"Dəmir yumruq" - Zəfərimizin dastanı - Təqdimat

 

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 2020-ci il xalqımızın uzun illərdən bəri qəlbində yaşatdığı arzuların gerçəkləşməsinə rəvac verdi. General Polad Həşimovun şəhidlik zirvəsinə ucalması xalqın intiqam hissini alovlandırdı, cənab prezidentin söylədiyi kimi hamı "Dəmir yumruq" altında birləşərək Vətəni dar gündən xilas etmək üçün qəhrəman oğullarımız könüllü olaraq cəbhəyə yollandılar. 27 sentyabrda başlanan müharibə 9 noyabrda qələbə ilə sona çatdı, Vətənimizin görən gözü olan Qarabağ düşmən tapdağından azad oldu.

Ötən ildə baş vermiş hamımıza məlum olan hadisələr haqqında qısa xülasə verməyimiz əbəs yerə deyildir. Bəzən internetdə, sosial şəbəkələrdə, müxtəlif televiziya layihələrində uşaq ədəbiyyatının müasir durumu ilə bağlı müəyyən müzakirələrlə rastlaşırıq. Bu zaman uşaqlar üçün yazılmış əsərlərdə vətənpərvərlik mövzusunun kifayət qədər təbliğ olunmaması irad kimi göstərilirdi. Ancaq II Qarabağ savaşında qəhrəmanlıq göstərən igidlərin çoxu Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyaya göz açmış oğullarımız idi. Onların demək olar ki, əksəriyyəti Qarabağın vəsfini ancaq şeirlərdən, nağıllardan, əfsanələrdən eşitmişdilər. Təbii ki bu prosesdə fəal iştirak edən uşaq ədəbiyyatı nümunələri yazıb-yaradan sənətkarların rolu danılmazdır.

Bütün ömrünü uşaq ədəbiyyatının çiçəklənməsinə, intişarına həsr etmiş, daim bu sahədə ədəbi prosesdə fəal iştirak edən, ölkənin ictimai-siyası həyatında baş vermiş hər bir tarixi hadisəyə həssas yanaşan Zahid Xəlil Qarabağ savaşı zamanı da öz şeirləri ilə arxa cəbhədə vuruşdu, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın bədii obrazını ədəbiyyatımıza gətirdi. Şairin 2021-ci ildə işıq üzü görən "Dəmir yumruq" kitabı elə bu hadisələrə həsr olunmuşdur. Kitabda şəhid generalımız Polad Həşimovdan və digər igidlərimizin qəhrəmanlıqlarından bəhs edilir. Ali komandanımız, prezident İlham Əliyevin müharibə ərəfəsində tez-tez istifadə etdiyi "Dəmir yumruq" ifadəsi Azərbaycan xalqının, türklərin birliyinin simvoludur. Müharibə zamanı qardaş türk xalqının bizə göstərdiyi ilgi, yardım, dəstək bir daha bütün dünyaya onu sübut etdi ki, biz tək deyilik. Əzəldən bəri biz bir millətik, daim düşmənə qarşı birləşərək mübarizə aparmalıyıq. Zahid Xəlil də bu məsələlərə işıq tutaraq bütün türk millətini birliyə səsləyir. Şifahi xalq ədəbiyyatı janrlarından olan dastan ənənəsinə uyğun olaraq qələmə alınmış bu kitabda biz milli ruh, əzmkarlıq kimi hisslərin tərənnümünü görürük. Azərbaycanın ayrı-ayrı bölgələrinin təsvirinin burda yer alması uşaqların həmin coğrafi məkanlar haqqında geniş bilgi almasına şərait yaradır. Kitabın ayrı-ayrı səhifələrində müharibənin Ali Baş Komandan tərəfindən istənməməsini, məhz buna görə də otuz il səbr etməsini vurğulayan müəllif müharibənin baş verdiyi hər bir məmləkətdə fəlakətə, qırğına səbəb olacağını göstərir, bu dəhşətləri Naqasaki, Xirosima faciələri ilə müqayisə edir. Zənnimcə, bu kitab XXI əsrdə qələmə alınmış qəhrəmanlıq dastanı, zəfər salnaməsidir.

