Köhnə kişilərdən öyrəndiklərim - Qəzənfər PAŞAYEV

 

Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində Mədəniyyət Nazirliyinin çap etdirdiyi "Nəsimi: edamdan sonrakı həyat" adlı monoqrafiyamın təqdimatı keçirilirdi. Çıxışımda dedim ki, bu məbəddə Həmid Araslı, Abbas Zamanov, Bəkir Nəbiyev kimi böyük insanlar ad-san qoyub getmişlər. Mən onlardan çox şey öyrənmişəm. Yığıncağı aparan akademik Rafael Hüseynov gözlənilmədən soruşdu: "Qəzənfər müəllim, siz onlardan nə öyrənmisiniz?".

- Hər şeydən əvvəl səbrli, təmkinli olmağı. Səbrli olmasaydım, "Nəsimi: edamdan sonrakı həyat" kitabıma yazdığınız sanballı ön sözdən poeziyasevərlər və tədqiqatçılar məhrum olardılar. Üç aydan çox məqalənizin yazılmasını səbr və təmkinlə gözlədim. Nə gizlədim, hətta bir gün akademik Nizami Cəfərova giley-güzar etdim. Nizami müəllim dedi ki, Rafael müəllim söz veribsə, yazacaq. Yazdınız da.

Mən ağsaqqallarımızdan xeyirxah olmağı, bədxahlıqdan kənar olmağı öyrənmişəm.

Kabarda-Balkar şairi Qaysın Quliyevin sevimli şairimiz Tofiq Bayramın tərcümə edərək yadigar qoyduğu:

 

Qoy şirin yuxuna girsin gecələr

Ürəyincə olan gözəl bir həyat.

Ləkəli deyilsə vicdanın əgər

Sən rahat yat.

 

- misralarını sırğa edib qulağımdan asmışam. Gecələr rahat yatıram.

Akademiyamızın müxbir üzvü Əziz Mirəhmədovun akademik Həmid Araslının "Azərbaycan ədəbiyyatı: tarixi və problemləri" kitabına yazdığı ön sözdəki etirafını oxuyandan sonra ağsaqqalların mənə təmənnasız nə böyük xəzinə bəxş etdiklərini minnətdarlıqla yad edirəm.

Görkəmli ədəbiyyatşünas alim yazır: "Doğrusu, indi müəllimimi anarkən məni həm ayrılıq dərdi, həm də... xəcalət bürüyür... Özbaşınalıq, çörək qədri bilməmək, ustadlar üzünə ağ olmaq, ifşaçılıq, dəhşətli təqiblər... Bir çox müəllimlərimiz kimi, Həmid müəllim də illər boyu hücumlara giriftar olmuşdu. Nə gizlədim, vaxtilə onu kosmopolitlər cərgəsinə salmağa məcbur edilənlərdən biri də bu sətirlərin o zamankı "üzüyola" müəllifi idi. Bu acı sözlər, bu acı etiraf üçün oxucudan üzr istəyirəm".

Bu etirafı Əziz müəllim ömrünün sonlarında etmişdi. Anlayanlar üçün bu etiraf misilsiz ibrət dərsidir. Əziz müəllimlə elə bir yaxınlığım olmayıb. Yalnız 1985-ci ildə o, Ədəbiyyat İnstitutunun direktoru olan vaxt mənim "Altı il Dəclə-Fərat sahillərində" kitabımı oxuyub mənə zəng etmişdi. Kitaba görə çox təşəkkür etdi. Dedi ki, indi Kislovodska istirahətə gedirəm, gələndə görüşərik.

- Əziz müəllim, diqqətinizə görə sizə minnətdaram. Sağ-salamat gedin, qayıdın - dedim.

Professor Şirindil Alışanlı deyir ki, Əziz müəllim çox ciddi adam idi. Ədəbiyyat İnstitutunda  direktorluğu zamanı nə Əziz Mirəhmədov, nə də Mirzağa Quluzadə təsadüfi adamların müdafiə etməsinə imkan verməzdilər.

Şeir bağçasının bağbanı adlandırılan Səməd Vurğun "Cahanda hər hökmü bir zaman verir" - deyəndə nə qədər haqlı imiş. İndi bəzən elmdən xəbəri olmayan adamlar müdafiə edir, alim adını alır və ən acınacaqlısı odur ki, ədaları yerə-göyə sığmır. Onların nə vecinədir ki, Sokrat nə deyib?

Tələbələri bir gün Sokratdan soruşurlar:

- Kimi böyük adam adlandırmaq olar?

