Kamran Əliyevin xatirəsinə
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyevin vəfatından bir il ötdü. Bu bir ildə dostlar-həmkarlar arasında tez-tez xatırlanan, müxtəlif elmi müzakirələrdə həmişə yeri görünən Kamran Əliyev barədə söz deməyə, yaradıcılığını gözdən keçirib onun gördüyü mühüm işləri yada salmağa dönə-dönə daxili ehtiyac yarandı. Bu yazı həmin ehtiyacı, az da olsa, ödəməyin bir ifadəsidir.
Ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid və folklorşünaslıq istiqamətlərində ardıcıl fəaliyyət göstərən və dəyərli əsərlər ortaya qoyan Kamran Əliyevin elmi yaradıcılığında romantizmlə bağlı tədqiqatlar xüsusi yer tutur və bu tədqiqatlar onun sonrakı araşdırmaları üçün mühüm təməl rolunu oynayır. Təsadüfi deyil ki, Kamran Əliyevin həm namizədlik, həm də doktorluq dissertasiyaları məhz XX əsrin əvvəlləri Azərbaycan romantiklərinin yaradıcılığına həsr olunub.
"XX əsrin əvvəlləri Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri" adlanan namizədlik dissertasiyasında Kamran Əliyevin ən başlıca xidmətlərindən biri Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət və Abdulla Şaiq kimi sənətkarların arxivlərdə yatıb qalan müxtəlif yazılarını üzə çıxarmaq, ədəbiyyat tarixçiliyinin verdiyi imkanlar daxilində XX əsr Azərbaycan romantizmi ilə bağlı nəzəri ümumiləşdirmələr aparmaqdan ibarətdir.
Həyat həqiqətinə sadiqliyi XX əsr Azərbaycan romantizminin estetikası üçün aparıcı prinsip sayan Kamran Əliyev paralellər aparmaqla romantizmin bir ədəbi cərəyan olaraq realizmdən fərqlənən cəhətlərini üzə çıxarmağa əsaslı zəmin yaradır. Bu iki ədəbi cərəyan arasında ən başlıca fərqi Kamran Əliyev ideallaşdırmanın nə dərəcədə ön plana çıxarılıb-çıxarılmamasında görür. Realistlər realı ön plana çıxardıqları halda, romantiklər idealı ön plana çıxarırlar. Həqiqəti olduğu kimi əks etdirmək və həqiqəti ideallaşdırmaq prinsipləri arasında müqayisə aparmaq Kamran Əliyevə realist sənətlə romantik sənət arasındakı üslub fərqini görməyə yaxından kömək edir. XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşlərini vahid bir monoqrafiyanın predmetinə çevirmək və bu görüşləri sistemli şəkildə araşdırmaq isə Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Abdullabəy Divanbəyoğlu kimi sənətkarların yaradıcılığını poetika baxımından tədqiqata cəlb etmək üçün əsaslı zəmin yaradır. Kamran Əliyevin doktorluq dissertasiyası məhz həmin zəmin üzərində ortaya çıxır və dissertasiya Məmmədcəfər Cəfərov, Arif Hacıyev kimi ədəbiyyatşünaslar - romantizm sahəsində sanballı əsərləri olan alimlər tərəfindən yüksək qiymətləndirilir.
