Nəcib ruhun etirafı - Göyərçin KƏRİMİ

 

Etiraf elə etirafdır, sinonimi yoxdur. Boynuna almaq ifadəsini etirafla qarışdırmaq olmaz, ona görə ki, birincini öz xoşuna deyil, məcbur etməklə əldə edirlər. O zaman ki, insanı öz sirrini danışmağa vadar edən yoxdur, amma o danışır, bu, həqiqətin qələbə müjdəsidir ki, ədəbi dildə  etiraf adlanır.  

Boynuna almaqla, boynuna qoyulmaq eyni olmaqla yanaşı, həm də hansısa günah, xəyanət, cinayət hadisəsindən xəbər verir; etiraf bütövün - hadisələr vəhdətinin təmsilidir.  

Başqalarının sirrini açmaq etiraf hesab olunmur. Elmi - coğrafi, fiziki, riyazi, kimyəvi və s.və i. a. kimi növlər çoxluğuna baxmayaraq ən böyük etiraf ədəbiyyatda və poeziyada baş verir. Onun ən nəcib forması ruhun etirafıdır: 

 

Ömrüm -

iki gündü mənim,

Biri - sən yanımda

olan,

Biri - mən yanında

Olan...

Qalan nə varsa,

Etiraf edirəm:

- Bir ağ yalandı...

Yalan! 

 

Bu cilalanmış qələm məhsulunun müəllifi lirik şeirlərilə ədəbiyyat səhifələrini bəzəyən Əbülfət Mədətoğludur. Uzun illərdir ki, nə o, şeirdən əl çəkir, nə şeir ondan yorulur. Baş-başa verib bir-birindən asılı ömürlərini sevgilə yaşayırlar.

Bəs bu misralarda məni özünə cəlb edən nədir? Əlbəttə, şeirin şeir olmaq xisləti! Sanki yazıdan kənarda unudulan, yaddan çıxan bir kəlmə də qalmayıb. Fikir elə ustalıqla ifadə olunub ki, təşbehi, metaforası da özündəndir, sərbəstdi, hecası da, musiqisi də ilhambəxşdir, vəzni, qafiyəsi də!

Şeir ona görə bütövdür ki, ifadələr bir-birindən silsiləvi asılıdır; kiçicik bir işarənin, hərfin, sözün, misranın yerini dəyişmək, yaxud mətndən ayırmaq mümkün deyil, yoxsa məqsəd anlaşılmayacaq. Bu ona bənzəyər ki, gül mağazasının qarşısında simvolik yaradılmış "Gül" mücəssəməsinin bir və ya bir neçə ləçəyini qoparıb atasan.

"Ömrün iki günlüyünə" gəlincə, onsuz da dünyanın sonsuz axarında hər insan həyatı nəinki iki gün, bəlkə də iki saniyədir. Şairin haqqında bəhs etdiyi iki gün, həm birbaşa mənada yaşadığı iki günə, həm də dolayısı ilə düşünən varlığın seyr predmeti olan zamanın insan ömrünü ölçən "iki gün"ünə işarədir. Şeir bu iki cəhəti bir-birindən ayırmaq xüsusiyyətinə görədir ki, oxucunu düşünməyə vadar edir.          

"Etiraf edirəm: - Bir ağ yalandı... Yalan!" misralarında müəllif mücərrəd, ümumi olan fikrə də iki cəhətlilik statusu yaşadır. O, bir tərəfdən oxucuya gerçək dünyanın yalan olduğu mesajını ötürür, digər tərəfdən, ilham pərisini inandırmağa çalışır ki, onsuz yaşanan dünya "Bir ağ yalandı... Yalan!". Nəticədə Əbülfət Mədətoğlunun "Qalan nə varsa, yalan olan"  iddiası gerçək dünyanın yalan olma nəzəriyyəsilə qarşı-qarşıya gəlir.   

Təbii, ölməzlik qazanmaq üçün şeirin mahiyyəti mətnin sözlərilə açıqlanmalı deyil, oxucunu düşünüb-daşınıb uyğun fikirlər səsləndirməyə məcbur etməklə aydınlaşmalıdır. Qəribədir, "Etiraf" şeiri bu məsələdə də oxucunu qabaqlayıb; misralar, həm mətnin mənasını açıqlayır, həm də mahiyyətin dərk olunma mexanizmini işə salır. Xüsusi zövq yaşadır, təbii...

Biz də vəzifəmizin tərkib hissəsi olaraq Əbülfət Mədətoğluna "bu bir neçə misralıq şeir parçası, söz yox, ədəbi dəyərlər sistemində öz yerini tapmalıdır" ümidilə uğurlar diləyirik.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!