tehranda "Xəmsə"ni yenidən hazırlayıb nəşr etdirmiş və buna görə böyük hörmətə layiq olan alim və şair Hüsyen Peyman Bəxtiyari Nizaminin milliyyətcə türk olduğunu bildirərək yazır: "Nizami də, başqaları kimi şirin fars dilini molladan öyrənməli idi…  Sənan, danışdığı dildə, Nizami isə öyrəndiyi dildə şeir yazırdı".

Bəxtiyarinin son cümləsi doğrudur. Azərbaycan təfəkkürlü Nizaminin özünün yaratdığı fars şeirinə ciddi təsir, hətta bəzən təzyiq göstərdiyini "Xəmsə"nin həm ümumi ruhunda, həm də ayrı-ayrı beytlərində sezmək o qədər də çətin deyil.

"Xəmsə"də az qala hər səhifədə təsadüf edilən, azərbaycanca düşünülüb farsca yazılmış ifadələr, atalar sözü və zərb-məsəllər bunu bir daha sübut edir.  Məsələ yalnız onda deyil ki, "Xəmsə"də və xüsusilə tərcümə zamanı içəri dünyasını apaydın gördüyümüz "Sirlər xəzinəsi"ndə tutuq (pərdə), sancaq (bayraq), dəbə (dəvə), kəslək (bıçaq), bürkə (örtük), çırağ, bağ, çinar, çul, torba, fındıq, sirkə, mil, dünya, tünük, saqi, şam, xəncər, külçə, cigər, yetim kimi sözlərə bol-bol rast gəlirik. Bu kimi ifadələrdən isə bir çoxunun farscaya azərbaycancadan keçdiyi şəksizdir.  Məsələnin mahiyyəti yalnız ayrı-ayrı sözlərdə deyil, Nizaminin Azərbaycan düşüncə tərzinə, Azərbaycan bədii təfəkkürünə malik olmasındadır.  Əsərlərindəki dərin milli kolorit, Odlar diyarı ilə bağlı coğrafi, tarixi, siyasi gerçəklik, yalnız Azərbaycan xalqına xas olan etnik və psixoloji xüsusiyyətlər də bunu bir daha təsdiqləyir".

3. Bizi biz edən bizimki

Sənə üz tuturam bir sıra dahi övladları zamanın gərdişi, dövrün hökmü ilə yad dillərdə yazan, lakin özgə paltarlı əsərlərində özü - ruhu görünən Azərbaycan dili!  Bu bir tale qisməti, yaxud qəzavü-qədər hikkəsidirmi - sənin yad sözündə həm öz, həm özgə var; yadların, yağıların yadla, yaddaşla bir kökə sığınması, eyni sözlə ifadə edilməsi möcüzə deyilmi; bircə bu sözün etimologiyası, sirli etnogenetik layları haqqında tarixi-dilçi-türkoloji düşüncələr deyilməz-bilinməz dərinliklərə, sarsıntılı çıxılmazlara aparıb çıxarır;  bu bir könül yarasımı, qan-gen səadətimi, milli ruhun etnogenez, qlottogenez çöllərində qazancımı, itkisimi?..

Yadıma böyük dilçi-türkoloq, akademik Tofiq Hacıyevin bağında etdiyimiz unudulmaz söhbətlər düşür. Möhtrəm müəllimim və böyük dostumun 70 illiyi münasibəti ilə "Böyük yolun adamı" adlı sənədli televiziya filmi çəkirdik.  Üzümün qaralan, əncirin saralan vədələriydi.  Bağın düz ortasındakı miyanalar xeyli qalxmış, çiçəkləyib dən bağlamışdı; yaşılı-sarımtıl miyana kolluğundan gələn qeyri-adi qoxular ruhu güldürür, duyğularda dil açır, anlaşılmaz səslər, sözlər pıçıldayırdı.  Mən o səslərin,sözlərin tilsimində Tofiq müəllimə üz tutdum, - bağın o başından, ağacların arasından keçə-keçə bu miyanalığın yanında gəlib dayanarsınız,dilimizin tarixi kökləri haqqında burada danışarsınız, - dedim. Özünəməxsus işıqlı bir təbəssümlə baxdı, - ürəyimdən xəbər verdin, bu miyana kolları ruhumun dostlarıdır, yovşan ətri kimi miyana qoxusundan da az qala min illərin yadı, yaddaşı boylanır, əlçatmaz, ünyetməz bir nur topası, təbəssüm işığı kimi çağırır adamı...

