Nizami ilə səyahətim - İkinci məqalə - Orxan ARAS

Orxan ARAS

 

İohann Volfqanq Höte "Şərq və Qərb Divanı"nda ən parlaq bölümü olan "Eşqin kitabı"nda (Buch der Liebe): "Ey Nizami, doğru yolu sən tapdın!" deyərkən ən dərin eşqlərin Şərq şairlərinin şeirlərində olduğunu etiraf etmişdir:

Ey Nizami, ən sonunda

Doğru yolu göstərdin sən!

Aşiqlərin vüsalı

Çözülməz düyünləri çözər.

Bəlkə, buna görə alman filosofu və şairi Fridrix Slegel: "Biz ən yüksək romantizmi Şərqdə axtarmalıyıq" - demişdir. Şərq 1095-ci ildə başlayan ilk xaçlı səfərlərindən etibarən bu yana Qərbin hədəfində olmuşdur. İlk dönəmlər bu maraq dini məqsəd və Şərqin göz qamaşdıran zənginliyi ilə bağlı olsa da, sonrakı dönəmlərdə mədəni axına doğru yol almışdır.

Yaradıcılığı ilə türk və islam dünyasına dərin təsir edən Nizaminin əsərləri xarici dillərə tərcümə edilmiş, Dante, Şekspir, Höte, Şiller kimi Avropanın böyük şairlərini də təsiri altına almışdır.

Azərbaycanda elmi olaraq Nizaminin dünya ədəbiyyatındakı təsirini daha 1940-cı illərdə ilk dilə gətirənlərdən biri professor Əkbər Ağayevdir. O, "Nizami və dünya ədəbiyyatı" adlı əsərində Nizaminin əsərləri ilə Dantenin, Şekspirin, Höte və Şillerin əsərlərini qarşılaşdırır. Nizaminin əsərlərindəki motivlərin, təsvirlərin, söyləniş tərzinin adıkeçən şairlərin şeirlərində çox açıq olaraq görüldüyünü qeyd edən professor Ağayev Nizaminin bu aspektləriylə bəşəri bir şair olduğunu vurğulamaqdadır.

Nizami haqqında ilk bilgiləri verən fransız şərqşünası Bartelem d'Herbelot de Molainville olmuşdur. Onun "Bəşəri lüğət: Şərq kitablığında Şərq xalqları haqqında hər şey" adlı əsərində qələmə aldığı Nizaminin tərcümeyi-halı onun ölümündən sonra 1967-ci ildə Antuan Hallan tərəfindən Parisdə çap etdirilmişdir. İngilis hakimi Uilyam Cons isə Nizaminin "Sirlər xəzinəsi"ni 1876-cı ildə nəşr etdirmişdir. 

Nizaminin əsərlərinin almanca tərcümələri isə Yozef fon Hammer tərəfindən 1809-cu ildə Leypsiqdə çap edilmişdir. İkinci nəşri isə 1871-ci ildə Münhendə German Ethe tərəfindən həyata keçirilmişdi.

Almanca nəşrlərdən sonra Nizaminin hekayələri və şeirləri alman ədəbiyyatçılarının dilinə keçmiş, qələmə aldıqları əsərlərdə Nizaminin təsiri özünü göstərmişdir.

Alman şairi Hötenin yazdığı "Şərq və Qərb divanı"nda Nizaminin və Hafizin təsirini açıq görə bilərik. Özü də müxtəlif vəsilələrlə bunu dilə gətirmişdir. "Hatəm" başlıqlı şeirlərdə Züleyxaya səslənərkən Şərqin böyük şairlərini də dilə gətirir və burada Nizaminin adını da xatırladır. İohann Volfqanq Höte Nizaminin "Leyli və Məcnun" əsərindən təsirlənərək özünü də Məcnun olaraq gördüyünü və bunun üçün tənqid edilsə də bu fikrindən vaz keçməmişdi.

 

Məcnun dersəm özümə,

Bu çox gözəl olardı.

Amma özümü Məcnun olaraq

                        adlandırdığımda da

Məni qəti qınamayın!

 

1819-cu ildə nəşr olunan "Şərq və Qərb divanı" şairin ölümündən beş il öncə 1827-ci ildə daha da genişləndirilərək təkrar çap edilmişdir. O, gerçək şairləri də, rəngarəng şeir bağçasını da Şərqdə görürdü. Ona görə də kitabında: "Şeiri və şairi anlamaq istəyən şeir diyarına getməlidir" deyirdi.

 

Kim şeiri anlamaq istəyirsə,

Şeir ölkəsinə getməlidir.

Və kim şairi anlamaq istəyirsə,

Şairlərin ölkəsinə getməlidir.

