"Nizami ili"ni kitab və uşaq bayramına çevirən Bakı Beynəlxalq Kitab Sərgisi - FOTOLAR - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

Bir Beynəlxalq Kitab Sərgisini də geridə qoyduq. Kitabla, sənətlə görüş həmişə xoşdur. Bir neçə günlük də olsa, bütün ruhunla dörd bir yanı kitabla bələnmiş dünyanın içinə düşürsən və adama elə gəlir ki, əsl möcüzələr diyarı deyilən aləm bu imiş. Amma möcüzələr diyarı kimi aləm idi kitab sərgisi.

Elmlər Akademiyası metrosunun yanından sərnişinlər üçün ayrılmış avtobuslara minib Bakı Ekspo Mərkəzinə yola düşürük. Xatırlayıram ki, ötən ay buna bənzər avtobuslarla arzularımızın şəhərinə - Şuşaya yollanmışdıq. Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş Vaqif Poeziya günlərinə. Bəlkə də "Nizami ili" olmanın səbəbindəndir, son zamanlar daha çox ədəbiyyat, kitab, sənətlə bağlı aktiv fazada qərarlaşmışıq. Bəlkə, 44 günlük Vətən savaşımızdır, zəfərlə bitən sonucu ilə bizlərə dinamik ovqat, ruh yüksəkliyi aşılayıb. Hər bir halda mədəniyyət düşüncəmizin yeni kontekstə, yeni müstəviyə adlaması zəruridir və səbəb kimi sıraladığım hər iki amil - "Nizami" və "Zəfər" ilinin təntənəsini yaşamağımız qarşımıza ədəbiyyatın, mədəniyyət və incəsənətin geniş üfüqlərinə çıxmağın məsuliyyət yükünü qoyur.

Bu il təşkil olunan Bakı Beynəlxalq Kitab Sərgisində nəzərə çarpan fərqlərdən birini uşaq ədəbiyyatına diqqətin çoxluğu və buna ayrılan yerin sistemliliyi ilə əlaqələndirmək lazımdır. Onu deyim ki, hələ ilin əvvəlində Mədəniyyət Nazirliyinin vətənpərvərliklə bağlı keçirdiyi müsabiqənin iştirakçıları sırasında məktəblilər də yer almışdı. İndi də kitab bayramı və bu bayramda məfkurəmizin qaynağı olan uşaq ədəbiyyatının təbliğatı. Belə bir həssaslıq ona görə riqqət doğurur ki, söhbət uşaqlardan gedir. Deməli, sağlam və təməlli nəsil yetişdirmək, onlarda kitaba, ədəbiyyata, sözə maraq, sevgi oyatmaq başlıca qayəyə çevrilməkdədir. Bunu sərgiyə təşrif buyuran valideyn və uşaqların öz diqqəti, marağı mənasında da qavramaq mümkündür. Uşaqları ilə sərgiyə gələn, kitabları əllərinə böyük sevgi ilə alıb uşaqlarına nəsə anlatmağa çalışan, həssaslıqla vərəqləyən insanların izdihamı gözəl bir mənzərə yaradırdı. 

Bütün sərgi çərçivəsində uşaq ədəbiyyatına yer ayrılması, həm də bunu bütün yaş senzinə malik uşaqları nəzərə alaraq reallaşdırmaq səriştəsi təqdir olunası faktdır. Nağıl saatlarının, kukla tamaşalarının təşkil edilməsi, uşaqlar üçün master-klasların, seminarların, daha çox valideynlərə ünvanlanmış olan psixologiya və ədəbiyyat mövzusunda müzakirələrin aparılması, uşaq yazarlarının mətnlərinin təqdimatı ilk dəfədir ki, bu qədər geniş və sistemli şəkildə aparılırdı. Sərgidə son dövrdə işıq üzü görən uşaq kitablarının təqdimatının əhəmiyyətini isə ayrıca qeyd etmək lazımdır. Bu təqdimatlarda Qarabağa, zəfərimizə həsr olunmuş mövzularda yazılmış əsərlər xüsusilə diqqətimi cəlb edir: Zahid Xəlilin "Dəmir Yumruq", Solmaz Amanovanın "Gözün aydın olsun" və "Şuşanın sehrli açarları", Çinarə Köçərlinin "44 gün Qarabağda", Aybəniz İsmayılovanın "Xarıbülbülün nağılı" və s. Deməli, qalibiyyətimizin ilk rüşeymləri artıq uşaqlar üçün yazılmış əsərlərin köksündə də duyulmaqda, balaca fidanlarımız üçün mənəviyyat təməlinə çevrilməkdədir.

