Tarixi dəyişən adam - Əsəd CAHANGİR

Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 60 illik yubileyinə

Əsəd CAHANGİR

 

Tarixi dəyişən Adam!

Bu gün - dekabrın 24-ü Sizin dünyaya göz açdığınız, tarixə gəldiyiniz gündür! Dünyaya gəldiyiniz o qış günündən daha altmış qış, altmış bahar keçib! Bu altmış ildə bir əsri digəri əvəz edib, bir min il başqasına keçib. Siz əsrlərin kəsişdiyi narahat çağın adamı, minillərin dəyişdiyi təbəddülatlar dönəminin lideri, kəmiyyət dəyişmələrinin keyfiyyət çevrilməsinə məruz qaldığı sıçrayışlar erasının Prezidentisiniz! Yəqin, bu üzdən Sizin öz xalqınız qarşısında ali missiyanız dəyişən zamanlar arasında körpü olmaq, kəsişən tarixlər arasında körpü salmaq oldu:

azad ölkəmiz o körpüdən gələcəyə keçsin deyə;

müstəqil dövlətimiz tarixin o üzündəki yeni dünyanın bərabərhüquqlu üzvü olsun deyə;

qəhrəman millətimiz dünya tarixi kitabına öz imzasını qoysun deyə!

Siz dünyaya bir millətin hadisi olmaq, bir dövlətin başında durmaq üçün gəldiniz! Gələn gündən də öz arzunuza, oğul-qızınıza, xalqınıza, bəxtiniz-yazınıza doğru yol aldınız! Heç özünüz də fərqinə varmadan zamanın çiyninizə qoyduğu çətin, şərəfli missiyanı uğurla yerinə yetirmək üçün hazırlandınız! Bunun üçün Heydər Əliyev kimi alicənab bir atanın soyundan soy, Zərifə xanım kimi nəcib bir ananın boyundan boy aldınız!

Sizi qarşıda hər insanın çəkə bilməyəcəyi böyük sınaqlar, hər liderin keçə bilməyəcəyi ağlasığmaz imtahanlar gözləyirdi! Bu sınaqlardan daha böyük zəfərlə, bu imtahanlardan daha böyük hünərlə çıxmaq üçün Tanrı bir dəstəyini də Sizdən əsirgəmədi - Sizə həyatınızın qadını  Mehriban xanımı qismət elədi! Sizin nikahınız göydə kəsildi! Və arzularınız güllər açdı - Leylanız, Arzunuz, Heydəriniz dünyaya gəldi!

Tanrı şans vermək istədiklərini öncə ən çətin sınaqlardan keçirir və kim bu sınaqlardan nə qədər keçirsə, bir o qədər də dəylərləndirir. Füzuli babanın dili ilə desək, "kim nə miqdardırsa, əhlini ol miqdar eləyir". Siz də Moskvada ən çətin məhrumiyyətlərə birlikdə uğradınız ki, sonra xalqın maddi rifahı, xoşbəxt gələcəyi üçün birlikdə çalışasınız! Bakıda çoxsaylı çətinlikləri aşdınız ki, sonra xalqa asan xidmət edə biləsinız! Nə çətinliklərdən çəkindiniz, nə sınaqlardan qorxdunuz! Ən dərinlərə endiniz, ən ucalara qalxdınız!

Amma hələ zaman o zaman idi!

SSRİ zəlzələdən dağılan nəhəng göydələn əzəmətiylə çökmüş, tarix təngnəfəs olmuş, zamanın bağları qırılmışdı - dünya qopurdu! Bütöv ölkələr, xalqlar Hamlet sualı qarşısında qalmışdı - ölək, yoxsa qalaq! Zaman dünyanın az qala yarısını divanə bir dilemma qarşısında qoymuşdu - it hürənə gedək, yoxsa işıq gələnə?! 1990-cı il Qanlı Yanvar günü təkcə xalqımızın milli azadlıq ideyası ilə meydanlara çıxan ən igid oğul-qızları yox, kommunist ideallarına olan inam da sovet imperiyasının tankları altında qalıb xıncm-xıncım olmuşdu! Şuşa, Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan... O vaxtkı hakimiyyətin başında duran, nəzəriyyə ilə praktikanın fərqini ayırd edə bilməyən, populist "vətənpərvərlik" patetikası ilə dolu çıxışlarıyla xalqın beynini dumanlandırmağa çalışanların səriştəsizliyi üzündən bölgələrimiz ermənilər tərəfindən bir-birinin ardınca tutulmuş, ölkə qaçqın-köçkünlərin ah-naləsi, şəhid analarının fəryadı ilə dolub-daşan nəhəng, qaynar bir qazana dönmüşdü! Bıçaq sümüyə dayanmış, sabahkı günə güvən qalmamışdı! İndi xalqı bu zülümdən qətiyyətli bir liderin iradəsi, ölkəni bu durumdan Tanrının hökmü xilas edə bilərdi!

