Zabil Pərvizin söz adlı dirilik suyu - Ağamir CAVAD

 

 

Şair Zabil Pərviz artıq öz səsi ilə, öz nəğməsi ilə öz taleyini, söz taleyini yazıb. Həyatını, taleyini sözə bağlayan şair həmişə Müqəddəs sözə səcdə qılıb. Sözü başından uca tutub, sözə hörmətlə yanaşıb.

Sözü dirilik suyuna bənzədir şair. Bu sudan içənlər ölümsüz ömür qazanırlar. Böyük Nizamini diri saxlayan sözdür. Müşfiqi "təptəzə qızılgül kimi" ürəklərdə bəsləyən sözün möcüzəsidir.

 

Səni səndən sonra kim yaşadacaq?

Sözə hörmət elə, sözə səcdə qıl.

Söz - dirilik suyu!

Ölümsüz ömür!

Əyil əlindən öp, yatmısan, ayıl...

 

Haqla, həqiqətlə döyünür şair qəlbi. İnsanın ruhuna həqiqət hakim olanda insan haqqa, ədalətə tapınır, qocalıq da ona güc gələ bilmir. Ruhu həmişə cavan qalır həqiqət sahiblərinin, ədalətə səs verənlərin.

 

Fərqi yox, on səkkiz, ya da əlli yaş,

Nə qədər həqiqət səngərindəsən, -

Ürəyimdə bahar, ruhumda təlaş

Ədalət, həqiqət səngərindəsən, -

Yaxın dura bilməz qocalıq sənə.

 

Tanrı nəğməsi oxuyanlar qocalmırlar. Bu nəğmə insanı daim yaşamağa, qurmağa, yaratmağa səsləyir, dünyanı saflığa, təmizliyə, müqəddəsliyə səsləyir. Bu nəğmə "qönçəni bələyindən, gülü budağından çağıran", "pərvanəni şam üstündən, bülbülü bağdan çağıran" bir ilahi nəğmədir. Odur ki, bu həyat nəğməsinin xumarından doymaq olmur. "Suyu daşın damarından, odu ocaqdan çağıran" nəğmədən necə doymaq olar? Bu nəğmə həqiqət bağında səslənən gözəllik nəğməsidir. Həyat insana bir dəfə verilir. O da bu gözəllik nəğməsini oxumaq üçün.

 

Çətin bir də mən bu bağa gələrəm,

Qönçə vaxtı qurulmağa gələrəm, -

Təkcə... sənə vurulmağa gələrəm,

Gələ bilsəm bu dünyaya bir də mən.

 

Şairin gözəllik obyekti məhəbbət bəslədiyi gözəl, sevgisinə qızındığı ocaq, uğrunda fəda olmağa hazır olduğu vətəndir. Vəhdət piyaləsindən dirilik suyu nuş edənlər haqqa qovuşdurur Vətəni. Vətənin haqqı Vətənin bütövlüyüdür. Vətən isə öz haqq aşiqini gözləyir.

 

Kəpəz daş əlində tutub piyalə:

- İçsin Savalana at üstə gedən!

Beləcə, əlində dirilik suyu

Ən böyük oğlunu gözləyir Vətən...

 

Sükutun da sözü var.  Şair sükutun səsini eşidir, sözünü dinləməyi bacarır. "Ən qədim fəryadlara, ən müasir dərdlərə" özünü qurban verən şəhidlərə şair bir dəqiqəlik sükutla söz verir. Xalqı bu sükutu dinləməyə çağırır. Xəstəliklər, fəlakətlər, qırğınlar törədən, iblisə uyan hakimlərin əlində gözəl dünyamızın əbədi  sükuta qərq olmaması üçün insanları bir dəqiqəlik sükutla ayağa qaldırmaq istəyir şair:

 

Göyü gümüş buludlu,

torpağı yaşıl otlu,

suyu balıqlı dünya,

Dünya, işıqlı dünya.

əbədi bir sükutla

gedə bilər yuxuya.

Qoymayın şəhidlərin

məzarına od yağa,

Bir dəqiqə sükutla

qalxın, qalxın ayağa!

 

Bəli, sükutun səsini eşidənlər ayağa qalxa bilir, sükutun nəğməsini oxuyanlar dünyanı gözəlləşdirə bilir. Odur ki, şair ömrü ölümdən qoparmaq üçün ölümsüz nəğmələr yazır. Ölümsüz nəğmələr oxuyur Tanrı nəğməsi kimi. Bu nəğməylə hər gün dan sökülür, yeni gün başlayır. Öz səsi, öz sözü ilə, öz nəğməsi, muğamı ilə insanları gözəlliyə, saflığa, müqəddəsliyə səsləyir yeni gün:

 

Bəsimizdir bu ərməğan,

Başlanır gün, sökülür dan.

Tutub qızıl saçağından

Günəşi gündən qoparaq.

 

Ömür uzun, ömür qısa, -

Yoxdur bizə yaxın, uzaq.

Ölümsüz nəğmələr yazaq,

Ömrü ölümdən qoparaq.

 

Ömrün payızı hələ yollarını dumana, çənə bürüyə bilməyib Zabilin. Ruhu hələ cavandır. Hələ ayaq üstədir, Allah amanındadır. Haqqa tapınanlar Allah amanında olurlar. Bu gün də əlində Söz piyaləsi tutub Haqqın dərgahına, Allahın şəninə layiq söz deyir Söz sarayının saray şairi:

 

Yenə dan sökülür, quşların səsi...

Şükür, yenə ayaq üstəyəm, Allah!

Yenə də əlimdə söz piyaləsi,

Sənə layiq olan söz deyəm, Allah!

 

Bu gün əlində söz piyaləsi tutan, muğam ömrü yaşayan haqq aşiqi Zabil Pərviz öz səsi ilə, öz sözü ilə haqq, ədalət məbudu Allahın şəninə, dünyanı gözəlləşdirmək istəyən fəzilətli insanların eşqinə muğam oxuyur. Poeziya dünyamıza yeni bir muğam qoşulur - Zabil Pərviz muğamı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!