Ədəbiyyat İnstitutunda “Şota Rustaveli və Nizami Gəncəvi” kitabının təqdimatı keçirilib - FOTOLAR

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Şota Rustaveli və Nizami Gəncəvi” kitabının təqdimatı keçirilib. Təqdimatda Gürcüstandan filologiya elmləri doktorları, professorlar İrma Ratiani, Maka Elbakidze, mətnşünas Qaqa Lomedze, Özbəkistandan professor Hamidulla Baltobayev və digər ziyalılar iştirak ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq ölkə başçısının “Nizami Gəncəvi İli” ilə bağlı müvafiq Sərəncamından sonra AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli Qərarını xatırladıb, Akademiyada və Ədəbiyyat İnstitutunda həyata keçirilən işlər barəsində geniş məlumat verib. O, AMEA-nın Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə 2017-2020-ci illərdə həyata keçirdikləri layihənin nəticəsi olaraq “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr edilməsini “Nizami Gəncəvi İli”nə böyük töhfə adlandırıb. Kitabın ərsəyə gəlməsində Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin böyük xidmətləri olduğunu vurğulayıb.

Sonra Nizamişünaslıq şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva kitabın hazırlanma prosesindən və mahiyyətindən danışıb.

Filologiya elmləri doktoru, professor İrma Ratiani isə “Şota Rustaveli və Nizami Gəncəvi” kitabı haqqında söz” mövzusunda məruzə ilə çıxış edib, nəşrin ərsəyə gəlməsində əməyi olan şəxslərə minnətdarlığını bildirib.

M.Uluqbəy adına Özbəkistan Milli Universitetinin Özbək ədəbiyyatşünaslığı kafedrasının müdiri, professor Hamidulla Baltobayev Nizami Gəncəvinin özbək dilinə ilk dəfə olaraq tərcümə edilmiş “Xəmsə”sinin xüsusi nəşrini “Nizami Gəncəvi İli”nə bir hədiyyə adlandırıb.

Tədbirdə, həmçinin Nizamişünaslıq şöbəsinin əməkdaşlarından filologiya üzrə fəlsəfə doktorları Təhminə Bədəlova və Yelena Teyer, gürcü alimlərdən Maka Elbakidze və Qaqa Lomedze çıxış edərək “Şota Rustaveli və Nizami Gəncəvi” kitabı haqqında fikirlərini bölüşüblər.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun icraçı direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov isə çıxışında Nizaminin əsərləri ilə bağlı incəsənət nümunələrindən bəhs edib. Ona Şota Rustaveli və Nizami Gəncəvinin birgə portretini çəkmək təklif olunub.

Tədbirin sonunda qonaqlara Nizami Gəncəvi ilə bağlı rəmzi hədiyyələr və müxtəlif nəşrlər təqdim edilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!