Azərbaycan maarifçi elmi-fəlsəfi irsinin və demokratik mətbuatının görkəmli tədqiqatçısı - İzzət Rüstəmov – 90

 

Tahir AYDINOĞLU

Əməkdar jurnalist

Azərbaycanın elmi-mədəni və media ictimaiyyəti qocaman ziyalı və ictimai xadim, tanınmış filosof alim və milli mətbuatımızın cəfakeş tədqiqatçısı, "Şöhrət" ordenli professor İzzət Rüstəmovun anadan olmasının 90 illiyini dərin ehtiram və qədirbilənliklə qeyd edir.

İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci il fevral ayının 15-də Gədəbəy rayonu Şınıx obasının Düz Rəsullu kəndində anadan olmuşdur. 1954-cü ildə Bakı Dövlət Universiteti Tarix fakültəsinin fəlsəfə şöbəsini fərqlənmə diplomu ilə bitirib elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1961-ci ildə "Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1965-ci ildə dosent, 1977-ci ildə professor elmi adı almışdır.

Professor İzzət Rüstəmov 70 ilə yaxın əmək fəaliyyətinə məzunu olduğu ali məktəbin fəlsəfə kafedrasında başlamış, 1984-cü ilə qədər burada çalışmışdır. Sonrakı 10 ildə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutu direktorunun müavini olmuşdur. 1994-1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini yüksək hökumət vəzifəsində çalışmışdır. 1999-2004-cü illərdə Bakı Dövlət Universitetinin prorektoru vəzifəsində işləmişdir. 2004-cü ildən BDU-da yeni yaradılmış Sosiologiya kafedrasına rəhbərlik etmişdir.

Filosof alim və mətbuat tariximizin araşdırıcısı kimi İzzət Rüstəmov bir sıra beynəlxalq konfranslarda fəlsəfənin aktual mövzularına dair məruzələrlə çıxış etmişdir. 60 ildən artıq müddətdə müxtəlif ali məktəblərdə on minlərlə tələbəyə dərs demişdir. Azərbaycan Milli Elmlər Akademiyasında və Bakı Dövlət Universitetində müxtəlif şuraların üzvüdür. Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının xarici həqiqi üzvü seçilmişdir.

İzzət Rüstəmov 20-dən çox elmlər namizədi və 6 elmlər doktoru yetişdirmişdir. 10 kitab, 4 monoqrafiya, 170-ə yaxın məqalənin müəllifidir. I Qarabağ müharibəsinin igid şəhidi, Milli Qəhrəman Məzahir Rüstəmovun atası kimi fəal vətənpərvərlik işi aparır. Çoxillik elmi-pedaqoji və ictimai fəaliyyətinə görə "Şöhrət" ordeninə və müxtəlif təltiflərə, milli mətbuat tariximizin araşdırılmasında xidmətlərinə görə fəxri "Həsən bəy Zərdabi" diplomuna layiq görülmüşdür.

Böyük amallarla yaşayıb yetirmələrini də bir ruhda tərbiyələndirmiş İzzət müəllimin elmi-pedaqoji və ictimai fəaliyyəti özü də tədqiqat mövzusu olmuş, onun barəsində bir sıra elmi və publisistik məqalələr yazılmışdır. Bu yazıların müəllifləri bildirirlər ki, İzzət Rüstəmov, ilk növbədə, repressiya və stalinizm illərindən sonra milli ruhun yüksəlişi şəraitinin tələblərinə uyğun olaraq, Rusiya müstəmləkəçiliyi dövründə Azərbaycan xalqının mənəvi mədəniyyətinin 3 böyük nəhəngi olmuş Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin və Həsən bəy Zərdabinin elmi yaradıcılığını dərindən araşdırmışdır. Alim bununla Azərbaycanda ilk dəfə olaraq maarifçilik fəlsəfəsini sistem halında tədqiq etmiş, onun tam elmi mənzərəsini yarada bilmişdir.

