“Beynəlxalq Mahmud Kaşğari mükafatı” növbəti dəfə təqdim olunub - FOTOLAR

 

Oktyabrın 28-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Mahmud Kaşğari adına Beynəlxalq Fondun təsis etdiyi “Beynəlxalq Mahmud Kaşğari mükafatı”nın təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Elxan Zal Qaraxanlı ümumtürk mədəniyyətinin inkişafı və bu yöndə xidmətləri olan yazarlar haqqında danışıb. Bildirib ki, “Beynəlxalq Mahmud Kaşğari mükafatı” türk mədəniyyətinin dünyada təbliğ edən və onu geniş arealda tanıdan insanlara verilir. Bu yolda fond Azərbaycanda və dünyanın bir sıra ölkələrində müxtəlif tədbirlər keçirir, ümumtürk mədəniyyəti qarşısında göstərilən xidmətlərə görə sözügedən mükafatı və onun medalını layiq görülən insanlara təqdim edir.

Fondun rəhbəri qeyd edib ki, “Mahmud Kaşğari mükafatı”nın budəfəki laureatları “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlidir. Eyni zamanda şair-publisist Zərəngiz Dəmirçi Qayalı 60 illik yubileyi münasibətilə fond tərəfindən “Mahmud Kaşğari medalı”na layiq görülüb.

Mükafata layiq görülən yazarları təbrik edən fondun rəhbəri onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra mükafatlar təqdim olunub.

Mükafatçılar çıxış edərək göstərilən diqqətə görə fondun rəhbərliyinə təşəkkür ediblər.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!