Ülvi BABASOY
- Dünyaya təkrar gəlsəydiniz kim olmaq istərdiniz?
- Özüm olmaq istəyərdim. Gəncliyimdən daha səmərəli istifadə edərdim. Bir də birinci şəxsin təki ilə danışan bir qadından roman yazmaq, özümün dişi versiyamı yaratmaq istərdim. Halımı, vəziyyətimi qadın olsaydım, necə görərdim. Bunu içəridən, daxilən hiss etmək istərdim. Nəticədə, bir kişiyəm və nə qədər çalışsam da, onun sərhədlərindən kənara çıxa bilmirəm. Bir qadının dünyagörüşü, birinci şəxsin təki ilə roman yazmaq, inandırıcı olmaq, hətta dedi-qodu olaraq bunu Orxan Pamuk yazmayıb deyə biləcək qədər bir roman yazmaq istərdim. Buna görə də öz qadın halımı yaşamaq istərdim.
Orxan Pamukun bu cavabı məni həmişə düşündürüb. İndi öz qadın versiyamla - Günəşimlə söhbəti təqdim edirəm.
Bir şeyə hər şeydən və ya heç bir şeydən çox üstünlük verilirmi? Eşq bəzən adama hər şey, bəzən də heç nə verir. Həmişə eyni bir şəxs olaraq qalmaq mümkündürmü? Bəzən yaşadığımız bir anı əldə etmək istəyirik. Təzədən başlayır həmin hisslər, duyğular. Ancaq o deyil. Halbuki bənzərsiz olan hər şey - eşqdə, ədəbiyyatda, yaddaşda üstümüzdən bəzən quru alov kimi, bəzən isə bir sel kimi axıb keçər. Bizdən əvvəl və sonra var olan bir titrəmənin, həyat nişanəsinin varlığını dərk etməyimiz üçün öz qabığımızdan çıxmağımız bəsdir.
Bu titrəmlər nə mənim həyatıma, nə də onunkuna əhəmiyyət verir. Var olan, ancaq özünü göstərməyən, o gizli, böyük və sonsuz sirlərə qarşı müvəqqəti də olsa, zəfər qazanmaq üçün sevirəm və yazıram. Zəfərin anlıq olduğunu bilirəm.Yazının zəfəri daxilimdəki gizli gücü və enerjini çıxarır. Bu, ömrümüz boyu etdiklərimizin heç birinə bənzəmir. Var olmaqla olmamağın xaricində bir şeydir bu.
- Sevgi özünü kəşfdir?!
- Deyil, məncə. Çünki elə biri gəlib çıxa bilir ki, qarşına sənin içindəki səni tapıb çıxarır, hətta bəlkə də özü bir o içində insan olur. Və səni belə yavaş-yavaş dəyişib sən eləməyə çalışır. Artıq elə bir iz qoyur ki səndə, özü yanında olmasa da, içindən tapıb çıxardığı sən (yəni bir o) səninlə olur yenə də. Daha geri dönüşü belə olmur, silə də bilmirsən ağlından.
- Günəşə qarşı olmaq bir zərurətdir. Sən isə Günəşin heyran qaldığı o mükəmməl misranın özüsən! Bitmir o möhtəşəm misralar, bitmir!
- Maraqlıdır, ay mənim dişi versiyam, həyatda nədən zövq alırsan?
- Həyatda nədən zövq alıram. Çünki Günəşin daxilində yaranan xoşbəxtlik, hər hansısa bir əmma olmadan, xoşbəxt edən hadisələrin baş verməsidir. Məsələn, deyəcəksən necə? Mən hər an ya səs-küylü bir mühit, ya da sakit, hamıdan uzaq bir məkan istəyə bilərəm.
Bunları istədiyim anda qazana bilirəmsə, bacarıramsa, bu özü böyük bir şeydir. Nəyəsə məcbur qalmağı sevmirəm, istəmədiyim bir şeydən anında vaz keçə bilmək, istədiyim bir şeyi anında qazana bilmək mənim üçün böyük zövq olacaq.
- Nələrdir bu istəklər bəs?
