"Əllərimi uzadırdım, nəfəsiylə qızdırırdı..." - Müsahibə - FOTOLAR

"Ədəbiyyat qəzeti"nin "Ömrümün keçdiyi sahildən uzaqlaşdıqca" layihəsinin budəfəki qonağı İradə Tuncay atası Məmməd Arazla bağlı xatirələrini bölüşür.

- İradə xanım, zaman keçdikcə insan ötən günlərə daha çox qayıtmalı olur. Siz necə, həmişə qabağa, qarşı tərəfə baxırsız, yoxsa  xatirələrə dalmaq, ötən günlərə varmaq sizin də həyatınızın bir parçasına çevrilib? 
- Bunun səbəbləri var da. Qarşıda nə olacağını bilmirsən və bu  gün sənə dünəni yada salır. Bəlli bir yaşdan sonra da köhnənin ideallaşma prosesi hərəkətə keçir. Çünki o  geridə  qalan günlərdə  uşaq idin, gənc idin, enerjili idin, şən idin. Hər  şeyi anlamırdın və arxayın idin. Müəyyən dövrdən sonra isə  problemlər bütün ağırlığı ilə yağır üstünə .  O  zaman sənə elə  gəlir ki, keçmişdə hər  şey gözəl idi.
- Bu dəfə sizin atanızla bağlı xatirələrinizi oxucularımızla paylaşmanızı istəyirik. Deyin, Məmməd Arazla bağlı elə bir xatirəniz varmı ki, hələ də o sizin xatirə dəftərinizin, qəlb dəftərinizin vərəqlənməyən səhifəsində qalsın, kiminləsə bölüşməyəsiz?
- Əlbəttə var. Susmaq lazım olub ki, kimsəylə bölüşməmişəm. Həm Məmməd Arazla, həm də atamla bağlı... Yəni gördünüz ayırdım -atam və şair. Hamının atası ictimai, məşhur fiqur olmur. Bu da  bir  məsuliyyətdi. Ona görə  nəyi deyib, nəyi susmağı bilməlisən. Bunlar mənə aiddi, özəldi. Güman eləmirəm hamı  bilsə, nəsə dəyişəcək. Nə  onun həyatında (mümkün deyil təbii), nə də  mənim...
- Çox istərdik ki, atanızla bağlı xatirələrinizin  ilk günlərindən başlayasız. O vaxtlardan ki, siz hələ balaca uşaq idiniz. Uşaq yaddaşınızda atanız necə qalıb? Körpələrin yaddaşı iti olur axı...
- Körpələrin yaddaşı yəqin üç-dörd yaşından sonra itiləşir. Həmin yaşda hamının atası necə  olur? Nağıl danışır, gəzməyə aparır, ezamiyyətlərdən dolu çemodanla gəlir, istəklərini qarşılayır...Belə ...Yasamalda yaşayırdıq -beşinci  mərtəbədə  idi evimiz. Bəzən hardansa  gec  qayıdanda maşında mürgüləyirdim. Atam qucağında qaldırırdı  məni evə. Qapını açan kimi mən də gözlərimi açırdım. Gülürdülər.
Musiqi məktəbinə aparırdı məni tramvayla. Yasamaldan mikrorayona gedirdik. Qarda - qışda. Donurdum. Xüsusən barmaqlarım. Əllərimi uzadırdım, o da  nəfəsiynən qızdırırdı. Son vaxtlar o istini özləyirəm çox. Sığalını, tumarını, səsini... Bəzən fraqmentlər gəlir göz  önünə, bəzən də tammetrajlı film.
- Balaca qız uşağının, sonralar yeniyetmə olan sizin zaman keçdikcə, yaşınızın üstünə yaş gəldikcə Məmməd müəllimi necə tanıyırdız? 
- Atanı nə tanımaq? Atadı da.
- Bəs orta məktəbdə oxuyarkən  atanızın adının ətrafında forslanmaq necə, olurdumu?
