Nizami ilə səyahətim - Orxan ARAS

Orxan ARAS

 

Miladdan öncə VI yüzildə dünyaya gələn məşhur çinli filosof Lau Tzu minlərlə kilometrlik səyahətin tək bir addımla başladığından yazar. Mənim də Nizami Gəncəvi ilə səfərim deyə bilərəm ki, bir tək sözlə başladı.

Almaniyaya gəldikdən sonra söhbətlərdə tez-tez Şekspir, Höte, Şillerlə bağlı bir söz eşitdiyimdə ürəyimdən incə bir sızı keçərdi. Niyə bizlərin də böyük şairlərindən sözlər başqa xalqların dilində gəzməz, deyə düşünür, üzülərdim. Xüsusilə, məşhur şərqşünas və tərcüməçi Hammer Purqstalın türk şairləri, Bakı və Füzuli haqqında yazdıqlarını oxuduğumda daha da kədərlənmişdim. Hammer bizim şairlərimizin Hafiz kimi fars şairlərindən təsirlənərək şeirlər yazdığını iddia edirdi. Doğrusu, o günə qədər Nizami Gəncəvi haqda da çox bilgim yox idi. Liseydə ədəbiyyat dərsində oxuduğumuz qısa və dağınıq bilgilərlə Nizaminin sadəcə yaşadığı dövrü və bir neçə əsərinin adını bilirdim.

Bir gün alman dilində çox istifadə olunan və demək olar ki, hər almanın atalar sözü kimi bildiyi "Alles Glück dieser Erde, Liegt auf dem Rücken der Pferde" (Bu dünyada ən böyük xoşbəxtlik atın üstündədir) sözü haqda bir yazı oxudum. O yazıda bu ifadənin və ya deyimin bir ərəb atalar sözü olduğu yazılmışdı. Amma yazının alt qeydində (snoska) Viesbadendə yaşayan tunisli professor Hatem Lahmerə görə, belə bir atalar sözünün ərəbcədə olmadığı bilgisi də yer almışdı. Dil və ədəbiyyat sahəsində mübahisə alovlanınca Alman Dili İnstitutunun işçiləri bu atalar sözü mövzusunda tədqiqatlar aparır və bu ifadənin 1909-cu ildə yayımlanan Franz Freien von Lipnerheidnerin "Atasözləri və Deyimlər" kitabında tapırlar. İfadənin mənbəyi isə Friedriç von Bodenstedin 1851-ci ildə nəşr etdirdiyi "Mirzə Şəfinin Mahnıları" kitabıdır.

Bu qədər çox istifadə olunan atalar sözünün mənbəyinin bir Azərbaycan türkünün şeirlərindən olması məni çox həyəcanlandırdı. Vaxtım olduqca kitabxanalarda və internetdəki lüğətlərdə başqa türk mənşəli atalar sözü və ya aforizmlər axtarmağa başladım. XVII yüzildən etibarən alman dilinə daxil olan "dilmac, tərif, Qazelle, qismət, maqazin, zəfəran, şəkər" kimi Şərq mənşəli kəlmələrdən başqa xalqın dilinə şeirlərlə, hekayələrlə Şərqdən gətirilən deyimlər və atalar sözü də mütləq daxil olmuşdu, deyə düşünürdüm.

Əslində bir rus saytı olan, amma almanca da verilən "Liveps.ru" saytında Franklin Rosevelt kimi məşhurların sözləriylə yanaşı, Nizami Gəncəvidən də sözləri oxuduğumda Nizami ilə səyahətimin ilk addımını atmışdım. O internet səhifəsində Nizamidən belə bir aforizm verilmişdi:  "Ein Wort aus dem Herzen dringt in das Herz ein" (Ürəkdən deyilən söz ancaq qəlbə təsir edə bilər).

Nizami və digər şairlərimiz əsərlərində tez-tez atalar sözlərindən, şifahi xalq ədəbiyyatından yararlandığını bilirdim. "Kimsə ayranına turş deməz", "Günəşi palçıqla suvamazlar", "Başqasına quyu qazan özü düşər quyuya" kimi hələ də Azərbaycan və başqa türkdilli ölkələrdə işlədilən atalar sözləri Nizaminin əsərlərində də sıx yer almaqdadır. Bunları öyrənməklə daha da cəsarətləndim.

