Su üstündə yerimək - Cavi Dan - Cavi DAN

Oraq, araq, varaq...

Cavi DAN

4-cü yazı

Yaradıcı adam öz qabında olmayanda dağıdıcı olmağa məhkumdur - ya özünü, ya da çevrəsini.

Bu sözləri bu günlərdə bir rəfiqəmə demişdim. Şeir yazan, amma bunu bütün doğmalarından israrla gizlətməyə məcbur olan, gizlətməsə, ailəsini və doğmalarının hörmətini itirəcəyindən qorxan dərya ruhlu bir qadına. Mən ona bircə məsləhət verdim: Gizlətməyə davam et...

Çünki bu məsləhətin ikinci variantını deməyimin mənası olmayacaqdı. "Yazma" variantının yəni.

Virciniya Vulf deyirdi ki, yazmağa qərar verən hər bir qadının özünə aid ayrıca otağı və pul vəsaiti olmalıdır. Məncə, bu fikir qadınlı-kişili hər kəsə aid ola bilir. Və əziz Virciniyanın bu məşhur və sevimli fikri ilə tamamilə razılaşıb, sözünə qüvvət olaraq da demək istəyirəm ki, yazmağa qərar verən hər bir qadının həm də özünə aid ayrıca kiçicik də olsa, bir dost çevrəsi olmalıdır. Biz buna "anlayış zonası" da deyə bilərik. Anlayış zonasında mütləq bizi sevən, bizi yarı kəlməmizdən tam başa düşə bilən, bizi hər vəziyyətimizdə dəstəkləyən insanlar olmalıdırlar. Bu, hətta bircə adam da ola bilər. Axı siz də razılaşarsız, bəzən insan güclü olmaqdan yorulur, ana qucağı qədər doğma və etibarlı dizlərin üstünə başını qoyub, gözlərini yummaq və bütün hallarının anlayışla, sevgiylə qarşılandığı hansısa bitməyən bircə anın içərisində zamanın fövqündə hiss edir özünü, ölür, yanır, kül olur, yenidən doğulur, yeni güclə qayıdır özünə, yaşadığı real zaman kəsiyinin çərçivəsi arasına...

Ana dedim, gözəl Müşfiq demişkən, "ürəyimə yanar odlar saçıldı".

Biz anamla bir-birindən tamamilə fərqli iki dünyanın adamları kimi olduq hər zaman. Bizi birgə yaşamağa vadar olduğumuz məkana mənim  öz yaradıcı ruhuna bu dünyada yer tapa bilməyən, "kişi şeiri ancaq sevdiyi qadın üçün yazar, yazdığını da faş eləməz" fəlsəfəsi ilə yaşayan atam gətirmişdi, o da bizi tanış etmədən çıxdı getdi daha başqa bir dünyaya, o qədər. Və dünyanın bu üzündə yazar olmayan və yazar olan iki qadın qaldı. Bəzən gecələrin soyuğunda odun sobası alışdırmaq üçün şeirləri doğma əllərdə oda tutulan mən və atamın gizli şeirlərinin o şeirləri heç vaxt oxumayan ilham pərisi olan anam. O varaqlarda nələr yandı, nələr kül oldu...

Keçən ilin gərgin axşamlarının birində yerli bir  serialın növbəti seriyasını yazdığım vaxt anam televizorun uca səsi altında öz sevimli türk seriallarından birini izləyirdi. Prodüser də bir tərəfdən zəng edib israrla ssenaridəki qətl törədiləcək aləti dəyişməyimi istəyirdi. "Orağı hardan taparıq?" - deyirdi. Mənsə "kənddə istənilən evdə olar" deyirdim. Və mənim "oraq" söhbətimi eşidən anam köməyini təklif etdi: "Bizim bir köhnə oraq var, verim, çəksinlər də, mən də baxıb fors eləyərəm ki, orağımı serialda göstərirlər".

Bax, belə anlarda dünya adamın başına fırlanır, düzdür? Mən sadəcə mat-mat anamın üzünə baxmışdım: "Mama, o serialı sənin qızın yazır e..."

Anamsa bu sözlərimi eşitməmişdi, hətta baxdığı türk serialındakı növbəti atışma səhnəsi fikrini aparmışdı özünə.

Baxın, belə də olur, əzizlər.

Adım kimi əminəm ki, sizlərin də ən doğma insanlarınız arasında sizin "anlayış zona"nıza yad olan ailə üzvləriniz, dostlarınız, həmkarlarınız var. Və onlar üçün siz sadəcə lazım gələrsə, yolunuzda ölümə də getməyə razı olacaqları doğma adamsınız, yaradıcı insan yox.

"Anlayış zonası" olmayan və ya çox dağınıq olan yaradıcı adamlar başını qoyub susmağa və yenilənməyə doğma dizləri tapmayanda yaradıcılıqları çirkaba bulaşmış kimi ağırlaşmağa başlayır, bəzən sadəcə vərdiş ediblər deyə yazmağa davam etsələr də, əvvəlki rahat ruhları olmur, depressiyaya qapılırlar, bəziləri araqda, bəziləri sahmansız sevgi münasibətlərinin xaosunda ovunmağa can atır. Hamısının da bir səbəbi (əslində bəhanəsi) olur: Məni anlayan yoxdur.

Var, əzizim, mütləq kimsə var, kimlərsə var. Sadəcə, sən öz "Anlayış zonanı" doğru təxmin etməmisən, elə bilirsən ki, sənin yanındakı hər kəs mütləq o zonanın daxilinə girməlidir. Reallıq isə bəzən bir az, bəzən də çox uzaqlarda ola bilir. Hətta yalnız bu dünya ilə belə bitmir.

Məsələn, mənim "anlayış zonam"dakı insanlardan biri Caviddir, biri Muğanna, biri Puşkin, biri Bulqakov, biri Nəsimi... hələ daimi oxucularım olan insanlar var, bəzi çox qiymətli həmkarlarım var, hansılarla ki, sadəcə salamlaşmaq belə ruh gücü bəxş edir... və bir də öz övladlarım. Mən öz zonamı özüm yaratdım, özüm ərsəyə gətirdim, deyə bilərəm. Halbuki, əvvəllər mən də ən az sənin qədər narahat idim və ən az sənin qədər əzab çəkirdim "məni anlayan yoxdur" bəhanəsiylə. Anama gəldikdə isə... o sadəcə özünə aid bir rahat zonada hər gün namazlar qılır və mənim üçün dualar edir, o qədər...

Mən bilirəm, bu yazımı ailə üzvləri, həyat yoldaşları pul xərcləyib kitablarını çap etdirən, təqdimatlarına yardımçı olan, banketlər verən şeir yazan qadınlar başa düşməyəcəklər. Onlar deyəcəklər ki, hər şey adamın özündən asılıdır və sair və ilaxır və göydən üç alma düşdü...

Sağ olsunlar.

Mənsə öz "anlayış zonası"nı yalnız virtual aləmdə qurmaq imkanı olan qadınlardan yazmaq istəyirəm. Rina İşıqdan, Bahar Zamanovadan və b. Şeirləri bütün internetdə sevilə-sevilə dolaşan, amma ailələrində belə evdar qadından başqa bir tanıtımları olmayan gizli şairələrdən yəni.

Amma bu haqda gələn sayda...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!