O gün Tofiq müəllimlə YAD-ın özü ilə özgə qovuşuğu və yolayrıcında xeyli söhbət, gəzişmələr etdik; son qənaətimiz bu oldu ki, dil sirli-sehrli bir dünyadır, sonu-sərhədi bilinməyən kosmos kimi nəhayətsizdir...

Və o gün Tofiq müəllim bir heykəl haqqında da danışmışdı. Demişdi ki, Mahmud Kaşğari taxt-tacın, səltənətin varisiydi.  Ögey anası öz övladını varis etmək üçün gənc Mahmudu öldürmək istəyir, müxtəlif planlar cızırdı.  Mahmud bunu bilərək saraydan qaçmış, uzun-uzun illər boyu Şərq-Qərb arası bütün türk ellərini dolaşmış, topladığı zəngin dil materialları əsasında nəticədə "Divani-lüğət-it-türk" adlı nəhəng bir əsər yaratmışdı.  Və Tofiq müəllim özünəməxsus bir qəlb rahatlığı, könül xoşluğuyla deyirdi ki, o xəyanətkar ögey anaya heykəl qoymaq lazımdır, çünki belə bir möhtəşəm dil abidəsinin yaranmasına səbəb olmuşdu...

Sənə üz tuturam, ümummilli ruhumuzun əzəli-əbədi, sonsuz-sərhədsiz kosmosu, tariximizin, bütöv varlığımızın fenomenal gerçəkliyi, bizi biz edən bizimki - möhtəşəm və müqəddəs Azərbaycan dili!  Sən taleyimizin Ərgənəkon dastanı, qəlbimizin Ərk qalası, ruhumuzun əbədi bahar çiçəyi, dirilik bulağısan. Sən etnogenez və qlottogenez yollarımızın bütöv salnaməsi, canlı ensiklopediyasısan, ən qədim ilkimizdən sonsuzluğumuza, dünənimizdən bu günümüzə, bu günümüzdən sabahımıza uzanan milli tale körpüsüsən, ümumxalq, ümummillət ruhunun gözlərinə işıq, damarlarına qan və can verənsən; və sən bütün bu sözlərin, cümlələrin tam miqyaslarıyla ifadə edə bilmədiyi ruhi xilaskarsan, müqəddəs möcüzəsən, Azərbaycan dili!  Sən böyüksən və sənin tam qədir-qiymətini böyüklər bilər!

Dahi dilin qədir-qiymətini dahi Füzulinin bildiyi kimi...

4. Əbədi varımız, varlığımız

O, "Bir dövrdəyəm ki, nəzm olub xar" deyirdi, bimar - yəni xəstə poeziyanın xilas yollarını axtarır, mənsub olduğu Oğuz-Türk-Azərbaycan dilinin möcüzəli şeir baharına, ərəb və fars dilləri ilə bədii düşüncə, təfəkkür rəqabətində qalib gələcək layiqli ədəbi kamilliyinə doğru gedirdi.

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzm-nazik türk ləfzilə ikən düşvar olur...

Məndə tövfiq olsa bu düşvarı asan eylərəm,
Növbahar olğac tikəndən bərgi-gül izhar olur.

"Məndə tövfiq olsa bu düşvarı asan eylərəm" deyir, bu qələbəni arzulayır, Azərbaycan dilinin əbədi baharına can atırdı Füzuli.

Bir müddət sonra bu böyük arzusuna qovuşdu, həmin tarixi missiyanı şərəflə yerinə yetirdi.  Beşiyi başında Qorqud və Həsənoğluların dayandığı, ayağı altına Nəsimi və Xətailərin çiyin verdiyi, yollarında Mirzə Fətəli və Vaqiflərin şam yandırdığı  Azərbaycan ədəbi dilini tam kamala yetirmək, əbədi enməz zirvələrə ucaltmaq şərəfi dahi Məhəmməd Füzuliinin və onun davamçısı Molla Pənahın bəxtinə düşdü.