O lider Tanrının seçdiyi, xalqın səs verdiyi cənab Heydər Əliyev oldu! Zülmət səltənətində işıq şüası, xalqın son ümid yeri olan ulu öndər! O, Moskvaya nələr qoyub getmiş, indi qayıdıb nələr görürdü - tüstüsü kəsilən ocaqlar, siyasi hərc-mərclik, iqtisadi tənəzzül, vətəndaş müharibəsi təhlükəsi, bir-birini dabanqırma izləyən hakimiyyət çevrilişləri, dərəbəylik və bütün bunlar azmış kimi, əldən gedən Qarabağ!.. Azadlığın anarxiya, anarxiyanın azadlıq kimi  dərkindən doğan misli görünməmiş xaos!.. H.Əliyev başıpozuq dəstələr yerinə nizami ordu yaratdı, atəşkəsə nail oldu, vətəndaş müharibəsi ocaqlarını bir-birinin ardınca söndürdü, beynəlxalq aləmlə diplomatik münasibətləri tənzimlədi, torpağı kəndliyə verdi, məcrasından çıxmış mədəni həyatı öz ritminə qaytardı, əsrin neft müqaviləsini imzaladı. Azərbaycançılıq ideologiyasını əsas tutaraq, yeni Azərbaycan dövləti, modern cəmiyyət quruculuğunun əsasını qoydu!

Tarixi dəyişən Adam!

Bütün bu ümummilli taleüyüklü sorunların çözümündə Siz həm cismən, həm də mənən varisi olduğunuz ümummilli liderin, ulu öndərin yanında oldunuz! Məhz 90-cı illərdə topladığınız zəngin təcrübə sonrakı illərdə Prezident kimi uğurlu fəaliyyətinizin nəzəri əsasında durdu və Heydər Əliyev cənablarının öz siyasi varisinə dərin inam ifadə edən bu sözləri heç də təsadüfən demədiyinin təsdiqinə çevrildi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bu, Sizə təkcə atanızın yox, bütün atalar və anaların inamı, təkcə bir şəxsin yox, bütün xalqın etimadının ifadəsiydi. Siz 2003-cü ildə Prezident seçkilərindəki qələbənizdən sonra andiçmə mərasimində əlinizi Müqəddəs Kitaba basaraq, üçrəngli bayrağımız önündə demişdiniz: "Mən hər bir azərbaycanlının Prezidenti olacağam!". Və oldunuz da. Millətindən, irqindən, dinindən, sosial mənsubiyyətindən, siyasi mövqeyindən asılı olmayaraq hər kəsin! Bunun sayəsində Azərbaycan dünyanın ən tolerant ölkələrindən birinə, multikulturalizmin, dostluğun, xoşgörünün, barışın mehrabına çevrildi. Siz neftin insan kapitalına çevrilməsi işinin əsasını qoydunuz, hər yerdə insan amilini ön plana çəkdiniz. Sizin rəhbərliyiniz altında Azərbaycan iqtisadi, sosial, siyasi, hərbi, mədəni sahələrdəki inkişaf baxımından regionun lider dövlətinə, Bakı öz gözəlliyi ilə bütün dünyanı heyran qoyan meqapolisə çevrildi. Sizin çevik diplomatik zəkanız hesabına ölkə ən müxtəlif beynəlxalq təşkilatlara üzv oldu, Bakı ən önəmli beynəlxalq tədbirlərin keçirildiyi məkana, planetin elm, mədəniyyət mərkəzlərindən birinə çevrildi. Siz Heydər Əliyevin dövlətçilik kursunu təkrar yox, davam və inkişaf etdirdiniz. Alman dahisi O.Şpenqlerin terminləri ilə desək, ulu öndər dövrünün Azərbaycanı milli tariximizə mədəniyyət, Sizin başçılıq etdiyiniz Azərbaycan isə sivilizasiya dönəmi kimi daxil oldu!

Mədəniyyət və sivilizasiya!

Bunlar dünya səmalarında qətiyyətlə pərvaz eləyən Azərbaycan adlı bir qartalın biri digərini inkar yox, təsdiq edən, tamamlayan qoşa qanadları oldu!

Amma ən ali görəviniz - Qarabağı düşmən tapdağından azad etmək, zamanın kor gedişini dayandırmaq, haqqı-ədaləti bərpa etmək hələ qarşıdaydı! Bunu neçə illərdir düşmən tapdağında qalan vətən torpağı gözləyirdi! Bunu öz səsini böyük çoxluqla Sizə verən xalq istəyirdi! Bunu ulu öndər vəsiyyət edirdi! Bunu Qarabağ müharibəsi şəhidlərinin müqəddəs ruhu arzulayırdı! Nəhayət, Sizi bu ali görəvin icrası üçün seçən Tanrının özü tələb edirdi!

