Eşqin səmasında yarı düşündüm... - Elxan ZAL - Şeirlər

Qiyamət

İndi sevgi şeirləri çox az yazılır. Adətən sevgi şeirlərini aşiqlər yazardılar,  çünki sevgi, savaşı və sevişi olan aşiqlərə aid bir kateqoriyadır. Sevgi və savaş, savaş və sevgi - budur yaradılışın ilkin düsturu. Elə yaşadığımız dünya da Tanrının var etmək eşqindən törəyib. Çağımızda allahlıq funksiyası yavaş-yavaş insan zəkasının yaratdığı "süni intellektin" monopoliyasına keçir. Artıq kompüter proqramlarının yaratdığı romanlar və şeirlər ədəbiyyatda və sənətdə dəb müəyyən edən bir janra çevrilməkdədir. Bu dəb özlüyündə insan cəmiyyətində biorobot, android əhval-ruhiyyəsi formalaşdırır. Yeni arxitektura, yeni musiqi, yeni rəsm, yeni ədəbiyyat - bunlarda hər şey var, ölçü-biçi də, məzmun da, ardağıl fantaziyası da. Yalnız eşq yoxdur, törədiliş düsturunun mahiyyəti. Qiyamət - süni intellektlə aşiqlərin ölüm-dirim savaşıdır. Yox ol, ya qal!

Erkək də, qadın da makinalaşır,

bir az biorobot, bir az android.

Səni çağırıram, eşq ilahəsi,

insanlıq təzədən doğular, amin!

 

 

Aşiqləriz biz

   

Allahdan buyruq,

Dünya bir quyruq,

Yoxdu uyduruk,        

Aşiqləriz biz.

 

Qorxmaz sevən ər,

İçdədir hünər,

Eşq haqdan gələr,

Aşiqləriz biz.

 

Sevgimiz dərin,

Yəmin, min yəmin,

Könüllər dəmi,

Aşiqləriz biz.

 

Süz bu şərabı,

Yoxdu can tabı,

Göylərə qapı,

Aşiqləriz biz.

 

Piyalələr boş,

Könlümüz sərxoş,

Güz, yay, bahar, qış,

Aşiqləriz biz.

 

Nə sağ var, nə sol,

Haqqa gedir yol,

Ey ruh, möhkəm ol,

Aşiqləriz biz.

 

Belədi sevda

 

Sevda arıları qoşa gəldilər,

Ürəyin gülünü çiçək bildilər,

Həsrəti yaxdılar, qəmi böldülər,

Mövlam, mən neyləyim, belədi sevda.

 

Duman pərdəsindən baxanda üzün,

Zeytun bağlarından dağıldı hüzün,

Sonunda hücrə var nurlu gündüzün,

Mövlam, mən neyləyim, belədi sevda.

 

Səma mehrabına bağlanıb murad,

Yağmur səpişində can olur rahat,

Eşqin hücrəsində nə mən var, nə ad,

Mövlam, mən neyləyim, belədi sevda.

 

Quşlar qanad vurur, könül atlanır,

Mənzil yaxınlaşır, yollar qatlanır,

İki qəlb içində iki şam yanır,

Mövlam, mən neyləyim, belədi sevda.

 

Bu gözəl kəlmələr sanki quşdular,

Əl-ələ verdilər, göyə uçdular,

Dünyada sevdasız doğuluşmu var?

Mövlam, mən neyləyim, belədi sevda.

 

Yaratam, mən səni

 

İki şam yanırdı, iki şam,

Mən səni düşündüm bu axşam,

Bir eşqinn sehrində qalmışam.

Sevdasız günlərdə yoxdu tam,

Yaratam, mən səni, yaratam*.

 

Uyqular qapqara, yox bəyaz,

Ağrılı bəstələr qoşur yaz,

Sevgilər ayrılar, qurtarmaz.

Özümü mən nasıl unudam,

Yaratam, mən səni yaratam.

 

Mən sənəm, sən mənsən bəlkə də,

Gəlmişik bir eşqli ölkədən,

Bir canıq, bir tamıq, bir bədən.

Bizi bir yaratdı yaradan,

Yaratam, mən səni yaratam.

 

*Yaratam - sevirəm (tatarca)

 

Tənim yol arıyır

öz şəmasına

 

Tənim yol arıyır öz şəmasına,

Halımın azacıq xarab günüdü.

Eşqin ormanında yarı düşündüm,

Alca dodakların şərab günüdü.

 

Könlün gözlərində açıldı pərdə,

Ruhum qanad açdı, durmadı yerdə,

Eşqin çiçəkləri açarmı bir də,

Əski günahların hesab günüdü.

 

Burası Xırdalan, orası Muğla,

Tale ağacına çalama* bağla,

Axşam duasını sabaha saxla,

Sevda mehrabının xitab günüdu.