"XX əsr Azərbaycan romantizminin obrazlar sistemi" adlanan, sonralar seçilmiş əsərlərinin 10 cildliyinə "Romantizmin poetikası" adı ilə daxil edilən doktorluq dissertasiyasında Kamran Əliyev Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq və Abdullabəy Divanbəyoğlu kimi sənətkarların yaradıcılığını dünya romantizminin estetikası zəminində araşdırır. Bununla yanaşı, onu da qeyd etmək vacibdir ki, romantizmə dair araşdırmalarda Kamran Əliyevin ən başlıca istinad nöqtəsi bədii mətnin özü olur. Yəni Kamran Əliyev nəzəri fikirlərdən bədii mətnə yox, bədii mətndən nəzəri fikrə doğru irəliləməyi daha məqbul yol hesab edir və romantik sənətlə bağlı tədqiqatını daha çox bu istiqamətdə qurur. Romantik nəsr, şeir və dramaturgiya nümunələrinin mətnində Kamran Əliyev obrazlar sistemini üzə çıxarmağa çalışır. Qeyd olunan sistemin üzə çıxarılmasında romantik qəhrəmanın hərəkəti, zaman və məkan kimi problemlərin, həmçinin təbiət obrazları və mifoloji obrazların, Şərq və Qərb, Yaxın və Uzaq, Həyat və Ölüm kimi poetik qarşıdurmaların ətraflı araşdırmaya cəlb edilməsi mühüm əhəmiyyət daşıyır. Məlum olur ki, romantik sənətdə təsadüfi heç nə yoxdur. Ən kiçik detaldan ən geniş təsvirəcən hər şey poetik sistemə - mərkəzində romantik qəhrəman dayanan poetik sistemə xidmət edir. Otaq, zindan, çəmənlik, bağ-bağça, yol və s. kimi məkan təsvirləri; ay, ulduz, bulud və s. kimi təbiət obrazları; İblis, Mələk və s. kimi mifoloji obrazlar romantik qəhrəmanın hiss-həyəcan və düşüncələrini, onun ziddiyyətli və mürəkkəb daxili aləmini ifadə etməyin vasitəsinə çevrilir. Deməli, romantik nəsr, şeir və dramaturgiya nümunələrini poetik sistem baxımından incələməklə Kamran Əliyev romantik qəhrəmanların (dolayısı ilə romantik sənətkarların) yaşantılarının, onların dilə gətirdikləri mətləblərin incələnməsinə nail olur.
Romantiklərin Qərbə hüsn-rəğbəti, söz yox ki, Şərqi inkar etmək motivləri üstündə köklənir. Kamran Əliyevin sözləri ilə desək, "XX əsr Azərbaycan romantikləri "Ta uzaqda bir təsəlli var" (H.Cavid) mənasında Uzağa can atmaqla Yaxına öz etirazlarını bildirirlər". Bu məsələdə (Şərqi, müsəlman aləmini tənqid etməkdə) romantiklər heç də realistlərdən geri qalmırlar. Sabir "Harda müsəlman görürəm qorxuram" deyirsə, Hadi "Ar eyləyirəm söyləməyə kəndimə insan, İnsan sifətində görünür çünki müsəlman" deyir. Sabir "Quş kimi göydə uçar yerdəkilər, Bizi kömdü yerə minbərdəkilər" deyirsə, Hadi "Mülki-islama bax, qaranlıqdır, qərbə bax gör ki, hökmranlıqdır" deyir, "Mən ölmədən əvvəl vətənim oldu məzarım" qənaətinə gəlir.
Kamran Əliyev romantiklərin Yaxını tənqid edib, Uzağı ideallaşdırması xəttini izləməklə kifayətlənmir. Kamran Əliyev Uzağa bəslənən ümidlərin boşa çıxması və Qərbin tənqid hədəfinə çevrilməsi məqamlarını da ciddi araşdırmaya cəlb edir.
