Tarixin İlhamı, İlhamın Tarixi - Kulturoloji-tarixi oçerk. Aydın Xan ƏBİLOV

     Kulturologiya elmində müəyyən zamanda baş verən hadisələr vasitəsilə o tarixi dövrü dəyərləndirməyə çalışılır. Bu mənada Azərbaycanın çağdaş, daha dəqiq ifadə etsək, modern tarixinin yeni mərhələsi o kədərli hadisəylə başlandığını qəbul etmək lazımdır.  İndi əksəriyyəti yüksək rütbəli zabit və general kimi ordumuzda xidmət edən, Qarabağdakı 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin  rəhbərliyi altında möhtəşəm Qələbəni xalqımızın alnında qızılı yazıya çevirən ovaxtkı yeniyetmə kursantların qarşısında iradəli sərkərdə kimi nitq söyləyən zaman ümummilli lider Heydər Əliyevin xalqın eşqiylə çırpınan polad ürəyi dözmədi, iki yerə parçalanmış Azərbaycanımız torpaqları kimi çat verdi. Hələ də birdəfəlik həllini gözləyən Qarabağ münaqişəsi dahi şəxsiyyətin infarkt nöqtəsinə çevrilmişdi. Fəqət tarixin ən işıqlı simalarından biri kimi vaxtilə özünün yaratdığı hərbi məktəbin yubileyinə həsr olunmuş tədbirində Heydər Əliyev təkrarən kürsüyə qayıtdı və bir daha sübut etdi: özündən sonra bu xalqa, ölkəmizə, ən əsası da dövlətimizə elə bir şəxsiyyət yetişdirdi, yadigar saxladı ki, ulu öndərin həyata keçirməyə çalışdığı, fəqət çatdıra bilmədiyi planları, xalqımızın Qarabağın azad edilməsi ilə bağlı ülvi arzularını uğurla reallaşdıracaq...

     Azərbaycanda dövlətçilik sükanı möhkəm, böyük iradə sahibi olan şəxsin əlinə keçdi: 2003-cü ildən sonra cəmiyyəti həyəcanlandıran hadisələr baş vermədi: əksinə, tariximizin post-Heydər Əliyev dövrü dövrümüzün neo-İlham Əliyev mərhələsinə təkamül etdi. Məhz belə bir mürəkkəb zamanda İlham Əliyev yeni tarix yazmağa başladı: özü ilə birlikdə insanlarımızı zəmanənin tələblərinə uyğun dəyişməyə, fərqli, daha modern bir cəmiyyət quruculuğuna start verdi. Prezident İlham Əliyevin dünyanın inkişaf etmiş dövlətlərin təcrübəsindən yararlanaraq başladığı siyasi-iqtisadi islahatları bütün sahələrdə genişləndi, gücləndi, dərinləşdi.

     XXI yüzilliyin başlanğıcından etibarən sabiq sovet dövranının xiffətini çəkən köhnə nəsil nisgilliyi, xarici qüvvələrin hər tərəfdən parçalamağa çalışdığı əhalinin sosial gərginliyi, 1 milyona yaxın qaçqın və məcburi köçkünün ağır durumu, SSRİ-dən qalma, Heydər Əliyevin dühası nəticəsində dağılmaqdan xilas edilmiş, əsasən neft və qaz sənayesi kimi formalaşdırılmış iqtisadiyyatdakı durğunluğu, illərlə uzanan müharibə şəraiti, bir hissəsi mühacirətə köklənmiş, bir hissəsi mövsümi işləmək üçün Rusiyaya gedib-gələn cavanların gələcəyə inamsızlığı kimi problemlərlə qarşılaşan ölkədəki mürəkkəblik peşəkar siyasətçini çəkindirmədi: İlham Əliyev hansı ağır missiyanı öhdəsinə götürdüyünün fərqində idi. Baş nazir təyin olunan, sonra xalqın etimadını qazanaraq Prezident seçilən İlham Əliyev ölkə daxilində və beynəlxalq aləmdə siyasi xadim, dövlət rəhbəri kimi nüfuzunu daha da artırmalı, həm də bütün sahələr üzrə peşəkarlar formalaşdıraraq vətəndaşları, zəmanənin tələblərinə uyğun dəyişməli, tarixdə iz qoyacaq proseslərə gücləndirilməli idi... 

