Sərvaz HÜSEYNOĞLU
"Türk olmalı, anadan Türk doğmalı" tələbi vardı istiqlal şairi Xəlil Rza Ulutürkün. Hər gün yenidən doğuldu... Lefortovo zindanını yardı, buzdan soyuq dəmir divarlarını əritdi. İnamını özünə sipər etdi. "Bu dəmir zindandan Bakıya 20-ci əsrin poetik ensiklopediyası ilə qayıdacam" toxtaqlığı verdi millətinə, səadəti bildiyi Firəngizinə. O dəmir divarlar arasında Pol Elüarın Vyetnama həsr etdiyi şeirini gündəliyinə köçürdü.
Mənə həyat bəxş edir bircə kəlmənin gücü.
Səni tanımaq üçün, sənə ad vermək üçün
Yarandım, ey Azadlıq!
Bu yolda Əfzələddin Xəqaninin "Zindandaşı, tale qardaşı" olmağının şükranlığını qələmə aldı. Kameradaşı Volodyanın sorğusunu cavabladı:
- Nə yazırsan?
- Deputatımıza ərizə!
- Azərbaycanca?
- Əlbət!
- Əbəsdir! Lefortovo zindanından gedər-gəlməz ərizələr yalnız və yalnız rusca yazılmalıdır.
Həmin o gedər-gəlməz zindandan ona bir udum su qıymayan rus soldatına tarixi anlada-anlada döndü... Xəlil bəyin həqiqətlərini dinləyən rus əsgəri o zaman dözməyib ağlamışdı...
Noyabrın 17-də Azərbaycan Yazıçılar Birliyində Xalq şairi, AYB-nin Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadənin təşəbbüsü ilə keçirilən anım tədbirində unudulmaz Xəlil Rza Ulutürk bu düşüncələrlə baş-başa yad edildi.
Xalq yazıçısı, AYB-nin sədri Anarın o tarixi günlər barədə söylədiklərini dinlədikcə yaddaşımda Xəlil bəyin "Lefortovo zindanında"n oxuduqlarımı birər-birər xatırlamaqdaydım: "Konvoy qabağında müstəntiqin - Aleksandr Qubinskinin hüzuruna gəlirəm. Salamlaşırıq. Qarşıma bir stəkan çay, iki konfet qoyub deyir:
- İndicə Anar zəng eləmişdi. Sən çayını içincə gəlib çıxar...
- Hansı Anar? - soruşuram. - Mənim qardaşoğlumun da adı Anardır.
- Yox, - deyir, - sizin Yazarlar Birliyinin sədri, məşhur yazıçı, SSRİ Ali Sovetinin deputatı Anardan gedir söhbət.
...Dizlərimə taqət, gözlərimə işıq gəlir. Az qala qışqırıram ki, Anarın gəlişi mənim üçün Azərbaycanın gəlişi və Azadlıq deməkdir... Mən bu düşüncələrdə ikən addım səsləri eşidirəm, qapını açıb böyük salona qədəm qoyan və sürətli addımlar ilə gələn Anarımızdır. Qalxıram. Qucaqlaşıb öpüşürük... Rusca danışırıq. Deyir, "bəzi şeyləri boynuna alıbsan, eləmi?"
- Bəli - deyirəm, - mən neyləməliydim? Ermənilərin, daşnak bandasının yarım milyon türkazəri öz ata-baba torpaqlarından qoparıb çöllərə səpələdiyi çağlarda hansı çağırışa qoşulmalıydım?..
Xəlil bəyin gündəlikdə yazdıqlarını Anarın xatirələri izləyir: "Müstəntiqə deyib ki, siz imperiyanın qul təbiətli əsgərlərisiniz... Həmin günlərdə ölkə başçısı ilə tez-tez görüşür, şairin azadlığa buraxılması üçün köməkliyini əsirgəməmisini bildirirdim. Deyirdi: "İşə gəlirəm, Xəlili sən, evə gedirəm, həyat yoldaşım tapşırır..."
Xalq şairi Nəriman Həsənzadə söhbətə qoşulur: "Altmış illik yubileyimə şeir həsr etmişdi. "Gözün aydın, əziz dost, günbəgün gəncləşirsən" - deyə:
Makinaçı, maketçi, mürəttib də olursan,
Tək dan üzə köşkə çıxsın cəsur bir qəzet.
Vur, çatdasın köləlik. Şəri darmadağın et...