Ədəbi prosesdə baş vermiş mühüm hadisə və məqamlara diqqətlə yanaşan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu bu dəfə də ənənəsinə sadiq qaldı, 18 oktyabrda Zahid Xəlilin haqqında bəhs etdiyimiz kitabının geniş miqyasda təqdimat mərasimi keçirildi. Tədbirdə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Zahid Xəlil, Rafiq Yusifoğlu, "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri, f.e.d. Elnarə Akimova, f.ü.f.d. Aygün Bağırlı, f.e.d. Vüqar Əhməd, Firudin bəy Köçərli adına Uşaq kitabxanasının müdiri Şəhla Qəmbərova, ADPU-nun dosenti Şöhrət Məmmədova, "Uşaq ədəbiyyatı" şöbəsinin əməkdaşları, Zahid Xəlilin ailə üzvləri və digər qonaqlar iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli ilk öncə 18 oktyabr Müstəqilliyin bərpası günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik etdi. Kitabın təqdimatı ilə bayram gününün üst-üstə düşməsini xoş təsadüf adlandırdı. Sonra o, Zahid Xəlilin Azərbaycan uşaq ədəbiyyatında gördüyü misilsiz xidmətlərdən bəhs edərək geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, Zahid Xəlil uşaq ədəbiyyatına xas zəngin xəzinənin sahibidir. O, müstəqillik dövrü uşaq ədəbiyyatına böyük töhfələr bəxş etmişdir. Zahid Xəlil yaradıcılığı uşaqlar üçün yazılmış bədii əsərlərlə məhdudlaşmır. O, uşaq ədəbiyyatının bir elm sahəsi kimi inkişafında da mühüm rol oynamış, fundamental tədqiqatları, çoxillik pedaqoji fəaliyyəti ilə bu sahənin dirçəlməsində əmək sərf etmişdir. "Bütövlükdə uşaq ədəbiyyatına həsr olunmuş bir ömür yaşamışdır hörmətli Zahid Xəlil. Uşaq ədəbiyyatına həsr olunmuş ömür isə uşaqlara həsr olunmuş ömür deməkdir. Uşaqlara həsr olunmuş ömür isə bütövlükdə xalqın, millətin gələcəyinin rifahına həsr olunmuş ömür deməkdir".

Akademik bildirdi ki, Zahid Xəlil öz əsərləri ilə ölkəmizin uşaq ədəbiyyatını inkişaf etdirməklə onun böyük gələcəyini inkişaf etdirməyə xidmət etmişdir. Onun Sovet dövründə milli ideologiya, vətənpərvərlik ruhunda yazdığı şeirlər müstəqillik dövründə yetişmiş gənclərimiz üçün mühüm amil olmuşdur. Onun şeirləri dərsliklərdə yer almış, ayrı-ayrı kitablarda, antalogiyalarda Zahid Xəlil yaradıcılığına xüsusi önəm verilmişdir, şeirləri dünya dillərinə tərcümə olunmuş, ən yaxşı uşaq mahnıları məhz Zahid Xəlililin şeirlərinə bəstələnmişdir.

Akademik İsa Həbibbəyli Zahid Xəlil yaradıcılığı haqqında əhatəli məruzə etdikdən sonra "Dəmir yumruq"dan söz açaraq dəmir yumruğu ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin ümumiləşmiş obrazı adlandırdı. Akademik dastanın nəzəri tərəflərindən, nəsr və nəzmin növbələşməsindən, əsərin dastan poetikasının prinsiplərinə uyğun qələmə alınmasından bəhs etdi, dastanı yazılı ədəbiyyatın mükəmməl nümunəsi adlandırdı. II Qarabağ savaşından sonra qələbəmizi tərənnüm edən  bu kitab Azərbaycan ədəbiyyatında ilk zəfər dastanıdır.

 Uşaq ədəbiyyatı sahəsində daim külüg çalan, bənzərsiz şeirləri ilə uşaqların dillər əzbərinə çevrilən professor Rafiq Yusifoğlu məsləkdaşı Zahid Xəlilin bu əməyini yükək qiymətləndirdi, onun zəfər dastanını Uşaq ədəbiyyatı sahəsində misilsiz bir xidmət adlandırdı.

 ADPU-nun dosenti Şöhrət Məmmədova Zahid Xəlilin ümümi yaradıcılığı haqqında geniş çıxış etdi. Söhrət Məmmədova qeyd etdi ki, Zahid Xəlil yaratdığı hər bir uşaq əsərində mövzu dairəsinin müəyyənləşdirilməsində dövrün tələblərini bütünlüklə nəzərə alaraq uşaqların elmi-nəzəri biliklərə və yetərli təhsilə malik olmasına, yüksək zövq sahibi kimi boya-başa çatmasına və vətəndaş duyğuları ilə tərbiyə olunmasına, onlarda doğma vətənə, müqəddəs vətən torpağına məhəbbət hissi aşılamağa çalışmışdır.

