Uşaq ədəbiyyatına nədən başlamaq məsələsi bir çox hallarda mübahisə doğurur. Ədəbi fikirdə klassik poeziyanı uşaq ədəbiyyatının başlanğıcı kimi təqdim edənlərlə yanaşı, bu fikrin əsassız olduğunu iddia edənlər də az deyil. Uşaqlara diqqət, qayğı, onlara uyarlı ədəbiyyatın yaradılması, ədəbi-bədii zövqünü, ruhunu formalaşdırmaq bütün dövrlər üçün xarakterik məsələ olub. Doğrudur, bu ədəbiyyatın bir elm kimi öz qanun və prinsipləri var. Bizim bu yazıda məqsədimiz nə uşaq ədəbiyyatının sərhədlərini müəyyənləşdirmək, nə də tarixini qədimləşdirməkdir. Klassik mütəfəkkirlərin yaradıcılığı sırf uşaq ədəbiyyatı hesab olunmasa da, gənclərin təlim-tərbiyəsinin doğru istiqamətdə aparılması baxımından hər zaman maraq doğurur. Əminliklə demək olar ki, uşaq ədəbiyyatını zənginləşdirən mənbələrdən biri də məhz klassik poeziyadır. Yüksək sənətkarlıq, humanist məzmun, zəngin folklordan məharətlə faydalanma, milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə birləşməsi sayəsində dünya ədəbiyyatını bəzəyən nadir nümunələr ərsəyə gəlmişdir. Klassik ədəbiyyatı həmişə gündəmdə saxlayan məqamlardan biri məhz bu keyfiyyətlərdir. Bu günlərdə Azərbaycan, Türkiyə, Amerika, Qazaxıstan, Makedoniya, Pakistan, Ukraynadan və digər ölkələrdən qonaqların qatıldığı VIII Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu bu baxımından böyük önəm daşıyır.
2021-ci il bir sıra klassik şair və yazıçıların yubiley tədbirlərinin, anım günlərinin qeyd olunması ilə diqqəti çəkir. Türkiyədə Yunis Əmrənin vəfatının 700, Hacı Bektaş Vəlinin 750, Ahi Əvranın doğumunun 850 ili, UNESKO-nun il dönümü, Azərbaycanda "Abdulla Şaiq" və "Nizami Gəncəvi" ili elan olunmuşdur. Bu simpoziumda da poeziyanın bənzərsiz nümunələri ilə əsrdən əsrə adlamış klassik şairlərin zəngin fikir və düşüncələrinin sonrakı dövrlərdə yaranmış uşaq əsərlərinə böyük təsiri, müasir insanın-gəncin, eləcə də cəmiyyətin formalaşmasında, əxlaqi-mənəvi tərbiyyəsindəki əhəmiyyəti müzakirə obyektinə çevrildi.
Qeyd edək ki, 2014-cü ildən bəri hər il düzənlənən Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumunun VIII sayı bu il Türkiyənin İstanbul şəhərində 22-23 oktyabr tarixlərində qeyd edildi. Telekonfrans üsulu ilə onlayn təşkil edilən tədbirin əsas mövzusu "Uşaq və gənclər üçün yazılmış əsəsrlərdə vizual ünsürlər" idi. Bu simpozium Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat və Folklor İnstitutunun müştərək iş birliyinin nəticəsi olaraq həyata keçirilirdi.
Böyük bir coğrafiyanı özündə birləşdirən telekonfransı giriş sözü ilə Türkiyənin Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin İdarə Heyətinin sədri Bican Veysəl Yıldız açaraq təmsil etdiyi qurumun bu vaxta qədər gördüyü işlərdən, səkkinci ildir düzənlənən simpoziumun əhəmiyyətindən, həm uşaqlar, həm də ədəbiyyat üçün faydalı tərəflərindən danışaraq bildirdi: "Sipoziumun ən önəmli cəhəti türk və İslam dünyasını əhatə edən ölkələrin alim, şair, yazarları arasında bir dostluq yaratmaqdır. Biz bunu bacardıq. Hər keçən gün uşaq ədəbiyyatı mərkəzli çevrəmiz genişlənir. Əsas məqsədimiz ortaq mədəni dəyərlərimizin kiçik yaşlardan tanıdılması və yetişəcək nəsillərdə sənət və ədəbiyyat zövqü formalaşdırmaqdır. Bu maarifləndirmə işi günü-gündən genişlənəcək."