 

*Çalama - müqəddəs ağaclara bağlanan

əlvan kətan parçalar

 

Bahar qoxusunda

güllər güləndə

 

Bahar qoxusunda güllər güləndə,

Eşqin bardağından nur töküləndə,

Uyumuş duyğular oyansa səndə,

Gözlərin dünyaya baxar, ya baxmaz?

 

Tale ajanının oyunu mindi,

Xatirə sehrində könül isindi,

Sevda müjdəçisi desə bəsindi,

Kədər ürəyini sıxar, ya sıxmaz?

 

İndi bu şəhərdə bir ayrı park var,

Yarpaq dumanında yürüyən arx var,

Bilsən ki içində məğlub monarx var,

Başından tüstülər çıxar, ya çıxmaz?

 

 

Pəncərədən baxan gözəl

 

Pəncərədən baxan gözəl,

Həsrətini yeyən mənəm.

Eşqin odlu çuxasını

Ürəyinə geyən mənəm.

 

Gecə əridir yağını,

Huşum gəzir otağını,

Yasaqların budağını,

Oğrun-oğrun əyən mənəm.

 

Göy üzünü tutdu boyaq,

Dünya yatır, hisslər oyaq,

Pəncərəni yuxu sayaq,

Döyən mənəm, döyən mənəm.

 

Ay əriyir yana-yana,

İlmə düşür şirin cana,

Çıx eyvana, çıx eyvana,

Sənə nəğmə deyən mənəm.

 

 

Mən sənin uyğuna

toxundum

 

Mən sənin uyğuna toxundum,

Gül olub açarsan deyə.

Ən şirin duyğular özlədim,

Qəfildən qucarsan deyə.

 

Gözləmə sehrində uydu dan,

Çələnglər hörüldü duyğudan,

Ayrıla bilmərəm uyğudan,

Yanımdan qaçarsan deyə.

 

Gecənin havası yandırır,

Buluşmaq umudu yan durur,

Hər eşqin ardında can durur,

Sev məni, tatarsan deyə.

 

 

Mənə sən gərəksən, sən

 

Bağçamızda bülbül səsi,

İçimdə bahar həvəsi,

Hər aşiqin öz ölkəsi,

"Mənə sən gərəksən, sən".

 

Sokaklarda sehr, bügü,

Ağır olur hicran yükü,

Eşq ağacı yarpaq tökür,

"Mənə sən gərəksən, sən".

 

Şeir təbi gələr eldən,

Nəğmə enər dadlı dildən,

Mən Taustan, sən İdeldən

"Mənə sən gərəksən, sən".

 

Hicran bitər, gedər qəmin,

Yəmin olsun, min yol yəmin,

Eşq bir olur, aşiqlər min,

"Mənə sən gərəksən, sən".

 

Xəzərin sahilində Egeni düşünürəm

 

Xəzərin sahilində Egeni düşünürəm,

Üzümə sığal çəkir saçların kimi rüzgar.

Yalnızlıq məbədində zəng çalır ayrılıqlar,

Ayrılığın sonunda xurma tamlı öpüş var.

 

Ulduzlu bir gecədə, fontanlı bir şəhərdə,

Sevgidən şarkı yapdım sevgi olmayan yerdə,

Mən Bakı bulvarında, bəs sən nerdəsən, nerdə?

Sorağını almasam, inan, ürəyim yatar.

 

Sənli düşüncələrim saçımda neçə dəndi,

Aşiqlər ölkəsində iki can bir bədəndi,

Yaman sənsizləmişəm, zəngin gəlmir nədəndi?

Gəl ey sevda ulduzum, məni həsrətdən qurtar.

       

Bu ayrılıq vədəsiydi

 

Bu ayrılıq vədəsiydi,

Nələr oldu, nələr oldu.

Bizim vida şarkıları

Yanıqlı kəlmələr oldu.

 

Böylə qədər, böylə yazı,

Uyquya döndü Elazıq,

Ayrılırıq yazıq-yazıq,

Dərd mələyi gülər oldu.

 

Dünya böyük, yaşam acı,

Eşqimızin yox amacı,

Bizim mutluluq ağacı,

Qəfil soldu, ölər oldu.

     

Eşqim sultan olanda

 

Eşqim sultan olanda

Mən eşqimdə qul idim.

Ölməzlik kəhərinin

Belində bir çul idim.

 

Eşqsiz anlar ağırdı,

Mövlam məni çağırdı,

Getdiyim yol yağırdı,

Mən mövlama yol idim.

 

Yandım könül yağında,

Yatdım eşqin bağında,

Dərvişlər dərgahında,

Bar bitirən kol idim.

 

Var idim qandan öncə,

Doğuran dandan öncə,

Lövhü-məhvuzdan öncə,

Eşqdən doğan "Ol" idim.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!