İlqar FƏHMİ
Kiçilən dünya
Dünya getdikcə kiçilir - bu ifadəni son onilliklərdə çox eşidirik. Elm, texnika inkişaf edir, hərəkət sürəti artır. İnsanlar dünyanın o başı ilə əlaqə yaradıb söhbət edir, bütün dünyanı az qala bir günə dövrə vura bilir. Hər yer yaxında, burda əlinin altındadı az qala. Bir zamanlar çox böyük görünən dünyamız bu gün həqiqətən də kiçilib, ovuc içinə yerləşən smartfona sığışır.
Lakin dünyanı gözümüzdə kiçildən bu inkişafın ilk baxışdan görünməyən tərəfi də var - insanlar da kiçilir, şəxsiyyətlər sürətlə azalır...
Məntiqlə, kiçik dünyanın cılız da adamları olmalıdı. Böyük şəxsiyyətər bu kiçik dünyada sanki dar bir qəfəsə salınmış kimi görünürlər...
Bəs, görəsən, niyə bu gün bir çox sahələrdə, ələlxüsus dünya siyasəti arenasında böyük şəxsiyyətlər, tarixi şəxsiyyətlər barmaqla sayılacaq qədər az qalıb?
Poetik söz oyunlarını hələlik kənara qoyub, kiçik bir tarixi ekskurs edək...
Proseslərin başlanğıcı
Avropada XVII əsrdən başlayaraq vüsət tapan Burjua inqilabları silsiləsi ilk baxışdan sosial zümrələşməyə, monarxiya quruluşuna, dini düşüncəyə qarşı yönəlmişdilər... Lakin bu yalnız zahiri məqsəd idi. Şəxsən mən bu proseslərin alt qatında daha başqa məqsədlər görürəm. Ta qədim dövrün zümrələr sisteminə baxsaq, görərik ki, tacir və sənətkarlar zümrəsi hakim nəsillərə və dini təbəqəyə həmişə qibtə ilə baxıb...
Əlbəttə ki, söhbət əsnafdan, tacirlərdən gedir. Yəni sərvət sahiblərindən... Bütün həyatını yalnız maddi sərvət qazanmağa sərf edən bu təbəqələr üçün siyasi stabillik, əmin-amanlıq o qədər də arzuolunan hal deyildi.
Beləcə, yüzilliklər keçdi, yavaş-yavaş siyasi və dini hakimiyyətlər zəifləməyə başladı, əvəzində maddi sərvət amili ön plana çıxdı.
Tacirlər kommersantlara; sələmçilər bankirlərə; əsnaf kapitalistlərə çevrildilər...
Və dini-siyasi hakimiyyətlərə qarşı basqını bir az da artırmağa başladılar. Ən əvvəl dini siyasətdən ayırıb təklədilər və cəmiyyətin idarə olunmasında ofsayd vəziyyətinə saldılar. Avropada və Amerikada bu proses, demək olar ki, XIX əsrin sonlarında başa çatdı.
Bütün mistik-metafizik düşüncələr keçmişin qalığı elan edilib lağa qoyulmağa, tənqid edilməyə, gözdən salınmağa başladı. Monarxiyalar sıxışdırıldı, cəmiyyətlər dinsizləşdirildi, dövlətləri isə maliyyə-sənaye oliqarxiyalarının ön plana çıxartdığı xırda siyasətçilər idarə etməyə başladı.
Praqmatizm və pozitivizmin təntənəsi sanki dünyadakı metafizikaya meydan oxumağa başladı. Yalnız fizika. Yalnız riyaziyyat. Yalnız rəqəmlə ölçülən xeyir-mənfəət. Yalnız rəqəmlə ölçülən inkişaf. Başqa nə varsa puç və lazımsızdır...
Və beləcə, metafizik kökləri olan "Ali Şəxsiyyət" anlayışının aqoniyası başladı.
