Azadlıq alınar, umulmaz! - Şəmsəddin ƏLİYEV

 

Şəmsəddin ƏLİYEV

Hüquqşünas-publisist

 

Hər bir insan daxili aləminin əksidir.

Siseron Mark Tuliy

 

Cümhuriyyət günü Türkiyənin Adana şəhərində "Kitab anımı"nı ehtiva edən bir abidə ucaldılıb. Abidədə XX əsrin dahi şəxsiyyətlərinin adları var. "İstiqlal" ordenli Xalq şairi Bəxtiyar Vahabzadənin adı bu abidədə 6-cıdır.

Abidənin postamentində Mustafa Kamal Atatürkün məşhur bir kəlamı həkk olunub: "Mən uşaq ikən fəqir idim. İki quruş əlimə düşüncə, onun bir quruşunu kitaba verirdim. Əgər belə etməsəydim, istədiklərimin heç birini edə bilməzdim".

Azərbaycan poeziya məbədinin ucaldılmasında danılmaz rolu olan, dünya ədəbiyyatının xəzinəsinə töhfə verən İstiqlal şairi Bəxtiyar Vahabzadə cəsarətli qələm və kəlam sahibidir. Bəxtiyar Vahabzadə lirikasının mövzu genişliyi və rəngarəngliyi onun böyük mütaliəsindən, İlahi fəhmindən xəbər verir. O, hansı mövzuda yazırsa yazsın, orada vətəndaşlıq və vətənpərvərlik, millilik, türkçülük və turançılıq, böyük şairin ölçüsüz istedadının təcəllası, müdrik yaradıcılığının ehtişamı var.

Bəxtiyarın yaradıcılığı ilə tanış olan oxucu özünü rahat hiss edir, ürəkdən gələn fəlsəfi sətirlərdə öz dünyasını tapa, həyəcanına sahib çıxa bilir.

Görkəmli Qırğız yazıçısı Çingiz Aytmatov Bəxtiyar Vahabzadənin poetik fikirlərinə yaxşı bələd olduğu üçün deyir: "Bəxtiyar poeziyasında lirizmlə vətəndaşlığın vəhdəti ayrılmaz qoşa simlərdir". Bəli, bu qoşa simlər səsləndikcə haray qoparır, onun erudisiyalı dünyagörüşünə şəhadət verir.

Bəxtiyar Vahabzadə lirikasının vurğunu olan, sonralar İslam dinini qəbul edən Ahmed Şmide (Hanspeter Şmide) şairin "Ana dili" şeirini alman dilində tərcüməsini oxuyandan sonra onu Vətən və ana dilinin mücahidi kimi rəğbətləndirir. O, "Mən vətənə və dilimə olan məhəbbətimi Bəxtiyarın "Ana dili" şeirini oxuyandan sonra anladım!" - qənaətinə gəlir.

Bu canlı abidə Bəxtiyar yaradıcılığının unikal lirikasıdır.

 

Dil açanda ilk dəfə, ana söyləyirik biz.

Ana dili adlanır bizim ilk dərsliyimiz.

Bu dil - bizim ruhumuz,

Eşqimiz, amalımızdır,

Bu dil bir-birimizlə

Əhdi-peymanımızdır...

 

1967-ci ildə Kasablankada qələmə aldığı "Latın dili" şeirində ana dilinin göz-bəbəyi kimi qorunmasını hamıya tövsiyə edir. Bu dildə "ana", "vətən", "torpaq" deyən olmasa da, yenə yaşayır. Şair bu dili Azərbaycan dili ilə müqayisə edir. "Vətən ola-ola dilimiz niyə korlanıb?"  - deyir. 

 

İndi söylə,

Hansı dilə ölü deyək:

Vətən varkən, Millət varkən,

Kiçik, yoxsul komalarda

Dustaq olan bir diləmi?..

 

Sovet dönəmində ədəbi davranışla bir araya sığmayan belə ifadələri yalnız Bəxtiyar olan şairlər - Bəxtiyar Vahabzadə yaza bilərdi.