     Əgər indi bu barədə geniş təhlillər aparılırsa, yazılırsa, danışılırsa, güman etmək olardı ki, həm ölkənin dövlət rəhbəri, həm də dünyaya səpələnmiş, sayları 50 milyonu keçən soydaşlarımızın milli-siyasi xadimi kimi nüfuzunu durmadan artıran İlham Əliyev tarixin o dönəmində zəmanənin onun qarşısına qoyduğu o nəhəng missiyasını bütün mürəkkəbliyi ilə birlikdə əla öyrənmiş, analiz edərək böyük siyasətin qlobal məkanına qədəm qoyduğunu da əla bilirdi. İ.Əliyev əvvəlcə Milli Məclisdə millət vəkili xalqın sevimlisinə çevrilməyi bacarmışdı: daha sonra Avropa siyasi məkanında - ATƏT PA-nın üzvü, AŞPA sədrinin müavini kimi planetar masştabda nüfuz qazandı, indiyə qədər də dünyanın ən nüfuzlu siyasi liderlərindən biri kimi tanınmaqdadır. O zaman da, indinin özündə də hamı bilirdi:  İlham Əliyev unikal tarixi şəxsiyyət, ulu Heydər Əliyev siyasi-fəlsəfi dövlətçilik məktəbinin, bir qədər də aydın ifadə etsək, şəcərəsi qədimlərə gedən genetik irsin layiqli davamçısıdır.

     İlham Əliyev Baş nazir kimi məsul dövlət vəzifəsinə keçəndən sonra geniş sahələri əhatə edən iqtisadi-siyasi, sosial-ictimai, mədəni və intellektual islahatlara rəhbərlik etməyə başladı: onun əsas tarixi vəzifəsi tam yeni cəmiyyət, dövlətçilik sistemi, dövlət aparatı, rəsmi qurumlar yaratmaq, formalaşdırmaq, bəzilərini yenidən qurmaq və oturuşmuş siyasi-rəsmi texnologiyaları təzələmək, dünyadakılara alternativ olanları milliləşdirərək Azərbaycanda tətbiq etmək idi.

      Əsrin “Neft Müqavilələri”ni imzalayandan və həyata keçirməyə başlayandan,  Qarabağda atəşkəsə nail olandan, ölkədaxili sabitliyi bərpa edəndən, beynəlxalq aləmdə respublikamızın geosiyasi təsirini yüksəkliyə qaldırandan sonra Heydər Əliyevin başladığı, fəqət genişləndirərək başa çatdıra bilmədiyi tarixi islahatları, olduqca mürəkkəb prosesləri İlham Əliyev uğurla davam etdirdi.

      Prezident İlham Əliyev əsl tarixi şəxsiyyət kimi məntiqli-mərhələli addımlar atırdı: həm ölkə daxilində, həm də beynəlxalq geosiyasi məkanlarda irəlilədikcə, özü ilə birlikdə yüzlərlə, minlərlə peşəkar siyasətçi, diplomat, hərbiçi, idman, elm, mədəniyyət adamı, incəsənət istedadı, ictimai aktivist, vətəndaş cəmiyyəti fəalı, hüquqşünas, iqtisadiyyatçı, beynəlxalq qurumlarda rəsmi vəzifələrə təyinat alan, gənclər təşkilatları lideri, müxtəlif profilli məmur yetişdirməyə başladı ki, bunu da tarixçilər, kulturoloqlar, filosoflar və tarixçilər “xalqın yenidən formalaşdırılması” adlandırırlar.

