İnsanlar əsrlər boyu haqqı soraqlayır, onun harada olduğunu arayır. Toplar gurlayanda, tanklar üz-üzə gələndə, yaxud cəmiyyətdə müxtəlif qurumlar arasında qara-qışqırıq yarananda, savaş başlayanda haqqı aramaq, ədalətin kimin tərəfində olduğunu aydınlaşdırmaq çətin olur. Amma zaman bütün yaralara məlhəmdir.
Vaxt keçir, sular durulur. Kimin kim olduğu bilinir. Çünki arxivlər açılır, sənədlər, sübutlar üzə çıxır. Zaman arxivlərin timsalında ədalət məhkəməsi qurur. Nə qədər qışqırsansa, nə qədər hay-küy salsansa bu ədalət kürsüsündən yaxa qutara bilməyəcəksən.
Bəli, arxivlər ədalətli bərqərar edən sənədlər, sübutlar xəzinəsidir. Onun keşiyində isə əsgərlərdən də inadlı, onlar qədər cəsarətli qoruyucular dayanıb. Bu gün ömrünü, həyatını bir əsgər kimi arxiv sənədlərinin araşdırılmasına, qorunmasına və xalqa çatdırılmasına həsr etmiş qələm dostum Aslan Kənan haqqında söhbət açmaq istəyirəm.
Azərbaycan Dövlət Tarix Arxivinə rəhbərlik edən Aslan aslan kimi sənədlərin keşiyində durmaqla yanaşı, eyni zamanda oları üzə çıxarıb cəmiyyətə çatdırır. Çünki o, sıravi işçisi deyil, eyni zamanda yazıçı-publisistdir. Hər məqaləsindən, hər kitabından ədalət rahiyəsi, təravəti gəlir. Nə zamansa dünyanın pozulmuş mizan-tərəzisini tarazlaşdırmağa çalışır, eyni zamanda cəmiyyətə, insanlara öz əməllərinə təkcə bu günün deyil, sabahın da gözüylə baxmağı aşılayır. Onun nəşrə hazırladığı bütün kitablarından qırmızı xəttlə bir amal keçir. Repressiyaya məruz qalmış insanların hüququnu bərpa etmək, onların günahsızlığını sənədlərlə, faktlarla xalqa çatdırmaq. Belə məqamda saxta hökmlər, yalançı iclaslar gözdən düşür. Vaxtilə özünü xalqa mələk kimi sırıyanların riyakalığı üzə çıxır.
Qarşımdakı onun kitablarıdır. "XX əsrdə repressiyaya məruz qalanlar", "1930-cu illərin günahsız qurbanları", "Arxivlərdən gələn səslər", "Unudulmaz musiqi tədqiqatçısı" (Firidun Şuşinski haqqında) və s. Həmin kitablardan birini 1930-cu illərin günahsız qurbanlarını vərəqləyirəm. Azərbaycanın müxtəlif bölgələrindən müxtəlif sənətə yiyələnmiş, qəlbi xalqına xidmət istəyilə döyünən 30 yaxın insanın yarımçıq kəsilmiş taleyi, ömrü. Hamısına qarşı haqsız ittihamlar irəli sürülüb. Hamısı məhkəmə qarşısında təxminən 15 dəqiqə dayanıb, əksəriyyəti ən yüksək cəzaya məruz qalıb. Ürək ağrısı oxunan bu kitabda Böyükağa Talıblı, folklorşünas Bəhlul Behcət, ictimai xadim Cavad bəy Məlikyeqanov, dövlət xadimi Eyyub Xanbudaqov, maarif xadimi Mədinə xanım Qiyasbəyli, yüksək vəzifələrdə təmsil olunan Məmməd Çuvarlinski, Buzovna kəndinin ağsaqqalı Tağı Zeynalov, din xadimləri, hətta sıravi insanlar da var. Aslan Kənan kitabında repressiyaya məruz qalanların təkcə acı taleyindən xəbər vermir, eyni zamanda onların ailə üzvlərinin, yaxınlarının izlənməsindən, günahsız yerə cəzaya məruz qalmasından da söhbət açır.
Ümumiyyətlə, haqsızlığa dözümsüzlük Aslanın təbiyətindədir. Hələ orta məktəbdə oxuyarkən bu savadlı və inadkar şagird müəllimlərin diqqətini cəlb etmiş, onların arasında Aslanı sevənlər də olmuş, inadkarlığına görə çəpəki baxanlar da. Ədəbiyyata marağı, hələ şagird ikən ədəbi jurnalları və qəzetləri mütaliəsindən başlayır. Bu sevgi gənc Aslanın gələcək taleyindən xəbər verirdi. Elə bu istəklə də orta məktəbi bitirən kimi sənədlərini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə verir. Universiteti bitirdikdən sonra Neftçala və Şamaxı şəhərlərində müəllimlik edir, sonra Maarif Nazirliyinin elmi-metodiki mərkəzində metodist vəzifəsində çalışır. Elə həmin ərəfədə imzası mətbuatda görünməyə başlayır. Bir tərəfdən ədəbiyyata olan marağı digər tərəfdən ali təhsil aldığı illərdə Feyzulla Qasımzadə, Əzəl Dəmirçizadə, Ağaməmməd Abdullayev, Afət Qurbanov kimi müəllimlərin tövsiyələri onun əlindən tutmuş, publisist kimi formalaşdırmış, dünyagörüşünü vətəndaşlıq mövqeyini möhkəmləndirmişdir. Gənclik illərindən başlayaraq həyatdakı ünsiyyətində və nəşr etdirdiyi kitablarında da, yazdığı məqalələrdə də insanları insaniyyətə münasibəti ilə dəyərləndirmişdir. Belə bir məqamda onun Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində işə düzəlməsi yerinə düşür. Əski ərəb əlifbasını da bildiyindən arxivdəki bütün sənədlər onunla "danışır"dı. Bu arxivdə işlədiyi otuz ilin neçə keçdiyi özü də hiss etməmiş, hər günü arxiv sənədləri əsasında yazdığı kitablara hopmuş, əvəzində repressiyaya məruz qalmış insanların çəkdiyi əzablar, mərhumiyyətlər xalqa çatdırılmışdır.
