Röya kimi keçən bir ay - Maarifə HACIYEVA

 

Atalar sözünün birində deyilir ki, "Gəzən ayağa daş dəyər" və başqa birində də "Çox yaşayan çox bilməz, çox gəzən çox bilər" deyilmişdir.

"Qabusnamə"də "Səfərə çıxmış adamlar dünyagörmüş, təcrübəli, ağıllı və xoşbəxt hesab edilir"lər, çünki onlar eşidilməmiş sözlər eşitmiş, görünməmiş şeyləri görmüş olurlar".

Bu müdrik ifadələrin bir həqiqət olduğuna hər kəs şahidlik edə bilər. Mənim bu yazımda gəzdiyim yerlərdən, etdiyim səfərlərdən danışmaq fikrim yoxdur. Dünyanın 20-dən çox ölkəsində olsam da, onlar haqqında romanlara sığacaq qədər təəssüratım var. Elə mənim dünyanın cənnətlərindən olan Türkiyədə On Dokuz Mayıs Universitetində professor kimi fəaliyyət göstərdiyim 6 il, onlarca simpozium və elmi konfranslarda iştirakım həyatıma yazılacaq qədər önəmli aylarım, illərim, təəssürat və xatirələrimdir.

Ancaq sonuncu Türkiyə səfərimin elmi və pedaqoji işimlə heç bir əlaqəsi yox idi. İki türk xanımının (şairə Gülsüm Gülməz və müəllimə Kübra Ay Çakaloğlu) dəvəti ilə Türkiyəyə bir aylıq səyahətim və yuxu kimi keçən bu səyahət günlərimdəki təəssüratım məni gördüklərimi, duyduqlarımı, qısaca, ömrümün o yerlərdə keçən təxminən bir ayını düşüncələrimdən ayıra bilmədi.

26 iyul - 24 avqust 2021.

Bu müddətdə Manisa, İzmir, Salihli, Bozdağ, Gölcük, Yeddioluk, Kula (Kuladokulay), Turqut, Uşak, Köprübaşı, Dəmirçi, Çataloluk kimi tarixi yerlərdə olmuşam. Təkrarsız gözəllikləri olan bu yerlərin maddi-mədəniyyət abidələri, şəhərlərin etnik yapısı, milli adları, qarşılaşdığım saf, biz sevən və bizi sevən həmsöhbətim olmuş ziyalılar, məni can-başla evində əzizləyən dostlarım bu səyahətimin dolğunlaşmasına, əlçatmazlığına vəsilə oldular və onların saflığı, alicənablığı məni səmimi sözlər yazmağa yönləndirdi.

Bir şeirdə deyildiyi kimi:

 

Yaxşı söz nə mənim, nə də sənindir,

Bacarıb yerində işlədənindir.

 

Sözü yerində işlətmək üçün də bünövrə, təməl möhkəm və sağlam olmalıdır. Bu sağlam təməl mənim əsl qaynağım oldu desəm, yanılmaram.

Dəfələrlə qardaş Türkiyənin şəhər və kəndlərində olsam da, şahzadələr şəhəri olan Manisanı görmək içimdə bir istək, bir arzu idi. Bu istəyi gerçəkləşdirən, məni dəvət edib xüsusi müsafirpərvərlik göstərən iki xanıma - Kübra Ay Çakaloğluna və Gülsüm Gülməzə minnət borcum var.

Şahzadələr şəhəri Manisa möhtəşəm görünüşü, zəngin təbiəti və maraqlı tarixi ilə tanınan, Osmanlı Dövləti dönəmində şahzadələr yetirmiş tarixi bir şəhərdir. Deyilənə görə, Türkiyədə Osmanlı dönəmində əsasən üç sancaq şəhər - Amasya, Kütahya və Manisada dönəmin şahzadələri yetişmişdi.

Rəvayətə görə, Fateh Sultan Məhmət də (hakimiyyəti illəri 1451-1481) şahzadə kimi Manisada yetişmişdi. Manisanın görünüşü çox möhtəşəmdi. Şəhərin hündür yerindən şəhər sanki ovcunun içindəki kimi görünür.

