Müstəsna şəxsiyyət Abbas Zamanov və beynəlxalq ədəbi əlaqələr - Qəzənfər PAŞAYEV

 

Qəlbi xalqına, vətəninə məhəbbətlə döyünən cəsur, qorxmaz, təmənnasız insanların sayəsində ədəbi əlaqələr sərhəd tanımır. Bu sərhədsizliyi yaradanlardan biri də, anadan olmasının 110 illiyini qeyd etdiyimiz, akademik İsa Həbibbəylinin Azərbaycanda yaşayan "dünya adamı" adlandırdığı Abbas Zamanovdur.

Xoşbəxt adamam ki, 1966-cı ilin baharından dünyasını dəyişdiyi 1993-cü ilin baharına qədər bu müstəsna şəxsiyyətlə ata-oğul münasibətində olmuşam. Abbas müəllim Azərbaycanda Şərqlə Qərb arasında mayası fədakarlıqdan, təmənnasızlıqdan, xeyirxahlıqdan yoğrulan mənəvi körpü idi. Dünyanın bir çox ölkələrindən bu müqəddəs körpüdən keçərək Azərbaycana gəlirdilər. İren Məlikova və qızı Şirin xanım (Fransa), Turxan Gəncəyi (İngiltərə), Əhməd Şmide (Almaniya), Cavad Heyət və M.Fərzanə (İran), Əbdüllətif Bəndəroğlu, Nəsrin Ərbil (İraq), Əli Yavuz Akpınar, Əhməd Bican Ərcilasun, Həbib İdrisi (Türkiyə) və bir çox başqaları.

Abbas müəllim sovet quruluşunun qılıncının dalı da, qabağı da kəsdiyi bir dövrdə dünya azərbaycanlıları ilə əlaqə saxlayırdı. Onlara, eləcə də qardaş ölkələrin ziyalılarına və kitabxanalara kitablar göndərirdi. O, bu müqəddəs və təmənnasız işi öz maaşı hesabına edirdi. Məktublar yazırdı.

Qardaş Türkiyənin Ərzurum Atatürk Universitetində Abbas müəllimin göndərdiyi kitablardan "Abbas Zamanovun bağış kitablığı" kitabxanası yaradılıb və fəaliyyət göstərir. Abbas müəllimin evində tanış olduğum, Atatürk Universitetinin dosenti Həbib İdrisi və dosent Turqut Karabey "Abbas Zamanov bağış kitablığı"nın kataloqu adlı 221 səhifədən ibarət kitab çap etdirmişlər. Dosent Həbib İdrisi kitaba geniş ön söz yazmış və Abbas müəllimin xidmətlərini yüksək qiymətləndirmişdir:

"Bu kataloq incələnəcək olursa, "Abbas Zamanov kitablığı"nın nə qədər dəyərli kitabları içinə alan möhtəşəm bir kitablıq olduğu görüləcəkdir".

Azərbaycan ədəbiyyatının Türkiyədə ən etibarlı tədqiqatçısı və təbliğatçısı Əli Yavuz Akpınar da Abbas müəllimin ədəbi əlaqələr yolunda gördüyü təmənnasız işi layiqincə qiymətləndirmişdir: "Abbas müəllimin ölkələr arasında mədəni əlaqələrin yaranması və genişlənməsi işində böyük əməyi vardır".

Nə yaxşı ki, bu böyük insanın təmənnasız əməyi qiymətləndirilirdi. 1971-ci ildə Türkiyə Dil Qurumuna fəxri üzv, 1989-cu ildə isə Konya Səlcuq Universitetinin fəxri doktoru seçilib.

Abbas müəllimin Türkiyədə məktublaşdığı böyük şəxsiyyətlərdən biri də professor Əhməd Cəfəroğlu olub. Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Mirzə Ənsərli 2019-cu ildə bu münasibətlə "Məktublarda yaşayan ömür" kitabını çap etdirmişdir. Məktublaşmalar 1968-1973-cü illəri əhatə edir. Abbas müəllim Əhməd Cəfəroğluna ünvanladığı məktubların birində yazırdı: "Sizə lazım olan kitabları göndərməyə hazıram. İstədiyiniz kitabların adını çəkinmədən yazın. Kitab mübadiləsi xalqlar arasında mənəvi əlaqənin ən gözəl formalarından biridir. Bu sahədə xidmət etmək mənim üçün səadətdir".

Hörmətli alimimiz Mirzə Ənsərli yazır ki, hazırda S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin 526 saylı fondunda Abbas Zamanova Azərbaycan daxilindən, keçmiş Sovetlər Birliyinin müttəfiq respublikalarından və xarici ölkələrdən göndərilmiş minlərlə (təxminən 3583) məktub (cavab məktubları ilə birlikdə) saxlanılır.

Elə bunun özü Abbas müəllimin gördüyü böyük işin miqyasından xəbər verir.

Ədəbi əlaqələr məsələsində Abbas müəllimi başqalarından fərqləndirən cəhət ondan ibarət idi ki, o, bu müqəddəs işlə sistemli şəkildə, fədakarcasına, ən əsası təmənnasız məşğul olurdu.

Mənə tövsiyə edirdi ki, əcnəbi ölkələrdə yaşayan ziyalılara kitab göndərim, onlarla məktublar vasitəsilə əlaqə saxlayım.

"Altı il Dəclə­Fərat sahillərində" kitabımın 83-dən 102-yə qədər səhifələrini əhatə edən "Məktublar" bölümünə görə Abbas müəllimə minnətdaram. Bəhrəsini gördüm.