O, Zahid Xəlilin təbiət gözəlliyi haqqında yazdığı şeirlərdən geniş şəkildə bəhs edərək bildirdi ki, bu nümunələrdə sənətkar sözünü uşaq dünyasına, uşaq psixologiyasına, onların maraq dairəsinə və qavrama səviyyəsinə uyğun bir tərzdə ifadə etmişdir.

Zahid Xəlilin vətənpərvərlik mövzusunda yazdığı poetik nümunələrini incələyən Şöhrət Məmmədova onun nəsr əsərləri haqqında da geniş bilgi verərək çıxışının sonunda qeyd etdi ki, Zahid Xəlilin yaratdığı uşaq obrazlarını xarakterizə edərkən belə bir qənaətə gəlmək olar ki, onun əsərlərində təsvir edilən qəhrəmanlar ədəbiyyatımzda yeni görünür, mənəvi xüsusiyyətlərinə görə seçilirlər. Onun nəsr əsərlərinin gücü də elə obrazların xarakteri ilə bağlıdır. Azərbaycanın uşaq nəsrinin inkişafında öz yaradıcılıq axtarışlrı ilə seçilən Zahid Xəlil uşaq dünyasının, uşaqların xəyal aləminin bədii inikasını yaratmaq üçün poeziyanın sehrli və sirli boyalarından məharətlə istifadə etmiş, uşaqların estetik bədii zövqünü formalaşdırmaqdan ötrü bütün imkanlardan ustalıqla yararlanmışdır. Bir sözlə, Zahid Xəlil aydın bədii ifadə formalı, uşaqlarda maraq əhatəsi yaradan müxtəlif motivli orijinal uşaq nəsri yarada bilmişdir.

Dosent Aygün Bağırlı çıxışında qeyd etdi ki, "Dəmir yumruq" dastanında Zahid Xəlil dəmir yumruğun simvolikasını açır, onun xalqımız üçün, xalq savaşında bizi dəstəkləyənlər üçün güc, qüvvət, əmniyyət və birlik, düşmənlər üçün isə qorxu və təlaş ifadə etdiyini bildirir. Bayrağımızın vəsfi, müharibə günlərində onun bir qürur rəmzi kimi məmləkətimizin başı üzərindən dalğalanması, neçə-neçə toponimlərimizin, tarix yazan qəhrəmanlarımızın xatırlanması əsəsrin maraqlı məqamlarındandır.

Aygün Bağırlı əsərdən çıxış edərək vurğuladı ki, hər xalq da dastan yarada bilmir. Dastan yarada bilmək üçün xalqın mübarizə, çətinliklərlə mücadilə tarixi olmalıdır.

"Uşaq ədəbiyyatı" şöbəsinin müdiri Elnarə Akimova "Dəmir yumruq" əsəri Vətən müharibəsinin salnaməsi kimi" adlı məruzə ilə çıxış edərək bildirdi ki,  belə bir kitabın təqdimatının müstəqillik gününə təsadüf etməsi, "Uşaq ədəbiyyatı" şöbəsinin bu təqdimatda təşkilatçılığı da ayrıca qürur doğurur. Əsas qürur doğuran fakt isə belə bir kitabın ərsəyə gəlməsidir.

Elnarə Akimova çıxışında iştirakçıların diqqətinə çatdırdı ki, "Dəmir Yumruq" əsərdə başlıca obrazdır. Bütün bölümlərdə bu obrazı işlək, funksional görürük. Məlumdur ki, müstəqillik mentaliteti və statusunu həmişə uca tutub qoruyan Ali Baş Komandan İlham Əliyevin bu gün dünyanın gözü qarşısında nümayiş etdirdiyi "məğrur lider obrazı" onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdəndir. Bu mətndə də düşmənə amansız zərbənin simvolu kimi dəyər qazanan "Dəmir Yumruq" Ali Baş Komandanın sərgiləmiş olduğu siyasi iradə və güc amilininin, qələbəmizə gətirən yolun başlanğıc nöqtəsi kimi alınır.

