Çoxları yazdıqları kitabla fəxr edir, mən isə oxuduqlarımla.
Xorxe Luis Borxes
Yetmiş ildir ki, həyatımın baş qəhrəmanıyam. Yetmiş - yəni müqəddəs rəqəm olan yeddini təmsil edir. Bu yaşın özünəməxsus özəllikləri çoxdur. Həyatı yaşımıza görə dərk etdikcə yazıb-yaratmaq həvəsi yetmiş dəfə artır. Gəncliyində fərqinə varmadığın həqiqətlər, cavabsız suallar qarşısında illər keçəndən sonra sanki imtahan verirsən. Əlbəttə, bu, yaradıcı insan üçün çox vacib bir keyfiyyətdir. Oxucular qarşısında səmimi və dürüst olmaq, onların mənəvi dünyasına işıq salmaq, düşüncələrinə düzgün istiqamət vermək sənətkarların müqəddəs borcudur. Deyirlər ki, incəsənət, poeziya gündəlik həyatın tozlarını qəlblərdən təmizləyir. Xüsusilə, uşaqlar üçün yazılan ədəbiyyat ruhumuzu, qəlbimizi daha da saflaşdırır. Ahıl yaşımızda nağıllara, uşaq ədəbiyyatına elə bil mənəvi aclıq hiss edilir.
Günəşin doğulub qüruba enməsini heç yetərincə səmada izləyirikmi? Buludların ağ karvanının göydə necə üzməsini görürükmü? Uşaqlar üçün rus dilinə tərcümə olunan "Zdes anqel proletel" kitabımda balaca qız yaşadığı binanın üçüncü mərtəbəsindən günəşin işığını qırıq bir güzgüdə insanlarla paylaşır. Yoldan keçənlərin gözləri qamaşarkən istər-istəməz ayaq saxlayıb yuxarı boylanırlar. Qızcığaz günəşin salamlarını insanlara çatdırmaq istəyir. "Zdec anqel proletel" kitabım 2019-cu ildə rus dilində çap olunmuşdur. Müstəqil Dövlətlərin Kitab Yayımı Assosiasiyasının icraçı direktoru Anatoliy Qorbunov kitabıma müsbət rəy yazmışdı. Həmin il Moskvada keçirilən Uşaq ədəbiyyatı həftəsinə dəvət almışdım. Uşaq oxucularıyla görüşlərim unudulmaz xatirələrlə doludur. Təəssüf edirəm ki, uşaq ədəbiyyatına gec müraciət etmişəm.
Uzun illərdir ki, məqalə və esselərimi yaradıcılığına, şəxsiyyətinə dəyər verdiyim insanlara həsr etmişəm. Coğrafiyasından asılı olmayaraq bu müəlliflər sanki həyatımın bir parçasına çevrilmişlər. Xüsusilə, mədəniyyət sahəsi ilə bağlı araşdırmalarım dünya şöhrətli dahilərin əsərlərinə müraciətlərim sanki məni onlarla daha da yaxınlaşdırmış, doğmalaşdırmışdır.
Ruhumuza hakim olan, həyəcanlandıran mövzular şəkillərə, musiqiyə, kitaba çevriləndə hiss edirik ki, ilahi bir qüvvə sanki əlimizdən tutub bizi nağıl kimi yeni dünya ilə tanış edir. Maraqlı bir fakta toxunmaq istəyirəm. M.Çyurlyonisin son əsəri olan "Reks" şəkli öz qeyri-adi kompozisiyası ilə diqqətimi cəlb etmişdi. "Reks" latınca "kral" deməkdir. Bu əsərdə yerin, göyün yaranma mərhələləri simvolik ştrixlərlə təsvir edilib. Lakin ən maraqlısı odur ki, şəklin ortasında böyük bir çıraq qabının içində məşəl yanır. Müqəddəs od sanki kainatın əsas nüvəsidir. Bu qeyri-adi şəkil mənə "Quran"ın "Nur" surəsinin 35-ci ayəsini xatırlatdı. Ayənin sonunda yazılıb: "...O çıraq nə Şərqdə, nə Qərbdə - aləmin ortasında olan mübarək bir zeytun ağacından yandırılır". Əslində, rəssam Qurandakı "Nur" surəsindən xəbərsiz olsa da "Reks" əsərilə özünə də məlum olmayan kainatın sirr dolu qapısını aça bilmişdi. 2013-cü ildə çap olunan "Talelərə yazılan musiqi" kitabımda bu mövzuya toxunmuşdum.
