Ad gününüz mübarək, sadə insan - Azər QİSMƏT

Azər QİSMƏT

 

Deyirlər, o insan öyrədicidir ki, o, nəyisə sözləri ilə təlqin etmir, bunu hərəkətləri ilə göstərir. Bir dəfə Ülyahəzrət II Yelizavetanın mərasimində İtaliyanın o vaxtkı Baş naziri Silvio Berluskoni uca səslə kimisə çağırmışdı. Ülyahəzrət arxaya dönərək ona baxmışdı. Psixoloqlar buna "bədən dili" deyirlər. Yəni anlatmağa çalışmışdı ki, belə mərasimlərdə sakitliyə riayət etmək lazımdır. Həmin baxışdan sonra daha heç kim uca səslə danışmadı. Həm də səssiz baxışlarla anlatmışdı ki, mənim davranışımdan nümunə götürün.

Ümummilli lider Heydər Əliyevdə də belə nümunələr çox idi. Akademik Dram Teatrının yaşlı aktyorları danışır ki, bir dəfə tamaşa gec başladı. Heydər Əliyev də zalda imiş. Tamaşanın gec başlamasının səbəbi Səməndər Rzayevin gəlib çıxmaması olub. Nəhayət, gəlib və tamaşa başlanıb. Bitəndən sonra Heydər Əliyev pərdə arxasına keçərək soruşub ki, tamaşa niyə gec başladı? Mərhum aktyor irəli çıxaraq bildirib ki, günah ondadır, çünki uzaqda qalır. Heydər Əliyev gülümsəyərək daha heç nə deməyib. Az müddət keçdikdən sonra ona yaxınlıqda mənzil verdirib. Ümummilli lider pərdə arxasına keçib sənət adamları ilə söhbət etməklə, digər vəzifə sahiblərinə demək istəyirdi ki, siz də onlarla belə davranın, onlar bizim dəyərlərimizdir.

Müdrik dövlət başçıları məsləhət verməklə, sözlərlə təlqin etməklə istədiklərini alındırmağa çalışmırlar. O cümlədən Prezident İlham Əliyev də fəaliyyəti ilə nümunə göstərməyə çalışır. Onun birinci sərgilədiyi nümunə planlar barədə əvvəldən məlumat verməməkdir. Klassik siyasi qanun belədir ki, görəcəyin iş barədə əvvəldən məlumat vermək olmaz.

Hakimiyyətdə olduğu 17 illik dövrdə İlham Əliyev prinsipiallıqla yanaşı, həm də klassik siyasi qanuna riayət edən dövlət başçısı kimi tanınıb. Klassik qanuna əsasən siyasətçi gələcək plan barədə anons vermir. Əlbəttə, xalq arasında reytinqin qaldırılması naminə əvvəldən anons vermək, yaxud gərginliyə su səpmək olar. Lakin anons ona görə verilmir ki, maraqlı tərəflər, gizli qüvvələr bu planın qarşısını ala bilər. Nəticədə, xalqın milli maraqlarına söykənən o plan, fəaliyyət proqramı puç olar, yalnız arzu olaraq qalar. Bu məqamdan yanaşsaq, Azərbaycan Prezidenti anons verməyə ona görə üstünlük vermir ki, mürəkkəb coğrafi məkanda yerləşən kiçik ölkənin planı baş tutmaz.

Biz İlham Əliyevin hansı məqamda hansı danışıqları apardığını yalnız müxtəlif mənbələrdən, müxtəlif şəxslərdən eşidirik. Məsələn, 2016-cı ildə Lələtəpə yüksəkliyi uğrunda gedən döyüş zamanı arxa fonda aparılan danışıqlardan yalnız neçə il sonra xəbər tutduq. Ermənistanın istefada olan generalı Xaçaturov həmin günlərdə arxa planda baş verənləri danışdı. Xaçaturov verdiyi müsahibədə deyirdi ki, Azərbaycan ordusunun Lələtəpə yüksəkliyindən geri çəkilməsi barədə dövlət başçısı İlham Əliyevlə telefon danışığı olub. Lakin Prezident dediyindən dönməyib. Biz bunu yalnız neçə ildən sonra bildik.

Ramil Səfərov qalmaqalını yada salaq. Macarıstan məhkəməsi ona ömürlük iş kəsmişdi. Amma neçə ildən sonra R.Səfərov Azərbaycana gətirildi, elə hava limanında qolundan qandal açıldı və ona mayor rütbəsi verildi. Deməli, bu, bir günün zəhməti deyildi. Deməli, arxa planda onun azad edilməsi üçün işlər gedirmiş. Erməni cəmiyyəti hələ də bunun necə baş verdiyini aydınlaşdıra bilmir. Və məlum oldu ki, Prezident uzun illər ərzində Qarabağın işğaldan azad edilməsi, o cümlədən qarşıdakı uğurlara maneçilik törədilməməsi naminə görülən işlər barədə əvvəldən məlumat verməyib. Nəticədə xalqa Zəfər sürprizi bəxş etdi.