- Hamının atası televizorda danışmır. Hamının atasının kitabı olmur (o  vaxt olmurdu hər halda). Biz Yasamalda yaşayırdıq və  o  vaxt bizim məhəllədə cəmiyyətin hər  təbəqəsi, zümrəsi məskunlaşmışdı. Binamızda alim də vardı, yazıçı da, fəhlə də, həkim də. Və məktəbdə də elə  bu ailələrdən uşaqlar  oxuyurdu. Azacıq fərq gözə  çarpırdı. Daha çox dağlı məhəlləsindən uşaqlar gəlirdi məktəbə. Həmin azacıq  fərq özünü mütləq  göstərirdi. 70-ci ildə atam ilk dəfə  xarici ölkə səfərinə getdi. Fransaya. Qayıdanda mənə gözəl ayaqqabı  gətirmişdi. Bütün məktəb tamaşasına durmuşdu. O  vaxtı xatırlayanlar bilir -geyim məsələsi gərgin idi.Yəni  qıtliq  idi. Geyindim getdim məktəbə, itələdilər ayağım ilişdi yıxıldım. Ayaqqabının üstündəki sancaq qopdu. Ağladım. Həəə.... Bu  yaşa  gəlmişəm, nə qədər geyimlərim olub. Özüm hər  yeri gəzmişəm, amma elə gözəl ayaqqabım olmadı ondan sonra. Yəni mənə elə gəlir. Bu da fors...- İki bacı olmusuz. Atanızın daha çox hansınız sevimlisi idiz? 
- Bacımla mənim aramda yeddi il fərq  var. Üç uşaqları doğulub, tələf olub. Bacım doğulanda elə  bilirdim özümlə  oynamağa yoldaş gəldi. Amma sonra gördüm yox eee, əksinə, qayğısın çəkmək lazımdı. Atam xəstələnəndə bacım çox kiçik  idi. O  görmədi onun sağlam, güclü vaxtların. Yəqin buna görə də atam onu daha çox əzizləyirdi. Ölümündən az əvvəl dedi ki, ona -səninçün heç nə edə  bilmədim... Bacım deyir ki, yuxuda həmişə cavanlığını görürəm. Halbuki görməyib elə vaxtların. Mənim də gözümün qabağına həmişə o çağları gəlir. Elə bil beynim özü məni ağrılardan qorumaq istəyir. Bloklanır bəzən o  xatirələr.
- Ata-bala müstəvisindən bir qədər kənara çıxıb  onunla dost ola bildinizmi?
- Ola bilmədim. İmkan olmadı. Danışa bilmirdi - mənim də ürəyimdə ona verəcəyim suallar qaldı. İndi də bəzən özlüyümdə  danışıram onunla. Məlum məsələdi ki, cavab da  yoxdu. Daha çox qayğı çəkən dayə, ana, bacı oldum. Dostluq  olmadı.
- Ətrafında çox dəyərli, böyük yazarlar olub, onlarla dostluq edib. Amma özlərinə dost adı verdirənlərdən xəyanət də görüb. Yadınızda qalıbmı belə anlar? - Qalıb təbii. Onların dostluq zamanı indi klassik dediklərimizin əksəriyyəti cavan idi. Sonra  sualtı cərəyanlar durumu dəyişir axı - hərənin taleyi bir  cür  gəlir. Bu xəyanət dediklərinizə kimsə də həyatın normal axarı kimi baxa  bilər. O, özünü hamıdan təcrid eləmişdi. Elə bil içinə hicrət eləmişdi. İstəmirdi onu belə  görsünlər. Amma  son günlərinə qədər görmək istədiyi adamlar vardı. Onlar da gəlmədilər. Yəqin həmin insanlar da onu belə  görmək istəmirdilər. Yəni bəraət  belə olsun...
Bir dəfə sual verdim ona:
- Niyə sən hamını belə asan bağışlayırsan?