 

Höte üçün gerçək şairlər Nizami, Hafiz kimi şairlər idi. Hafizin həyəcanlı və sehrli eşq qəzəlləri, Nizaminin insanı diyardan diyara gəzdirən və eşqin mənbələrini göstərən hekayələri Hötenin ağlını başından alırdı. Nizaminin əsərlərində tez-tez dilə gətirilən Şərq fəlsəfəsi "öz içinə dönmək, özünü tanımaq" Hötenin şeirində insanı və iki dünyanı da tanımaq olaraq dilə gətirilirdi. "Kim özünü və başqasını tanısa, o, dünyanı tanıyacaq və Şərq ilə Qərbin ayrılmaz bir bütün olduğunu görəcəkdir".

 

Kim özünü və başqasını tanımaq istəsə

O, burada da tanınacaqdır.

Şərq və Qərb əsla bir-birindən ayrılmazlar.

 

Şərqin fəlsəfəsindən, düşüncə tərzindən və sosial həyatından bəhs edən  Höte, Şiller, Ryükkert, Hammer, Fridrix Bodenştedt kimi yazıçı və şairlər bu çabalarıyla alman dilində Şərq mənşəli kəlmələrin, deyimlərin, atalar sözlərinin də yer almasına rəhbərlik eməklə alman dilinin də dünya dilinə çevrilməsində töhfələri olacaqdı.

Nizaminin əsərləri 1809-cu ildəki ilk tərcümədən sonra dəfələrlə alman dilinə yenidən tərcümə edilib çap olunmuşdu. Şərqşünas Stefan Veidnara görə, Nizaminin əsərlərindən təxminən 2 min səhifə alman dilinə tərcümə edilmişdir. 

1991 və 1997-ci illərdə professor Kristofh Bürgel tərəfindən olunan tərcümələri dəyərləndirən Stefan Veidnar Nizaminin əsərlərinin kompozisiyasına baxdığında orta çağda yazılan digər əsərlərdən daha üstün olduğunu, müasir zamanda belə dəyərini itirmədiyini qeyd edərək, onun "Yeddi gözəl" əsəri ilə Şillerin "Turandot - Çin şahzadəsi" əsərini müqayisə edir. Ona görə Şillerin əsərindəki şahzadənin evlilik tələbləri sırasında ən qanlı arzulara baş vurularkən, Nizamidə israrla şiddət əks olunmayan elementlər önə çıxarılmışdır.

Stefan Veidnar Nizaminin əsərlərində mühit və zamanın çox gözəl təsvir edildiyi hərəm, ov səhnələri, savaşın adətən bir roman havasında olduğu kimi, hekayələrdə baş rollarda qadınların çoxluğuna diqqəti çəkərək patriarx bir cəmiyyətdə bunu müasir bir yanaşma kimi müəyyən edir.

Alman ədəbiyyatında Nizami adlı almanca və türkcə çap olunan kitabımda İozef Hammer Purqştalın "Xosrov və Şirin" tərcüməsini, Dr. Vilhelm Baherin "İskəndərnamə" haqqında, Frans fon Erdmanın "Yeddi gözəl" haqqındakı tədqiqat işlərini, Yakop Georqun "İskəndərin Vikinq səfəri" adlı tezisi, professor Yohann Kristof Bürgelin "Turandot - Çin şahzadəsi" haqda yazdıqlarını, Vilhelm Baumun "Şirin əfsanəsi" üzərindəki iddialarını, ayrıca Karl Herman Ethe, Paul Horn, Helmut Ritterin Nizami haqqındakı tədqiqat işlərini incələdim və o əsərlərdən nümunə kimi bəzi parçalara kitabda yer verdim. 

"2021-ci il Nizami İli"ndə əslində almanca olaraq üç kitab hazırlamışdım. Birinci kitab keçən həftə "Ədəbiyyat qəzeti"ndə yazdığım məqalədə qeyd etdiyim "Nizami və alman dilindəki aforizmlər", ikinci kitab "Alman ədəbiyyatında Nizami", üçüncüsü isə məqalələrdən ibarət və Nizaminin bir fars şairi olmadığını isbat edən bir kitab idi. Kitabdakı məqalələr azərbaycanlı alimlərə aiddi və almancaya tərcümə edilib. Amma təəssüf ki, bəzi imkansızlıqlar üzündən üçüncü kitabı 2021-ci ildə nəşr etdirmək imkanı olmadı. Yenə də iki kitabla da olsa, Nizamiyə olan mənəvi borcumu yerinə yetirdiyimə əminəm. Onun millətindən bir fərd olaraq yüz illər sonra Nizaminin səsini yenidən başqa diyarlarda da eşitdirməyə cəhd göstərdim. Ümid edirəm ki, ruhu şaddır!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!