Füzulinin zamana qalib gələn ölümsüz qəzəlləri, dünya ədəbiyyatının şah əsərlərindən olan "Leyli və Məcnun" poeması ilə Azərbaycan dilinin əlçatmaz, hüdudsuz poeziiya mədənləri kəşf edildi, əbədi istifadə üçün açıldı...

Sən Dədə Qorqud kitabından, Mahmud Kaşğari "Divanı"ndan, Yusif Balasaqunlu "Qutadqu biliy"indən sonra Məhəmməd Füzuli şeir baharında xoşbəxtliyin ən uca zirvə sevinclərini yenidən yaşadın, Azərbaycan dili!

235 illik Azərbaycan Səfəvilər dövlətinin banisi, qılınc və qələm dahisi Şah İsmayıl Xətai Şeyx Heydəroğlunun 500 il əvvəl dediyi mübarək və müqəddəs sözləri eşidirəm: "Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, dilimizin bir kiçicik sözünü bir ölçü ləl-cəvahiratdan üstün bildim. Hər ikisini - Vətənimizin və Dilimizin əbədiyyəti üçün".

Və bahar çiçəyi kimi açan təzə-tər misraların möcüzəsi ruhumu ovsunlayır:

Qış getdi, yenə bahar gəldi,

Gül bitdivü laləzar gəldi...

Lalə oturub başında tacı,

Heç sərvərə yoxdur ehtiyacı...

Şah İsmayıl Səfəvinin "Bahariyyə"sində, ruhumuzun belə möcüzəli misralar məmləkətində qanın qaynadı, gözlərin güldü, tanrısal bir eşqlə ayağa qalxdın, qədim və qüdrətli yolun yeni üfüqlərinə üz tutdun, Azərbaycan dili!

Əsrlər boyu elmi-nəzəri təfəkkürünü ərəb səhralarına, bədii-poetik təxəyyülünü fars çöllərinə çəksələr də, özündən heç vaxt tam ayrılmadın, zaman-zaman kökünə boylandın, dönə-dönə özünə baxdın, öz böyüklüyünə qayıtdın; ruhunun gücüylə özgə dillərdə də elm və sənətin ən uca zirvələrini fəth etdin. Sağlığında "şeir mülkünün hökmdarı", "Dünya şairlərinin ustadı", "Dahilər dahisi" adlandırılan Nizami Gəncəvi müxtəlif xalqlara mənsub alimlərin etirafına görə - "Avropa ədəbiyyatında Danteni, Petrarkanı, Şekspiri, Puşkini qabaqlamış, Fərabi, Kompanella, Tomas Mor, Sen-Simon kimi dahilərin utopik fəlsəfi fikrini bir neçə əsr qabaqlayaraq son dərəcə kamil bir nəzəriyyə yaratmışdır" (Professor Rüstəm Əliyev). Məhəmməd Füzuli ərəb və fars dillərində yazdığı fəlsəfi-poetik nümunələrlə ərəb və fars şairlərini ötüb keçmişdir... Ədəbiyyat tariximizin çoxsaylı belə mübarək faktları ilk növbədə sənin ruhunun gücünü təsdiq edir, sənin əyilməz, enməz böyüklüyünə, möhtəşəm və müqəddəs mərdanəliyinə şəhadət gətirir, Azərbaycan dili!  Bütün bunlara görə sən heç vaxt imperiya qapılarında qul olmadın, assimilyasiya tor-tələlərinə düşmədin, "Sənmi türkə-xər deyirsən mənim şeir dilimə, // "Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!" inadı və inamı, qəzəbi və qalibiyyət eşqiylə mənsub olduğun ucalıqlardan bircə misra da enmədin! "Fars poeziyasının yeni Hafizi" adlandırılan "Heydərbabaya salam" şairi Məhəmmədhüseyn Şəhriyarın qan-gen hayqırtısı olan qalib misraları düşür yadıma:

Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan bu əsil dil əsil olmaz...

Və qan göynədən bir etiraf:

Yaxşılığı əlimizdən aldılar,
Yaxşı bizi yaman günə saldılar...

Sənə üz tuturam, yaman günlər qaranlığında işığı sönməyən, tarix boyu yaxşıları heç vaxt tükənməyən, yox edilmək istədikcə daha çox var olan Azərbaycan dili! Sən ölümsüz ruhumuz, əzəli və əbədi varımız, varlığımızsan!

Ardı var


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!