Peter Schumacherin 1997-ci ildə başladığı alman dilində indiyə qədər toplanmış ən çox deyim və aforizmlərin olduğu 250 min xüsusi sözün toplandığı "Aphorismen.de" saytında Nizamidən on bir ifadə tapdım. Bu ensiklopediyadan başqa, Nizamidən aforizmlər verən başqa lüğətlər də vardı. O lüğətlərdəki aforizmlərlə birlikdə 40 aforizmi toplayıb tamamlayınca bunları almanca və türkcə çap etdirməyi düşündüm. Nizamidən alınan sözlər, əlbəttə, farscadan almancaya tərcümə edilərkən fərqli mənalar da qazanmışdı. Bu səbəbdən bəzi sözləri Nizaminin əsərlərində axtarıb tapmağım çətin oldu. Amma məna olaraq o sözlərə yaxın deyimlər bol-bol Nizaminin əsərlərində mövcuddu.

Alman aforizmlər ensiklopediyasında çap olunan ilk söz "Hər qaranlıq gecənin aydınlıq bir sabahı vardır" sözüydü. (Jede dunkle Nacht hat ein helles Ende). 

Təəssüf ki, bu sözün altında Nizaminin həyatı haqda bilgi verilsə də, ifadənin hansı əsərdən alındığı yazılmamışdı. Bu ifadənin "Leyli və Məcnun"da olduğunu təsbit etdim:

Ümidsiz bir işdən, səbr etsən əgər,

Bir ümid işığı parlaya bilər.

Hər ümidsiz işdə bir çox ümid var,

Qaranlıq gecədən ağ səhər doğar.

Bir başqa aforizmdə isə "Şərab dünyanın dərmanıdır"  (Arztnei der Welt (ist) der Wein) deyə yazılmaqdadır. Nə qədər Nizami:

O böyük Tanrıya aydındır bu iş

Ömrümdə dilimə şərab dəyməmiş

- deyə yazsa da "İskəndərnamə"də "Nüsrədəddin Əbubəkr Padşahın tərifi" hissəsində şərabı cahanın dərmanı olaraq izah etməkdədir.

"İskəndərnamə"də "Nüsrədəddin Əbubəkr Padşahın tərifi" hissəsində şərabı cahanın dərmanı kimi yenə təkrarlamışdır.

Yaquta bənzəyən suyu, saqi, dur

Bu yaqut yağdıran qədəhə doldur

Bu saxsı cama mey həyat axıdır

Onun reyhanının öz torpağıdır.   

Tam olaraq 150 ildən bəridir ki, alman ədəbiyyatında bilinən, oxunan və Höte kimi şairlər tərəfindən təriflənən Nizaminin alman dilinə, deyimlərinə keçən sözləri qırx ifadəylə məhdudlandırılmaz. Gələcəkdə almanca bilən tədqiqatçıların alman dilində daha çox Nizamidən aforizmləri təsbit edəcəklərindən əminəm.

Bu mövzuda çalışarkən həm alman ədəbiyyatının Şərqə meylini, həm də Nizaminin bir fars şairi olmadığını da müxtəlif mənbələrdən verərək almanca-türkcə bir kitab hazırladım. Bu kitab "Epubli" nəşriyyatında həm Almaniyada, həm də Niderlandda Niderland Türk-Azərbaycan Kültür Dərnəyinin yardımıyla çap olundu. İkinci yazımda Nizaminin alman ədəbiyyatı üzərindəki təsirindən də yenə alman mənbələrindən yararlanaraq dəyərli oxuculara təqdim etməyə çalışacam.

Qeyd: Nizaminin alman dilindəki aforizmlərini digital almanca mənbələrdən öyrənmək istəyənlər aşağıdakı linklərə müraciət edə bilər:

https://www.aphorismen.de/suche?f_autor=2803_Nizami

https://quotefancy.com/nizami-ganjavi-quotes

https://www.sprichworte-der-welt.de/orientalische_weisheiten/Orientalische_Weisheiten.ht

https://www.zitante.de/index.php


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!