Daha sonra AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli son illərdə ənənəvi olaraq keçirilən bu tədbirdə ümumtürk uşaq ədəbiyyatının zəngin ənənələri, yaranma tarixi və inkişaf mərhələləri, toplanıb-tanıdılması istiqamətində birgə fəaliyyətdən geniş şəkildə danışdı. Milli-mənəvi və bəşəri dəyərlərin qorunmasında, inkişaf etdirilməsində ədəbi tərbiyənin rolunu yüksək dəyərləndirən alim uşaq ədəbiyyatı, uşaq musiqisi, uşaq folklorunun elmi müstəvidə öyrənilməsi istiqamətində dövlət rəhbərliyinin xüsusi diqqəti və qayğısının önəmini vurğuladı. "Uşaq ədəbiyyatı" şöbəsinin gördüyü mühüm işlər, Qələbəmizin ildönümü ərəfəsində keçirilən tədbirlər haqqında məlumat verdi. Proqram xarakterli çıxışında İsa Həbibbəyli bildirdi ki, böyük və zəngin ənənələri olan bu sahə bütün istiqamətləri ilə birgə araşdırılmalıdır. Akademik daha sonra sempoziumun özəlliklərindən biri kimi qardaş ölkələr arasında bir sıra ortaq məsələlərin müzakirəsi zamanı yaranan yeni-yeni əməkdaşlıqların əhəmiyyətindən danışdı: "Türkiyə və Pakistan kimi qardaş ölkələrin uşaq ədəbiyyatı sahəsindəki iş birliyini artırmaq üçün çalışırıq. Yaxın zamanda Pakistanla ortaq bir çalışmaya başlayacağıq." Çıxışının sonunda akademik İsa Həbibbəyli uşaq ədəbiyyatının təbliği istiqamətində böyük xidməti olan Bican Veysəl Yıldızın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bu ildən təsis etdiyi "Abdulla Şaiq" ödülü ilə təltif edilməsini təklif etdi.
Simpozium iki gün ərzində 12 bölmədə 68 məruzəçinin iştirakı ilə müxtəlif mövzularda baş tutdu. Bölmə iclaslarında müxtəlif elm adamlarının məqalələri, fikirləri dinlənildi. Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyi Azərbaycan təmsilçisi, f.e.d. Mərziyyə Nəcəfova, "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri f.e.d. Elnarə Akimova, f.ü.f.d Aygün Bağırlı, prof.dr. M.Abdullah Arslan, prof.dr.Liailia Mingazova, prof.dr. Jovanka Denkova, prof.dr. Engin Yılmaz, Abdul Fareed Brohi və başqaları uşaqların tərbiyəsində və gələcəyə hazırlanmasında uşaq ədəbiyyatının əhəmiyyətindən danışaraq xalqlar arasında ədəbi sahədə əlaqələrin genişlənməsinə imkan yaradan Simpoziumun təşkilini yüksək dəyərləndirdilər. O cümlədən tədbirdə çağdaş uşaq ədəbiyyatındakı bir sıra problemlər, yaranan əsərlərdə dövrün ruhuna uyğunluğun hansı şəkildə təzahür etməsi kimi məsələlər də diqqətdə saxlanıldı. Ümumiyyətlə səslənən məruzə və çıxışlarda uşaq ədəbiyyatının mövcud vəziyyəti və qarşıda duran vəzifələrdən geniş bəhs edildi, bu mühüm sahənin inkişafı, xüsusən uşaq ədəbiyyatının tədrisi məsələləri, uşaq filimləri də təhlil obyektinə çevrildi.
Tədbir iştirakçıları VIII Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumunda iştirakından məmnunluq duyduğunu qeyd etdi. Bildirildi ki, ardıcıl olaraq düzənlənən simpozium uşaq ədəbiyyatının inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olan bir hadisədir. Türk və islam dünyasında öz duyğularına sahib çıxacaq sağlam gənclərin inkişafına, dünyagörüşünün formalaşmasına, milli-mənəvi, vətənpərvərlik ruhunun yüksəldilməsinə xüsusi istiqamət təşkil edən bu sahə daim diqqətdə saxlanmalıdır. Bunu nəzərdə tutan Ümummilli lider Heydər Əliyev fikirlərini xatırlatmaq yerinə düşər: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin dövlətimizin sabahı bundan asılı olacaqdır".
Uşaq ədəbiyyatının problemləri ətrafında bir-birindən maraqlı müzakirələri, rəngarəng tədbirlərilə yadda qalan sempoziumun altıncı sayı 2019-cu ildə Bakıda keşirilmişdir. Buna baxmayaraq bu dəfəki tədbir də belə bir fikirlə yekunlaşdı ki, 2022-ci ildə baş tutacaq konfrans yenidən Azərbaycanda - Qarabağda keçirilsin. Bu, "Bir millət, iki dövlət" olan Azərbaycan-Türkiyə arasında dostluğun, qardaşlığın, birliyin əbədiliyinə verilən ən dəyərli töhfələrdən biri olar.
İlhamə Ağazadə
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
"Uşaq Ədəbiyyatı" şöbəsinin böyük elmi işçisi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!