Aslan Kənan təkcə ötən əsrin 20 və 30-cu illərində həyatlarını itirmiş insanların taleyini araşdırmır. Onun repressiya qurbanları silsiləsinə mənən güllələnən insanlar da daxildir. Müəllifin belə qəhrəmanları sırasına Üzeyir və Ceyhun bəy Hacıbəyliləri, Mirzə Abay Dağlı, Firidun Şuşinski kimi şəxsiyyətləri aid etmək olar. Aslanın gördüyü işlərdən bir neçə misal: Azərbaycanda Xalq Cümhuriyyəti qurulandan bir qədər sonra Ceyhun bəy Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Miryaqub Mirmehdiyev ilə birlikdə Versal Sülh Konfransına yola düşü, "Azərbaycan" qəzetinə rəhbərlik onun əvəzinə Üzeyir bəyə həvalə olunur və o da həmin illərdə bu qəzetdə müntəzəm çıxış edir. İş orasındadır ki, Üzeyir bəyin bu yazılarını Sovet hakimiyyəti illərində üzə çıxarmaq onun həyatı üçün təhlükəli idi. 1991-ci ildən Ədəbiyyat və İncəsənət arxivində işə başlayan A.Kənan Üzeyir bəyin ərəb əlifbası ilə dərc edilmiş həmin məktublarının bir qismini müasir əlifbaya çevirərək "Fitnələr qarşısında" adı altında nəşrinə nail olur. Sonrakı dövrlərdə Üzeyir bəyin ərəb əlifbası ilə dərc olunmuş digər yazılarını da üzə çıxarır. Həmin məqalələrə Üzeyir bəyin Ceyhun bəyə yazdığı 35 məktubu əlavə edərək "Sarsılmaz bayraqlar" adı altında nəşr etdirir.
Tədqiqatçının maraqlı araşdırmalarından biri də "Rana" təxəllüslü yazıçının müharibə mövzusunda yazdığı "Onlar türklərdir" əsərini üzə çıxarmasıdır. Kənan ilk dəfə "Rana" təxəllüsünün kimə məxsusluğu barəsində mühakimə yürütmüş, məlum olmuşdu ki, o, Türkiyədə mühacir həyatı yaşamış Mirzə Abay Dağlı, əslində Cəmil İbrahim oğlu Ağayevdir.
Mənəvi repressiyaya məruz qalmış şəxsiyyətlərdən biri də görkəmli musiqişünas və məşhur "Şuşa" əsərinin müəllifi Firudun Şuşinskidir. A.Kənanın tədqiqatları nəticəsində biz F.Şuşinskinin kimlər tərəfindən və nəyə görə repressiyaya məruz qaldığını öyrənir, onun çəkdiyi əzablara ürək ağrısı ilə qarşılaşırıq. Aslan Kənanın tədqiqat işlərinə tanınmış yazıçı Cəmşid Əmirovun çap olunmamış əsərlərini üzə çıxarması, tovuzlu "Qəmxar" təxəllüslü şairin əlyazmalarını nəşr etdirməsi də daxildir.
...Aslan Kənan tədqiqatlarını davam etdirir. Cəmiyyətdə repressiyalara məruz qalmış, incidilmiş insanların şəxsiyyətini üzə çıxarır, onların portretlərini olduğu kimi canlandırır. Xalqın əlindən alınmış, talan edilmiş mənəvi xəzinəsini özünə qaytarır. Bununla yanaşı onları siyasi, sosial sifarişlə repressiya edənlərin də kimliyini üzə çıxarır. İnsanları tarixdən ibrət götürməyi çağırır. Aslan bu cəlladlara haqlı ikrah oyatmaqla kifayətlənmir, indi harada olduqlarını da oxucularına bildirərək yazır: "Peyğəmbər buyurur: (S.a.v.) "Qiyamət günü nida edən mələk səslənər: Hardadır zülmkar və onların köməkçiləri, onlara kağız-qələm hazırlayanlar, onların kisələrini möhkəm bağlayanlar və ya onların qələmlərinə mürəkkəb əldə edənlər? Bunların hamısını onlarla (zalımlarla) birlikdə həşrə gətirin".
Aslan Kənan bu dünyanın da, o dünyanın da divandan soraq verir. Bəs nəticə. Nəticənin XX əsrin görkəmli siyasi xadimlərindən biri İndira Qandi deyir: "Tarix pis şagirdləri olan ən yaxşı müəllimdir".
Aslan Kənanın əsərləri pis "şagirdləri", bizləri ayıltmağa, əlaçı olmağa səsləyir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!