"Talelərə yazılan musiqi" kitabımda həm Azərbaycanın, həm də dünya mədəniyyətinin müxtəlif janrları ilə bağlı çoxsaylı araşdırmalar oxucular tərəfindən maraqla qarşılanmışdır. Kitabda Azərbaycanın görkəmli incəsənət xadimlərinin həyat və yaradıcılığı, onlar haqqında dəyərli xatirələr öz geniş əksini tapıb. Simfonik əsərlərə, muğama, caz musiqisinə ayrıca yer vermişəm.
"Odisseya "Korablya durakov"" kitabında müxtəlif sahələri əhatə edən esselərdə həm incəsənət, həm Şərq fəlsəfəsi, dahilərin "dahilik" xəstəlikləri, sinesteziya haqda araşdırmalara yer verilib. Məsələn, "Sürrealizmin təfəkkür formaları"nı təhlil edərkən sürrealizmin daha dərin köklərini qaravəllilərdə, tapmacalarda, XV əsrin dahi rəssamı İeronim Bosxun əsərlərində görmək olar. Qeyd edim ki, Qərb sürrealizmi ilə Şərq sufizmi arasında bir çox oxşar məqamlar var. "Məsələn, Xorxe Luis Borxesin "Uydurulmuş varlıqlar" kitabında A Bao, A Ku, Axeron, Amfisbena, Qolem, Baqamut haqqında oxuyanda elə bilirsən ki, niderlandlıların qaravəllisini oxuyursan". Kitabda bu haqda daha geniş izah vermişəm. Avropada bestiariy janrında yazılan əsərlərdə uydurulmuş heyvanlar təsvir edilir.
"Yazının əvvəlində qeyd etdim ki, sürrealizm ilə qaravəlli arasında oxşar cəhətlər məni çox düşündürür. Lakin tapmacaların da sürrealist mətni maraq doğurur. Sürrealizmdən fərqli olaraq qaravəllilərin məzəli yalan dünyasında qəribə bir nikbinlik, həyatsevərlik var: "Badi-badi giriftar. Hamam hamam içində xəlbir saman içində. Dəvə dəlləklik edər köhnə hamam içində". Yaxud: "Baldırı qırıq hörümçəyin belinə xurcunla minib çayı keçmək, ördək ətini altı yox qazanda bişirmək, çaxmağı yox tüfənglə quş vurmaq" sürrealizm deyil, bəs, nədir? Həqiqəti nağılvari möcüzələrə çevirmək, heyrət doğuran formalar yaratmaq sən demə, elə qədimdən mövcud idi. Məsələn, bir çox tapmacalarımızı xatırlayaq: "Bədəni yerdə, saqqalı göydə", "Qanadı var quş deyil, dişləyir ilan deyil", "Bir qapağı, min yarpağı", "Ağac başında alyanaqlı qız", "Bir damım var qapısı yox", "Bir qarpızım var cığal, üstünə dünya sığar" və s. Bu ekzotik təsvirləri sürrealist janrında çəkilmiş rəsmlərdə təsəvvür etmək çətin deyil. Bəlkə də sürrealizm özü tapmacadır, necə deyərlər, müəyyən mövzunu kodlarla təsvir etmək rəssamdan, yozması isə biz tamaşaçıdan, oxucudandır: "Qarpızın üstündə körpü salınır və onun içərisində üç gün, üç gecə yol gedilir". "Dəvənin qarnı yarılır ordan fil çıxır". Qaravəllidə yumor daha çoxdur. Qaravəlli dünya xalqlarının folklorunda "lətifə", "satirik nağıl" adlanır. Bu janrda yazılan qaravəllidə hər bir xalqın özünəməxsus milli xüsusiyyətləri üzə çıxır.