     İlham Əliyev həyatda, siyasətdə ustadı sayılan atası kimi, respublikanı addım-addım gəzdi, Qarabağa, Naxçıvana, Gəncəyə, Bərdəyə, cənub və şimal bölgələrinə dəfələrlə səfər etdi; Türkiyə başda olmaqla, Türk dünyası, Şərq ölkələri, MDB dövlətləri, Avropa, Amerika, Afrika və Asiyaya rəsmi, bəzən də işgüzar səfərlərə getdi; BMT, YUNESKO,  NATO, İSESKO, İƏT, ATƏT, QH, GUAM kimi beynəlxalq təşkilatlarla uzunmüddətli, qarşılıqlı əməkdaşlıq müxanizmlərini qurdu; işgüzar görüşlər, bağlanan müqavilələr, imzalanan coxsaylı sənədlər, şəxsi əlaqələr, fərqli formatlar, qlobal tribunalar, xarici KİV-də çıxışlar, rəngarəng münasibətlər, bir sözlə, tarix yaratmaq üçün nəhəng liderə lazım olan bütün atributlar, texnologiyalar, mexanizmləri işə saldı: bunlar bizim gözümüzün qabağında baş verirdi deyə, bəlkə də çoxlarımızın fərqində deyildi, fəqət, bu prosesləri yaxından izləyən mütəxəssisləri belə heyrətləndirən fəaliyyəti ilə tamam yeni bir siyasət peşəkarının dövlətinə, xalqına həsr etdiyi ömür enerjisi idi bu.

     Əslində, 2000-ci ildəki 44 günlük müharibə zamanı Ali Baş Komandan, Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti sanki idmanda marafon yarışına çıxan atletin finişə az qalmış sürətini artırdığı kimi, Böyük Qələbəyə qədər xalqı 20 il ardıyca aparan sərkərdənin illər boyu hansı ağır prosesləri zərgər dəqiqliyi ilə idarə etdiyinin əyani sübutu idi.  

     Azərbaycanla yanaşı, iqtisadi, logistik, geosiyasi baxımdan yüz minlərlə qandaşımızın yaşadığı qonşu Gürcüstanı da az qala təzədən qurmaq, yaratmaq, yeniləmək lazım gəldi: neft və qaz kəmərləri, dəmir yolu, avtomobil trassı, Türkiyəyə və Avropaya açılan qapılar, bir sözlə, ölkəmizin ətrafında – xaricdə qlobal layihələr həyata keçirmək bizə vacib idi. Bir anlıq düşünək ki, Gürcüstana və Türkiyəyə milyardlarla sərmayə qoymasaydıq, neft və qazımızı dünya bazarına çıxarmağa alternativ və daha etibarlı imkanlar, yollar yaratmasaydıq, Rusiyadan keçən və istənilən vaxt bağlana bilən köhnə neft kəmərinə möhtac qalsaydıq, indiki qlobal iqtisadi böhran çağında nələr baş verərdi?!

     Prezident uğurla irəlilədikcə, bizi də - islahatlara meyilli cəmiyyətimiz, xüsusən də İlham Əliyevin dünya səviyyəsində formalaşdırmaq istədiyi kreativ düşüncəli, yeni baxışlı gənclər də onun arxasınca gedir, bir sözlə, tarix, beynəlxalq aləm tamam fərqli, yenilənmiş bir xalqın səfərbər olduğunun şahidinə çevrilirdi.