Cavab: - Özü haqda kiçik fikirdə olan adamı.

- Bəs kiçik adam kimi hesab etmək olar?

Cavab: - Özü haqda böyük fikirdə olan adamı.

İndi o köhnə kişilərin ciddiyyətinin, sadəliyinin, təvazökarlığının həsrətini çəkirik. Bəzən səhhət kimi ilahidən gələn sadəliyin insanı ucaltdığını unuduruq. Unuduruq ki, sadə həyat tərzinin açarı təmənnasız və iddiasız yaşamaqdadır.

Mən iddiasız və təmənnasız yaşamağı Abbas Zamanov və Yaşar Qarayevdən öyrənmişəm. Onların təmtəraqdan uzaq mənzillərində adam özünü necə rahat hiss edirdi. Mən Abbas müəllimdən dözümlülük, mətinlik öyrənmişəm.

Həyat Abbas müəllimi ağır imtaha çəkmişdi. Uşaq evində böyümüşdü. Arvadının atasını pantürkist damğası ilə damğalamış, Abbas müəllimin həyat yoldaşını sürgün etmişdilər, oğlu Firuz sağalmaz xəstəliyə mübtəla olmuşdu. Akademiyada Səməd Vurğuna həsr olunmuş yığıncaqda çıxış edərək: "Ay camaat, Naxçıvanı Ermənistana verirlər. Moskvada gündəmdədir. Səməd Vurğun sağ olsaydı, imkan verməzdi" - dediyinə görə partiyadan və işdən çıxartmışdılar. Bütün bunlara baxmayaraq kefini soruşanda deyərdi: "Şikayətə əsas yoxdur!". Öz dərdini başqalarına dərd etməzdi.

Elmi rəhbərim, akademik Məmmədağa Şirəliyevlə ata-oğul münasibətində idik (Abbas Zamanovla da eləcə). Oğlu yox idi. Bircə qızı vardı. Arvadı başqa millətdən idi. Dağ boyda kişini qatıq, süd, çörək, dərman almağa göndərirdilər.

Yaşlı adamlar yaxşı bilir ki, keçən əsrin 60-70-ci illərində mağazalarda yalnız dondurulmuş ət satılırdı.

Maştağada isə bazar günləri heyvan kəsib təzə ət satırdılar. Hər bazar günü professorla Maştağaya təzə ət almağa gedirdik. Yol boyu dərdləşirdik. Bir dəfə Azərbaycan dilçilik elminin hüdudlarını yararaq beynəlxalq aləmə çıxan, hamının xoşbəxt saydığı bu böyük alim dedi:

- Qəzənfər, mən bədbəxtəm. Ailə həyatım yoxdur. Qohumlar mənim evimə gələ bilmirlər.

Mən professoru yaxşı başa düşürdüm. Analığım başqa millətdən idi.

Bununla belə, professor necə böyük vətənpərvər idi. Azərbaycan dilini canından artıq sevirdi. 1962-ci ildə Xarici Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsini bitirib İraqa tərcüməçi işləməyə gedəndə məndən çox, professor sevinirdi. Dedi: "Oğlum, bu böyük şansdır, İraqda azərbaycanlılar yaşayırlar. Onların dialektini tədqiq edərsən". Tələsik mənə mövzu da təsdiq etdilər.

O vaxt bunu o qədər də dərk etmirdim.

Professorla əlaqələrimiz dünyasını dəyişənə qədər davam etdi. 1975-ci ildə ABŞ-dan Səlim Hüseynqulu oğlunun "Azərbaycan dilinin generativ fonologiyası" adlı doktorluq dissertasiyasına rəy vermək üçün Dilçilik İnstitutuna göndərmişdilər. Professorla birgə müsbət rəy yazıb göndərdik.

1983-cü ildə ABŞ-a iki aylıq ixtisasartırma kurslarına gedəndə professor məsləhət gördü ki, orada Azərbaycan dilinə dair tədqiqatlara diqqət yetirim. Qayıdan kimi Dilçilik İnstitutunun Elmi  Şurasında "ABŞ-da Azərbaycan dilinə dair araşdırmalar" mövzusunda məruzəm dinlənildi. Professor, müavini Zərifə xanım Budaqovaya tapşırdı ki, "Azərbaycan dili xaricdə" adlı məqalələr məcmuəsi hazırlasınlar. Məcmuə hazırlandı və çap olundu (Bakı, "Elm" nəşriyyatı, 1990, 172 səh.). Məcmuədə "ABŞ-da Azərbaycan dilinə dair araşdırmalar" məqaləm də yer aldı (s. 65-70).