XX əsr
XX əsrin ortalarında bu prosesə bir qədər fasilə verdi ki, burda da SSRİ amili böyük rol oynayırdı. Sovet quruluşu daxilən nə qədər çürük və ədalətsiz olsa da, onilliklər boyu öz işıqlı ideyaları ilə dünya xalqlarının diqqətini çəkirdi. Kapitalistlərin, bankirlərin diktəsi altında zülüm çəkən milyonlarla sadə insan üçün kapitalistsiz, bankirsiz, sahibkarsız cəmiyyət ideyaları olduqda cazibədar görünürdü. Və bu cazibəni azaltmaq üçün mütləq şəkildə xalqın sevgisini qazanan, toplumların düşüncəsini dəyişə biləcək güclü siyasi liderlərə ehtiyac yaranmışdı. (Əlbəttə ki, millətin nifrət elədiyi hansısa bir bankir, sahibkar çıxıb SSRİ-ni pisləsəydi, camaatın əksinə Sovet ideologiyasına rəğbəti daha da artardı).
Buna görə 50-ci, 60-cı illərdən başlayaraq Qərbdə siyasi hakimiyyətə məhz böyük iradəyə, xarizmaya malik güclü siyasi liderlər gəlməyə başladı. Və yaxud başqa sözlə desək, maliyyə-sənaye oliqarxiyası bu cür güclü şəxsiyyətlərin siyasi arenaya çıxıb yüksəklərə qalxmasına maneçilik törətmədilər. Reyqanlar-Tetçerlər pleyadası da məhz həmin illərdə milyonların sevgisini, rəğbətini qazandı, məhz metafizik müstəvidə insanların ürəkləriylə bağ yaradıb, SSRİ təhlükəsini azaltmağa nail oldular... Böyük təbliğat maşını işə salındı, milyonlar sərf edildi.
Nəhayətdə, praqmatik Qərb dünyası idealist dövlət kimi yaranan SSRİ-ni elə praqmatik metodika ilə də məhv elədi... Rasional dünyada idealizmə yer yoxdu, daha doğrusu, ikinci ideologiyaya. Birincisi isə Maliyyə-sənaye diktaturasına məntiqi cəhətdən haqq qazandıran eqosentrist praqmatizm idi. Vəssalam... Vahid ideya, vahid güc mənbəyi, vahid yanaşma tərzi...
SSRİ dağılandan sonra idealist təhlükə bitdi, Qərbdə güclü iradəli siyasi şəxsiyyətlərə də ehtiyac aradan qalxmağa başladı, maliyyə-sənaye oliqarxiyası yenə bütün idarəçilik iplərini əlində cəmləşdirdi.
Beləcə, gəlib çıxırıq öz dövrümüzə... XXI əsr başladı.
"AD"ların vahiməsi
XXI əsri Qərbdə şəxsiyyətsiz siyasət mərhələsi də adlandırmaq olar. Həqiqətən də məhz yeni əsrin ilk onilliyində köhnə dövrdən qalma iradəli güclü siyasi liderlər yavaş-yavaş meydanı tərk elədi. Bundan sonra onlar, hətta başqa ölkələrdə də lider ovuna başladılar.
Qəddafidən, Səddam Hüseyndən tutmuş, Uqo Çavesə qədər siyasi liderlərə diktator damğası vuruldu, rəngli inqilablar təşkil edildi, kimisi öldürüldü, kimisi başqa yollarla aradan qaldırıldı.
XXI əsr Qərb imperializmi sanki siyasətdəki AD-lara müharibə elan edib. Başı üstündə AD-lar olmayan toplumları istismar eləmək, nəzarətdə saxlamaq, əritmək daha asandır.
Qərbin Praqmatik Maliyyə-Sənaye oliqarxiyasına dünya siyasətində cılız şəxsiyyətlər daha çox sərf eləyir. Ona görə də bu istiqamətdə milyonlarla vəsaitlər sərf olunur, fəaliyyət planları həyata keçirilir.
Özlərinin siyasi müstəvilərində buna nail olublar. Diqqət etsək görərik ki, 30-40 il əvvəlki dövrdən fərqli olaraq, Qərbin siyasi liderlərinin çoxunun nəinki şəxsiyyətləri, heç adları da yadımızda qalmır. Bir dəfə istifadə olunan alışqanlar kimi sürətlə gəlib-gedirlər və bir-birindən də heç o qədər fərqlənmirlər. Müəyyən təbliğatlar vasitəsilə qısa müddətə xalqın rəğbətini qazanırlar, seçkilərdə qalib gəlib siyasi hakimiyyəti ələ alırlar, elə o saat da əks cəbhədən onların diskriditasiyası başlanır, qazandıqları rəğbət nifrətlə dəyişir və növbəti seçkilərdə onların yerini digər "kukla"lar tutur... Köhnələr isə ya unudulur, ya da pis halda məhkəmələrdə, həbslərdə çürüyür... Kuklaoynadanlar isə dəyişmir...
