Facebookda "Əbu Turxan: fikrin qönçələri" səhifəsinin müharibə günlərində paylaşdığı aforizmlər
Səlahəddin XƏLİLOV
27 Sentyabr 2020
"Başladınsa, başa çatdır!"
28 Sentyabr
"Sıxılmış yay açılanda, qarşısında durmaq çətin olur".
29 Sentyabr
"Düşüncələr toplanmasa da, dualar toplanır".
30 Sentyabr
"Yüz dəfə üstələyən yox, ən son üstələyəndir qalib".
1 Oktyabr 2020
"Haqqa xidmət edəndə gücün də üzü gülür".
2 Oktyabr
"Qandan gözü doymayanları ancaq öz qanı ilə doydurmaq olar".
4 Oktyabr
"Torpağın da səbr kasası var, onu kinlə dolduranlar öz kinində boğulur".
5 Oktyabr
"Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır".
6 Oktyabr
"Namərdin yalvarışı, - mənə aman ver, gör sənə neyləyirəm, - deməkdir".
7 Oktyabr
"Şəhidlərin ruhu da savaşır".
8 Oktyabr
"Şad xəbərin bəkləntisi də özü qədər həyəcanlı olur".
9 Oktyabr
"Zülmətin tək qənimi işıqdır".
10 Oktyabr
"Yük var, yüngülləşdirir".
11 Oktyabr
"Kin qusan kinində boğular".
12 Oktyabr
"Güclü arxa ona görə deyil ki, sənin əvəzinə önə çıxsın; ona görədir ki, özün önə çıxanda ağlın arxada qalmasın".
13 Oktyabr
"Zəfər çələngində hər çiçəyin öz əvəzsiz ətri olur".
14 Oktyabr
"Fərdi sevgidən ilahi sevgiyə yüksəliş yolunda ən ali məqam Vətən sevgisidir".
15 Oktyabr
"Vətəni sevməyin daha bir şərti, - onun uğrunda savaşanların sevincini də, acısını da onlarla birlikdə yaşamaqdır".
16 Oktyabr
"Zavallı olmaq heç kimə haqq qazandırmır; zəhmət çəkib güclü olmaq lazımdır".
17 Oktyabr
"Hərə öz qəlbinin dərinliklərindəki işığı üzə çıxara bilsə, dünya daha işıqlı olar".
18 Oktyabr
"Vüsal yaxınlaşdıqca, həsrətin şiddəti artır".
19 Oktyabr
"Savaşda sağ qalmağın tək yolu ölümü öldürməkdir".
20 Oktyabr
"Sevinc nərdivanı da ona görə pillə-pillə olur ki, xoşbəxtliyin ağırlığından dəngə pozulmasın".
21 Oktyabr
"Müharibələr sanki ancaq torpaq uğrunda olur, - əslində həm də itirilmiş milli özgüvəni bərpa etmək üçün bir sınaq meydanıdır".
22 Oktyabr
"Həyat sadəcə nəfəs almaq deyil; həyatı şərəfləndirən - nəfəslərin donduğu anlardır".
23 Oktyabr
"Bütün dünyanı aldadanlar üçün sonda ancaq bir yol qalır, - özünü və öz millətini də aldatmaq".
24 Oktyabr
"Kəsmək haqqı kütlərə veriləndə sadəcə əzab verər... İti qılınc isə əzablara son qoyur".
25 Oktyabr
"Qələm - yazanda, qılınc - kəsəndə, ordu da ancaq hərəkətə keçəndə özü olur".
26 Oktyabr
"Bıçaq sümüyə dirənəndə min illərin geni özünü göstərir; kimin isə aslan/qurd keçmişi, kimin isə tülkü/çaqqal keçmişi üzə çıxır".
27 Oktyabr
"Əgər bir ordunun beyin mərkəzi zədə alıbsa, nə qədər tez təslim olsa, itkisi də o qədər az olar".
28 Oktyabr
"Namərd... özündən daha qəviyə rast gəlməsə, insaf yadına düşməz".
29 Oktyabr
"Ədalət!
Nə qədər nəcibdirsə, o qədər azman,
Son sözü düz sözə verəcək zaman!"
30 Oktyabr
"Bir gülə həsrətəm, bülbüllərə tən,
Bir rəngə həsrətəm, möhnətdə itən...
Dedilər çarəsi xarıbülbüldür,
Bu dünyada ancaq Şuşada bitən!".
31 Oktyabr
"Yalançıların xidməti birdəfəlik istifadə üçündür".
1 Noyabr
"Alçaqlar yüksək dəyərləri anlamaz; onlarla ancaq gücün dilində danışmaq lazımdır".
2 Noyabr
"Güllə insanı öldürə bilər, insanlığı - yox".
3 Noyabr
"Haqsız olanların "haqqı" gücü çatan yerə qədərdir".
4 Noyabr
"Bir işıq istərəm qəmi əridən,
Bir sevinc istərəm kədərimə tən".
5 Noyabr
"Yaşadığın torpaq deyil, ruhu ilə yaşadığın və ruhunu yaşatdığın torpaqdır Vətən".
6 Noyabr
"Sevgidən dəli olanlar öz canından keçməyə, nifrətdən dəli olanlar, - başqalarının canına qıymağa hazır olurlar".
7 Noyabr
"Xarab qandan təmizlənmək üçün təmiz qan da tökülməli olur".
8 Noyabr
"Həsrətin acısı nə qədər böyükdürsə, vüsalın sevinci də bir o qədər böyük olur".
9 Noyabr
"Ən uca zirvə qəlbin dərinliyindədir!
Bayraq da daim yüksələ bilmək üçün öncə qəlblərdə dalğalanmalıdır".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!