Sevgi də yoluxucudur...
Kurortdayam... İki illik pandemiya məcburi aralığından sonra venoz xəstəliyindən sözümə baxmayan ayaqlarımı və ehtiyacın, canlı şahidi, ömürlük yol yoldaşım olan və artıq üzə duran xəstə mədəmin könüllərini almaq, acı-ağrılarını azaltmaq üçün özümü şəfalı suların insafına sığınmışam. Telefon nömrələrimi də keçici istirahətə göndərmişəm məndən əvvəl qoy bir az da onların qulağı dincəlsin. Bircə üç-beş adamın bildiyi vatsapım açıqdı...
Hər şey Azər Qismətin vatsapıma gələn səsli mesajından başladı. Heç vaxt üz-üzə gəlməsək də, Azər Qismət imzası mənə yaxşı tanışdı.
Məmməd abi, axşamınız xeyir olsun. Azər Qismətdi sizi narahat eləyən... Biz sizi o qədər çox istəyirik ki, vallah, həmişə də çox istəmişik. Məmməd müəllim, Sevinc Yunuslu siz tərəflərdəndir yəqin, Turan Uğur onun barəsində sizə demişdi. O sizin fanatınızdır, deməli, kitab çıxarıb, amma təqdimatını sizin Türkiyədən gəlişinizə saxlamışdı. O istəyirdi ki, siz onun kitabının təqdimatında iştirak edəsiniz. Mən ona sizin Tovuza getdiyinizi söylədim, sonra yenə zəng elədi, mən ona indi də sizin dincəlməyə getdiyinizi söylədim, çox pis oldu. Sentyabrın onunda kitabının müzakirəsini keçirmək istəyir... İstəyirdi ki, heç olmasa yarım saat orda siz də iştirak edəsiniz. Mən belə insan görməmişəm; həqiqətən mən görməmişəm ki, bir insan bir insanın belə vurğunu ola bilər... İmkan varsa, mən sizin nömrənizi verim ona, özü sizinlə əlaqə saxlasın...
Əlbəttə, Azər bəyin sözünü yerə salmayacaq, telefonumu Sevinc Yunusluya verə biləcəyini söyləyəcəkdim.
Gənc yaradıcı qüvvələrin özünüifadə imkanı meydanları olan "Gənclik" jurnalından, Respublika Gənclik Ədəbi Birliyinin rəhbərliyindən uzaq düşdüyümdən bu 26-30 ildə günümüz ədəbi gəncliyinin boy artımını bəzi istisnaları çıxmaq şərti ilə izləmək imkanlarından da uzaq düşmüşəm. Əlbəttə, burada son illərin əsl şeirlərin dəyərdən salındığı, xüsusilə qadın şairlərin (ya da şeir həvəskarlarının) çoxluq təşkil etdiyi internet təmaslarını nəzərə almıram.
Azər bəydən əvvəl də "Sətirlər" verilişinin ssenari müəllifi Turan Uğur da Sevinc Yunuslu haqqında mənə bir şeylər demişdi. Sevinc qızımızın fanatlığı mənə illər öncə ünvanıma Leyla Xəlilovadan gələn məktubları xatırlatmışdı. Sözün doğrusu, Leyla xanımın ilk məktubuna bir az şübhə ilə yanaşmışdım. Amma sonrakı məktubları və məktub adlandırdığı şeirləri mənim qadın şairlərinin şeirlərinə əvvəlki şübhəli təəssüratımı kökündən dəyişmişdi. Sonra Leyla xanımın mənə ünvanladığı məktub-şeirlər mətbuata yol tapıb ictimailəşmiş və böyük rəğbətlə qarşılanmışdı... Aydın təsəvvür yaransın deyə, o şeir-məktublardan sadəcə bir neçə sətir misal gətirmək istəyirəm.
Buludlar dalında ocaq çatıb Ay,
Bəs niyə tüstüsü təpəmdən çıxır?
Leylanın məktublarından o danılmaz, inkaredilməz təəssüratları yaşasam da, internet qadın şairlərinin şeirlərini və onlara erkək şairlərin yazdığı boğazdanyuxarı statusları gizləmirəm şübhələrimi birə ikiqat artırsa da Azər bəyə telefon nömrəmi Sevinc Yunusluya verə biləcəyini yazmışdım. Bunu etməyimin tək səbəbi sadə idi. İnsan çox zaman heç ətrafındakı qanıbir doğmalarından təsdiq, bəyəni sözlərini hər gün deyil, bəzən həftələrlə, aylarla eşitmir, səndən bir köynək uzaq olan birinin sənə sevgi-sayqısı əslində, bir Allah lütfüdür və bunu zamanında dəyərləndirmək hər ölümlü insan oğlunun boynunun borcudur.