Birinci Dünya müharibəsi Şeyx Sənanın üz döndərdiyi şeyxlər mühitinin yox, Qərbin törətdiyi bir müharibə idi. Qərbin dünyanı odlara yaxdığını, qan içində boğduğunu, bəşər övladının Qərb siyasəti adlı mistik bir şərin əlində əsir-yesir olduğunu görən Hüseyn Cavid dünya ədəbiyyatının ən qəmli pyeslərindən olan "İblis"i yazdı. Və "İblis" də "Şeyx Sənan" kimi qızğın mübahisələrə səbəb oldu, əsərin baş qəhrəmanını (İblisi) başa düşmək xeyli çətinlik törətdi. Bunu nəzərə alan Kamran Əliyev "Şeyx Sənan" kimi "İblis"ə də xüsusi diqqət yetirməli olur və başqa ədəbiyyatşünaslarımızdan fərqli olaraq, romantiklərin ədəbi-nəzəri görüşlərini romantizmə aid əsərlərin doğru-düzgün təhlilində mühüm mənbələrdən biri kimi götürür. "İblis" əsərinin təhlilində Abdulla Şaiqin mülahizələrinə əsaslanan Kamran Əliyev həmin əsərdəki İblis obrazını "insanları vəhşətlərə sürükləyən və... maddi ehtirasata qida verən Qərb siyasətinin simvolu" kimi qiymətləndirir. Hüseyn Cavidin "İblis", həmçinin "Uçurum" pyesləri əsasında Kamran Əliyev romantiklərin Qərbə qarşı hiddətinin kor-koranə bir münasibət yox, dərin götür-qoydan keçən əsaslı bir münasibət olduğunu diqqətə çatdırır.
Kamran Əliyevin romantizmlə bağlı tədqiqatları heç də namizədlik və doktorluq dissertasiyaları ilə məhdudlaşmır. O, filologiya elmləri doktoru alimlik dərəcəsi aldığı 1990-cı ildən sonrakı dövrdə ayrı-ayrı romantiklərin yaradıcılığından bəhs edən müxtəlif məqalələr yazır, XX əsr Azərbaycan romantiklərindən biri olan Hüseyn Cavidə ayrıca monoqrafiya həsr edir. "Hüseyn Cavid" monoqrafiyasında üç əsas istiqamət özünü göstərir: 1.sənətkarın ədəbi-nəzəri görüşləri; 2.sənətkarın bədii əsərlərindəki poetik sistem; 3.sənətkarın şəxsiyyəti. Kamran Əliyev bioqrafik faktlarla bədii yaradıcılıq faktlarını üzvi şəkildə əlaqələndirərək monoqrafiyada Hüseyn Cavidin özünəməxsus ədəbi portretini yarada bilir. Kamran Əliyev məkan və zaman genişliyini Cavid dramaturgiyasının səciyyəvi xüsusiyyətləri sırasında xatırladarkən şəxsiyyət faktorundan çıxış edir. Məsələ burasındadır ki, Cavid dramaturgiyasında məkanın Qafqaz, Türküstan, Yaxın və Orta Şərq, Avropa kimi ucsuz-bucaqsız əraziləri əhatə etməsi, zamanın isə Səlcuqlar dövründən XX əsrin əvvəllərinə qədərki bir miqyası ehtiva etməsi müəllifin qələmə aldığı qəhrəmanların yerə-göyə sığmamaq təbiətindən irəli gəlir. Peyğəmbər, Əmir Teymur, Knyaz, Səyavuş, Xəyyam kimi obrazları məhz qanlı-qadalı sovet dövründə yaratdığını, bununla sovet ideologiyasından uzaq bir mövqedə dayandığını düşündükcə Cavidin nə qədər böyük bir şəxsiyyət, əyilməz bir sənətkar olmasının fərqinə varmalı olursan. Bu cəhətə xüsusi fikir verdiyinə görədir ki, Kamran Əliyev "Hüseyn Cavid" monoqrafiyasında bədii yaradıcılıq və yazıçı şəxsiyyəti probleminin uğurlu elmi həllinə nail ola bilir.