Professor bir məktəb idi. Fəxr edirəm ki, o məktəbin müdavimi olmuşam. Qədirbilənlik əlaməti olaraq İkinci Fəxri xiyabanda müəllimimin qəbrinin üstünü götürtməklə ruhunu şad etməyə çalışmışam.

Mən mehribanlığı, əsl vətənpərvərliyi isə Teymur Bünyadovdan öyrənmişəm.

Bir dəfə Karlovı Varıda istirahət edirdik. Gəzməyə çıxmışdıq. Söhbət Teymur müəllimdən düşmüşdü. Tağı Əhmədov Teymur müəllimə zəng etdi. Xoş-beşdən sonra kefini, harda olmasını soruşdu. Teymur müəllim dedi ki, Karlovı Varıdayam. Hamı təəccüblə bir-birinin üzünə baxdı. Tağı müəllim dedi: Biz də Karlovı Varıdayıq. Bəs Sizi niyə görmürük? Cavab: Mən Qazaxın Şıxlı Karlovı Varısındayam.

Teymur müəllimə zəng etsəniz telefonunda Üzeyir bəyin "Koroğlu" operasının uvertürasını eşidəcəksiniz.

Hərdən zəng edib kefini soruşanda "- Qadağ alım, yaxşıyam. Özümü dincə qoymuşam, yəni istirahət edirəm" - deyir.

Teymur müəllimin şirin Tovuz-Qazax ləhcəsi ilə dediyi "qadağ alım"ı və Nəriman Həsənzadənin könlü xoş edən məşhur "Sənə qurban" ifadəsi qədimdən qalma "Qurbanın olum, başına dolanım, gözünə heyran, boyuna qurban, qadan alım, qabağında ölüm" və s. xalqın keçmişinin çox dərin qatları ilə bağlı inanclarla səsləşir, filosof şair Aşıq Ələsgərin

 

Can deməklə candan can əskik olmaz,

Məhəbbət artırar, mehriban eylər.

 

- misralarını yada salır və nəticə çıxarmağa münbit şərait yaradır. 

Mən məktub yazmağı neftçalalı ağsaqqalımız professor İmamverdi Əbilovdan öyrənmişəm. "Ədəbi məktublar" kitabım çıxandan sonra (Bakı, "Təhsil", 2015, 256 səh.) çağdaş ədəbiyyatımızda mənə bu janrın yaradıcılarından biri kimi qiymət verdilər. Buna görə İmamverdi müəllimə minnətdaram.

Mən dünya şöhrətli alimimiz Nəsirəddin Tusidən çox şey öyrənmişəm. O böyük insan deyirdi: "Alimin elmi təkcə yaratdıqlarının çoxluğu ilə deyil, xeyirxahlığı, yazdıqlarının faydalılığı və şəxsiyyət kimi saflığı ilə də ölçülməlidir".

İnamı, etiqadı, dəqiqliyi, mehribanlığı Bəkir müəllimdən öyrənmişəm. Mövhumatdan, cəhalətdən, xurafatdan kənar olan bu şəxs şəriəti mükəmməl bilir, etiqad göstərirdi. Lakin dünya nemətlərindən zövq almağı, yaxşı rəqs etməyi də vardı.

Bəkir müəllimi fərqləndirən cəhətlərdən biri də sadəliyi idi. İllərlə dostluq etdiyi Xalq şairi Qabil onun bu məziyyətini xüsusi qiymətləndirirdi:

 

Kim özünü dartır, çəkir,

Qoy yadına düşsün Bəkir.

 

Mən cəsarəti Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasından və ədəbiyyatşünas alim və bəstəkar Arif Məmmədovdan öyrənmişəm.

1960-cı ildə III kursda oxuyanda professor Arif Məmmədov bizə ədəbiyyatdan dərs deyirdi. Bir tədbirdə tələbə yoldaşım Elmira Əliyeva Arif müəllimin bəstələdiyi mahnını oxudu. Onu pianoda Arif müəllim özü müşayiət edirdi. Çox həzin bir mahnı idi.

 

Aramızdan axıb gedir

Araz bulana-bulana.

Seyr edirəm görkəmini

Yaram sulana-sulana.

 

Balaxanıda M.Ə.Sabirin şagirdi olmuş rektorumuz Qulam Kərim oğlu Məmmədov göz yaşlarını saxlaya bilmirdi. Sonralar öyrəndik ki, bu qocaman pedaqoq Naxçıvandan imiş.

