"Bir aşiqin ağlını gül apardı..." - Hüseyn Bağıroğlunun şeirləri

 

 

Fikir uzaqlara apardı məni

 

Söz-söz qaranlıqdan durulub gələn

Bu aydan da arı şeirimdə yoxam.

Zaman qaynatsa da, heç qarışmadıq:

Dünyanın xeyrində-şərində yoxam.

 

Keçdim o dənizi, aşdım bu dağı,

Yorub əldən saldım əli, ayağı.

İlahi, Özün de, hardayam axı,

Nədən bu dayazda, dərində yoxam?

 

Bu dünya çəkəndə üstünə çəni,

Yer-göy gizlədəndə özündə Səni,

Fikir uzaqlara apardı məni,

Qayıdanda gördüm yerimdə yoxam.

 

 

Şair

 

Göz yaşı-suyu, qəm-çörəyi kimi,

Nə toxdadı, nə də kiridi şair.

Ağrıdı hər yeri ürəyi kimi,

Dünyanın ağrıyan yeridi şair.

 

Qəlbində dil açıb söz can istədi,

Hər sözü bir gündə yüz can istədi.

Bir an ağrımasa, bil, can üstədi,

Hər an ağrıyırsa, diridi şair.

 

Gəzməz bəxt önündə qaravaş kimi,

Yaşar öz ömrünü bir savaş kimi.

Kiminsə başına düşər daş kimi,

Kiminsə gözünün nurudu şair.

 

Qaçanda bu dünya ayağı altdan,

Qalmadı ölümün ayağı altda,

Bircə sözlə saldı zamanı atdan,

Ölümün üstünə yeridi şair.

 

Göy onun ruhunun seyrangahıdır,

Dağlara çəkilən duman ahıdır.

Dərdlərin dünyada son pənahıdır,

Sözlərin əbədi piridi şair.

 

İnsan eşq oduna qalanaydı kaş,

Sevgisiz daş olub qaralaydı kaş.

Daş atıb dedilər bulanaydı kaş,

Gördülər bulaqtək durudu şair.

 

Endirər varını göydən söz ilə,

Köçər könüllərə köhlən söz ilə.

Hey təzə sirr açar köhnə söz ilə,

Tanrının açılmaz sirridi şair.

 

 

Gərək bacarasan

 

Bu ocaq daşıdı... bu məzar daşı...

Deyirsən bunların hər üzü qəmdi.

Bulana-bulana axır göz yaşın,

Gözündə göy üzü, yer üzü nəmdi.

 

Fəsillər dəyişir, toxta görək bir,

Payız yallı gedir budaqlar üstdə.

Yağışı hər gecə yağsa gözündən,

Sözündən nə bitər varaqlar üstdə.

 

Qara saçlarına düşən bu qardan,

Yaz günü əlləri üşüyən varmı.

Sənin kədərindən, qəmindən umub,

Öz tale payıtək yaşayan varmı.

 

Paylama ömrünü göz yaşlarına,

Göz yaşı dirilik suyu deyil ki.

Noolar qəm gələndə, kədər gələndə,

Hələ bu dünyanın sonu deyil ki.

 

Gərək bacarasan son məqamda da,

Qəmin qədəminə gül atmağı da.

Gərək bacarasan özünü qəmdə,

Bu qəmi özündə yaşatmağı da.

 

Əfəndim

 

Bir yalandı onun duyub bildiyi,

Bu dünya bizləri bilməz, Əfəndim.

Onun gecələri necə ah çəkir,

Onun gündüzləri bilməz, Əfəndim.

 

Dən görüb tələyə gələn hərifdi,

Tələdə sevinib gülən hərifdi,

Ölümü ölümsüz bilən hərifdi,

Ölümü öldürən ölməz, Əfəndim.

 

Dağdan ağır daşları sel apardı,

Göy üzündən quşları yel apardı,

Bir aşiqin ağlını gül apardı,

Bir kimsə göz yaşın silməz, Əfəndim.

 

İnsan oğlu insan kimi durulsa,

Fani dünya eşq üstündə qurulsa,

Sözün sirli tilsimləri qırılsa,

Kim deyir üzümüz gülməz, Əfəndim.

 

 

Sevgisiz könül kimi

 

Göyünə

bulud gəlməyən torpaqlar,

Gül nədi

heç tikan da bitirə bilmədi.

 

Yetim  qaldı

            zirvəsinə qartal

                        qonmayan dağlar.

 

Üşüdü sevgisiz könül kimi,

Budaqları quş yuvalarına

həsrət ağaclar.

Həyatın nəfəsi dəymədi

Məhəbbətlə dolmayan ürəklərə.

 

Amma

sən yenə

çalış mütləq bir məna ver

əsdikcə əsən küləklərə.

 

 

Göy adamları

 

Bu ömür-gün qəpik-quruş kimidi,

Çalış bir baxışdan duy adamları.

Yaşıl bir budaqda bir quş kimidi,

Alışmaz bu yerə göy adamları.

 

Qəmləri kiriyib ovunmasa da,

Gözləri göylərtək oxunmasa da,

Əlləri badəyə toxunmasa da,

Məstlikdən ayılmaz mey adamları.

 

Şahə qalxdıqca hey şər gündən-günə,

Yerdən uzaqlaşır Nur gündən-günə.

Gör nə kasıb düşür Yer gündən-günə

Qeybə çəkildikcə vəhy adamları.

 

 

Lal baxışlar

 

Ürəyimi naxışladı,

Sənin o lal baxışların.

Mənə dünya bağışladı

Sənin o lal baxışların.

 

Ahu kimi mələr susar,

Ulduz olub gülər, susar.

Öz eşqini gizlər, susar

Sənin o lal baxışların.

 

Sirli-sirli namə olub,

Ürəyimdə nəğmə olub.

Mənə məndən doğma olub

Sənin o lal baxışların.

 

Bir yaz günü gül aça kaş,

Bülbül olub dil aça kaş.

İlk vüsala yol aça kaş

Sənin o lal baxışların.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!