Açıq dünya
Son onilliklərdə geniş vüsət alan sosial şəbəkələr də bu işdə öz yerini alıb. Taxtdan düşməli olan siyasi liderlər əleyhinə kampaniyaların böyük hissəsi bu gün məhz sosial şəbəkələrdə təşkil olunur. Açıq dünya, açıq cəmiyyət, hamının hər kəs barədə açıq fikir deməsi imkanı əslində hansısa absurd "söz azadlığı" məfhumundan daha çox, məhz şəxsiyyətlərin diskriminasiyasına, toplumun gözündən salınmasına xidmət edir.
Qərb cəmiyyətləri özlərində bu sistemi formalaşdırıb, öz siyasətlərini "şəxsiyyətsiz"ləşdirəndən sonra, təbii ki, kənarda, hansısa başqa toplumlarda güclü siyasi liderlərin olması onların ən böyük qıcığına, əsəbinə səbəb olur. Axı bu cür siyasi liderlər onların bütün praqmatik sisteminin əleyhinə gedir...
Yüzilliklər boyu dünyada gedən bu böyük mübarizədə böyük maliyyə-sənaye oliqarxiyaları güclü siyasi şəxsiyyətlər üzərində qələbə çalmış kimi görünür...
Təbii ki, bu məqamda kimlərsə sual edə bilər ki, bunun nəyi pisdir? Yəni siyasi hakimiyyətin güclü olması ilə maliyyə-sənaye oliqarxiyasının hakimiyyətdə olması arasında nə fərq var ki? Bəlkə elə ikincisi daha yaxşıdır.
Qətiyyən... maliyyə-sənaye oliqarxiyası üçün öz maddi mənfəətindən kənar heç bir məqsəd-məram yoxdur, ola da bilməz. Yəni bu onların ayrılmaz xüsusiyyətidir. Yaxşı maliyyəçi-sənayeçilər əgər UOLL-STRİTT canavarları kimi rəhmsiz qəddar və tamahkar olmasalar, öz sahəsində yüksəklərə gedib çıxa bilməzlər. Onlar üçün böyük mənada nə xalq, nə insanlıq, nə milli mənafelər, nə hansısa mənəvi dəyərlər var.
Yalnız və yalnız maddi mənfəət. Eynən praqmatizm filosoflarının şüar elədiyi kimi - dünyada maddi mənfəət gətirməyən istənilən bir işə enerji ayırmaq səfehlikdir. Belə düşüncə sahiblərinin qurduğu cəmiyyət də müasir "istehlak cəmiyyəti"ndən o tərəfə bir şey ola bilməz... Yalnız istehsal və istehlak. Mənəviyyat, vətənpərvərlik, ali ruhani dəyərlər isə cəmiyyəti geri salan amillərdir.
Vətən yoxdur, dövlət var.
Mənəviyyat yoxdur, qanun var.
Günah yoxdur, cinayət var.
Sevgi yoxdur, nifrət var.
Toplum şəxsiyyətləri sevə bilməz. Yalnız nifrət edə bilər.
Bəs nəyi sevməlidi? Toplum yalnız istehlak məhsullarını, brendləri sevməlidir, bütün sevgiləri yalnız ora yönəlməlidi. Şəxsiyyətlərə isə yalnız nifrət yönəlməlidir. Çünki bütün şəxsiyyətlər yalnız ziyanverici subyektlərdir. Şəxsiyyətləri ləkələmək, qara yaxmaq, hətta artıq həyatda olmayan şəxsiyyətləri öz pyedestalından aşırmaq bu dövrün ayrılmaz hissəsinə çevrilib
Ayfon sevilməlidir, Heminquey yox.
Mersedes bütləşdirilməlidir, Remark yox.