Mən qorxmazlığı Xəlil Rza Ulutürkdən öyrənmişəm. Sovetin qılıncının dalı da, qabağı da kəsib tökdüyü bir vaxtda Xəlil Rza hünər göstərərək çəkinmədən Füzulidən istifadə ilə yazırdı:

 

Şəbi-hicran yanar canım,

Tökər qan çeşmi-giryanım.

Oyadar xəlqi əfğanım,

O sahildə, bu sahildə.

Birləşib bir can olmalı,

Bütöv Azərbaycan olmalı

O sahil də, bu sahil də.

 

Mən hələ onun "Davam edir 37" şeirini demirəm. Əgər 1990-cı ildə rus ordusu Bakını tutanda, Qarabağ hadisələri baş verəndə Xəlil Rzanın o şeirini Mirzə Xəzər tez-tez "Azadlıq" radiosunda səsləndirməsəydi, radio və televiziyada Zakir Fəxrinin sözlərinə bəstələnmiş, Zeynəb Xanlarovanın göz yaşları ilə oxuduğu çox həzin "Qarabağın qara baxtı, qalmaz belə, qalmaz dünya" mahnısını ürək ağrısı, göz yaşları ilə dinləyib təsəlli tapmasaydım, bəlkə də ürəyim partlayardı.

Mən Aşıq Mikayıl Azaflının Sovet sisteminin çürüklüyünü, yalan və qan üzərində bərqərar olduğunu tam çılpaqlığı ilə açıb göstərən misralarından çox şey öyrənmişəm. O sətirlər sanki deyirdi: "Bu sistem gec-tez çökəcək".

Aşıq-şair yazırdı:

 

Əlimizdə zorba çomaq,

Başımızda motal papaq.

Ağ şalvarda qara yamaq

Kommunizmə gedirik biz

 

- bu misraları məclislərdə oxuduğuna görə 4 il (1961-1964) zindan həyatı keçirən aşıq daha da mətinləşmişdi:

 

Qoca Azaflıyam, dilim var, lalam.

Təbrizdə qardaşım, Sibirdə balam.

Elə dərd varmı ki, çəkməmiş olam? -

Bax, onlar ağartdı saçımı mənim

 

- deyərək sovet sisteminin iç üzünü açıb göstərməkdən çəkinməmişdir.

Mən şöhrətpərəstlik mərəzinə tutulmadığıma görə akademik Bəhram Əsgərova, Xalq şairi Hüseyn Arifə, Xalq yazıçısı Əzizə Cəfərzadəyə borcluyam. Onların Fəxri xiyabanda halalca yeri olduğu halda, adi qəbiristanlıqda - Bəhram Əsgərov həyat yoldaşının, Hüseyn Arif oğlunun, Əzizə xanım ata-anasının yanında dəfn olunmağı vəsiyyət etmişdilər. Təbii ki, onların həyatda son arzusu yerinə yetirilmişdir.

Əzizə xanımla ana-oğul münasibətində idik. Doktorluq müdafiəmdə opponentim olmuşdu. Dünyasını dəyişəndə vida sözünü mən yazdım. Hacıqabulun İcra başçısı, kürəkənimin əmisi Firudin Babayevdən xahiş etdim ki, doğma Tağılar kənd məktəbinə Əzizə xanımın adına qoysunlar. Sağ olsun, xahişimi yerinə yetirdi. İnanıram ki, Əzizə xanımın ruhu şad oldu!

Elm ilə ciddi məşğul olmağı Ağamusa Axundovdan öyrənmişəm. Qonşu idik. Tez-tez görüşüb söhbətləşirdik.

Dörd il İraqda işləyib doğma instituta qayıdanda (1966) gördüm ki, Ağamusa müəllim bizim fakültədə tələbədir. O, artıq ADU-nun tanınmış dilçi alimlərindən idi. Mən həyatımda nəyisə etmədiyimə nadir halda təəssüflənmişəm. Ağamusa müəllim mənə məsləhət gördü ki, ADU-nun filologiya fakültəsində oxuyum. Birbaşa 2-ci kursa götürüləcəkdim. Getmədim. İndi bəzi məsələlərdə çətinlik çəkəndə təəssüflənirəm ki, Mir Cəlal, Əli Sultanlı, Pənah Xəlilov, Həmid Araslı, Muxtar Hüseynzadə, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Hadı Mirzəzadə, Əlövsət Abdullayev, Səlim Cəfərov, Musa Adilov, Vaqif Vəliyev, Ağamusa Axundov, Tofiq Hacıyev kimi böyük alimlərdən dərs almamışam.