- Neynəyim, güllələyim?
- Sən də həmin adamdan yaza bilərdin. Elə yıxardın, bir də qalxa bilməzdi.
- Gəldi yanıma, "məni bağışla"- dedi, "səhv eləmişəm"- dedi, "sifariş idi"- dedi. Belə şeylər çox olub. Hamıya eyni ölçü ilə yanaşmaq olmaz. Zəifi var, güclüsü var.
- Olubmu ki, Məmməd Arazla saf dostluq edənlərin arasına bədxahları ləkə salmaq istəsin və bacarsın?
- O  özü çox  saf və  hər  kəsə  inanan  insan idi. Hər  yalana inana bilərdi. Amma kimsəylə bunu müzakirə də eləməzdi. Bilirdi  və üzə  vurmurdu. Mən indi belə düşünürəm ki, mənasız  olduğunu anlayırdı. Buna  zaman  xərcləmirdi. Əslində şeirlərində var bunlar... Özü olduğu kimi.
Tutarlı  söz  gəzmə özünü yorub,
Məni bilirsən ki, aldatmaq asan...
Desələr: "Ay səni qonaq çağırıb,
Marsla evlənəcək", inanasıyam...
- Atanız daha çox kimlərlə oturub-dururdu və bu yaxınlıq yeniyetməlik dövrünüzə qədər sizdə o insanlara bir doğmalıq hissi oyada bilirdimi?
- Gəncliyindən sona  qədər Söhrab Tahirlə isti münasibətləri olub. Ədəbi cameədən çox  adamla dostluq ediblər. Amma həyat bu - hərəni bir tərəfə aparır. Kimi yüksəlir, kimi yıxılır. Musa Yaqub olub, Faiq Dərgahov olub, Ağayar Həsənov olub, Cəfər Quliyev, İsa Məmmədov olub.... Yazar da var  aralarında, başqa sənət sahibləri də. Mən dedim axı, xəstəlikdən sonra ünsiyyətdən qaçırdı... Görünür, bu həm də psixoloji tərəfi idi xəstəliyin. Əvvəllər dostluq elədiyi adamlar sonra yerlərini başqa  adamlara verdilər. Fədakar adamlara...
Tez yağdı, tez yağdı bu payız qarı,
Söndü çox əllərin odu barında.
Nə qəfil seyrəldi dost sıraları,
Nə dolu şax sındı dostlar bağında!
Gənclik illərindən çox  yaxınlıq etdiyi bir  insan  vardı. Böyük vəzifəsi oldu o  vaxta görə. Aqil işsiz  idi və atam ondan  xahiş elədi işə götürsün onu. Təfərrüatları demirəm - götürmədi. Sonra günlərin bir günü başqa bir  şair axşamüstü qalxdı bizə (11 -ci mərtəbədə yaşayırdıq, o  bina  sökülüb indi). Dedi bəs filankəs aşağıdadı, səni gözləyir. Deyir gedək yemək-içməyə. Atam qayıtdı ki, ona  denən - mən onnan heç ehsan yeməyə də getmərəm!..
- Bəs atanızı tanıdıqdan, kimliyini bildikdən, nüfuz və istedad sahibi olduqdan sonra sizdə nələr dəyişdi?
- Əvvəldən necə idimsə, elə də qaldım. Niyə dəyişməliydim? Vəzifə deyildi ki, dəyişdirsin adamı.
- Məmməd müəllim sizin üçün təkcə ata idimi? Ondan nələri öyrəndiniz ki, özünüz valideyin olanda karınıza gəldi?
- Onun dedikləri həyat üçün deyildi. Kitab üçün idi... Bu  dünyanın adamı deyildi o. İnsan idi... Böyük mənada...
- Ailə başçısı olaraq necə idi? Sizə, ailəyə vaxt ayıra bilirdimi? Ananızla heç sizlərə görə incik, küsülü qaldığı vaxtları xatırlayırsız?