Şəxsiyyət məsələsi "Hüseyn Cavid" monoqrafiyası ilə yanaşı, Kamran Əliyevin neçə-neçə digər elmi əsərində də toxunulan başlıca məsələlər sırasındadır. Təsadüfi deyil ki, Kamran Əliyev "şəxsiyyət" sözünü bir çox məqalələrinin başlığına çıxarır: "Sənətkarın şəxsiyyəti" (Üzeyir Hacıbəyov haqqında), "Şəxsiyyət və ideal vəhdətinin yeni mahiyyəti" (çağdaş nəsrin qəhrəmanları haqqında), "Şəxsiyyət və yaradıcılıq" (XX əsr Azərbaycan yazıçıları haqqında), "Ədəbi şəxsiyyət statusu" (Abdulla Sur haqqında), "Passionar şəxsiyyət" (İsa Həbibbəyli haqqında). Kamran Əliyev bir çox hallarda "şəxsiyyət" sözünü elmi əsərin başlığına çıxarmasa da, əsərlə tanışlıq göstərir ki, müəllif orada da şəxsiyyət məsələsini diqqət mərkəzində saxlayır. Abbas Zamanov haqqında monoqrafiya belə əsərlərdəndir.
Ədəbiyyat tarixini ayrı-ayrı şəxsiyyətlər timsalında araşdıran Kamran Əliyevin ən çox müraciət etdiyi dövr XIX-XX əsrlərdir. XX əsrin əvvəlləri Azərbaycan romantizmi ilə bağlı tədqiqatlarında yeri gəldikcə romantizm və realizm əlaqələrinə toxunması Kamran Əliyevi Azərbaycan realizminin Mirzə Fətəli Axundov mərhələsi haqda söz deməyə sövq edir. Nəticədə Kamran Əliyev Mirzə Fətəli Axundovun bədii yaradıcılığına və ictimai-siyasi fəaliyyətinə bir neçə məqalə həsr edir. XIX əsrin sonu, XX əsrin əvvəllərində Mirzə Fətəli realizmini yeni inkişaf səviyyəsinə qaldıran Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirdən isə Kamran Əliyev romantiklərdən bəhs etdiyi bir şəkildə - poetik sistem kontekstində söhbət açır.
Poetik sistemlər arasındakı qarşılıqlı əlaqələrin tapılması Cümhuriyyət və Cümhuriyyətdən sonrakı dövr ədəbiyyatının öyrənilməsində də Kamran Əliyev üçün vacib estetik meyarlar sırasına daxildir. Məsələyə bu baxımdan yanaşdıqda Kamran Əliyevin Cəfər Cabbarlı və Səməd Vurğuna həsr etdiyi məqalələri xatırlatmaq lazım gəlir. Həmin məqalələrində Kamran Əliyev, hər şeydən əvvəl, romantik üslub məsələsini ön plana çıxarır və üslub amili əsasında Cəfər Cabbarlı və Səməd Vurğunu XX əsrin əvvəlləri Azərbaycan romantizminə, xüsusən də bu romantizmin görkəmli nümayəndələrindən biri olan Hüseyn Cavid sənətinə bağlayan bəzi məqamlar üzərində dayanır. Belə məqamlardan ən başlıcası qeyri-adiliyi ilə seçilən qəhrəmanlara müraciət edilməsidir. Cəfər Cabbarlının Aydın, Oqtay Eloğlu və Elxan kimi qəhrəmanlarında Kamran Əliyev Hüseyn Cavid qəhrəmanları ilə səsləşən cəhətlər görür. Əlbəttə, Kamran Əliyev "cümlə xəyanətlərə bais" olan İblislə azadlıq uğrunda dönmədən mübarizə aparan və bu yolda ölümdən belə çəkinməyən Elxanı heç də eyni ideyaların daşıyıcısı hesab etmir. İblis və Elxan obrazlarının müqayisəsində Kamran Əliyevin diqqət yetirdiyi əsas məsələ həmin obrazların daim hərəkətdə olması və atdığı addımlarda böyük qətiyyət nümayiş etdirməsidir. Bu cür qəhrəmanlara müraciət etmək sənətkarın poetik üslubu ilə qırılmaz vəhdət yaradır. Üslub qəhrəmanı, qəhrəman isə üslubu tamamlamış olur. Hüseyn Cavid dramaturgiyasında müşahidə etdiyimiz qəhrəman və romantik üslub vəhdətini sonralar Cəfər Cabbarlı və Səməd Vurğunun dramlarında müşahidə edirik. Təsadüfi deyil ki, Kamran Əliyev Səməd Vurğun haqqındakı oçerkini Cavid, Cabbarlı və Vurğun dramaturgiyası arasında müəyyən paralellər aparmaqla başlayır. H.Cavid ənənələrinin "Vaqif" dramında davam etdirilməsini Kamran Əliyev bir tərəfdən Vaqif, Vidadi, Eldar, Qacar kimi "əzəmətli" obrazların yaradılmasında, digər tərəfdən də həmin obrazlara uyğun poetik ifadə formasının seçilməsində görür.