     Çağdaş dünyanın intellektual-kulturoloji beyin mərkəzinə, unikal memarlıq incisinə çevrilən paytaxt Bakı, günü-gündən siması dəyişən bölgələr, xaricdə formalaşdırılan milli diaspor və mədəniyyət mərkəzləri, Türkiyə-Azərbaycan qardaşlığının əbədi bağlara çevrilməsi, dövlətimizin, ölkə başçısının, məmurların beynəlxalq təşkilatlara rəhbər vəzifələrə seçilmələri, dünya miqyaslı idman yarışları, mədəniyyət, din, humanitar forumlarının təşkili, Avropa və İslam Olimpiya Oyunlarının reallaşdırılması, Avroviziya yarışlarında möhtəşəm qələbələr, idman yarışlarında qazanılan minlərlə medal, iqtisadiyyatımızın, kənd təsərrüfatımızın şaxələnməsi, sürətlə genişlənməsi, ümumiləşdirsək, əsrlər boyu xalqımızın arzuladığı dövlət müstəqilliyimizin bəhrələrindən məhz Prezident İlham Əliyevin səyi nəticəsində millətimiz, insanlarımız yararlanmağa başladı, özü də davamlı surətdə.

     Prezidentdən ilham alan yeni nəsil nümayəndələri də tamam dəyişir, püxtələşir, liderimizin arzuladığı formada Vətənimiz üçün məsuliyyətli, məhsuldar, yaradıcı, sənətində peşəkarlaşan şəxslər kim yetişirdi: ideoloji-mənəvi, dövlətçilik-ruhi liderimiz bizi doğru istiqamətə, böyük tarixi qələbəyə doğru apardığına sonsuz inamımız bizi xaotik toplumdan inkişaf etmiş sivil, demokratik, multikultural cəmiyyətə çevirirdi.

     Tariximizin İlhamı Azərbaycanda İlhamın tarixini yazır, dünyada yeni bir formatda modern dövlət modelini yaradırdı. Ölkəmizin ətrafında rəngli üsyanlar, cürbəcür siyasi-dini-demokratik eksperimentlər aparan dünya gücləri Rusiyanı, Gürcüstanı, Ukraynanı, Moldovanı parçalamağa hesablanmış siyasi-inqilabi çaxnaşmalar aparan zaman geosiyasət üzrə ustad nüfuzunu qazanan İlham Əliyev dövlətçilik islahatları ilə durmadan mükəmməlləşdirilən modern formasiya təklif edirdi: ASAN Xidmət, DOST Mərkəzləri, hərbi quruculuq prosesləri, bölgələrin, kənd təsərrüfatının inkişafı layihələri, gənclər siyasəti kimi çoxsaylı dövlət proqramları, Qarabağın düşməndən azad edilməsi kimi məsələlər, əslində, Prezidentin, sözdə deyil, əməli fəaliyyəti ilə xalqa xidmət etdiyinin göstəricisidir. 

     İnamsız, xaotik toplumdan qüdrətli, zamanın tələblərinə cavab verən cəmiyyət formalaşdırmaq hər tarixi şəxsiyyətin qismətinə düşən bəxtəvərlik deyil. Bunu vaxtilə Şah babamız Xətai edib, Qızılbaşlar İmperiyasını qurmuşdu;  XX əsrin ikinci yarısından sonra – siyasi repressiya dövründə, eyni zamanda II Dünya müharibəsində yüz minlərlə qurban vermiş Azərbaycan xalqını yenidən toparlayan, ikinci dəfə siyasi hakimiyyətə qayıdarkən, yüzilliyin sonlarında yenidən dirçəldən Heydər Əliyevdən sonra bu, İlham Əliyevin siyasi-dövlətçilik qismətinə düşdü.

     İlham Əliyevə qlobal tələblərə cavab verən cəmiyyət lazım idi ki, qədim Qarabağı geri qaytarsın, beynəlxalq güclərə cavab versin, dünyanı fəht etsin. II Vətən müharibəsindəki möhtəşəm qələbəsi ilə Ali Baş Komandan bunu sübut edə bildi: həm tariximiz üçün, həm atasına verdiyi vədə görə, həm də bu il geniş ictimaiyyət tərəfindən qeyd edilən xalqa həsr olunan 60 illik layiqli yubileyinə hədiyyə olaraq...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!