Digər bir amil. Məsələnin nəzəri tərəfinin, bunu uşaqlara aşılamağın yolları kimi məqamların nəzərə alındığı sərgidə "Nağılın gənc nəslin təfəkkür inkişafında mədəni irs kimi əhəmiyyəti" (yazıçı Günel Əsgərovanın təqdimatında), "Uşaqlara kitab oxumağı sevdirməyin yolları və düzgün kitab seçimi" kimi seminarlar valideyn-uşaq-kitab münasibətlərinin tənzimlənməsinə yönəlmiş kreativ addım kimi səciyyələndirilməlidir.

Belə kreativ tədbirlər sırasında türkiyəli uşaq yazarları ilə olan görüşü də qeyd etmək istərdim. Oktyabrın 8-də "Azərbaycan və Türkiyədə uşaq ədəbiyyatı və nəşriyyat evlərinin cari vəziyyəti"nə həsr olunmuş tədbiri yuxarıda qeyd etdiyim "oxu prosesi"nə, kitab seçiminin səmərəliliyinə xidmət baxımından uğurlu saymaq olar. Türkiyədən dəvət olunan qonaqlar uşaq yazıçısı və nəşriyyatçısı Melike Günyüz, uşaq yazıçısı Tulin Kozikoğlu idi. Azərbaycan tərəfi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı" və "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiri olaraq mən və "TEAS Press" nəşriyyat evinin "Üç alma" uşaq ədəbiyyatı bölməsinin meneceri Arzu Cəfərova təmsil edirdik. Bununla belə, görüşə akademik İsa Həbibbəyli və "Uşaq ədəbiyyatı" şöbəsinin bütün əməkdaşları, habelə müxtəlif qurumları təmsil edən insanlar da qoşulmuşdu. Bütünlükdə yaradıcı müstəvidə baş tutan tədbir bir çox məqamları ilə faydalı oldu: hər iki ölkənin uşaq nəşriyyatlarının maraq dairələri, funksionallıq səviyyələri, iş mexanizmləri, ədəbi mühiti, yazarlarla əlaqə qurma prinsipləri ilə bağlı çox geniş söhbət etdik. Tülin Kozıkoğlu uşaq mətnlərində söz və rənglərin harmoniyası, illüstrasiya məsələrinə toxundu, psixoloji nüansların vacib olduğunu, valideyn-uşaq münasibətlərində bunun rolunu irəli çəkdi. Melike Günyüz nəşriyyat işçisi olaraq, bu sahənin inkişafına nail olmağın yollarından danışdı, hədəflərinin Avropa uşaq ədəbiyyatı nəşrlərində yer almaq olduğunu vurğuladı və bu yöndə hansı işlər getdiyini nəzərə çatdırdı. Arzu Cəfərova Azərbaycan nəşriyyatlarındakı vəziyyətlə bağlı bilgilər ötürdü. Mən uşaq ədəbiyyatını elmi-nəzəri prinsiplər baxımından öyrənməyin vacibliyindən, bu istiqamətdə meydana qoyulan işlərdən, uşaq yazarları ilə əlaqələrimizdən bəhs etdim və sonda həm İsa Həbibbəyli, həm də mən türkiyəli yazarlara daim əlaqədə olmaq, birgə layihələr hazırlamaq, iki qardaş ölkənin uşaq ədəbiyyatının bir-birinə yaxınlaşması, çiyin-çiyinə çalışması, biri-birini gücləndirməsi ilə bağlı təkliflər səsləndirdik.

Zənnimcə, Bakı Beynəlxalq Kitab Sərgisinin ən böyük müstəsnalığı bundadır: dünyanın müxtəlif tərəflərində yaşayıb yaradan qələm adamlarını, söz sahiblərini bir araya cəm edib mənəvi məkan yarada bilməsində. Çünki çox isti və məhrəm münasibətlər çərçivəsində baş tutan bu görüş də gələcəyə hədəflənmiş əməkdaşlıq, dostluq sisteminin bir halqası idi. Onu da deyim ki, müzakirələrə valideynlərin və uşaqların diqqət kəsilməsi, maraqla dinləməsi çox xoş idi və qəribə bir bütövlük, birlik nümunəsi yaradırdı. Axı bu müzakirə və söhbətlərin baş qəhrəmanı idi onlar.

***

Çağdaş zamanımızda kompüter və telefonlara maraq göstərən uşaqların diqqətini kitaba yönəltmək baxımından kitab sərgisinin təşkili ən yaxşı təbliğat vasitəsi sayılmalıdır. İnanaq ki, o kitabların oxucuları olan uşaqların içindən nə vaxtsa böyük uğurlara imza atan şəxsiyyətlər, fikir adamları yetişəcək və onlar bütün uğurlarının səbəbi olaraq məhz bu amili əsas gətirəcəklər: "Bir gün bir kitab oxudum, bütün həyatım dəyişdi" (O.Pamuk)!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!