Azərbaycan qurşunlar, güllələr altındadır,
Düşmənlərin ən iyrənc xəyanət qatındadır.
Qəzetçilik döyüşdür, macal vermə, qardaşım,
Sağlığımda qoyulsun baş girləsəm, baş daşım.
...Birinci misrasından sonuncu sətirədək
Qəzetini bana ver!
Savalan zirvəsindən dünyaya söz deməyin
Ləzzətini bana ver.
...Çocuq, əziz Nəriman!
Büllur Nərimanımız!..
Beləydi Xəlil bəy. Kükrəyirdi. Onun istintaq işi Bakıda davam etdiriləndə getdim bu gün təbdirimizdə iştirak edən hakimin - həm də gözəl ziyalı olan İlqar Abbasovun yanına. Xahiş etdim ki, Xəlilin xilası naminə köməkliyini əsirgəməsin. Dedi, "Xəlil bəy bizim millətin oğludu, böyük vətəndaşdır. Onu kimlərinsə ayağına verməmək bizim borcumuzdur". Dedim: "Heç nədən qorxmayıb Xəlil Rzaya bəraət verən cəsarətli hakimə şeir həsr edəcəm"". Və əminliklə ayrıldım... Aradan 31 il keçib. Yaxın günlərdə hörmətli hakim İlqar Abbasov mənə bir məktub yazıb ki, mən üzərimə düşəni o vaxt etdim. İndi növbə sənindir, söz verdiyiniz şeirin yolunu gözləyirəm. Məktubda yazılanlardır:
"Çox hörmətli, şərəfli, şöhrətli Nəriman müəllim! Sizi ürəkdən salamlayıb, arzu edirəm ki, həmişə sağlam olmaqla bərabər özünüzə, istəklərinizə, Sizi istəyənlərə, vətənimizə, dövlətimizə lazımlı olasınız.
Əziz Nəriman müəllim, Moskovada Lefortovo həbsxanasında saxlanılan Xəlil Rza Ulutürkün və qeyriləri haqqında cinayət işinə Bakı Şəhər Məhkəməsində baxılmasına gedən hazırlıq zamanı dediyiniz - Xəlil Rzaya qorxmayıb bəraət verə bilən cəsarətli hakimə şeir həsr edəcəyiniz barədəki sözünüzü güman edirəm ki, unutmayıbsınız.
Mənim sədrliyimlə həmin işə baxan məhkəmə Xəlil Rzaya onun əməlində cinayət tərkibi olmadığına görə bəraət hökmü çıxartdı.
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi istintaq qrupunun apardığı və SSRİ Baş prokurorunun müavinin təsdiq etdiyi ittihamnamə üzrə təqsirləndirilən şəxsin məhkəmə iclas zalından azad edilib və sonra da ona bəraət verilməsi, üstəlik də SSRİ prokurorluğunun haqqında, istintaq zamanı onun qanunla qorunan hüquqlarının pozulması ilə əlaqədar xüsusi qərardadın çıxardılması Azərbaycan məhkəməsi tarixində ilk və sonuncu hadisədir.
Moskva şəhərində bir yerdə oxuduğunuz dövrdən gənclik dostunuz, sirdaşınız olmuş Xəlil Rzanın barəsindəki 20.11.1990-cı il tarixli həmin hökmü və s. sənədləri Sizə göndərərək, ümid edirəm ki, heç olmasa 31 ildən sonra verdiyiniz sözünüzə əməl edəcəksiniz.
Bir məsələni də xatırlamaq istəyirəm ki, ölkəmizdə qeyd olunan, millətimizin də ən əziz bayramlarından biri - Qurban bayramıdır ki, onun da mahiyyəti - verilən sözə əməl etmək tövsiyəsidir.
Əziz Nəriman müəllim, bir söznən, "Duşa moya xoçet stixa".
Dərin hörmətlə Sizin İlqar
Bakı şəhəri 12.10.2021"
Sonra Nəriman müəllim özünəməxsus duyğusallıqla hakim İlqar Abbasova söz verdiyi və məxsusi olaraq ona həsr etdiyi şeiri oxuyur:
Azadlıq istədi xalqına, hakim,
qılınclı, qalxanlı ərlərə əvəz.
Dedim, həssas olun siz ona, hakim,
Azadlığı qram-qram istəməz.
Püskürdü o bəzən vulkanlar kimi,
yandı, alovlandı özü-özündən.
Göydə bir Tanrısı, yerdə hakimi,
ədalət istədi hər ikisindən.
