2021-ci ildə “Nizami Gəncəvi ili” ilə bağlı tədbirlər Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrində də keçirilib. Böyük Azərbaycan şairinin əsərlərində tərənnüm edilən ideyaların humanist və bəşəri mahiyyəti bütün insanlara doğmadır.
İordaniya Haşimilər Krallığında Azərbaycan Respublikasının səfirliyinin təşəbbüsü ilə ərəb ölkələri alimlərinin Nizami Gəncəvi haqqında məqalələrindən ibarət kitab Ammanda işıq üzü görüb. “Azərbaycan şairi Nizami Gəncəvi ərəb alimlərinin gözü ilə” adlanan bu kitabda İordaniya, Misir, Suriya, Livan, İraq, Əlcəzair, Mərakeşdən olan alimlərin məqalələri toplanıb. Azərbaycan alimləri akademik İsa Həbibbəyli və professor İmamverdi Həmidovun məqalələri də məcmuəyə daxil edilib.
Dekabın 26-da İordaniya Unversitetində kitabın təqdimatı keçirilib. Hibrid formasında keçən bu sessiya - təqdimatda kitabın tərtibçisi və ön sözün müəllifi professor Əbdulkərim Cəradat Nizami Gəncəvi irsinin əhəmiyyətindən, onun öyrənilməsi zərurətindən danışıb.
AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda dövlət səviyyəsində Nizami Gəncəvi irsinə göstərilən qayğıdan, şairin əsərlərinin ideya məzmunundan, onların azərbaycançılıq mahiyyətindən bəhs edərək, bu təşəbbüsə görə səfir Eldar Səlimova, səfirliyin əməkdaşlarına, kitabın hazırlanmasında əməyi olan insanlara təşəkkür edib. YUNESKO-da Azərbaycan Milli Komitəsinin sədri Seymur Fətəliyev və İordaniyada Azərbaycan Respublikasının səfiri Eldar Səlimov Nizami dühasının böyüklüyündən və onun hər zaman yaşarı qalacağından danışıb. İordaniya Universitetinin rektoru təqdim edilən kitabın Azərbaycan şairinin yubleyinə dəyərli töhfə olduğunu bildirib.
Sessiyada çıxış edən professor İmamverdi Həmidov böyük Azərbaycan şairi Nizami Gəncəvinin ərəb ölkələrində öyrənilməsi tarixinə nəzər salaraq təqdim edilən kitabı bu sahədə növbəti uğurlu addım hesab edib. O, Nizami haqqında məqalələr hazırlamış ərəb alimləri professorlar Şirin Həseneyn, Samir əl-Əhməd, Əhməd Musa və bütün müəlliflərə minnətdarlıq edərək, koordinator professor Əbdulkərim Cəradatın əməyini qiymətləndiririb.
Təqdimatda çıxış edən ərəb alimləri professorlar Şirin Həseneyn, Əhməd Musa, dr. Əhməd əş-Sərkavi, dr. Mustafa əl-Bəkur, prof. Samir əl-Əhməd Nizamini yetirən mühitin xüsusiyyətləri, Azərbaycan yurdunun ədəbi-mədəni məziyyətləri, Nizaminin Azərbaycan mənsubiyyəti, şairin əsərlərinin bədii sənətkarlıq dərinliyi və onun irsinin öyrənilməsinin əhəmiyyəti, çağımızda insanların mənəvi-əxlaqi tərbiyəsində şairin didaktik sözləri və humanist fikirlərinin rolu kimi məsələlərdən bəhs ediblər.
Qeyd edək ki, kitabın elmi redaksiya heyətində akademik İsa Həbibbəyli və professor İmamverdi Həmidov da təmsil olunublar. Kitabın redaktə prosesində Ədəbiyyat İnstitunun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Elnarə Zeynalova fəal iştirak edib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!