"Sürrealizmin təfəkkür formaları" yazısında bir yaradıcı insana, faciəvi taleyə məxsus olan məşhur rus şairi Daniil Harms haqda qeydlərə yer vermişəm. O, özünəməxsus xarakteri, epotaj geyimləri ilə cəmiyyətdə çox seçilirdi. O deyirdi ki, şeiri elə yazmaq lazımdır, şeiri pəncərəyə atanda onun şüşəsi sınsın.
"Yaradıcı insanlar müxtəlif əsrlərdə fərqli üslubda yazıb-yaratsa da, onların üz tutduğu ünvan bəşəriyyətdir. Onlar öz qəlbinin gözü ilə dünyanı tanıyır... Jan Batay içində açdığı virtual teatrda yaşayırdı. Rəssam Sergey Kalmıkov həyatı teatr bilirdi. Onun "teatrında" tamaşaçı da, iştirakçı da o özü idi. Şekspirin teatr adlandırdığı bu həyat səhnəsində bir çox dahilər özlərini olduğu kimi sona qədər "oynaya" bilibmi?". İçində "teatrı" olanları tarix həmişə hörmətlə, alqışlarla xatırlayacaq. Şair demişkən, qrimsiz, suflyorsuz, "bravo" səslərini eşitmədən, "Həyat" adlı qısa pyesdə öz rolumuzu oynayırıq. Viktor Hüqo "Gülən adam" əsərində həyatı dərindən duyan insanlar üçün deyib: "Sən niyə gülürsən?". Mən buna cavab verə bilərəm: "Çünki həqiqəti dərk etmişəm". ("Odisseya "Korablya durakov"").
"Sürrealizmin təfəkkür formaları" adlı rus dilində çap olunan essedə "Kiçik Şekspir" adlanan gənc fransız şairi Artur Rembonun sürrealist fikirləri ilə klassik şairimiz Məhəmməd Füzulinin "Yeddi cam" əsərində musiqi alətləri ilə dialoqlar demək olar ki, eyni məna daşıyır.
"Dünya, barışmışam səninlə" kitabım 2020-ci ildə çapdan çıxıb. İstərdim özündə vətənpərvər hisslər daşıyan yazılarımdan biri ilə qısaldılmış şəkildə oxucularıma təqdim edim. Bu, xalqımın haqq səsidir, doğma Qarabağa sonsuz məhəbbətimizdir. "...Qarabağsız bizə cənnət yoxdur. Bu cənnətin qapısından niyə qoyduq keçsin hamı. Qarabağın gözəlliyi dərd olubdur alçaqlara, paxıllara. Haram olsun torpaq ona, hava ona. Kələklə, böhtanla ələ keçməz bundan belə bir qarış da torpağım, yandıracaq ayağını mənim gileyim, ahım. Özgələrin el malına göz dikmədik haram bildik. Haram mal xoşbəxt etməz heç kəsi... Xalqım öz torpağında gül əkdi qanqal dərdi. İlahi, görən bu səbri bizə kim öyrətdi?..". Bu mənsur şeir 1988-ci ildə yazılıb.
Erməni təcavüzünə, faşizminə, onun sərsəm siyasətinə qarşı "Cənnətdə kölgələrin izi ilə" essesində erməni ideoloqlarının iç üzü dəlillərlə ifşa olunmuşdur.