Ədəbiyyatşünaslığımızın və ədəbi tənqidimizin keçib gəldiyi yola nəzər salmaq, bu yolda qarşıya çıxan çətinlikləri və qazanılan uğurları diqqət mərkəzinə çəkmək Kamran Əliyevin elmi yaradıcılığında əsas xətlərdən biridir. Mirzə Fətəli Axundovdan çağdaş yazıçılarımıza qədərki bir dövrdə bədii ədəbiyyatımızın hansı inkişaf mərhələlərindən keçdiyini irili-xırdalı bir çox elmi əsərlərin mövzusuna çevirən Kamran Əliyev bir neçə monoqrafiyasında və bir sıra məqalələrində ədəbiyyatşünaslıq və ədəbi tənqidimizin Firidun bəy Köçərlidən başlayıb gələn tarixini, inkişaf meyillərini və problemlərini başlıca araşdırma predmeti kimi götürür. Müxtəlif illərdə Kamran Əliyevin qələmindən çıxan "Mustafa Quliyevin ədəbi-tənqidi görüşləri", "Abbas Zamanov olmasaydı" kimi monoqrafiyalar, "Firidun bəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixində mövqeyi", "Seyid Hüseyn - görkəmli tənqidçi və yazıçı", "Əli Nazimin tənqidçilik sənəti", "Feyzulla Qasımzadənin Azərbaycan ədəbiyyatşünaslığının inkişafındakı rolu", "Akademik Məmməd Cəfər - yeni təfəkkür hadisəsi", "Mir Cəlal Paşayev - tənqidçi və nəzəriyyəçi alim", "Ədəbi-elmi düşüncənin İsa Həbibbəyli modeli" kimi məqalələr ədəbiyyatşünaslıq və ədəbi tənqidimizin real elmi mənzərəsini ayrı-ayrı ədəbiyyatşünasların yaradıcılığı timsalında əks etdirən monoqrafiya və məqalələrdir.
Bədii əsərlərin təhlilində poetika məsələlərini ön plana çıxaran Kamran Əliyev ədəbiyyatşünaslıq və ədəbi tənqiddən bəhs edəndə də bir çox hallarda bu dəst-xəttə sadiq qalır. "Ədəbi tənqiddə bədiilik", "Firidun bəy Köçərli tənqidinin sənətkarlıq məsələləri" kimi məqalələr yazması, "Tənqidin poetikası" adlı ayrıca kitab çap etdirməsi tənqid və ədəbiyyatşünaslıq nümunələrində ifadə tərzinin Kamran Əliyevi nə qədər düşündürdüyünü göstərən səciyyəvi faktlardır. Xatırlatdığımız kitabda Kamran Əliyev yerinə düşən, məzmunla qırılmaz əlaqədə olan və məzmunun açılmasında mühüm rol oynayan bədiiliyi ədəbi tənqid üçün bir məziyyət sayır. Kamran Əliyev "tənqiddə bədiilik" dedikdə heç də yalnız yeri gəldikcə tənqidçinin məcazi mənalı söz, ifadə və cümlələr işlətməsini, fikri obrazlı şəkildə bildirməsini nəzərdə tutmur. Kamran Əliyev "tənqiddə bədiilik" adı altında həm də bədii əsərlərdən gəlmə paralelizm, dialoq, haşiyə və s. kimi elementlərdən istifadə imkanlarını nəzərdə tutur.