ABŞ-ın mərhum prezidenti Kennedi deyib ki, "siyasətdə əbədi dostluq olmur, əbədi maraqlar olur". Böyük Britaniyanın Baş naziri olmuş Uinston Çörçill isə deyirdi ki, "siyasət natəmizliyi sevir". Ancaq Azərbaycan Prezidenti həmişə göstərib ki, təmiz olmaqla da siyasi fəaliyyət göstərmək mümkündür. Yetər ki, hansısa ölkə rəhbərinin Azərbaycana sevgisi olsun, hansısa beynəlxalq qurum ikili standartlardan çıxış etməsin, ədaləti əsas meyarı bilsin. İlham Əliyev heç vaxt dostluqdan maraq baxımından istifadə etməyib. Onun əsas xüsusiyyəti dost olmağı bacarmasıdır. Heç vaxt xəyanət etməyib, dost ölkələrin ağır günlərində köməkliyini əsirgəməyib. Əgər Belarus prezidenti Aleksandr Lukaşenko müsahibəsi zamanı məlumat verməsəydi, heç vaxt bilməyəcəkdik ki, Azərbaycanın dövlət başçısı çətin vaxtda həmin ölkəyə neçə milyon pul verib. Təbii ki, belə cəsarəti Lukaşenko yüksək qiymətləndirdi. Yaxud Azərbaycan Prezidentinin cəsarət nümayişi Gürcüstana mavi qaz verilişi ilə də bağlı olmuşdu. Təsəvvür edin, Gürcüstan-Rusiya arasındakı soyuq siyasət dövründə İlham Əliyev hansısa iri ölkənin təhdidini nəzərə almayaraq dost ölkənin çağırışına mərdliklə cavab verərək etimadını daha da gücləndirmişdi. Deməli, siyasət heç də natəmizlikdən ibarət deyil. Mərdliklə də həyata keçirilə bilər. 

İlham Əliyevdən nümunə götürüləsi hal həm də onun verdiyi sözə əməl etməsidir. Onun sözü, onun imzasıdır. Neçə il bundan əvvəl Prezident İlham Əliyev Quba rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə onların arzusunu öyrənmişdi. Sakinlər Xınalığa yol çəkilməsini istəmişdilər. Dövlət başçısı onların arzusunun yerinə yetiriləcəyinə söz vermişdi. Elə həmin gündən etibarən tapşırıq verilmişdi ki, Xınalığa yol çəkilməlidir. Biz televiziya əməkdaşları həmin günlərdə yol çəkilişini lentə alırdıq. Dağlar partladılır, ekskavatorlar qayalıqları yarır, dərin dərələrin yuxarısında gecə-gündüz iş gedirdi. Nəhayət, 2006-cı il oktyabrın 7-də yol istismara verildi. Prezident və birinci xanım Mehriban Əliyeva açılışda iştirak etdilər. Prezident demişdi: "Sevinirəm ki, mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi". Söz verdi və heç bir çətinliyi gözə almadan bunu etdi.

Azərbaycan Prezidentinin prinsipiallığı təkcə bununla bitmir. Xatırlayırsınızsa, Ermənistan tərəfi Mübariz İbrahimovun nəşini vermək istəmir, müxtəlif bəhanələrlə bundan imtina edirdi. Həmin günlərdə İlham Əliyev hər dəfə bu məsələni qaldırır, onun nəşinin alınması üçün bütün tədbirləri görürdü. Nəhayət, Mübariz İbrahimov və Fərid Əhmədovun nəşi qarşı tərəfdən alındı. Əgər Ermənistan rəhbərliyi müdrik olsaydı, anlayardılar ki, bir əsgərinin nəşinin alınması prinsipiallığını nümayiş etdirən ölkə başçısı Qarabağ məsələsinin həlli üçün əlindən gələni edəcək. Lakin onlar bu məsələyə barmaqarası baxdılar, Azərbaycan Prezidentinin prinsipiallığını vaxtında nəzərə ala bilmədilər. Bəlkə də bu da xeyirliyə oldu ki, haqq işimizi başa çatdıra bilək.

İndi heç kim bilmir ki, Azərbaycan Prezidentinin Xankəndi, Xocavənd, Xocalı və Ağdərə ilə bağlı hansı planları var. O, heç vaxt bunu əvvəldən anons etməyəcək. Çünki plana müdaxilə edirlər. Amma nə olur-olsun, bu, Azərbaycan xalqının xeyrinə olacaq.

İlham Əliyev mənəviyyatın saflığı, adət-ənənələrin qorunması baxımından da şəxsi nümunə ilə məqamları çatdırır. Tədbir zamanı yaşlı insana su verir, təmtəraqlı ad günü əvəzinə doğulduğu günü qaçqın və məcburi köçkünlərlə keçirib. Yaxud onun ad günlərində sosial şəbəkələrdə ailə üzvlərinin iştirakı ilə sadə məclis təşkil edildiyini görmüşük. Niyə belə edir? Sadəliyi təbliğ edir ki, ağac bar verdikcə, başını aşağı salar. Deməli, xalqın qan yaddaşı ilə böyüyüb. Ad gününüz mübarək, sadə insan.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!