Bədii və publisistik üslubda qələmə alınmış bu mətndə yalnız 2-ci deyil, 1-ci Qarabağ savaşından da bəhs edilir, bütün faciələrimizə ayna tutulur. 20 yanvar, Xocalı faciələri, 20 noyabr tarixində Qarakənddə törədilən vertalyot qəzası, Ağdamın, Şuşanın işğalı bədii təcəssümün predmetinə çevrilir. 2016-cı ilin Aprel döyüşlərinə geniş yer verilir. Yəni meydanda Vahid bir tale, vahid bir tarix var. Azərbaycanın tarixi, taleyi, başına gələnlər, yaşananlar, iç böhranı və s. Müəllif hər işğal tarixindən bəhs edəndə işğal edilən məkanların tarixi-etnoqrafik təsviri, orda doğulan tanınmış şəxsiyyətlərin tərcümeyi-halı ilə bağlı məqamlara diqqət yetirir, onları ifadə etməyə çalışır.

Əsərdə hər iki dövr Qarabağ savaşında tarix yazan igidlərimizin adına, göstərdikləri şücaətə həssaslıqla yanaşılır. Əlif Hacıyev, Allahverdi Bağırov, İbad Hüseynov, Mübariz İbrahimov, Polad Həşimov, Xudayar Yusifzadə kimi vətən qəhrəmanlarımızın igidlikləri ayrıca bölümlərdə təqdim edilir.

Əsərin bədii quruluşuna, nəzəri tərəflərinə toxunan Elnarə Akimova onun dastan poetikasında yazılmasına, nəzm və nəsr növbələşməsinə, eləcə də yazıçının zamanlararası sərbəst gedişlərinə, irəli-geri dönüm kimi retrospektiv sıçrayışlar etməsinə diqqət yönəltdi, qeyd etdi ki, əsərdə faktura tarixiliyi, problematika çağdaşlığı nişan verir.

Elnarə Akimova məruzəsinin yekununda bildirdi ki, ümumiyyətlə, əsər dürüst ideoloji mövqedən təqdim olunur ki, belə mövzuda bəhs edən kitablar üçün bu çox vacib amildir. Türkiyə ilə Azərbaycanın qardaşlığı, prezidentin meydana qoyduğu siyasi iradə və s.  "Dəmir Yumruq" dastan poeması düşüncədə, ovqatda millət kimi qürurlu olmağın ifadəsini verən və belə bir ovqatla da hasilə gələn bir əsərdir.

Mətbuat və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhməd öz çıxışında Zahid Xəlilin ali məktəb müəllimlərindən biri olduğunu bildirdi, onun bir şəxsiyyət kimi müsbət keyfiyyətlərindən bəhs etdi. Onun yaradıcılığının uşaq ədəbiyyatının həm nəsr, həm də nəzm, həm də elmi sahədə mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq, Zahid Xəlili "canlı klassik" adlandırdı.

İlhamə Ağazadənin məruzəsi "Dəmir yumruq" dastanında folklor motivlərinin araşdırılması ilə bağlı olduğundan o, çıxışının əvvəlində folklordan, milli folklor və uşaq ədəbiyyatının bağlılığından bəhs etdi, gənc nəslin mənəvi inkişafında qəhrəmanlıq dastanlarının böyük əhəmiyyət kəsb etməsini bildirdi.

Sonra "Dəmir yumruq" kitabında rast gəldiyimiz folklor motivlərinə geniş şəkildə şərh verdi: "Dəmir yumruq" dastanı şifahi ədəbiyyatda olduğu kimi, yəni dastan ənələrinə uyğun olaraq, şeirlə nəsrin növbələşməsi, birləşməsinin bütöv süjetə xidməti ilə diqqət çəkir. Dastanın ümumi məzmunu nəsrlə, qəhrəmanların düşüncələri, hiss və duyğuları, kədər və sevincləri, daha emosional təsir gücünə malik olan şeirlə verilir. Dastana girişlə başlamış şair, xalq yaradıcılığında aşıqların "dastanın yurdu" adlandırdığı hissəni, yəni əsas hissəni 21 müstəqil bölmə və yarımbölmələr şəklində təqdim edir. Sonluqda Qoca şairin xalqın həyatı ilə bağlı ümidləri yer alır. Hər bölmə ayrılıqda müstəqil, bitkin parçadır, həm də bölmələr arasında ümumi süjet xəttinə uyğunluq, ahəngdarlıq, daxili əlaqə vardır.

Dastanda rast gəldiyimiz rəqəmlərin rəmzi mənasının açıqlamasına toxunan İlhamə Ağazadə bildirdi ki, mifik düşüncəyə görə nağıl və dastanlarda bəzi saylar, simvolik xarakter daşıyır, müqəddəsləşdirilir. Şair müharibənin 44 gün, 44 gecə sürəməsini təsadüfü hal hesab etmir, tarixi köklərə istinadən oxşarlıq yaratmağa çalışır, bu rəqəmi müqəddəs, uğurlu hesab edir. Dastanın 21 bölmədə təqdimi də bu baxımdan maraqlı görünür.