Milli fəlsəfi irsin ilk tədqiqatçılarından biri olaraq İzzət Rüstəmov sonrakı fəaliyyətini Azərbaycan təbiətşünaslığının inkişafının fəlsəfi problemlərinin elmi təhlilinə həsr etmişdir. O, ilk dəfə olaraq A.Bakıxanovun "Əsrarül-mələkut" və "Kəşfül-Qəraib" əsərlərinin dərin təhlilini vermiş, bu böyük maarifçini Azərbaycan oxucusuna və elmi ictimaiyyətinə görkəmli təbiətşünas alim, filosof kimi təqdim etmişdir.

İzzət Rüstəmov M.F.Axundzadənin elmi arxivinin dərin, əhatəli təhlilini verərək, onun öz dövründəki təbiətşünaslığın aktual problemlərinə çox yaxından tanış olan alim obrazını yaratmışdır. Alim bu tədqiqatı ilə belə bir nəticəyə gəlmişdir ki, dahi Mirzə Fətəli böyük ədib, istedadlı dramaturq olmaqdan daha çox, nadir elmi düşüncəsi və fəlsəfi təfəkkürü ilə epoxasının görkəmli mütəfəkkiri olmuşdur.

Həsən bəy Zərdabini isə İzzət Rüstəmov sələfləri Bakıxanovdan, Axundzadədən və ümumiyyətlə Azərbaycan mədəniyyətinin bütün əvvəlki inkişaf mərhələlərindən gələn mütərəqqi ideyaların, maarifçilik fəlsəfəsinin əməlpərvər davamçısı kimi tədqiq və təqdim etmişdir. Alim Moskva Dövlət Universiteti Fizika-riyaziyyat fakültəsinin təbabət elmləri bölümünü elmi dərəcə ilə bitirən, dünya və rus elmi qaynaqlarının, elmi nailiyyətlərinin dərin bilicisi olan Həsən bəyin zəngin elmi-publisistik irsini ətraflı öyrənərək, onun görkəmli bioloq, astronom, ekoloq, təbib olduğunu ilk dəfə nəzəri cəhətdən sübuta yetirmişdir.

İzzət Rüstəmov Həsən bəy Zərdabinin elmi yaradıcılığına qiymət verərkən ilk dəfə olaraq "nəzəri maarifçilik" və "praktik maarifçilik" anlayışlarını elmi dövrəyə daxil etmişdir. Alim Zərdabinin çoxsaylı elmi əsərlərindən əlavə, "Əkinçi" qəzetinin materiallarını da geniş araşdırmaqla milli mətbuatımızın banisinin timsalında anadilli jurnalistikamızın tarixinin tədqiq edilməsinə dəyərli töhfə vermişdir.

Professor İzzət Rüstəmov milli maarifçilik irsinin tədqiqini davam etdirərək XX əsrin əvvəllərində təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri haqqında da aydın təsəvvür yaratmışdır. Bu sırada Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq və digərlərinin təbii-elmi və fəlsəfi görüşləri konkret elmi materiallar əsasında təhlil olunmuşdur. Müəllif doktor Nərimanovun dərin fəlsəfi təfəkkürlü təbiətşünas alim, böyük təbib olduğunu elmi dəlillərlə göstərmişdir. Alim "Əkinçi" qəzetinin yolunu davam etdirmiş "Molla Nəsrəddin" jurnalının materiallarını da tədqiqata cəlb edərək bu iki xəlqi nəşrin ideya-nəzəri varisliyinə ilk dəfə elmi aydınlıq gətirmişdir.

Filosof alim Hüseyn Cavid və Məhəmməd Hadinin elmi-fəlsəfi baxışlarının təhlili əsasında onların elmi ictimaiyyətə az məlum olan bir çox yeni əsərlərini aşkara çıxarmış, onların elmi mahiyyətini şərh etmişdir. Bunların sırasında Cavidin dərin fəlsəfi məzmuna malik "Müharibə və ədəbiyyat" məqaləsi, 8 məqalənin toplandığı "Həsbihal" və "Peyğəmbər" əsərləri elmi təhlilə cəlb olunur. Bununla yanaşı, İzzət Rüstəmov mütəfəkkir şair Məhəmməd Hadinin "Fəlsəfənin çiçəkləri", "Elmi-əbdanə həqiqi bir nəzər" başlıqlı məqalələr seriyasının təhlili əsasında hər iki şairi filosof ədib kimi səciyyələndirmişdir.