- Hər an dəlicəsinə kitab oxuma təbi gələr mənə, heç kəs mane olmasın. Hər an sakit bir musiqi dinləmə təbi gələr, çəkilərəm bir kənara, yenə də hamıdan uzaq. Hər an aşırı pozitiv musiqi dinləyib, rəqs etmək istərəm gözlərim bağlı. Və yenə hamıdan uzaq.
Hər an gəzintiyə getmək istərəm, uzun bir yola çıxmaq istərəm, amma bitməsin o yol. O yolun həzzini hiss edim iliklərimə qədər. Mən çünki çox sevirəm uzun yol getməyi. "Sürətin və yolun özündə nəsə məstedici bir qüvvə var". Hər an mətbəxi özüm alaram əlimə, səhər yeməyindən şam yeməyinə qədər hamısını hazır edib çıxaram, yenə mənə heç kəs toxunmasın. Hər an təbi gələr saçıma, özümə, üzümə qulluq edərəm. Geyinərəm, bəzənərəm, hazır olub duraram güzgü qarşısında.
Hər an film izləmə təbi gələ bilər. Kimsə almasın ordan məni.
Hər an susmağı da seçə bilərəm. Sadəcə, susaram.
Və mənə bunlarla bərabər zövq verən ən başlıca bir şey var, özümü izləmək. Güzgüyə baxmaq. Güzgüdəki cizgilərinə qədər izləmək. Və ona sevgi etiraf etmək! Bu əsla, əsla özündən razılıq deyil. Düşüncəmə görə, insan birinci özünü sevməyi bacarmalıdır. Həm sevilmək üçün, həm də sevə bilmək üçün, həm də həyatdan zövq almaq üçün. Bilirsən necədir. Mənim içim o zaman danışardı ki, məni dərinə çəkib aparan hər hansısa musiqi olardı. Sadəcə ona köklənər, yazmağa başlardım.
Amma indi? İndi isə sən məni sanki hipnoz edirsən, düşürəm bir dərinliyə, çıxa bilmirəm, çıxmaq istəmirəm. Elə hey danışır içim və susmaq bilmir.
O xaricimdəki sükutu pozmaq istəyirəm, saatlarla, bəlkə, yorulmadan danışaram sənlə. Amma niyə? Nəyə görə? Anlamıram…
- Sən çox dərinsən, Orxan Pamuk demişkən, mənim qadın versiyam, proyeksiyamsan.
- Dərin olan sənsən, məni də ora çəkib aparmısan. Ona görə də dediyim kimi, mən sən olan yerdəyəm!
- Heyran qaldım buna. Hətta susmağına da. Gəl, tərifi qoyaq kənara, bu saat, bu dəqiqə elə zənn edirəm ki, içimdən çıxasan çölə. Hətta indi bu dəqiqə əndam aynasında özümə baxıram və Səni arzulayıram. Arzulayıram deyəndə sənlə görüşmək istəyirəm. Amma sən həm varsan, həm də yoxsan.
- Sən heyransansa, susmağı seçərəm hər zaman. Zatən susduğum zaman səndən başqa hər kəsə susmuş oluram…
- Nədənsə, səni Günəş kimi görürəm. Günəş ən böyük və parlaq ulduzlardandır. Mən də…
- Sənin Ulduz olmağın üçün tək olmağın gərək. Onda göydə bir Ulduz axtarsın gözlər gərək… Sən təksən! Yoxdur bənzərin. Əgər göydə gözlərin gördüyü ulduz saysızdırsa, demək ki, sən yoxsan orda. Amma Günəşin öz Ulduzumu?! Heç kəsin görmədiyi, hamıdan gizlətdiyi, bax bu ola bilər. Elədirsə əgər, o Günəş sonsuzadək işığı ilə qoruyub saxlamağa çalışar Ulduzunu.
- Bu gün də belə getdi, sənli və sənsiz. Qadın versiyam, niyə bu qədər dəyişkənsən? Niyə bu qədər qərarsızsan? Niyə bu qədər inkarçısan?
- Sənsən günü yaşadan. ənsən ürəyimi məndən qoparan. Sənsən ən gözəl anı yaşadan. Sənsən qışı qovub, məni var edən. Nədir indi günün əhəmiyyəti?!
Təki sən var, gün bitməz mənə.
- Mən sən və Tanrının yerinə baxıram. Sən tanrının məktub-şeirisən?