Düşmənə qarşı birliyimizin simvolu olan "Dəmir yumruq"da xalqın ümumi mübarizəsi, qazanılmış qələbə, bu qələbədə payı olan hər kəs böyük qürur hissi, sevgi ilə dastana dönür. Ali Baş Komandan başda olamaqla, dastanda adı keçən qəhrəmanların hər biri, hətta 13-14 yaşlılar belə fərdi məziyyətləri ilə yadda qalır. El müdrikliyindən güc alan dastanın 21 "boy"undan "Dəmir yumruğ"un ətrafına toplaşmış qalib xalq obrazı aydın görünür.

Firudun bəy Köçərli adına Uşaq kitabxanasının rəhbəri Şəhla Qəmbərova öz çıxışında bu tədbirin təşkilatçılığı üçün Ədəbiyyat İnstitutuna, "Uşaq ədəbiyyatı" şöbəsinə təşəkkürünü bildirdi, 18 oktyabr Müstəqillik günü münasibətilə hamını təbrik etdi. Zahid Xəlilin "Dəmir yumruq" kitabının müharibə dövründə ərsəyə gəlməsini yüksək qiymətləndirdi.

Zahid Xəlilin qardaşı Tofiq Xəlil, uşaqlar üçün bir-birindən maraqlı şeirlərlə çıxış edən İbrahim Yusifoğlu Zahid Xəlili təbrik edib, yaradıcılığında uğurlar arzuladılar.

Tədbirin sonunda Zahid Xəlilə akademik İsa Həbibbəylinin Ədəbiyyat İnstitutundakı fəaliyyətini yüksək qiymətləndirdi, onun bir alim və dost kimi yüksək məziyyətlərindən bəhs etdi, akademiki bir ədəbiyyat hamisi adlandırdı. Kitabın ərsəyə gəlməsində çıxış edən hər kəsə öz təşəkkürünü bildirdi. Ali Baş Komandanın və qəhrəman, vətənpərvər oğullarımızın birliyi, gücü sayəsində baş tutmuş qələbəmizin tərənnümünə həsr olunmuş bu kitabın belə geniş müstəvidə təqdimatının keçirilməsinə görə akademik İsa Həbibbəyliyə, "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri Elnarə Akimovaya təşəkkürünü bildirdi.

Tədbirin sonunda akademik İsa Həbibbəyli "Uşaq ədəbiyyatı" şöbəsinin rəhbəri, filologiya elmləri doktoru Elnarə Akimova başda olmaqla əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirdi və bildirdi ki, şöbənin qısa müddətdə ərsəyə gətirdiyi kitablar, elmi məqalələr, təşkil etdiyi tədbirlər uşaq ədəbiyyatının elmi istiqamətdə inkişafına təkan verir, ölkənin bir çox uşaq nəşriyyatları bu şöbə ilə əməkdaşlıq edir, burdakı alimlərin rəyini alır, onların fikri ilə hesablaşırlar. Akademik qeyd etdi ki, bu gün Ədəbiyyat İnstitutu ölkənin uşaq ədəbiyyatının inkişafına öz töhfəsini vermiş olur, sanballı elmi sözünü deyir. Uşaq ədəbiyyatının təhlilini "Uşaq ədəbiyyatı" şöbəsindən kənarda düşünmək mümkün deyil. "Uşaq ədəbiyyatı" şöbəsi ölkə üzrə uşaq ədəbiyyatının koordinasiya mərkəzinə çevrilmişdir. Bu da Elnarə Akimovanın yüksək faəliyyətinin bəhrəsidir.

Zahid Xəlilin "Dəmir yumruq" kitabının təqdimatı yalnız bu kitabın tədqimatı ilə yadda qalmadı, uşaq ədəbiyyatının ümumi durumunu göz önünüdə sərgiləyən əhəmiyyətli tədbirə çevrildi, Zahid Xəlilin yaradıcılığı çoxşaxəli və zəngin olduğundan uşaq ədəbiyyatının istənilən sahəsindən bəhs etmsinə rəvac verdi. Eyni zamanda 18 oktyabr Müstəqillik gününün bərpası günü keçirilən bu tədbir Zəfər gününün təmtərağını özündə ifadə etdi, qələbəmizin möhtəşəm bayramını layiq olduğu səviyyədə qeyd etməyə imkan yaratdı.

Gülnar QƏMBƏROVA

filologiya üzrə fəlsəfə doktoru


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!