12 mart 1970-ci il tarixdə kərküklü folklorşünas, ədəbiyyatşünas, mətnşünas, dilçi alim Əta Tərzibaşının mənə ünvanladığı məktubda oxuyuruq: "Önkü gün qardaşımız Abbas Zamanovun göndərmiş olduğu kitablar ulaşmışdır. Mənim yerimə təşəkkür etməyi lütfən unutmayınız. Rəsul Rzanın yazısını çap edən "Qardaşlıq"ın nüsxələrini əldə etdiyim zaman göndərəcəm. Kəndisinə məxsusi salamlarımı bildiriniz.

Mənə göndərdiyiniz "Dədə Qorqud" kitabı ilə professor Dəmirçizadənin kitabları çatmışdır (Bax: "Altı il Dəclə­Fərat sahillərində", 1985, s.83-84).

Mövlud Taha Qayaçının mənə Kərkükdən ünvanladığı 4.IX.1972-ci il tarixli məktubundan:

"Abbas Zamanov və Rəsul Rza üçün Salah Növrəsin "Aynada zaman" kitabını göndərdim. Nəşr etdiyiniz "Arzu­Qənbər" kitabı haqda bir yazı yazdım. "Qardaşlıq"da oxuyacaqsınız.

Qardaşım, dəyərli ustadımız, professor Abbas Zamanov məni lütfə qərq etmişdir. Məni kitab ilə boğmuşdur" (Bax: "Altı il Dəclə­Fərat sahillərində", 1985, s.92-93).

Diqqətəşayandır ki, iraqlı soydaşlarımız Abbas müəllimin göndərdiyi kitabları oxumaq naminə kiril əlifbasını öyrənmişdilər.

Kərkükdən aldığım çoxsaylı məktubların içində Abbas müəllimdən söz açmayan bircə məktuba da təsadüf edilmir. Açığını deyim ki, Abbas müəllimin iraqlı soydaşlarımıza münasibəti hiss ediləcək dərəcədə fərqlənirdi.

Bu fədakar insan Əta Tərzibaşı, Sinan Səid, Əbdüllətif Bəndəroğlu, Nəsrin Ərbil, Məhəmməd Xurşid Daquqlu, Mövlud Taha Qayaçı, Bahəddin Salehi, Əli Bəndəroğlu, Nəsrin Ərbillə məktublaşırdı. Yaxşı yadımdadır, Nəsrin Ərbilin anası dünyasını dəyişəndə Nəsrin xanıma çox qəmgin, lakin təsəlliverici məktub ünvanlamışdı. Həmin məktub "Yurd" qəzetində çap olundu. Sonralar Nəsrin Ərbil şəxsi qonağım kimi Bakıya gələndə Abbas müəllimin məzarını ziyarət etdi.

Abbas müəllim iraqlı soydaşlarımızın nəzərində əlçatmaz, ünyetməz əfsanəvi qəhrəmana çevrilmişdi. Onun adı çəkiləndə qədlərini düzəltmədən azca ayağa qalxar, oturardılar.

Keçən əsrin 60-cı illərində partiyadan və işdən çıxarılmasının səbəbini yaxşı bilirdilər. Onu da bilirdilər ki, Sovet İttifaqında Türkiyənin adını çəkmək yasaq olunduğu bir vaxtda Abbas müəllim Atatürkün şəklini böyütdürüb inandığı adamlara paylayırdı.

İraqlı soydaşlarımıza o da məlum idi ki, Əli Bəndəroğlu Bakıda kimya üzrə aspiranturada oxuyanda onun həyat yoldaşının Lenin adına Pedaqoji İnstitutunda təhsil alması Abbas müəllimin köməyi ilə baş tutmuşdu. Kərküklü Bahəddin Salehi ailəsi ilə birlikdə Əhməd adlı oğlunu ağ qan xəstəliyindən müalicə etdirmək üçün Bakıya pənah gətirmişdi. Abbas müəllim yaxın adamları hər iki ailəyə yardım etməyə cəlb etmişdi.

Xalqa xidmət etməkdən usanmayan bu böyük insan öz maaşı hesabına kitablar alıb iraqlı soydaşlarımıza göndərməklə, ədəbiyyatımızı tanıtmaq və təbliğ etməklə bərabər, Bağdadda çıxan "Qardaşlıq" dərgisində və "Yurd" qəzetində məqalələr yazmaqla xalqımızın görkəmli şəxsiyyətlərini tanıtmaq kimi şərəfli missiyanı da yerinə yetirirdi.

Abbas müəllimin M.P.Vaqifə, M.Ə.Sabirə, N.Nərimanova, C.Məmmədquluzadəyə, M.S.Ordubadiyə, M.İbrahimova, M.A.Dadaşzadəyə həsr etdiyi məqalələrinin İraqda çap olunması çox mətləblərdən xəbər verirdi.

Abbas müəllim təmənnasız xidməti ilə Türkiyə, İran və İraqda milyonların məhəbbətini qazanmışdı.

Doktor Cavad Heyət bu məhəbbətin haradan qaynaqlandığını kompas dəqiqliyi ilə göstərə bilmişdir: "Abbas müəllim, quş quşluğu ilə uçaraq sərhədləri keçməyə cəsarət etmədiyi bir vaxtda Şimallı-Cənublu qardaşlar arasında körpü saldın. Onları bir-birləriylə yaxınlaşdırdın, qovuşdurdun. Buna görə biz hamımız sənin cəsarətin qarşısında baş əyirik".

Ədəbiyyatımızın hamisi Heydər Əliyevin Abbas müəllimin gördüyü müqəddəs işə verdiyi yüksək qiymət - "Azərbaycan ədəbiyyatının bir çox ölkələrdə tanınması və təbliğ olunması Abbas Zamanovun adı ilə bağlıdır" deyilənlərə işıq tutur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!