O, ölkəsinin divarlarını çox əvvəllərdən qıra bilmiş, azadlıq, bərabərlik və xalqların qardaşlığına ürəkdən inanmış müxalif bir aydın idi…
Xuraman HÜSEYNZADƏ
Rus mətbuatının yazdığına görə, rus şairi Yevgeni Yevtuşenkonun 2002-ci ildə Kremlin konsert zalında təşkil edilən şeir gecəsində ona özəl bir sürpriz edilir. Gecədə Nazim Hikmətin "Mən yanmasam, sən yanmasan, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa..." sözlərilə başlayan məşhur şeirinin oxunması Yevtuşenkonu çox mütəəssir edir...
Bundan bir az əvvəl Yevtuşenkonun xatirələrini paylaşan "Moskovski Komsomolets" qəzeti iki şairin dost olduğunu bildirirdi.. Məqalədə yazılırdı: "Yevtuşenko Nazimi tez-tez xatırlayırdı. O, Nazimlə çox yaxın dost idi. Birlikdə çox zaman keçirmişdilər."
"Nazimin ürəyi"
Nazimə sovet pasportunun verildiyi toplantıda Yevtuşenko özünün də iştirak etdiyini bildirirdi: "Nazim sovet pasportunu alıb yuxarı qaldıraraq dedi: "Bürokratiyanı tənqid etdiyim zaman artıq kimsə mənə "Sən yadsan!" deyib üsyan etməyəcək."
Nazimin yaxşı bir kommunist olduğunu vurgulayan rus şair deyirdi: "Çox diqqətli insan idi. Hər kəs onun kimi kommunist olsaydı, bəlkə mən də kommunist olardım." Yevtuşenko başqa bir məqaləsində Nazim Hikmətin dünya mədəniyyəti tarixindəki yerindən söz açırdı: "Nazim Hikmətin tarixdə oynadığı rol əvvəlcədən müəyyənləşmişdi. O, bu rolu dahiyanə şəkildə yerinə yetirdi."
Belarus mətbuatına verdiyi müsahibədə Yevtuşenko, Nazimin çox yaxşı insan olduğunu vurgulayaraq, "Nazim dünyada rast gəldiyim ən yaxşı insanlardan biridir" - deyirdi. Nazim Hikmətdən çox təsirlənən rus şairi "Nazimin ürəyi" adlı şeir də yazmışdı...
D.Şostakoviçin 13-cü simfoniyası
"Babi Yar" Yevtuşenkonun Qərbdə ən çox tanınan şeiridir. Bu şeir İkinci Dünya müharibəsində Kiyevdə on minlərlə yəhudi və məhbusların nasistlər tərəfindən qətli haqdadır. "Babi Yar" faciəsinə həsr olunmuş həmin şeir Sovet İttifaqında antisemitizmi ifşa edib və sonra sovet bəstəkarı Dmitri Şostakoviç tərəfindən onun 13-cü simfoniyasına daxil edilib.
Babi Yarda öldürülən sovet vətəndaşları üçün dövlət rəsmi abidəni 1976-cı ildə qoydu. Qətlə yetirilmiş yəhudilər üçün qoyulan abidə, on beş ildən sonra - 1991-ci ildə Babi Yar Parkına yerləşdirildi.
Müxalif bir aydın
Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alan Yevgeni Yevtuşenko, yayımlanmasına Stalinin ölümündən sonra izn verilən şeirləriylə qısa vaxtda xalqın sevdiyi bir şair oldu. O, dövrünün istedadlı şairləri Yesenin və Mayakovskidən başqa Nazim Hikmətin şeirlərindən təsirlənmişdi.
Dünya, qətliamları yaşarkən o, uşaqlıq illərini yaşayırdı. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alan Yevtuşenkonun "Gələcəyin perspektivləri" adlı ilk kitabı 1952-ci ildə - onun Sovet Yazıçılar İttifaqının ən gənc üzvü olduğu vaxt nəşr edilib. Dünya onu 1961-ci ildə dərc olunan "Babi Yar"la tanıdı…
Yevtuşenko her şeyə, azadlığa, sərbəstliyə uzun müddət qapalı qalmış bir quruluşun - Sovetlər Birliyinin diktə dönəmi şairi, ədəbiyyatçısı idi. Buna baxmayaraq bütün dünyaya, xalqlara səslənərək sülhü və qardaşlığı müdafiə edirdi.