Qədim Manisa həm də kərpic dam örtükləri ilə möhtəşəmdir. Bu şəhərin kərpic damları şairə Gülsüm Gülməzə də ilham vermiş və "Manisanın damları var kərpicdən" adlı bir şeirində bunu belə ifadə etmişdir:

 

Manisanın damları var kərpicdən,

Yolları aşılmaz, dikdir yoxuşdan.

İlmək-ilmək kilim toxur naxışdan,

Gözlərəm yollarda yarın yolunu,

Yastığım etmişəm yarın qolunu.

Manisada bir yar sevdim, çox gözəl,

Pozuldu bağlarım tökməyir xəzəl.

Mən səni sevmişdim hər kəsdən əzəl,

Yol verin dağlar, ah, hal yaman oldu,

Gözlərəm yollarda yarın yolunu.

Manisanın körpüsü var keçilməz,

Suları soyuqdur bir tas içilməz,

Hər kəsdən keçilir, yardan keçilməz,

Yol verin dağlar, ah, hal yaman oldu,

Gözlərəm yollarda gözlər yolunu.

 

Bu şeirə bəstəkar İmran Koç musiqi yazmış və mahnı onun ifasında TRT-də səslənmişdir.

Manisada Sultan Cami adı ilə tanınan möhtəşəm bir cami (məscid) var. Caminin tarixi Kanuni Sultan Süleyman (1495-1566) zamanına gedib çıxır. Bu yaraşıqlı tarixi cami Sultan Süleymanın anası Hafza Sultan tərəfindən inşa etdirilmişdir. Caminin qapısında yazılmış kitabədə onun inşa tarixi haqqındakı məlumat belədir: "Yavuzun xanımı və qüdrətli Sultan Süleymanın anası bu camini Allah üçün və səcdə edənlər üçün tikdirmişdi. (Hicri 929. M. 1522).

Manisada vaxtilə xalq təbabəti ilə bağlı bir məcun hazırlanmışdır. Onun tarixcəsi belədir: Osmanlı padşahı Kanuni Sultan Süleymanın anası Hafza Sultan Manisada xəstələnir. Xəstəliyinə çarə tapılmayan Hafza Sultanın inşa etdirdiyi Sultan Camisi mədrəsəsinin başına gətirilən həkim Mərkəz Əfəndi bitki və baharatdan məcun hazırlayır. Baharatın 41 çeşidini qarışdıraraq hazırlanan "Mesir Macunu" adlanan məcunu yeyərək sağalan Hafza Sultan digər xəstələrə də məcun paylanmasını istəyir. Xalqdan gələn istəyin artması ilə Hafza Sultan kağızlara bükülən məcunu Sultan Camisinin qübbə və minarələrindən xalqa dağıdılmasını buyurur. Günümüzdə də xalq hər il Novruzun bayram edildiyi 21 Martda Sultan Camisinin önündə toplaşır və beləcə də, Manisanın Mesir Məcunu Festivalı keçirilir.

Beləliklə, hər il Novruz günü 41 çeşid ədviyyatın qarışdırılmasından hazırlanan "Mesir Macunu" Manisadakı Sultan Camisinin qübbə və minarələrindən xalqa dağıdılır. Minarə və qübbələrdən atılan və şəfalı olduğuna inanılan "Mesir Macunu"nu qapa bilmək üçün Türkiyənin müxtəlif yerlərindən Manisaya gələrək Sultan Meydanında toplaşanlar bu məcunu əldə etməyə çalışırlar.

"Mesir Macunu"nun hazırlanmasında darçın, qarabibər, yeni bahar, qərənfil, çörəkotu, xardal toxumu, anason, keşniş, zəncəfil, darçın çiçəyi, zərdəçal, Hindistan cevizi, razyana, kebabiyə, sinaməki, sarı halilə, vanil, darıfülfül, kakilə, havlıcan, zulumba, hiyarşembə, zəfəran, iksir, kimyon, qalança, çam sakızı, tirsafi, meyan balı, şamlı şaşlı, limon qabığı, kremtartar, zağfiran, udulkahır, çöpçini, tiryak, ravend, limon duzu, təkəmərcini toxumu və günbalı istifadə edilmişdir.

