Həyat həqiqəti
Hər səhər günəşi doğan görməyin
Bəs edər Tanrıya şükranlıq üçün.
Xoşbəxtlik dediyin anla ölçülür -
Verərsən bir ömrü bir anlıq üçün.
Fəsillər yaşayan təbiətə bax -
Sabah xəzəl olar bugünkü yarpaq.
Hər yerdə gül-çiçək bitirmir torpaq,
Qanqal da çiçəkdir şoranlıq üçün.
Müjdələr gətirsə hər gələn sabah
Ağrılar arxada qalacaq vallah.
Zülmətə nur qatıb əridən Allah
İşığı yaratdı qaranlıq üçün.
Balıqlar oynayar suyun üzündə,
Gül bitər səhranın qumlu düzündə,
Hər yer vətən olar Yer kürəsində
İnsanlar yaşasa insanlıq üçün.
2021
Şuşama şükür
Vaqif poeziya günlərində Cıdır düzündə gəzərkən Xalq yazıçısı Mövlud Süleymanlı ətrafa boylanıb sevincini belə ifadə etdi: "Şuşaya şükür". Həmin kəlmələrdən bu şeirim doğuldu.
Burda diz çökürük torpağa, daşa,
O yanda Kirs dağı, bu yanda Şuşa.
Laçınla qol-boyun, qoşama şükür,
Şuşama şükür.
Biz zəfər yoluyla gəldik qoynuna,
Sarmaşdıq yenilməz qala boynuna.
Bu ömrə, bu günə, yaşama şükür,
Şuşama şükür.
Qovuşduq tökülən qan bahasına,
Səni bayraq etdik Göy yaxasına.
Yumruğu dəmirdən paşama şükür,
Şuşama şükür.
31 avqust 2021
Mənə bu xəbəri
qəfil deməyin
Ali Baş Komandanımızın dilindən igid əsgərlərimizin işğaldan azad etdiyi yurd yerlərimizin adını eşitdikcə sanki təzədən doğulurduq. Kəlbəcərin də alınması xəbərini necə qarşılayacağımı təsəvvürümə gətirə bilmirdim...
Mənə bu xəbəri qəfil deməyin,
Ağlayıb, sonra da gülə bilərəm.
Dərd-qəmin içində çox ölmüşəm mən,
İndi də sevincdən ölə bilərəm.
Mənə bu xəbəri qəfil deməyin -
Düşünün qəfildən öləcəyimi.
Yenilməz əsgərim qaytarır geri
Keçmişə söykənən gələcəyimi.
Mənə bu xəbəri qəfil deməyin,
Qanımı dondurar sevinc təlaşı.
Vətən həsrətinin yaşı qədərdir
Vətənçün döyüşən əsgərin yaşı.
Mənə bu xəbəri qəfil deməyin,
Eşidib-bildiyim yuxudu yəqin.
Düşmənin bağrına sancılan qurşun
Mənim nifrətimin oxudu yəqin.
Mənə bu xəbəri qəfil deməyin,
Qəmin də karvanı ötən olurmuş.
Vətən savaşında, yurd davasında
Hər insan bir zərrə vətən olurmuş.
28.XI.2021
Evimin
Diz çökərək səcdəsinə gəlmişəm
Yurd yerində yeri qalan evimin.
Damı, daşı daşınaraq yox olub
Torpaq üstdə tiri qalan evimin.
Bu ev mənim bir ömürlük itiyim,
Burdan başlar sevildiyim, sevdiyim.
Heç bilmirəm harasına ev deyim
Bir sümük, bir dəri qalan evimin.
Çəkilməyən ağrısı var bu qəmin,
Yurd bağrına çəkilən bu sitəmin.
Bir yerində izi yoxdur, dədəmin
Hər daşında təri qalan evimin.
Solub getmiş gülzarına baxıram,
Cəngəl basmış hasarına baxıram,
İndi dönüb məzarına baxıram
Xəyalımda diri qalan evimin.
4.X.2021
Öncə vətən
Şəhid məzarları önündə
düşündüklərim
Onların gen dünyası
necə sığışıb, Allah,
bu məzar darlığına?!
Tanrının dərgahından
qəbrinə baxan şəhid
sanki meydan oxuyur
ölümün varlığına.
Bu torpağa gömülən
Ruh yox, yalnız bədəndir.
Şəhid məzarlığında
torpağın hər zərrəsi
Məkkəyə, Mədinəyə
bərabərdir və təndir.
Ömür-gün sonra gəlir,
öncə gələn vətəndir.
27 aprel 2021
Mənim fəslim
Neyləsən də qabağına
Sevinclə qəm qoşa çıxır.
Quru bildiyin odunun
Yarı qismi yaşa çıxır.
Qəlb çırpınır tıncıxanda,
Gözün qalır günçıxanda.
Camaat qışdan çıxanda
Mənim fəslim qışa çıxır.
Ömür fəna, həyat bəlli,
Kim yaşayıb düzəməlli?!
Bu dünyadan sən dörd əlli
Yapışsan da boşa çıxır.
28.10.2021
Dəyməz
Səni alqışlayan qəlbində sevsin,
Yalançı çapana, çəpiyə dəyməz.
Suyun altındakı balığın ömrü
Suyun üstündəki köpüyə dəyməz.
Azad ol, xürrəm ol - imkanın olsa,
Cənnət bil öz doğma məkanın olsa.
Sənə kim toxunar tikanın olsa,
Zəhərli ilan da kirpiyə dəyməz.
Safların üzünə açılır sabah,
Bir təmiz ad qalır hər şeydən qabaq.
Qeyrətsiz kişinin qoyduğu papaq
Xoruzun başında pipiyə dəyməz.
Sevib əzizləsə halal zəhməti
Sağ ikən qazanar insan rəhməti.
Minnətli çörəyin ağır töhməti
Yediyin o yağa, o piyə dəyməz.
Gileydən, güzardan yoruldum daha,
Ay Adil, qalanı qalsın sabaha...
Düşünmə ömür-gün qızıldan baha,
Bu dünya bir qara qəpiyə dəyməz.
11.10.2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!