Ədəbiyyatşünaslıq və ədəbi tənqid nümunələrində bədiiliyi tədqiq və təqdir edən Kamran Əliyev elmi əsərlərində bədiilik imkanlarından yeri gəldikcə özü də yararlanır. Məqalə və monoqrafiyalarında Kamran Əliyev fikri necə gəldi, o şəkildə ifadə etmək yolu tutmur və müəyyən qədər bədii yaradıcılıqdan gələn forma axtarışlarına xüsusi önəm verir. Yeri gəlmişkən xatırladaq ki, Kamran Əliyev elmi yaradıcılıqla paralel ara-sıra publisistika və bədii yaradıcılıqla da məşğul olub. Onun "Sədərək döyüşləri" adlı publisistik əsəri, bir sıra şeirləri, "Yarımçıq notlar" adlı lirik poeması, hekayələri, "Yalquzaq", "Qara köpək", "Zəli", "Vağzal" adlı povestləri və ömrünün son vaxtları yazıb çap etdirdiyi "Qırmızı xətt" adlı romanı vardır. Həmin əsərlər ədəbiyyatşünas Kamran Əliyevi daha yaxından tanımağa kömək edir, onda elmi təfəkkürlə bədii təxəyyülün vəhdət yaratmasından xəbər verir.
Kamran Əliyevin elmi yaradıcılığında əsas istiqamətlərdən biri də folklorşünaslıq istiqamətidir. Təsadüfi deyil ki, onun "Poetika" adlanan, daha doğrusu, adında "poetika" termini işlənən kitablarından biri məhz folklora həsr olunub: "Eposun poetikası: "Dədə Qorqud" və "Koroğlu". Bu kitaba qədər Kamran Əliyevin folklora dair tədqiqatları, əsasən, folklor və yazılı ədəbiyyat məsələlərini əhatə edib. "Romantizm və folklor" adlı ayrıca kitab çap etdirən Kamran Əliyev yazılı ədəbiyyat nümunələrinin xalq ədəbiyyatından gələn motivlərini, romantik qəhrəmanın nağıl və dastan qəhrəmanları ilə səsləşən cəhətlərini xüsusi araşdırma predmetinə çevirib. Bu araşdırması ilə Kamran Əliyev Azərbaycan romantizmşünaslığında fərqli bir istiqamətin başlanğıcını qoyub.
"Romantizm və folklor" monoqrafiyasından fərqli olaraq, "Eposun poetikası…" kitabında Kamran Əliyev yazılı ədəbiyyat və şifahi ədəbiyyat əlaqələrindən yox, bilavasitə folklordan, folklorun aktual problemlərindən bəhs edir. Öz araşdırma üsuluna (faktik materialdan nəzəri ümumiləşdirmələrə getmək üsuluna) bu monoqrafiyada da sadiq qalan Kamran Əliyev özünəməxsus "etnopoetika" terminini təklif edir, "Dədə Qorqud" boyları və "Koroğlu" qollarını "etnos və epos" müstəvisində təhlil süzgəcindən keçirib, folklorşünaslar üçün maraqlı olan, yeni araşdırmalara rəvac verən fikirlər irəli sürür.
Yekun olaraq deyə bilərik ki, istər "Açıq kitab - "Dədə Qorqud" və "Koroğlu" eposunun poetikası" monoqrafiyalarında, istərsə də şifahi xalq ədəbiyyatının aktual məsələlərinə həsr olunmuş məqalələrində Kamran Əliyev özünü bir folklorşünas kimi təsdiq edib. Klassik ədəbi irs, romantizm, realizm ədəbi cərəyanları və çağdaş ədəbi proses haqqındakı qiymətli əsərləri ilə ədəbiyyat tarixçiliyi və ədəbi tənqid sahəsində görkəmli mütəxəssis kimi tanınan Kamran Əliyev son illərdəki elmi fəaliyyəti ilə həm də bir folklorşünas nüfuzu qazanıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!