Çünki Ayfon, Mersedes satılıb milyonlarla gəlir gətirir, Heminquey, Remark isə yox. Onlar sadəcə sevilir. Heç bir mənfəət gətirmədən sevilir. Deməli, o sevgi başqa istehlak məhsullarına yönələrsə, insanların sevgisini bütünlüklə kapitala çevirmək olar...
Özümüzə qayıdaq
Böyük tarixi və siyasi ekskursdan sonra, məhz bu prizmadan Azərbaycanda son illərdə baş verən hadisələrə nəzər yetirək.
Azərbaycanda XXI əsrdəki hakimiyyət Qərbdəki kimi maliyyə-sənaye oliqarxiyalarının yox, məhz güclü iradəli bir siyasi liderin - şəxsiyyətin hakimiyyəti olub. Əvvəl Heydər Əliyev, sonra da İlham Əliyev ölkəyə güclü siyasi iradə ilə rəhbərlik ediblər. Azərbaycanı ağır iqtisadi durumdan çıxarıblar, iqtisadiyyatının yüksəlməsinə, hərbi-sənaye potensialının güclənməsinə nail olublar. Azərbaycan bu gün regionun aparıcı güc mərkəzlərindən biridir. Əlbəttə ki, məhz bu xidmətlərinə görə xalq tərəfindən seviliblər, dəstək qazanıblar.
Əlbəttə, xalqın şəxsiyyətə - iradəli siyasi liderə olan bu sevgisi, bu dəstəyi şəxsiyyətsiz cəmiyyətlərdə çoxlarını narahat edirdi... Bu illər ərzində müxtəlif kənar qüvvələrin təşkilatçılığı ilə çoxlu çirkin kampaniyalar gördük. Lakin xalq öz siyasi liderini dünyanın şəxsiyyətsiz siyasi oyunbazlarının ayağına vermədi. Həmişə dəstək verdi, həmişə arxa-dayaq oldu.
Bu daimi dəstəkdən, bu sevgidən güc alan ölkə başçımız cənab Prezident İlham Əliyev bütün istiqamətlərdə Azərbaycanın daha böyük nailiyyətlər əldə etməsi üçün daha əzmlə çalışırdı. Ən əsas da otuz illik Qarabağ yaramızı sağaltmaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək yolunda böyük işlər görülürdü.
Nəhayət, ötən il alovlanan 44 günlük müzəffər Qarabağ savaşı baş tutdu. Qısa bir müddətdə siyasi liderimizin rəhbərliyi altında müharibə meydanında da böyük müvəffəqiyyət əldə olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi...
Azərbaycanın son onillikdə iqtisadi yüksəlişinin memarı olan siyasi lider öz adının qarşısına daha bir titul əlavə elədi - Müzəffər Ali Baş Komandan...
Həm də xalqımızın igid oğulları sübut elədi ki, bazar təfəkkürünə köklənmiş praqmatik dünyada yaşasalar da, öz milli mənəvi dəyərlərini - fədakarlığı, şücaəti, vətən yolunda candan keçmək bacarığını hələ də unutmayıblar.
Şükür ki, bizdə "Mən vətənçün neyləmişəm?" sualını verənlər, "Vətən mənimçün neyləyib?" deyərək qışqır-bağır salanlardan daha çoxdu...
Ən əsas da, bütün dünyaya sübut elədik ki, lazım gələndə bir yumruq kimi bir ideya ətrafında, bir siyasi lider ətrafında birləşməyi hələ ki bacarırıq.
Paralellər
Qonşu ölkələrdə az qala şou-biznes ulduzlarının ali hakimiyyətə gəldiyi bir dövrdə Azərbaycanın başında xalq tərəfindən sevilən Müzəffər Ali Baş Komandanın dayanması həqiqətən də bizə hədsiz qürur verir.
Lakin bu hal paralel olaraq, şəxsiyyətsiz dünyanın bir çox cılız liderlərinin böyük qibtəsinə, həm də qıcığına səbəb olur. Axı onların heç biri xalqa verdiyi sözə əməl edərək, iqtisadi yüksəlişə nail olması, düşmənə qalib gələrək ölkənin ərazi bütövlüyünü bərpa etməsi və ən əsas da xalqın 30 il sıxılan milli mənliyini, qürurunu göylərə qaldırması ilə fəxr edə bilməz.
