Unudulmaz Fərqanə Mehdiyeva - Etibar ƏBİLOV

 

Bir neçə gündən sonra unudulmaz Fərqanə xanım Mehdiyevanın doğum günüdür. Bəli, unudulmaz Fərqanə xanımın: o öz həyatı, ədəbiyyata sevdası, dostlarına sədaqəti ilə "unudulmaz" sözünü tam haqq edir... Mən bu gözəl şairəni tanıyırdım. Qəlbindəki insanlara tükənməz sevgisi bütün varlığına hakim kəsilmişdi. İşıqlı insan idi və bunu hər halıyla bilmək olurdu. Nə qədər nikbin, həyatsevər idisə, bir o qədər də kövrək idi. Təsəvvür edin: Bütün varlığı təbəssüm olan bu xanım əfəndinin gözlərinin dərinliyindəki kədəri görmək o qədər də çətin deyildi. Onun amansız xəstəliyini sonradan biləcəkdim. Amansız, sonu tezliklə ölümlə bitəcək ağrılı-acılı xəstəlik. Amma amansız xəstəliyinə və cismani ağrılarına baxmayaraq, Fərqanə xanım hər kəsə həyat, yaşamaq sevgisi aşılayırdı. O, bir neçə dəfə Neftçalaya, müxtəlif ədəbi görüşlərə gəlmişdi və mən həmin görüşlərin hər birində iştirak etmişdim. Kövrək səslə oxuduğu şeirləri xatırlayıram. "Qızları qoymayın şeir yazmağa" şeiri yadımdadır. Qadınlar üçün şairliyin necə çətin olduğunu bilirdi, özü də şübhəsiz ki, o çətinlikləri yaşamışdı. Amma bu bir həqiqət idi ki, şairlik onun qara sevdası idi. O bütün ömrü boyu şeirə, ədəbiyyata sadiq qaldı...

...Bir də dostlarına sadiq idi. Mən bunun canlı şahidiyəm. O, Neftçalaya müxtəlif vaxtlarda Adilə xanım Nəzər, Qəşəm Nəcəfzadə, Faiq Balabəyli, Aləm Kəngərli ilə... birlikdə gəlmişdi. Onların arasında bir qədər çox, bir qədər az yaş fərqi olsa da, əsl dost idilər. Bu dostluğun təməlində təbii ki, ədəbiyyat dayanırdı. Mən bu insanların bir-birinə olan sədaqətlərinə, hörmətlərinə, qayğılarına... sözün həqiqi mənasında qibtə edirdim. "Əsl dostluq" deyilən və nə acı ki, günümüzdə bu sözə çoxlarının inanmadığı bir məfhum var. Amma bu insanlar sözün həqiqi mənasında əsl dost idilər...

...Axırıncı dəfə Neftçalaya, Neftçalada yaşayan şairə Gül Mirzəzadənin "Səmavi" kitabının təqdimatına gəlmişdi. Adilə xanım Nəzər, Aləm Kəngərli, Sayman Aruz, Oqtay Rza... ilə birlikdə... Görüşdən sonra birlikdə nahar etdik. Elə oldu ki, Bakıya mən də onlarla birlikdə getməli oldum. Aləm Kəngərlinin idarə etdiyi maşında üç nəfər idik: Fərqanə xanım, Adilə xanım, bir də mən. Fərqanə xanım Salyanın yaxınlığında yerləşən Ərəbqardaşbəyli kəndində dünyaya gəlib. Surra kəndinin ərazisində, Kür çayının sahilində Fərqanə xanım maşını saxlatdırdı. Adilə xanımla birlikdə Kürün sahilinə endilər. İki rəfiqə Kür sahilində xeyli söhbət etdilər, şəkillər çəkdirdilər. Fərqanə xanımın sahilində böyüdüyü Ərəbqardaşbəyli kəndi Kür çayının sahilində yerləşir. Uşaqlığının, yeniyetməlik illərinin ən əziz xatırələrinin bir qismi bu çayla bağlı idi. O, Kürü anlayırdı, duyurdu. Bir anlıq susanda hiss edirdim ki, Kürlə danışır... Bir qədər də kədərli idi. Mən sonradan bildim: Bəlkə də həmin gün, sahilində dayandığı doğma Kür çayı ilə əbədilik vidalaşırdı... Sonra maşını ata ocağına, doğma kəndlərinə - evlərinə sürdürdü. İlahi, onun qardaşını, bacısını hansı məhəbbətlə, sevgi ilə, fərəhlə qarşıladığı heç yadımdan çıxmaz. Qardaşı orta yaşlı bir adam idi. Sevincindən uşaq kimi mahnı oxuyurdu. Oxuduğu mahnı da yadımdadır: "Mehriban olaq". Aləm Kəngərli də ona qoşuldu. Çox unudulmaz bir axşam idi...

Həmin gündən az sonra Fərqanə xanım dünyasını dəyişdi. Tam səmimi deyirəm: Onun ölümü məni çox ağrıtdı. Həyat dolu bir insanın (həyat ona, o da həyata çox yaraşırdı) belə erkən vəfatı məni çox incidirdi. Kədərimi kiminləsə bölüşmək istəyirdim. Fərqanə xanım öz ölümünə şeir yazan (axı tezliklə dünyaya vida edəcəyini bilirdi) nadir qələm sahiblərindən biri idi. Həmin şeirlərdən biri ("Xatirə günümə gələn dostlar"), daha doğrusu, həmin şeirdəki bir misra yadıma düşdü: Özü olmayanda keçiriləcək xatirə gecəsində "Bəlkə hamıdan çox Qəşəm yanacaq" yazmışdı Fərqanə xanım. Şeirdə adı çəkilən Qəşəm Nəcəfzadəyə zəng etdim. Səsinə dünyanın kədəri çökmüş Qəşəm müəllimə, bu ağır, kədərli dost itkisinə görə başsağlığı verdim...

Allah səni rəhmət eləsin, gözəl şairəmiz. Unudulmaz Fərqanə xanım, məzarın nurla dolsun.

 

Neftçala


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!