Azərbaycanın yeni dövr fəlsəfi irsinin ardıcıl tədqiqatçısı olaraq İzzət Rüstəmov vaxtilə "Əkinçi"də başlanmış "Elmi-əbdan və elmi-ədyan" mübahisəsinin XX əsrin əvvəllərində "Bizə hansı elmlər lazımdır?" sualı ilə davam etdirilməsini də ilk dəfə ətraflı təhlil etmişdir. Qeyd edildiyi kimi, XIX-XX əsrlər milli fəlsəfi irsimizin elmi-nəzəri problemlərini müvafiq elmi əsərlərlə yanaşı, milli ədəbiyyat və mətbuat materiallarına istinad etməklə araşdırmış filosof öz tədqiqatlarında "Əkinçi", "Şərqi-Rus", "Həyat", "İrşad", "İqbal", "Tərəqqi", "Füyuzat", "Dəbistan", "Şəlalə", "Kaspi" kimi qəzet və jurnalların fəaliyyəti və hədəfləri barədə də geniş elmi təsəvvür yarada bilmişdir.

Professor İzzət Rüstəmovun elmi yaradıcılığı təkcə fəlsəfi fikir tarixi ilə məhdudlaşmamışdır. Onun yaradıcılığında dialektika və idrak nəzəriyyəsi, məntiq, etika, estetika məsələlərinin təhlili geniş yer tutur. Filosof alim ümummilli lider Heydər Əliyevin elmi və fəlsəfi düşüncələrinin təhlil olunduğu "Gələcəyə istiqamətlənmiş böyük siyasət", "Heydər Əliyevin ideya-nəzəri irsi Bakı Dövlət Universitetində dərindən öyrənilir", "Bakı Dövlət Universiteti və Azərbaycanda milli ideologiyanın formalaşmasında humanitar elmlərin rolu" kimi elmi məqalələrində çağdaş fəlsəfə elmi və cəmiyyətin tərəqqisi məsələləri araşdırılmışdır.

İzzət Rüstəmov Azərbaycan fəlsəfəsində "Fəlsəfi tənqid"in əsasını qoymuş və fəlsəfi ədəbiyyatın təhlilinə həsr olunmuş xeyli sayda məqalələri ilə bu anlayışı populyarlaşdırmışdır. Professor İzzət Rüstəmovun rəhbərliyi, müəllifliyi və elmi redaktorluğu ilə ilk dəfə Azərbaycanda monumental "Ensiklopedik fəlsəfə lüğəti" yaradılmışdır. İzzət müəllim fəlsəfi və ictimai-siyasi profilli ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi ilə də ardıcıl məşğul olmuşdur. Onun "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri" monoqrafiyası və akademik Firudin Köçərli ilə həmmüəllif olduğu "N.Q.Çernışevski və Azərbaycanda ictimai fikir" kitabı ABŞ Konqresi kitabxanasının kataloquna daxil edilmişdir.

Ulu öndər Heydər Əliyevin mötəbər təqdimatı ilə 5 il Baş nazirin müavini işləmiş İzzət Rüstəmov müstəqil dövlətin ən ağrılı problemlərindən olan qaçqın-köçkünlük məsələləri ilə Qarabağ savaşında övlad qurban vermiş ata kimi böyük məsuliyyətlə məşğul olmuşdur. O, Romada, Nyu-Yorkda, Londonda, Belçikada, Cenevrədə, Küveytdə, Sudanda, Tehranda, Təbrizdə və b. yerlərdə keçirilən nüfuzlu beynəlxalq tədbirlərdə, BMT-nin müşavirələrində Azərbaycanı uğurla təmsil etmiş, ölkəmizin müxtəlif nümayəndə heyətlərinə rəhbərlik etmişdir.

Qocaman filosof, fədakar mətbuat tədqiqatçısı, bir neçə nəsil ziyalının müəllimi, gözəl insan və fəal vətəndaş olan İzzət Rüstəmovu ömrünün onuncu onilliyinə yetişməsi münasibətilə qəzetimizin oxucuları adından səmimi təbrik edir, yubilyar alimə bundan sonrakı həyatında gümrahlıq və yeni uğurlar arzulayırıq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!