Xəlil - nəslimizin ilk tufanıydı,
nitqi küləkliydi, sözü kəsəydi.
Xəlil - hamımızdan mehribanıydı
zamanın küləyi sərt əsməsəydi.
Gələn sabahlara rahat baxırdı,
toxunsan, hər sözü bir cihatıydı.
Oğlunun adını Təbriz çağırdı,
Araz nəğməsinin nəqaratıydı.
O da hamı kimi gəzdi yer üstə,
bizə tanışıydı o gülüş, o əl.
Salyanda doğuldu, dünən Kür üstə,
Fəxri xiyabanda qalxan o heykəl!
O da istəyirdi şeir oxusun
Məhəbbəti - Firəngizin eşqinə.
O da arzusuna gedib qvouşsun
iki qəlbdə, bir həvəsin eşqinə.
Gözümdən düşmüşdü bürkü qanunlar,
Xəlili görəndə sevindim, uçdum.
Yəqin, müvüqqəti buraxıbdılar? -
nə o bir söz dedi, nə mən soruşdum.
Mənzil uzağıdı, ömür də qısa,
dünya bəxtəvərlik meydanı deyil.
Şair vətənində təqib olursa,
demək o, şairin vətəni deyil.
Şayələr gəzirdi - Xəlilə zindan!
Çatmışdı bizə də xəlvəti bir səs.
Hakimin verdiyi son qərarından,
narazı qalıbmış, o vaxtkı Mərkəz!
Bir də Xəlilgildə eşitdim ki, mən
burda, yuxarıda işi əyiblər.
Hakim götürülüb vəzifəsindən,
siyasi rəng verib, hədələyiblər.
Dedim elədisə, hakimə əhsən,
millətin oğludur, əslində o da.
Xəlilə siyasi azadlıq verən hakim olsa da.
Necə başa vurdum mən o illəri,
Ağrım-acımdımı çıxır ürəkdən?!
"Ulütürk azaddır" - yazan əlləri,
hər bəndim dördəlli sıxır ürəkdən.
Hakim İlqar Abbasov səmimi şeir üçün şairə minnətdarlıq edir: "Kövrəldim və ötənləri xatırladım. Dərin rahatlıq hissi keçirirəm ki, hər cür basqıları nəzərə almadan o zaman Xəlil Rzaya bəraət qazandıra bildik. Və bu qərardad mənim imzamla tarixə düşdü. Az keçməmiş Moskvada dövlət çevrilişinə cəhd oldu. O zaman mənə deyirdilər ki, səni tutacaqlar. Cavab verirdim: "Ola bilər. Onsuz da mən Sibirin yollarına yaxşı bələdəm. Birtəhər keçinərəm. Ancaq qürur duyuram ki, haqq yolunda bəhs olunmuşam, Azərbaycan uğrunda savaşan bir qəhrəman şairin haqqını qorumuşam. Xəlil bəyə bəraət verilən günün səhəri qəzetlər yazdı ki, "Güllər hakimə çatdı!" Bununla bağlı SSRİ Baş Prokurorluğunun etirazı oldu... Ancaq artıq qatar keçib getmişdir..."
AYB-nin katibi İlqar Fəhmi çıxış edərək bildirdi ki, Xəlil bəyin savaşı Azadlıq savaşıydı. Şəxsi marağı yox idi. Millət, xalq üçün çalışırdı.
Akademik Teymur Kərimli, Xalq yazıçısı Natiq Rəsulzadə, AYB sədrinin müavini Rəşad Məcid unudulmaz Xəlil Rzanın vətəndaşlıq missiyasından söz açdılar. Qeyd etdilər ki, o, alovlu vətəndaş duyğusu ilə yazıb-yaradırdı. Qədirbilən xalqımız Xəlil bəyin xatirəsini həmişə əziz tutur, onu unutmur".
Bu deyilənlərin axarından tez-tez böyük şairin ömrü boyü "canım-gözüm" - deyə əzizlədiyi Firəngiz xanımın da adı keçməkdəydi. Xəlil bəyin misraları xatırlanırdı:
Canım-gözüm Firəngiz,
dünyada hamıdan çox
səndən nigaranam mən.
...Heç bir alçaq önündə
kölgələnmə, şax yeri,
Çıraq olsun gözünə Xəlil Rza sözləri.
İyirminci yüzilin xoşbəxt balasıyıq biz,
Bizim xoşbəxtliyimiz - yalnız ləyaqətimiz!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!