Xoş ətirli və ləzzətli "Mesir Macunu"nun iştahaçıcı, qan dolaşmasını düzənləyici, yorğunluğu aradan qaldıran, hormonları çalışdıran özəllikləri olduğu yazılmaqdadır. "Mesir Macunu"nun ən ağır xəstəliklərə şəfa verəcəyinə bu məcundan istifadə edənlərin o il ilan vurmayacağına, övladı olmayanların yeyərək övlad sahibi olacağına inanılır. 469 ildir ki, bu məcun Türkiyədə xalq tərəfindən müalicə vasitəsi kimi istifadə edilir.

Manisada Celal Bayar Universiteti fəaliyyət göstərir. Bu universitetin Manisaya bağlı Dəmirçi şəhərində isə Eyitim fakültəsi fəaliyyət göstərir. Mənim müsafiri olduğum şairə Gülsüm Gülməzin həyat yoldaşı professor Nurəddin Gülməz və Manisada İHH (İnsani Yardım Dərnəyi) deyilən xeyriyyə Dərnəyinin rəhbəri müəllimə Kübra Ay Çakaloğlunun həyat yoldaşı, dosent Cengiz Çakaloğlu da Manisa Celal Bayar Universitetinin tarix bölümünün müəllimidir. Dostların sayəsində üzərində 1388-1389-da qurulduğu və üzərində "Celal Bayat Universiteti Manisa Yörəsi Türk Tarixi və Kültürü Araştırma Mərkəzi" yazısı olan və Manisa Universitetinin təmir etdirdiyi "Manisa Mevlevihanesi"ni gəzdim. Onun tarixi dəyərlərindən xəbərdar oldum.

Mevlevilik - Mövlana Cəlaləddin Ruminin (1207-1273) qurmuş olduğu təriqətdir. XIII əsrin sonlarında və XIV əsrdə Anadoluda təsəvvürün ən öndə gedən təmsilçilərindən biri Mövlana Cəlaləddin Rumi olmuşdur. Onun qurmuş olduğu təriqətə mənsub olan dərvişlərə mövləvilər deyilirdi. Cəlaləddin Ruminin qurduğu təriqət sayəsində zəngin xalq ədəbiyyatı - təkkə ədəbiyyatı yaranmışdı. Bu ədəbiyyatın materiallarında böyük bir coşqu qaynağı olan Allah sevgisi, insan sevgisi üstünlük təşkil edir. Bu ədəbiyyatın türkcənin sağlamlaşmasında böyük xidməti olmuşdur.

Aşıq Paşa, Said Əmrə, Zəlili, Əflaki Dədə, Dədəmoğlu, Nizamoğlu, Kayqusuz Alaaddin, Pir Sultan Abdal, Qul Hüseyn, Qul Himmət, Kazak Abdal, Usuli, Ümmi Sinan kimi şairlər türkcənin inkişafında xidmətləri olan təkkə şairləridir.

Manisada müəllimə Kübra xanımın rəhbərlik etdiyi İHH adlanan "İnsani Yardım Dərnəyi" adlı bir xeyriyyəçi dərnək fəaliyyət göstərir. Doğrudur, Kübra xanımın kitabları üzərində imzası yoxdur, amma kitablara adı düşəcək qədər çox sevilən bir müəllimədir. Doğru deyiblər "Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir". Kübra xanımın müəllimlik fəaliyyəti və xeyriyyəçilik fəaliyyəti bir-birini tamamlayır. Onun rəhbərlik etdiyi dərnəyin xeyriyyəçilik fəaliyyəti çox təqdirəlayiqdir. Dərnəyin üzvləri olan xeyriyyəçi qadınlar dürüstlüyü, ehtiyacı olanlara insani yardımı, aktivliyi və inanclarına hörmət və sədaqəti ilə diqqətimi çəkdi.

Mən dəfələrlə bu dərnəyin xeyriyyəçilik fəaliyyətinin, insanlara insani münasibətlərinin şahidi oldum. Ehtiyacı qarşılanan insanların minnətdarlıqlarını eşitdim. Türk insanının nə qədər xeyriyyəçi olduğunun, bu xeyriyyəçilikdən ləzzət aldıqlarının şahidi oldum.