O, ölkəsinin divarlarını çox əvvəllərdən qıra bilmiş, azadlıq, bərabərlik və xalqların qardaşlığına ürəkdən inanmış müxalif bir aydın idi…
"Kino çox pul tələb edən işdir"
1985-ci ildə Yevtuşenko Xarici işlər Nazirliyinin və TÜYAP-ın dəvətilə Türkiyəyə gəlir. Həmin vaxt yazar Celal Üster Yevtuşenkodan "Cümhuriyyət" qəzeti üçün müsahibə alır: "Oxucuların yaxşı tanıdığı Yevtuşenkoyla bir dost evində təşkil olunan yemək süfrəsi arxasında birlikdə olduq. Yemək öncəsi masanın ətrafında ayaqüstü söhbət zamanı o, şairliyi, ozanlığı ilə birgə film yaradıcılığından söz açır. Və dərdi təzələnir... "Üç müşketyor"dan danışır. Üstəlik, çox iddialı bir kadr da qurur xəyalən. Dartanyanı Cek Nikolsonun oynamasını düşünür. "Üç müşketyor"dan ikisini isə Peter Ustinov ilə Vittorio Qassmanın oynamasını istəyir. Amma, - deyir, - kino çox pul tələb edən bir işdir. Əslində, bir zamanlar italyanlar çox gözəl filmlər çəkdilər. Məsələn, neorealizm dönəmi. Bilirsiniz, o filmlər hardasa havayı başa gəldi. Amma artıq o günlər geridə qaldı. İndi film çəkmək üçün pul lazımdı. Ancaq yenə də xüsusilə son iki ildə Sovetlər Birliyində çox gözəl filmlər çəkildi. Həm aktyor, həm rejissor olan Ralan Bekovun "Qorxuluq" adlı bir filmi var. Gənclərin problemləri haqqında çox uğurlu bir filmdir. Yenə gənclər haqqında "Breakfast Club" adlı bir amerikan filmi görmüşdüm. O da yaxşıydı. Amma Bekovun filmi daha uğurludur."
Gürcü heyranı
Yevgeni Yevtuşenko rus olsa da, söhbətimiz boyunca durmadan gürcülərdən və Gürcüstandan söz açırdı. O, gürcü heyranı idi. Bir də türk rejissorlarına məsləhətləri vardı. Yevtuşenko, sovetlər birliyinin ən uğurlu filmlərini tərcümə edən gürcü rejissorlarla türk rejissorların çox uğurlu bir iş birliyi qura biləcəyini, ortaq filmlər ərsəyə gətirəcəyini düşünür. Otar Yosselaninin, Georgi Çenqelayanın, Sergey Paradjanovun filmlərindən söz açır az sonra: "Otar Yosselaninin Fransada çəkdiyi filmi bəyənmədim, doğrusu. Venedik Film gecəsində ona ödül verdik, amma pislərin yaxşısı olduğu üçün. Ancaq Yosselaninin Gürcüstanda tərcümə etdiyi filmlər çox uğurludur. Paradjanovun son filmi isə qeyri-adi idi. Sanki kino deyil, qeyri-adi bir rəsm sərgisidir. Şeir kimi bir film... Əslində kütlə üçün çəkilmiş bir film deyil. Deyirəm, gürcü kinoları çox uğurludur..."
Çox keçmədən, sözü yenidən gürcülərlə mədəni əlaqəyə gətirir Yevtuşenko. Amma şübhəsiz, bunun bir "qərar" olduğunu vurgulayır: "Yalnız indi "qərar" deyincə yadıma çoxdan baş vermiş bir hadisə düşdü. Mən, 17 yaşındaykən gənc bir qıza vurulmuşdum. Qız, sonradan üç dəfə evləndi, üç dəfə boşandı, amma heç birində mənimlə deyil..." Bu qədər gürcü söhbətindən sonra ağlımıza istər-istəməz bir fikir gəlir: Bəlkə gürcülük var Yevtuşenkoda? "Xeyr",- deyir,- "gürcülük yoxdu məndə. Amma bir dəfə Gürcüstanda zəhərlənmişdim. Xəstəxanaya apardılar, orda qan verdilər. Yəqin gürcü qanı ordan keçdi mənə."