Birinci Qarabağ müharibəsi olaylarından 30 ilə yaxın bir vaxt keçirdi! Ötən hər il Qarabağa qayıtmaq ümidini bir az da azaldır, bu qayıdış çoxlarımıza ta qiyamətə qədər çözülməyəcək bir sindrom, bir mif, əfsanə kimi görünürdü. Qarabağı düşməndən azad etmək mifi reallığa, əfsanəni gerçəyə çevirmək, mümkünsüzü mümkün eləmək demək idi! Qarabağı düşmən torpağından azad etmək tarixi dəyişmək demək idi!

Tarixi dəyişən Adam!

Siz tələsmədiniz! Nə erməni lobbisinin dünyada yaratdığı və keçilməz görünən informasiya blokadası, nə problemə ikili standartlarla yanaşan, onun çözümünü tədbirdən-tədbirə, ildən-ilə ötürərək həllolunmaz sindroma çevirən beynəlxalq güclərin, nə də ölkə daxilindəki müxalif qüvvələrin təzyiqi dəmir iradənizi sındıra, Sizi öz yolunuzdan, öz amacınızdan döndərə bilmədi.

Sizin Zəfər yolunuz qılıncdan öncə qələmdən, döyüş meydanlarından qabaq diplomatik cəbhədə başladı! Siz beynəlxalq informasiya blokadasını aradan qaldırmaqla düşmənin cəbhə xəttini Qarabağdan öncə Ankara, Moskva, London, Paris, Romada... yardınız! Beynəlxalq qüvvələr nisbətini öz xeyrimizə dəyişməklə problemin çözümündə əsaslı dönüş yaratdınız! Siz balanslaşdırılmış siyasət hesabına indiyədək mümkünsüz görünən bir işin öhdəsindən gəldiniz - tarixən bir-birinə zidd beynəlxalq siyasi güclərin hər ikisinin dəstəyinə nail oldunuz!

Xalq Sizə həmrəylik göstərdi, qardaş və dost ölkələr arxa durdu, Tanrı yardımçı oldu! Dəmir yumruğumuz düşmənin başında şimşək kim çaxdı! Amma Siz təkcə 44 günlük müharibədə yox, 17 illik Prezidentlik dönəmindəki, 60 illik ömür yolundakı Zəfərə imza atdınız! Müzəffər Ali Baş Komandan oldunuz!

Bu gün hamı təsdiq edir ki, Qarabağ zəfəri sadəcə erməni vandalizmi, daşnak qaragüruhu üzərində deyil, ermənipərəst beynəlxalq güclər üzərində qələbədir! Bu, haqqın nahaq üzərindəki qələbəsi, ədalətin yer üzündəki təntənəsidir! Qarabağ zəfəri regional deyil, bütün dünya siyasi düzəninə təsir edən qlobal, planetar zəfərdir! Bu, tarixi dəyişən qələbə, ən müasir müharibə strategiya və taktikasının parlaq nümayişidir! Bu gün dünya Sizin hərb sənətindəki təcrübənizdən öyrənir!

Şuşa məscidləri bu zəfər üçün qoşa qollarını göylərə açıb, Allaha şükr, Sizə dualar eləyir. Mən də şükr eləyir, mən də dua edirəm:

 

Allah,

sənə şükr olsun!

Şəhidlərimin adı

adın kimi zikr olsun!

Şəhid bacıları bacım,

anaları anam olsun!

İlbilgə xatun Mehriban,

Bilgə xaqanımız İlham olsun!

Qazilərimizə ehtiram,

Dost ellərə salam olsun!

 

Şuşaya Sizin çəkdiyiniz bir yol gedir - Zəfər yolu!

O yol 2020-ci ilin 8 noyabrından - Şuşanın Azərbaycan əsgərinin ağlasığmaz rəşadəti hesabına azad edilməsindən, Qarabağ savaşının son günündən başlayır! O yol 2020-ci ilin 27 sentyabrından - Qarabağ savaşının ilk günündən başlayır! O yol 2003-cü ilin oktyabrından - Sizin Prezident seçkilərinizdəki ilk qələbənizdən başlayır! 1993-cü ildən - ulu öndərin hakimiyyətə qayıdışından başlayır. 60 il öncədən - Sizin doğum gününüzdən başlayır.

Yol başlayır, amma bitmir, tükənmir!

Tarixi dəyişən Adam!

Bu bitib-tükənmək bilməyən Zəfər yolunda bütün xalqımız adından Sizə yeni zəfərlər arzulayırıq!

60 illik qutsal savaşınız mübarək!

60 illik Zəfəriniz mübarək!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!