Vəfatından 6 il keçən görkəmli türkoloq-alim, akademik Tofiq Hacıyevin əziz xatirəsinə
2015-ci il noyabrın 27-də Dilçilik İnstitutunda hamı saat 11-ə təyin olunmuş Elmi Şuraya hazırlaşırdı. Gündəliyə xeyli ciddi məsələlər salındığından və gözlənilməz qərarlar qəbul ediləcəyi ehtimalı olduğundan əməkdaşların çoxu həyəcan içində idi. İclasın vaxtına az qalmasına baxmayaraq institutun direktoru və Elmi Şuranın sədri Tofiq Hacıyev hələ gəlib çıxmamışdı. O, dəqiq adam idi və səbəbsiz ləngiməyi, həm də bu barədə kimsəyə xəbər verməməyi ciddi narahatlıq doğururdu. Mən təşviş və həyəcan dolu həmin dəqiqələri indi də anbaan xatırlayıram.
Həyəcanlar əsassız deyilmiş. Bir azdan akademikin qaz sızmasından faciəli şəkildə həlak olması barədə acı xəbər ildırım kimi əvvəlcə instituta, sonra isə bütün ölkəyə yayıldı.
Alim itkisi həmişə ağır olur... Bütün varlığı ilə bu millətə bağlı olub onun sevgisini qazanmış akademik Tofiq Hacıyev kimi şəxsiyyətlərin vəfatı isə ikiqat ağır itki idi. Həm də yeri heç vaxt doldurulmayacaq bir itki. Ona görə də həmin soyuq noyabr günlərində bu böyük alimin, böyük müəllim və böyük insanın ölümü barədə yayılan xəbəri hər kəs öz kədəri, öz ağrısı, öz itkisi kimi qarşıladı.
***
Bu gün xatirəsi hər kəs üçün əziz olan professor Tofiq Hacıyev adı N.Baskakov, A.Kononov, B.Serebrennikov, E.Tenişev kimi şöhrətli dilçi-türkoloqlarla yanaşı çəkilən qüdrətli alimlərimizdən biri idi. Tofiq müəllim bütün ömrünü doğma dilimizin tarixinin öyrənilməsinə və onun təbliğinə həsr edib, elmi yaradıcılığı boyu ana dilimizin obyektiv tarixini, onun mənşəyini dürüst müəyyənləşdirmək yolunda Struveçi, Dyakonovçu, Qrantovskiçi ilə yanaşı özümüzün antimilli tarixçiləri ilə mübarizə aparıb. Saysız vətənpərvər, məsləkli vətəndaşlar, gənc alimlər yetirib, bu əqidə döyüşündə mükafat görmək əvəzinə, adı qara siyahılara düşüb, yalnız müstəqillik illərində mənəvi bəraət alıb.
Professor Tofiq Hacıyev çoxillik və sistemli araşdırmaları ilə dilçilik elmimizin və türkologiyanın inkişafına misilsiz töhfələr verib. Onun qədim dövrdən bu yana ədəbi dil tarixi, xüsusən "Dədə Qorqud"un, M.Füzulinin, Nəsiminin dili ilə bağlı apardığı tədqiqatlar bütöv bir sistem təşkil edir. XX əsr dilçiliyimizin aktual problemləri, "Əkinçi"dən bu yana formalaşmış mətbuat dili, o cümlədən, "Molla Nəsrəddin"in publisistik üslubu, Üzeyir Hacıbəyov kimi ayrı-ayrı ədib və publisistlərin dili və üslubu ilə bağlı araşdırmaları, ədəbi norma haqqında nəzəri fikirləri dilçilik elmimizi yeni bir mərhələyə qaldırıb. Dərin elmi təfəkkürü, fərdi üslubu və araşdırma tərzi ilə fərqlənən, bütün türk dünyasında yaxşı tanınan, prof. T.Hacıyev həm də Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri idi, 30-dan çox fundamental əsərin və tərcümələrin müəllifidir.