Dərnəyin bir fəaliyyəti də orta məktəbdə oxuyan şagirdlərlə əlaqədar idi. Məktəblərin yay tətili dönəmində bir ay müddətində şagirdlərə verilən pulsuz təhsil könüllü xeyriyyəçi müəllimlər tərəfindən aparılır. Belə tədbirlərin bir buraxılışı da elə Kübra xanımın müəllimə olduğu məktəbdə "Manisa Gənc İHH yaz okullara məzuniyyət törəni" adı ilə məktəbdə keçirildi. Valideyn və şagirdlərin təşəkkürünə şahid olduğum o gün də xatirimdən çıxmaz.

Dərnəyin bir "Mantı ənənəsi" də var. 15-30 gündən bir imkanı olan könüllü qadınlar evlərindən gətirdikləri məmulat ilə mantı hazırlayırlar. Satılan mantıların pulları ehtiyacı olan insanlara yardım kimi verilir. Belə tədbirin birində eşitdiyim bir əhvalat mənə qürur verdi.

Adətən dərnək şəhərin mərkəzində yerləşir. Oradakı parka yığışanlar xeyriyyəçilərdir. Burada tanınmış bir teatr sənətçisi Tayfur Şəngözlə gənc məmur, hərbidə işləyən Umut bəyin söhbəti diqqətimi çəkdi. Elə bir zaman idi ki, Türkiyədə meşə yanğını və sonra yağış, sel, su gündəmdə idi.

Dövlət idarəsində çalışan Umut çox böyük həvəs və iftixarla Azərbaycandan gələn yanğınsöndürən ekibdən danışırdı. Ekibimizin yorulmadan, fədakarlıqla dağa dırmanışını və fəaliyyətini anladırdı. Mənim qulaq müsafiri olduğumu bilən Tayfur bəy mənə müraciətlə: "Duyuyormusunuz, hoca hanım". Əvət - dedim. Umut də mənim Azərbaycandan gəldiyimi bildikdən sonra yardıma gələn qəhrəmanlarımızı da coşqu ilə, olduğu kimi anlatmağa başladı.

Bir dəfə də Turqutluda xeyriyyəçilik məqsədilə verilən bir səhər yeməyinin iştirakçısı və qonağı oldum. Azərbaycan, onun tarixi zəfəri haqqında gözəl sözlər eşitdim, iftixar etdim, türklər demiş: "İçim içimə sığmadı".

Türkiyədə hər şəhərin öz gözəlliyi, özünəxas səciyyəvi xüsusiyyətləri vardı. Elə Turqutlu, Manisa, Salihli, Ahmetli kimi. Turqutlu Manisaya bağlı bir şəhərdir. Salihli, Ahmetli də elə. Belə bir rəvayət də var ki, türk bəylərindən biri üç oğluna (Turqut, Ahmet, Salih) bu şəhərlərin torpaqlarını vermiş, oğullar bu şəhərləri qurmuşlar və şəhər də onların adlarını daşımaqdadır. Turqutlu klassik tipli tərtəmiz bir şəhərdir. Kübra xanımın ata-anası, qohumları bu şəhərdə yaşayır. Şəhərin "Qarpızqaldıran" adlı gözəl bir parkı var. Bu ad parkda vaxtilə axan gursulu çayın haqqında yaranan əfsanə ilə bağlıdır. Əfsanə belədir:

"1850-ci illərdə Mahmud Əfəndi adlı bir şəxs yaxındakı Bozdağdan gələn suların yönünü Turqutluya doğru dəyişdirir ki, əkin-biçin üçün yararlı olsun. Bu sular ərazidə bir çox hovuzların yaranmasına səbəb olur. Belə hovuzlardan biri də indi "Qarpızqaldıran parkı" adlanan yerdə olan hovuzdur. Qarpızı qaldıracaq qədər çox güclü bir su axını olduğu üçün xalq arasında ona "Qarpızqaldıran" deyilmişdir. Suyun axdığı yerdə yerləşən parkın adı da bununla əlaqədardır. Bu suyun hələ də yolun altından axdığı söylənməkdədir.