Mən qonağa ehtiramı, səliqə-sahmanı Qasım Qasımzadədən öyrənmişəm. Bir dəfə Əbdüllətif Bəndəroğlu İraqdan gəlmişdi. O, hər dəfə Azərbaycana gələndə Abbas Zamanov, Elçin, Anar, Yaşar Qarayev, Qasım Qasımzadə və Vasim Məmmədəliyevlə görüşərdi. Qasım müəllimə telefon açıb Bəndəroğlunun gəldiyini xəbər verdim. Səhərisi gün saat 12-də Qasım müəllimgilə getdik. Yay vaxtı olmasına baxmayaraq dəhliz və qonaq otağında xalçalar döşənmişdi.

Stolun üstünə ən bahalı restoranlarda olduğu kimi, kraxmallı ağ süfrə salınmışdı. Boşqablar, çəngəl-bıçaq, qaşıqlar süfrəyə xüsusi gözəllik verirdi. Əlamətdar bir gün oldu. Sağollaşıb ayrılanda Bakıda ilk dəfə Təzəpir məscidində azan səsi eşitdik və çox sevindik.

Xoş əhval-ruhiyyə ilə Bəndəroğlunu "İnturist" mehmanxanasına apardım. Maşından düşəndə Bəndəroğlunun yadına düşdü ki, əl çantası Qasım müəllimgildə qalıb. Geri qayıtdıq. Xalçalar yığılmışdı. Qasım müəllim pərt oldu. Könlünü almaq üçün, əslində bu həqiqət idi, Qasım müəllimə dedim: "Yayın istisində heç kim dəhlizə və otağa xalça salmır. Qoy Bəndəroğlu bilsin ki, siz bunu əziz qonağın xətrinə etmişdiniz".

Hiss etdim ki, həlim xasiyyətli bu böyük insanın pərtliyi keçib getdi.

Mən Pənah Xəlilovdan ciddi həyati məsələni eşidərək nəticə çıxarmışam. Türkiyədə bir azərbaycanlı elm adamı bu böyük alimin kitabını öz adına çap etdirmişdi. Bu biabırçılığı hərdən yada salaraq deyirdi: "Üç adama üç şey yaraşmaz. Rəhbərə xəbislik, varlıya xəsislik, alimə hərislik".

Aşağıdakını isə görkəmli ictimai xadim Tofiq Bağırovdan eşitmişəm: "Tamah, nəfs yıxmayan evi heç nə yıxa bilməz. Mənəvi paklıq, əxlaqi saflıq, ləyaqət həyatda ən böyük var-dövlətdir".

Mətbuatdan oxuduğum bir hadisə dünyagörmüş ağsaqqalın bu müdrik kəlamını necə də tamamlayır.

Bu hadisə 2012-ci ildə İspaniyanın Navara şəhərində yüngül atletika üzrə keçirilən yarışda baş verib. Qaçış üzrə yarışın qalibi qızıl medal qazanıb, Londonda keçiriləcək Olimpiya oyunlarında iştirak etmək imkanı qazanacaqdı. Keniyalı atlet Mutai bütün oyun boyu 1-ci olur. Lakin finişə 10 metr qalmış dayanır. Elə bilir finiş xəttini keçib. Arxadan gələn 24 yaşlı ispaniyalı atlet Fernandes Mutaini itələyə-itələyə finiş xəttini birinci keçirir.

Hamını şok vəziyyətinə salan Fernandesdən oyundan sonra soruşurlar: Məgər sən qalib gəlmək istəmirdin? - Qalib gəlmək ən böyük arzum idi. Lakin Mutainin səhvindən istifadə edib 1-ci olmaq mənəviyyatsızlıq olardı. Qızıl medalı çox istəsəm də, mənim üçün mənəviyyat, ləyaqət qızıl medaldan daha dəyərlidir - deyir.

Ədalətli və insaflı olmağı da köhnə kişilərdən öyrənmişəm. Bu yolda mənə alman filosofu Hegelin kəlamı da yardımçı olub. Hegel yazırdı: "Mənə qalarsa, deyərdim, verin dünyanı almanlar idarə etsinlər. Onlar ağıllıdırlar. Lakin mən bunu demirəm. Milliyyətcə alman olduğuma görə məni qınayarlar. Odur ki, deyirəm, verin dünyanı türklər idarə etsin, onlar ədalətli və insaflıdırlar".

Beləliklə, müdrik ağsaqqallardan, zəka sahibi köhnə kişilərdən əldə etdiyim tükənməz sərvət şüurlu həyatım boyu yoluma işıq tutub.

Bu mənəvi sərvət məni insanlara gərəkli olmağa sövq edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!