Təbii ki, belə bir nüfuzlu alimin 2014-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna direktor təyin olunması, çoxlarında böyük ümid yaratmışdı. Nə gözəl ki, rəhbərlik etdiyi qısa müddətdə Tofiq müəllim ona olan ümidləri doğrulda bildi. Milli dil siyasətinin önündəki zərərli kötükləri yerindən tərpətmək, kadrları yeniləmək, dil tarixinə dair tədqiqatlara yeni impuls vermək, xarici dillərlə qarşılıqlı münasibətdə transkripsiya və transliterasiya məsələlərini həll etmək, "Türkologiya" jurnalının beynəlxalq nüfuzunu artırmaq asan məsələ deyildi. Bundan başqa, müxtəlif sahələrdə dil normalarının gözlənilməsi ilə bağlı aparılan monitorinqləri sistem halına salmaq və qloballaşma şəraitində Azərbaycan dilinin inkişaf etdirilməsi və normalara uyğun işlənməsini təmin etmək məqsədilə 2013-cü ildə qəbul olunmuş "Dövlət Proqramı"ndakı müddəaları reallaşdırmaq da T.Hacıyevin görəcəyi işlər siyahısında idi. Bəlkə o vaxt bu dəyərli işlər kənardan çox da aydın sezilmirdi, amma ürəyində millət sevgisi olanlar böyük alimin, çoxlarının dil və millət məsələsində mürgüyə getdiyi bir strateji elm ocağında hansı çətinlikləri dəf etdiyini, bu institutdakı sükunət buzunu necə əritdiyini, kimlərlə üz-üzə gəldiyini gözəl anlayırdılar.
Mənim təxminən iki il müddətində Dilçilik İnstitutunda çalışmağım da Tofiq müəllimin təkidli dəvəti ilə olub. Düzü, bir çox səbəblərdən, o cümlədən vaxt itkisi və maaş azlığına görə həmin instituta getmək istəmirdim, amma o boyda insana "yox" deməyə də üzüm gəlmirdi. Tofiq müəllim məni böyük həssaslıqla anlayırdı, axırda müqavimətimi qırmaq üçün ərkyana tərzdə "özünü naza qoyma, gəl, dilimizlə bağlı yüz problem var, bir tərəfdən də sən kömək elə" deməsindən sonra əlacım kəsildi. Ana dili ilə bağlı "Dövlət Proqramı"nı reallaşdırmaq üçün onun rəhbərliyi altında çox ciddi addımlar atıldı, bir sıra layihələrlə yanaşı, institutda "qaynar xətt" yaradılması ideyası da gerçəkləşdirildi. Burada yeni yaradılmış Monitorinq şöbəsinin əməkdaşı kimi mən də bu işlərin içində oldum. Bu prosesdə Tofiq müəllimin Vətən, millət və dil sevgisini gördüm, onu dərin biliyi və tükənməz enerjisi olan qüdrətli filoloq-alim, yorulmaz araşdırmaçı, parlaq mənəviyyat adamı kimi bir daha tanıdım. Əlbəttə, ona qarşı qısqanclıqların, elmi fəaliyyəti əleyhinə olan qəsdlərin, ədalətsizliklərin və məkrli davranışların da şahidi oldum...
***
Bütün varlığı ilə bir türkçü və turançı olan Tofiq Hacıyev türk dünyasında da böyük nüfuz sahibi idi. Türkiyədə onu xocalar xocası adlandırır, elminə yüksək qiymət verirdilər, çünki Tofiq müəllim İsmayıl bəy Qaspıralının türk birliyi üçün "İşdə, fikirdə, dildə bir" ideyasının, türk xalqları arasında əlaqələrin genişlənməsinin alovlu təbliğatçısı idi. O, bütün türk xalqlarının gələcək xoşbəxtliyini həm də bu birlikdə görürdü. Tofiq Hacıyev tam mənəvi haqla özünü Mahmud Kaşğari, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı və Ziya Göyalp kimi şəxsiyyətlərin arzularının davamçısı, vərəsəsi kimi çıxış edir, bu işi başa çatdırmağı bir vətəndaşlıq, türklük borcu sayırdı. Bu ideyanı həyata keçirməyi özünün şərəfli vəzifəsi hesab edir, müxtəlif türk xalqlarının nümayəndələri ilə türk dili ilə deyil, başqa bir xarici dillə ünsiyyət qurmağı hər bir türk üçün həqarət hesab edirdi. O, Mahmud Kaşğarinin "Türkün ürəyinə girmək üçün onunla onun dilində danışmaqdan başqa yol yoxdur" fikrini əsas tutaraq yazırdı: "Müxtəlif coğrafiyalardan olan türkün türkcə danışmasında xüsusi bir mənəvi-psixoloji hissiyyat, doğmalıq duyulur".