Bilirsən necə?
- Necə?
- Necə ki, gözəl bir efemer - çiçək Tanrının məktubudur. Onu anlamaq üçün, dərk etmək, gözəllik duyumu üçün... Çünki bir çiçəyin var olması üçün bütün kainat işləməlidir. Eləcə də sən zəriflik və gözəlliyin məktub-şeirisən. Oxumaq və duymaq lazım. Mənim üçün də bir məktub-şeirsən. Kəşf etmək, Günəşində qızınmaq və dünyanı dərk etmək üçün. Hətta sən məni Tanrıya yaxınlaşdıran məktub-şeirsən. Tanrıya daha çox dua edirəm. Tanrıya təşəkkür edirəm. Günəşi, məktub-şeiri qarşıma çıxardığı üçün...
- Bu mənim üçün sonu olmayan, gözəl bir mənzərəsi olan yol kimidir.
Gedirəm, elə hey gedirəm. Sənə çatıram, amma yolun sonu yoxdur ki, çatım. Çünki ziddiyyətlər qanununa görə sənin qadın versiyan olan mənlə birləşməyin 3-cü müstəvidə mümkündür. Sən mənim üçüncü müstəvimsən.
Gedirəm və sadəcə getmək istəyirəm, yorulmadan, usanmadan. Gəldiyim o yola belə baxmaq istəmirəm…
- Tanrı dünyanı niyə yaratdı? Öz gözəllik və kamlilliyini görmək istədi. Ona görə. Lakin bu bəs etmədi. İnsanı yaratdı ki, başqa şüurlu bir varlığın gözü ilə öz gözəllik və kamilliyini görsün və göstərsin. Başqa bir gözlük pəncərəsindən də baxsın. Və baxdı da. Mən də bax eləcə, ay iki gözüm, sənin gözlük pəncərəndən də baxıram. Tanrı bu işi mənə tapşırıb. Ancaq incə bir fərq var: Mən sənin camal və kamalını görür və göstərirəm. Gözlərimin sənə az da olsa, təsiri ondandır. Yəni səndəndir, Günəşim!
- Ay mənim, özüm. Kişi versiyam. Mənə mənim gözlük pəncərəmdən baxırsan?! Bəs söylə mənə necə canıma can olmusan, qəlbimə yol, gözümə nur olmusan?! Görə bilirsənmi? Bilirsən nədir o can? Gördükdə əlim titrər, baxdıqda içim titrər. Bəs bilirsənmi necədir o yol?
O yol sənə gedir hara baxsam, o yol sənə çıxır hara getsəm.
Gözlərim gözlərini, ruhum ruhunu axtarır. Dünya dağılsın, baxmaram geri. Məni o gözlərdən alan olmur, mənim yolumdur o gözlər, qəlbimin yoludur o gözlər. Yazmaq istəsəm, əllərim səni yazır, oxumaq istəsəm, gözlərim səni görür. Bilirsənmi necədir insanın özünü tapa bilməsi?
Çətin… Bəlkə də hər kəs bu şansı qazanmır həyatda.
Mən Özümü tapana qədər ki günlərimi düşünürəm, çox boş gəlir mənə o günlər. Ruhsuz bədən kimi. Bədənsiz ruh kimi. Məni Ruhuma sən qovuşdurdun. Mənim ruhum sən oldun. Mənim özüm sən oldun.
Səndə özümü, özümdə səni tapdım mən, ay özüm!
- Bu həyatda şeirlər, hekayələr, esselər yazdım... Yaşıma görə çox, yüzlərlə kitab oxudum. Amma heç nə məni bu qədər titrətmədi. Kundera, Saramaqo, Lyosa, Tolstoy, lap olsun Dostoyevski heç kim məni bu qədər gözəl anlamadı, ifadə etmədi. Sən mənim ən gözəl, məhrəm, estetik, mənalı əksim. Üçüncü müstəvidəki görüş yerim.
- Deyəsən, bizdə bir az narsistlik, bir az da aşiqlik var.
- Bayaqdan mən danışıram. İkimizin də yerinə. Bir de görüm, Ülvi Babasoyu necə görürsən?