Bəxtiyar Vahabzadə coğrafiyası geniş lirikası ilə həmişə oxucularının nəbzini tuta bilib. Əslində bu bacarıq və qabiliyyət şairin liderliyə xas böyük xarizmasından xəbər verir. Müasir alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Günter Qrass özünün Nobel nitqində belə bir sitat gətirir: "Zati Aliləri! Osventsimdən (Polşada kiçik şəhər adıdır. İkinçi Dünya müharibəsində alman nasistlərinin nəzarətində olub. Nasistlərin amansızlığını nəzərdə tutur. Osventsim düşərgəsindəki yəhudilərin demək olar ki, hamısı - 600 min adam amansızcasına məhv edilib. Çox təəssüf ki, dünyada belə bölgələr çoxdur. Nasistlik indi müasirləşib, başqa şineldə missiyasını davam etdirir) sonra şeir yazmaq barbarlıqdır. Bu həm də onu deməyə əsas verir ki, şeir yazmaq bu gün çox çətindir".

Bəxtiyar Vahabzadə yaradıcılığına görə dünya yazarlarının ponaptikumunda (qədimdə mumdan hazırlanmış heykəllər və əntiq əşyalar mezeyi) özünə məxsus fəaliyyəti artıq əbədiləşmişdir.

Kitab rəfimdə görkəmli şairin seçilmiş əsərləri var. 1999-cu ildə çapdan çıxmış "İstiqlal" əsəri şairin öz dəst-xətti ilə mənə ərməğan edilib. "Qeyrət, təmizlik, təvazökarlıq nümunəsi əzizim Şəmsəddin üçün. B.Vahabzadə 26.03.2003". Ruhuna Aləmlərin Rəbbi məlhəm çiləsin!

B.Vahabzadə üçün "Azadlıq" bir rəngdə olmayıb. O, "Azadlıq var özgəsinə yamaq kimidir, azadlıq da var, qollarda qandala bənzər" - deyir. Şair azadlığı ali dəyərlər sırasında görür. İnsan azadlığı olmayan məmləkətlərdə fəlakətlər baş verər, beyinlər kütləşər, həqiqət riyakar, ədalət boyaya çevriləcək!

 

Azadlıq!

Azadlıq əldən getdimi...

Gedər ağızlardan dad da, ləzzət də

Ağıl da, ürəkdə də gülər arzuya.

Azadlıq olmayan bir məmləkətdə.

Həqiqət bir riya, ədalət boya...

Azadlıq olmayan bir məmləkətdə

Düz əyri adlanar, əyri düz olar...

"Azadlıq alınar, yaddan umulmaz"

 

- deyir şair. Bu sətirləri yazdıqca 1989-cu ilin mitinqləri kino pərdəsi kimi gözlərimin önündə canlanır. Mən onda polis sıralarında xidmətdə idim. Hökumət evinin qarşısındakı meydana toplaşan milyonlarla vətənsevərlərin əllərində Bəxtiyar Vahabzadə meydana gətirilirdi... Biz, bu unudulmaz seyrangahı seyr etdikcə qürrələnərdik ki, millətimizin belə bir oğlu var.

 

Şərəfdir ölmək də azadlıq üçün,

Bu məslək dəyməzmi bütün dinlərə?

Deyirəm eşq olsun dünən və bu gün

Azadlıq yolunda can verənlərə!..

 

Ruhu bir daha şad olsun. Şair bundan artıq sözünü necə ifadə etməliydi? Heç kimin şübhəsi yoxdur ki, yaşasaydı, 44 günlük zəfərlə bağlı daşı dəlib keçən poetik sətirlərinin də şahidi olardıq. Eşq olsun Vətən yolunda canını fəda edənlərə! Döyüşdə və qələbədə xidməti olanları Allah qorusun!

Rusiyanın tanınmış şairi K.Simonov Bəxtiyarı "Müstəsna istedada malik və qeyri-adi şair", Türkiyənin nüfuzlu şairi Yavuz Bülənd "Azərbaycanın dərdlərini hayqıran şairi" adlandırmışlar.

 

...İnsan, insan olur öz hünəriylə,

Millət, millət olur xeyri, şərilə

Torpağın bağrına cəsədləriylə

Azadlıq tumunu əkdi şəhidlər...

 

"Şəhidlər"

 

Siyasi burulğanlardan şərəflə və üzüağ çıxan Bəxtiyar Vahabzadə ürəklərdə abidəsi ucaldılan belə sənətkarlardandır...

 

23 fevral 2022-ci il

Bakı şəhəri


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!