Professor Tofiq Hacıyev böyük türkoloq kimi ortaq türk dilinin yaranması, türk dünyasının inkişafı və çiçəklənməsinə göstərilən dövlət qayğısının genişlənməsindən qürurlanır və bundan böyük fəxarət hissi duyaraq yazırdı: "Türk dövlət başçılarının sammitlərində hamının anlayacağı bir türk dili işlənsə, gözəl olar, ürəkaçan bir atmosfer olar". O, "bir millət, iki dövlət" ifadəsinə böyük qiymət verərək belə birliyi təkcə Türkiyə və Azərbaycan arasında deyil, digər altı müstəqil türk dövlətinin - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan və Türkiyə arasında olmasını arzulayırdı. Professor türk dövlətləri arasında birliyin, möhkəmliyin, dostluğun əbədi olmasını türklər üçün ümumi ünsiyyət dilinin yaranmasında görürdü. Ömrünü, fəaliyyətini türk dillərinin tarixi köklərinin inkişafının araşdırılmasına həsr edən türkoloq-alim ortaq türk dili tərəfdarlarının digər türkdilli respublikalarda da olduğunu qeyd edir və bu gün artıq reallığa çevrilməkdə olan "Biz bir millət, altı dövlətik" ifadəsini yüksək dəyərləndirirdi.
Tofiq Hacıyev ortaq ünsiyyət dili olan türk dilinin digər türk dillərinin sıradan çıxması əsasında yaranmasının əleyhinə idi. O, hər bir türk xalqının öz dilini inkişaf etdirməklə yanaşı, ortaq türk dili yaradıb, digər xarici dillərin köməyi olmadan həmin ortaq ünsiyyət dilindən - türk dilindən yararlanmasını arzulayırdı. Mahmud Kaşğaridən başlanan, İsmayıl bəy Qaşpıralı və Əli bəy Hüseynzadə yaradıcılığında çiçəklənən bu ideyanın qarşısında duran məqsədin yanlış başa düşülməsini istəməyən Vətən sevdalı Tofiq müəllim müsahibələrinin birində belə deyirdi: "Ümumi türk dili formalaşa bilməz. Kimsə ana dilindən əl çəkib təzə dil yaratmaz. Sadəcə, müasir türk dillərindən birini ümumi ünsiyyət dili kimi qəbul etmək olar. Bu ümumi ünsiyyət dili sənin həmişə işlətdiyin ana dilinin yerinə gəlmir. Sən ailədə, işdə dostlarınla həmişə işlətdiyin ana dilində danışacaqsan. Ümumi ünsiyyət dilini başqa türkcələrin nümayəndələri ilə ünsiyyətdə, beynəlxalq tədbirlərdə işlətməlisən, o, sənin dil açdığın dili, beşik dilini sıxışdırmamalıdır, yoxsa bütün türklər tərəfindən sevilməz, ana dilinə şərik sayılar. Ana dili Tanrı gücündə varlıqdır".
***
Tofiq Hacıyev kimi görkəmli şəxsiyyətlər haqqında deyilir ki, onlar bir millətin və ümumən tarixin sütunlarıdır. Amma Tofiq müəllim tarixə işıq salan əsərləri ilə həm də bu millətin, onun varlığını yaşadan Ana dilimizin yaddaşıdır. Biz bu yaddaşa nə qədər tez-tez müraciət etsək ruhumuz bir o qədər güclü, zehnimiz bir o qədər duru və yolumuz bir o qədər işıqlı olar...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!