- Bizə  görə  niyə incik olsun ki? Amma  bütün ailələrdə olan krizlər bizdə də  yaşanıb. Və mən bunu ağrı ilə qarşılayırdım. İndi isə fikirləşirəm ki, niyə belə həssas idim axı?
- Qonşulara münasibətdə, dostlara münasibətdə sizin illərin o tayında qalan müşahidələriniz bizə nəyi deyə bilər?
- Deyim ki, Yasamaldakı evimizdə qonşularla  münasibət vardı. Beynəlmiləl bir həyət idi. Hər millətdən adam vardı. Qapıbir qonşularımız qarışığı olan iranlı idi. Mehriban adamlar idi. Su gəlmirdi həftələrlə, aşağıdan daşıyırdıq. Bəzən qonşuların evlərindən. Sonra yaşadığımız  ev isə qapalı çevrə idi. Elə bir  münasibət olmayıb. Həm də danışa bilməyən adam nə  ünsiyyət quracaq ki?
- Səfərlərdə olub. Sizə aldığı hədiyyələrdən qoruyub bu günə çıxartdığınız varmı?
- Səfərlərdə çox olurdu sağlam vaxtlarında. Və mən də səbirsizliklə çemodanları da  gözləyirdim. Qayıdanda gecənin hansı vaxtı olur-olsun həmən açırdım, baxırdım mənə nə  gətirib. Məktəb formasından tutmuş bəzəkli bantlara qədər ... Amma  hədiyyə niyə  deyək? Atanın övladına borcu deyək də. O vaxtdan nə qala bilər ki? Paltar, ayaqqabı? Əvvəl mən geyinərdim, sonra bacım. Bəlkə  oyuncaqlar qala bilərdi. Onları da tez  sındırırdım.
- Məmməd Araz kimi şəxsiyyətin sözsüz ki, gənclərə xüsusi qayğısı, diqqəti olub. Olubmu ki, o istedadlı gənclərə görə kimlərləsə üz-üzə gəlsin, haqqı nahaqqın ayağına vermədiyinə görə əl-ayağına dolaşsınlar?
- Gənclərə olan qayğısına görə hələ özü  gənc olan vaxtlardan hər  kəs ona "Əmi" deyirdi. Bunlar  məlum faktlardı. Üz -üzə gəlmək isə hər zaman ədalətsizlik görəndə olub. Hər  zaman  kiməsə  görə olub. Düşmən qazanıb özünə. Ona  görə də yaşadığı həyatı yaşayıb...
- Ümumiyyətlə, deyin, Məmməd müəllim xatirələrdə daha şirin, xoş, sevilən, yaddaqalan idi, yoxsa həyatda?
- Baxır kimin xatirələrində. Mənim atam idi - ona  aid  hər  şey çox canlıdı. Heç xatirə də deyə bilmirəm. Orda sevgi var, şənlik var, əzab var. Həyat var. 45 il yanaşı yaşadımsa - bunun 40 ilini xatırlaya bilirəm. Bəzən mənə elə gəlir ki, əlimi uzatsam, toxuna biləcəm. Yəni ürək döyüntüsü, qəlb çırpıntısı var. Danışa  biləndə öz  uşaqlığından söhbət  edirdi və  mənə elə  gəlir ki, mənim yaşadığım hadisələrdi bunlar...
- Necə düşünürsüz, atanızın ümüdlərini doğrultmusuz?
- Mənə olan ümidləri barədə heç danışmadıq biz. Bilmirdim nədi o  ümidlər... 
Təsəvvür edin ki, bir gülüstanda, gülzarda gəzirsiz. Güllərin ətri bihuş edir, quşlar ötür, bulaq şırıldayıb axır. Və bu anda bir naqafil gürşad başlayır, buludlar örtür günəşin üzün, sel gəlib hər yeri tarmar edir... Bax belə...

Söhbətləşdi: Faiq Balabəyli


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!