O siyasətçilərin əksəriyyətinin nailiyyəti yalnız qısa zamanda xalqın ümidlərini puça çıxarmaqları və nifrət qazanmaqlarıdı. Və bu nifrət dolu siyasi mühitdə yaşayan o şəxsiyyət(siz)lər öz xalqının sonsuz sevgisini qazanmağa nail olan müzəffər siyasi liderin hətta adını eşidəndə belə, qəzəbdən, paxıllıqdan zəncir çeynəyirlər.
Bəli, fizika hər dəfə metafizikaya qalib gələ bilmir. Praqmatizm hər dəfə uğur gətirmir. Biz Şərq xalqıyıq. Biz sevməyi bacarırıq. Ali siyasi rəhbərdən tutmuş, sıravi insanlara qədər. Bu sevgi nə qədər metafizik, irrasional görünsə də, sevirik.
Əgər ölkə başçımızın ürəyində sonsuz vətən sevgisi olmasaydı, o onilliklər boyu vətənin yüksəlişi, ərazi bütövlüyünün bərpa edilməsi üçün bu qədər can qoymazdı. Eyni zamanda qələbəyə bu qədər ürəkdən sevinməzdi.
Əlbəttə ki, İlham Əliyevin bu qələbəsi və öz xalqının gözündə daha da ucalara qalxması sadəcə qıcıq yaratmır, şübhəsiz ki, bir çox kənar qüvvələrdə rəzil diskriminasiya planlarına start verir. Ələlxüsus, əllərində olan medialarda, sosial şəbəkələrin trollar ordusu hazırlanır, ləkələmə planları düşünülür. Bu qarayaxma, şər-böhtan kampaniyaları təkcə onu yox, bütün xalqımızı hədəf alıb. Buna görə də hazırlıqlı və ehtiyatlı olmalıyıq.
Axı onun varlığı və öz xalqıyla bu cür birlik, bütövlük nümayiş etdirməsi, qələbədən sonra daha da güclənməsi onlara sərf eləmir. Onlara sərf edir ki, bütün ölkələrdə xalqın laqeyd olduğu zəif iradəsiz liderlər hakimiyyətdə olsun. Belə zəif liderlərin başı üstündə həmin ölkənin maliyyə-sənaye oliqarxiyası durur. Onlarla isə dil tapmaq, öz iradəni yeritmək daha asandır. Çünki ortada vahid Tanrı - maliyyə amili var.
Güclü siyasi lider isə maliyyə-sənaye oliqarxiyasını yalnız öz maddi mənfəətlərinə yox, toplumun rifahına xidmət etməyə məcbur edə bilir.
Amma, məncə, bütün çirkin planlar əvvəl-axır alt-üst olacaq, heç bir nəticə verməyəcək. Çünki sevgi həmişə nifrətə qalib gəlir. Ələlxüsus toplumun sevgisi... Biz vətənimizi, torpağımızı, yurdumuzu sevə bildiyimiz kimi, Şəxsiyyətlərimizi də sevə bilirik. Bir çox "müasir" xalqların qıcığına səbəb olsa da, şükür ki, bu milli-mənəvi keyfiyyəti hələ də qoruyub saxlaya bilirik.
Bu il onun ad günüdür. Bir ay sonra Müzəffər Ali Baş Komandanımızın altmış yaşı tamam olur.
Təbii ki, ona çoxsaylı təbriklər ünvanlanacaq, xoş sözlər deyiləcək, haqqında yazılar yazılacaq.
Ancaq öz yubileyinə ən böyük təbriki, ən böyük hədiyyəni o özü edib - heç bir təbrik, heç bir hədiyyə onun adının qarşısına əlavə olunan "Müzəffər Ali Baş Komandan" kəlməsini əvəz edə bilməz... Bu qələbədir onun ən böyük hədiyyəsi. Həm özünə, həm də bütün xalqımıza...
Amma bu hələ son deyil... Əminəm ki, onun xalqla bu birliyi həmişə davam edəcək, bütün sınaqlardan çıxacaq və bizi yeni nailiyyətlərə, yeni qələbələrə doğru aparacaq... Yolumuz ucalıqlaradır. Sevgi ilə, səbrlə, əzmlə və ən əsas da dəmir iradə ilə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!