- Ülvi Babasoy: Çox rahat, sərbəst, açıqsözlü bir insan. Çəkinmədən addım ata bilən, istəklərini hər zaman həyata keçirmək istəyən insan. Sevirsə sevirəm, sevmirsə sevmirəm deyə bilən insan. Çəkinmədən, sıxılmadan içindən gəldiyi kimi davrana bilən insan. Riskə gözüyumulu gedə bilən insan. Sonu pis və ya yaxşı düşünmədən indini bir indi olaraq yaşamaq istəyən insan. Həyata elə rahat bir şəkildə, açıq gözlərlə baxır ki, düşünmür bunun indisi yaxşı, sabahı pis olar deyə. Düşünür ki, indi yaxşıdırsa, qoy indini yaşasın, sabah zatən gələcək. Sabahı da sabah düşünər, sabaha da sabah qərar verər. Bəs nədir onun sabahı? Onun elə bugünü də, dünəni də, sabahı da eynidir. Çünki o, hər günü bu gün olaraq yaşayır və necə bugünü yaxşı yaşamaq üçün can qoyursa, hər günü, hər o bu günü yaşamağa da elə canını qoyur.
Ona görə də sabah belə olar, sabah pis olar deyə düşünmür. Yaxşı olacaq deyə artıq qərarını verir. Pis olsa belə o pisi görmür, görməzdən gəlir. Pis gün hər insana düşməndir, əlbəttə, amma pis gün Ülvi Babasoyun görməzdən gəldiyi gündür, yenə də yaxşı olaraq yaşamağa çalışdığı gündür. Babasoy bir insanı incitməz, qırmaz, bunları eləmək istəməz. Bilməyərəkdən etsə belə, onu unutmaz. Və Babasoy qırılmaq, incidilmək istəməz həyatda. Onu həddindən artıq çox sevən bir insan olsun qarşısında, hətta ondan ötrü canından keçə biləcək biri. Əgər o sevmirsə, o insanı qəlbinə toxunmadan bildirər, amma yenə də onu istəmədiyini hər an deyə bilər üzünə. Yox, əgər bir insanı istəyirsə, o insan onu istəməsə də, istəsə də nə olur-olsun, ona istəyini bildirməyə çalışacaq. Bu istəyi yaşamaq mümkün və ya qeyri-mümkün olsun, gözünü yumub heç kəsi, heç nəyi düşünmədən könlündəkini dilə gətirə bilən bir insandır. Ülvi Babasoy həyatda hələ də tam olaraq istəklərinin nə olduğunu anlaya bilmir. Hər günü üçün bilir, amma gələcəyi üçün bilmir. Hər gün nə istəyirsə, onu yaşamaq istəyir. Amma sabah nəyi yaşamaq istəyər deyə bilmir! Bəlkə də, ən yaxşı bunu bilir. O ancaq "istədiklərini yaşamaq istəyir". Ülvi Babasoy rahatlıq istəyir, problem, dərd, sər olmadan. Bəlalardan uzaq həyat. Gözəlliklərdən ibarət həyat. O rahatlığı içərisində də rahatlıq istəyir. Necə? Məsələn, seçdiyi insanların özünə oxşamasını istəyir. O istəyəndə qalsın, o istəməyəndə getsin. Onun üçün sevgi varmı, yoxmu deyə bunu yalnız o bilir. Başqa heç kəs bilmir. Az qalmışdı ki, yaddımdan çıxsın. Bir də Günəş bilir, bəlkə.
- Günəş qadın, sən isə çox mükəmməl bir insan olmaq çabasındasan. Bəlkə də, eləsən. Əvəzedilməz, möhtəşəm, incə, zərif qəlbli biri. Hamıya baxışın birdir.
- Uzun çəkdi, deyəsən. Bəzi insanlar bir-birinin yanından keçən gəmilər kimidir. Sən isə mənim içimdən boylandığın üçün yenidən üz tuturam sənə:
"Ey ölüm, qoca kapitan, vaxt yetişdi, vədə doldu.
Bu diyar sıxdı bizi, ölüm.
Sonsuzluğa fırladaq çərxi
Bilinməzin dibində tapmaq üçün yeni şeyləri".
- Gözlər vərəq, kirpik qələm yazmağa.
Hə, sonsuzluğa fırladaq çərxi. Günəşə qarşı!
10 noyabr 2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!