Bizim həyatımızın ən unudulmaz ayrılıqlarından biri də uşaqlığımızdır. Yazının əvvəlində uşaq hekayələrimə müraciət etdim. Sonda da "Talelərə yazılan musiqi" kitabında qeyd olunan uşaqlıq xatirələrinə qayıtmaq istərdim. "Bakı elə bir cazibəli şəhərdir ki, onu bir dəfə görən heç vaxt unuda bilməz. Xəzəri qucaqlayan mehriban Bakının çimərliklərində uşaqlığımızın qayğısız günləri, şən səsləri, bağ həyətlərində yığdığmız xar tutun paltarlarımızdakı ləkələri, anamızın nəvazişli əlləri unudulmazdır. Bəs, əzbərlədiyimiz uşaq şeirləri, mahnıları uşaqlığımızın himni kimi indi də yaddaşımızdadır. O uşaq mahnılarını daha o saf qəlblə, nəfəslə oxuya bilmərik. Keçmişdə yaşayan o kövrək, incə səsimizi kaş indi eşidə bilsəydik, içimiz illərin ağır yükündən təmizlənərdi. İpindən tutub göyə ucaltdığımız rəngbərəng çərpələnglər isə bəlkə də uşaq arzularımızın göyə ilk səyahəti idi. Gözlərimiz ayaqlarımızın altını görmədən irəli qaçır, uzaqdan kəpənəyə oxşayan çərpələngin əlçatmaz göydə süzməsinə heyrətlə baxırdıq. İndi düşünürəm ki, ipi əlində olan çərpələngi idarə etməyə nə var ki...". İşıqlı xatirədir uşaqlığmız.
Vaxtın necə keçdiyini bilmədik. Qoca dünya bizi də qocaltdı. Amma o, hər bahar fəslində yenidən cavanlaşır, güc toplayır. Yaşlandıqca eyni pəncərədən dünyaya baxsaq da, qazandığımız təcrübələr, gördüklərimiz, bildiklərimiz, əzabını çəkdiklərimiz, ayrılıqlar dünyanı tanımağa kömək etdi. "Həyat nədir? Həyat kimlər üçün qızılı çərçivədə bərli-bəzəkli bahalı bir şəkil, kimlər üçünsə köhnəlmiş ayaqqabının qırılmış bağlarıdır.
Mən "Ünsiyyət", "İki tale", "Tənhalıq", "Özgə evin işığı", "Mirvari toy", "Özəl poçtdan məktub var", "Tarixi yaddaş və qondarma əhvalatlar" kitabları ilə bağlı qeydlər etməsəm də, ordakı müxtəlif taleli mərd, vətənpərvər insanlar mənim doğma, unudulmaz qəhrəmanlarımdır. Onlar öz əqidəsi uğrunda mübarizədən heç vaxt çəkinmirlər.
Mənim dostum, sirdaşım 70 yaşım. Səndə yaşayır uşaqlığım, yeniyetməliyim, gəncliyim, həyatımın dörd fəsli. Qədəmlərin uğurlu olsun. Sənə doğru 70 ildir yol gəlirəm. Məni səbrlə gözlədin, qarşıladın, üzümə güldün. Bundan sonra da əl-ələ, göz-gözə sağlam bədənlə, ruhumuzun gücü ilə ömrümüzü davam edək, İnşallah.
Allaha şükürlər edirəm ki, O, kitab yazmaq üçün mənə yol açıb, qələmi ilə sevindirib. İlham mələklərinin nəfəsi üstümdədir. "Yollar sonsuz, həyat şirin. Hərə öz yolunu özü seçir, özü keçir... Ən uzun yollar da nə vaxtsa, hardasa bitir. Nə qədər sağıq yollara yoldaşıq. Yol bizdən ayrılsa yol kənarında torpağıq, daşıq. Hələ ki yoldayıq. Yollarda yaxşıları, pisləri tanıyırıq". ("Dünya, barışmışam səninlə").
Yazıçı üçün məbəd oxucuların qəlbidir. O, həmişə sizi düşünür, düşündürməyə nail olanda isə ən böyük mükafatını alır. Əsas odur ki, insanların xoşbəxtliyi, cəmiyyətin sağlam inkişafı naminə daha da xeyirxah, həssas, mərhəmətli, qayğıkeş olmaqdan yorulmayaq. Hər şeyə qadir güclü məhəbbətə sahib olaq!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!