Ən yaxşı primitiv rəssam
Celal Üsterin müsahibəsində məlum olur ki, Yevtuşenko evində gürcü rəssam Niko Pirosmaninin böyük bir tablosu var. "Gözəl insan, böyük bir rəssamdı. Məncə, ən yaxşı primitiv rəssamdı",-deyir Pirosmani üçün. Sonra da "Sizə bir hekayəsini danışım",- deyir: "Əvvəllər kiçik bir meyvə-tərəvəz dükanı varmış Pirosmaninin. Arabir həvəskar kimi rəsm də çəkərmiş. Bir axşam Tiflisdə bir gecə klubuna gedir. Klubda, Marqarita adlı fransız bir qadın müğənni oxuyurmuş. Pirosmani, o saat vurulur Marqaritaya. Gedib meyvə-tərəvəz dükanını satır, deyilənə görə, milyonlarla çiçək alır. Marqaritanın işlədiyi klubun olduğu küçəni çiçəklərə bəzəmiş. Bundan sonra Marqarita bir gecəlik Pirosmani ilə görüşür. Yalnız bir gecəlik. Ondan sonra da Pirosmani içkiyə qurşanır və rəsm çəkməklə yaşayır."
Yevgeni Yevtuşenko, gəzməyi çox sevirdi. Yer üzündə gəzmədiyi ölkə qalmamışdı. "Biz ozanlar sülhün elçiləriyik, siyasətçi deyilik",- deyirdi.
Tolstoy, Stendal və Platonov
Dost evindəki naharın sonlarına yaxın futbol azarkeşliyindən ədəbiyyata keçir Yevgeni Yevtuşenko. İlk olaraq Bulqakovun "Master və Margarita"sından söz açır. Müdhiş bir əsər olduğunu söyləyir "Master və Marqarita"nın. Masa arxasında əyləşənlərdən birinin bu əsəri Anadolu türkcəsinə çevirdiyini, tərcüməçinin Aydın Emeç olduğunu söyləyincə Yevtuşenkonun gözləri parıldayır. Durub əlini sıxır Aydın Emeçin, ürəkdən təşəkkürünü bildirir. Sonra, bütün sovet dönəminin ən yaxşı yazıçısı olduğunu söylədiyi Andrey Platonova keçir: "Heminquey oxumuşdu Platonovu. İkinci Dünya müharibəsindən əvvəl özüylə edilən bir müsahibədə Heminquey, ən çox sevdiyi üç yazıçının Tolstoy, Stendal və Platonov olduğunu deyir."
Yevtuşenkoyla türk yazıçının söhbəti gürcü müğənni və yazıçı Bulat Okucavanın bir mahnısıyla bitir. Bu mahnı Yevtuşenkonun Okucavadan oxuduğu "Şarmanka Şarlatanka" idi..."
"Örpək"
1988-ci ilin fevralında Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsinin əleyhinə çıxan soydaşlarımızı sakitləşdirmək və qarşıdurmanı sakitləşdirmək üçün kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı, üç dəfə "Lenin" ordeni almış Xuraman Abbasova örpəyini izdihamın qarşısında yerə atır. Onun bu addımından sonra qəzəbli izdiham sakitləşir. Xuraman Abbasovanın bu addımı ölkə daxilində qınansa da, ölkə xaricində sülh naminə atılmış cəsarətli bir addım kimi dəyərləndirilir. Şair Yevgeni Yevtuşenko Xuraman Abbasovanın örpəyini qəzəbli insanların qarşısına ataraq münaqişəni sakitləşdirməsindən ilhamlanaraq ona "Örpək" adlı şeir həsr edir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!