Turqutluda gözəl, milli xüsusiyyətləri özündə saxlayan, bizim əski toylarımıza xas xüsusiyyətləri olan bir xına gecəsinin və toyun da şahidi oldum. Bu Kübra xanımın qardaşı Alperenin toyu idi. Kübra xanımın ata-anası övladlarını türk gələnəkləri ilə böyütmüşlər. Atası İrfan Ay bəyəfəndi Alparslan Türkiş, Əhməd Cavad sevdalı bir türkoğlu türkdü. Əhməd Cavadın "Çırpınırdı Qara dəniz"ni elə həzin, elə məlahətli səslə oxudu ki, Kübra xanımın atası İrfan Ay Yıldırım Bayazitlə bağlı maraqlı bir hekayə də danışdı: "Yıldırım Bayazitin hakimiyyəti illərində (1389-1402) Bursa paytaxt idi. Bayazit elə bir məscid (cami) tikdirmək istəyir ki, yeri elə olsun ki, cami hər yerdən görünsün. Yer müəyyənləşir. Ətrafdakı əsnaflardan razılıq alırlar. Onların haqqı ödənir, amma bu ərazidə yaşayan bir qoca qarı deyir ki, mən buradan köçmək istəmirəm. Onu heç cür razı sala bilmirlər. Yıldırım Bayazit deyir ki, onu incitmədən saraya gətirin. Qarı ilə razılaşıb onu saraya gətirirlər. Bayazit deyir ki, hər kəs getsin, yalnız ikimiz qalaq qarı ilə.

Qarı deyir ki, Sultanım, hər şey sənə qurban olsun. Yalnız mən başqa dindən olan bir qadınam. Mənim evimdə namaz qılınmasını istəmirəm. Ona görə köçmək istəmirəm. Bayazit söz verir ki, onun evində namaz qılınmayacaq. Cami tikilir. Qarının evinin olduğu yerdə yalnız çeşmələr salınır, orada namaz qılınmır, bulaqlardan su axır.

Qeyd etmək lazımdır ki, Bursadakı Ulucami Sultan Yıldırım Bayazitin Hərbi Zəfər Qələbəsindən sonra inşa edilmişdi. Sultan qələbə çaldığı üçün elə bir cami tikdirmək istəyir ki, şəhərin hər yerindən görünsün. İyirmi qübbəli Ulucami 1399-cu ildə hazır olur və caminin həmin qoca qarının evinin yerləşdiyi yerdə su bulaqları axmağa başlayır. Bu su hovuzu bu gün də ibadətə gələnləri heyran edir, insanlara zövq verir.

Gözəl Salihli şəhəri şairə Gülsüm Gülməzin ata-anasının, qohum-qardaşının yaşadığı canayaxın gözəl bir şəhərdir. İzmirlə 80-100 km arası var və əhalisi 180-190 mindir. Məni evində misafir edən, o tərəflərin gözəl, tarixi və görməli yerlərini gəzdirən Gülsüm Gülməzin və ailəsinin yaşadığı şəhərdir. Sahildə yaşayan 1970-ci il təvəllüdlü Gülsüm Gülməz indiyə qədər bir neçə şeir kitabının, o cümlədən "Bir göz yaşı borcun var" (2010), "Bir gül düşdü ürəyimə (2019), "Söz can sirridi" (2021) adlı şeir kitablarının müəllifidir.