Həm bu borc hissi və həm də Azər Qismət bəyin zövqü məndə ümid hissi yaratdı və Azər bəyə əlaqə telefonumu Sevinc xanıma verə biləcəyini yazdım və onu da yazdım ki, şəxsiyyəti və yaradıcılığı ilə tanış olmadığım birinin kitab təqdimatında mən iştirak edib nə deyə biləcəyəm ki, yaxşı olar, mənə təqdimatı keçiriləcək kitabdan örnəklər göndərilsin.
Amma bunları bilə-bilə və yaşaya-yaşaya el qızım Sevinc xanımdan gələcək şeirlərin necəliyi fikrimi məşğul etməkdə idi: Birdən... Amma ortada tanışlığımıza səbəb olan Azər Qismət ədəbi səviyyəsi də vardı. Və bu səviyyə məni yanıltmamalı idi.
Çox keçməyəcəkdi ki, Sevinc xanımın mesajı ilə birlikdə kitabının mətni də gələcəkdi.
İlk öncə kitabın adı "Sonuncu dayanacaq - SƏN" və müəllifin kitaba yazdığı ön söz diqqətimi çəkəcəkdi.
Əslində, bu ön söz tutarlı bir mənsur şeir dadındadır və kitaba salınmış şeirlərin preslənmiş məzmunu kimidir:
"...Səhrada yol almağa çalışan bir gəmi düşün və o gəmiyə dəniz olmaq istəyən yağış... Yağışın inamı qədər olur bəzən insanın gücü. Üzü göylərə hər gecə bir dua uçur durnanın qanadında dilindən. Səni könlündə sevməkdən başqa heç nə gəlmir o qadının əlindən...".
Şeirlərdən əlavə, kitaba şeir dadında S.Rüstəmxanlının təhlili məqaləsi və rəhmətlik Məmməd Dəmirçioğlunun və Rəbiqə Namiqqızının esselərində şairin axtarış meyilləri haqqında sıxılmış meyillərinə işıq tutulur.
S.Yunuslunun şeirləri ilə ilk tanışlıq könül rübabını çeşidli ruhi hallara və forma biçimlərinə kökləyən və bu yolda uğur da qazanan bir şeir sevdalısı ilə tanışlıq oldu:
Onsuz da bilirəm, bu görüşdə
ürəyim şam kimi yanacaq...
Odur qatar gəlir...
İçərişəhər...
Sahil...
Və Sən - son dayanacaq!
Bir anın ruhi halı bir neçə misrada ancaq bir bu qədər tutarlı yazıla bilərdi:
Ümidlərin sonudu
Baharın son buludu.
Başına yaylıq elə,
Əyninə don buludu
Və belə yaşa getsin...
"Belə"
...Sonuncu şamdı könlüm,
Əlinlə söndür, gedək.
Ta bundan anrı yol yox,
Bu yol da sondur, gedək.
"Gedək"
O qara gözlər badamı,
Dağıtdı getdi odamı.
Hardasa bir yol adamı
Yaman darıxır, deyəsən.
"Deyəsən"
...Bilirəm günahım çoxdu,
Cəzamı çəkməyə gəldim.
Könlümdəki ağrıları
Gözümdən tökməyə gəldim.
"Gəldim"
Kitabdan örnək aldığım bu sətirlərdən, gəncliyə məxsus darıxan könüllərə yol arayışları özünəməxsus bir biçimdə misralandırılır.
...Ürəyim çökəklik dərədi Tuğda,
Ümidim quraqlıq içində buğda.
Bu qədər sevgini ovcuna yığ da,
Gəl məni azad et, əsir Azıxam.
Hər tikəm bir parça yolayrıcıdı,
Həsrətin zəhərdən belə acıdı.
Yuxum başdan-başa dar ağacıdı,
Gəl məni bu dardan qurtar acığa.
"Acığa"
Üç bəndlik şeirdən misal gətirdiyim aforizm gücündəki misralar kifayətdir ki, Sevinc Yunuslunun şair taleyi haqqında ürəklə danışasan. Əlbəttə, biz əlimizdə olan mətnlərdən yola çıxaraq bu fikirləri söyləyirik. Dağlardan yola çıxan bütün çaylar dənizə qovuşmaq arzusunda olur, qovuşacaqmı, aran quraqlıqlarını buxarlanmadan ötə biləcəkmi bu, kənardan bu çayların dənizə qovuşma başlanğıc əzminə dəyər verənlərdən daha çox, çayın öz daxili enerjisinə inanmasından, ilk növbədə özü-özündən güc almasından, özünə sonsuz inamından çox asılıdır.
Yəqin ki, Sevinc Yunuslunun kitab təqdimatında iştirak edəcək, ürək sözlərimi bildirəcək və ona uğurlar diləyəcəyəm.
Tovuz-Əsrik-Yessentuki
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!