***
Həsəd çəkmədim heç vaxt,
Heç bir zaman heç kəsə.
Qısqanmadım kiminsə
şöhrətinə, dövlətinə, adına...
güclü istedadına
Ömrün son müddətində
İllər ötdüyü zaman
qısqanıram mən yaman
özüm bilmirəm haçan
gələcək Gələcəyə
Mənsiz keçən illərçün
qəribsəyirəm hər an.
Bir gün mən olmayanda
Necə yad edəcəklər,
nələr söyləyəcəklər?
İçində dərd çəkən kim?
Guya ki dərd çəkən kim?
Şux, şən zarafatları
yada salıb gülən kim?
Ayrılığa dözməyib
həsrətindən ölən kim?
Bəlkə də haqlıdırlar
Hindistan müdrikləri
Ölən insan da bir gün
Dönüb qayıdır geri,
Quş kimi, balıq kimi,
Ağactək, gül-çiçəktək.
Quşları ovlayırlar,
Balıqları tuturlar,
Ağacları kəsirlər,
gül-çiçəyi dərirlər,
yenə məhv olur dönən,
Mən hansıymışam görən?
Tutalım, lap belədir,
Dünyamı dəyişərkən,
Bir də dönəcəm geri
Kim tanıyacaq məni?
Dünya bir pəncərədir.
qapatma pəncərəni...
12 yanvar 2022
***
İtirdiyim dostlarla
yuxuda görüşürəm.
maska filan taxmadan
görüşüb-öpüşürəm.
Gündüz ölən dostlarım
Gecə yuxuma girir.
Mən burdan danışıram.
Soruram: orda nə var?
Cavab vermir heç biri,
Məlul-məlul baxırlar.
Oranın ünsiyyəti
bəlkə, susub baxmaqmış.
Görəsən, o dünyada
yuxular belə varmış?
Ordakı dostlarım da
Hərdən görürmü məni,
ordakı yuxularda?
Əslində, kim bilir kim,
Kimdi yuxulu, ayıq?
Bəlkə, onlardı oyaq
Biz burda yuxudayıq.
13 yanvar 2022
***
Asilərim elə hey məni dəfn eləyirlər
"tükənibdir" deyirlər.
Amma mən də beləyəm:
"Basdırılandan" sonra,
"tükənəndən" sonra da
On cild kitab yazmışam.
Bir gün əgər doğrudan
əcəl qapımı döysə,
Ölümə də hazıram.
Amma hələ ki, sağam
Yazmaqçün yaşayıram,
yaşamaqçün yazıram.
12 yanvar 2022
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!