Onun "Bir göz yaşı borcun var" şeirlər kitabı həm də 2019-cu ildə Tehranda Azərbaycan türkcəsi ilə Hüseyn Soytürk tərəfindən nəşr olunmuşdur. Azərbaycan türkcəsinə yaxından bələd olan Gülsüm xanım həm də Azərbaycan ədəbiyyatından Türkiyə türkcəsinə tərcümələr edir. 2021-ci ildə Gülsüm xanım Tehranda yaşayan soydaşımız Hüseyn Soytürklə birlikdə Azərbaycanın müdrik şairi Nəriman Həsənzadənin "Sən bağışladın" adlı şeirlər kitabını Türkiyə türkcəsi ilə Ankarada nəşr etdirmişdir. Mükəmməl şeirlər və müdrik sözlər müəllifi Gülsüm Gülməzin şeirlərindəki dərin hissiyyat, musiqiyə yatımlılıq Türkiyədə bir çox bəstəkarın diqqətini cəlb etmiş, onunla bəstəkar əməkdaşlığına səbəb olmuşdur. Onun "Dəniz könlüm qədər ucsuz və əngin" şeirini bəstəkar Şahin Çanqal bəstələmiş və TRT-də Suat Yıldırımın ifasında səslənmişdir. "Qəlbimin miladi olduğu gündü", "Qurban olduğum", "Gerisi yalan", "Eşqin tərifini necə anladım, bilmirəm" şeirlərini də Suat Yıldırım bəstələyib. Yenə bəstəkar Battal Macar "Harınla yanıram, mənim cananım" şeirini bəstələmişdir. Gülsüm xanımın anlamlı, dadlı-duzlu, müdrik ifadələri hikmət bağçasından toplanan çiçəklər kimi musiqiyə də yol tapır, sevilə-sevilə dinlənir.

Salihliyə bağlı Çataloluk köyü Gülsüm xanımın doğulub boya-başa çatdığı gözəl mənzərəli bir kənddir. Gülsüm Gülməz öz doğulduğu kəndi vəsf edərək şeirə köçürmüşdü. Bu şeirlər əsasında bəstəkar İmran Koç "Çatalolukdur mənim köyümün adı" türkü tərzində musiqi yazmış, həmin mahnı TRT-də səslənmişdir.

 

Çatal axan oluğundan alır adını,

İçən bilir sərin-sərin suyun dadını,

Düvənlə sürülürdü, buğda xırmanı,

Çataloluktur mənim Köyümün adı!..

 

Gülsüm xanımın Azərbaycan, onun müzəffər ordusu, 44 günlük tarixi qələbəsi. Azərbaycanın bayrağı ilə bağlı onlarca şeiri öz məzmunu, ideyası ilə seçilən poeziya nümunələridir. Bu şeirləri Gülsüm Gülməz kitablaşdırıb çapa hazırlayır.

Xatirələr yazdıqca uzanır, uzandıqca da yeni əlavələr tələb edir. "Bu qədər" deyib yazıma nöqtə qoymaq istədim. Ağlıma gəldi ki, yunan riyaziyyatçısı Arximed (e.ə. 287-212) rıçaq (ləngər) qanununu müəyyən etdikdən sonra "mənə istinad nöqtəsi verin, Yer kürəsini yerindən oynadım" - demişdir. Mənim istinad nöqtəm olan gördüyüm sadə və səmimi insanlar, təbiətin gözəllik bəxş etdiyi yerlər, Yaradanın könlünün xoş vaxtı yaratdığı təbiət möcüzələri, bu yerlərdəki insanların sevgisi mənə ilham verdi ki, gördüklərini yazıb şərh edim.

Röya kimi keçən bir ay mənə Manisanı, Salihlini, İzmiri, Turqutlunu, Dəmirçini, Bozdağı tanıtdı. Salihlinin Çatalolukluda nağıl kimi keçən iki gecəsi, Salihlidəki Kaplıcalar, ilk yaşayış məskənlərindən olan Kula-Kuladokuya (Manisada), Dünyanın ən gözəl, estetik zövq verən gölü "Gölcük" (İzmirdə), "Yeddioluq bulağı" (İzmirdə), İzmirdəki Karşıyaka keçidi, İzmirin Limontəpəsindəki müsafirpərvər insanlar, Turqutlunun "Qarpızqaldıran parkı", Manisadakı "Yunus parkı", əfsanəvi "Ağlayan Kaya"nın nağıllardakı möcüzəsi yuxularda reallaşan röya kimi bir həqiqətdir.

Bu reallıqlar insanlar arasında dostluq körpüləri qurur. Dostluq körpüləri isə dünyanın dayaqları möhkəm olan ən möhtəşəm körpüsüdür.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!