Akademik Y.E.Bertels yazıçı Mir Cəlalın evində - Nəriman HƏSƏNZADƏ

 

Böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş Elmi Konfransda (6 iyun, 1947) iştirak etmək üçün Bakıya gələn məşhur Sovet alimi, Sovet türkologiya məktəbinin əsasını qoyan, ona rəhbərlik edən, Nizami epoxası, həyatı və yaradıcılığının tədqiqatçısı kimi tanınan akademik Yevgeni Eduardoviç Bertels (1890-1957) "Nizaminin poetikası" mövzusunda geniş elmi məruzə ilə çıxış etmiş və respublikanın elmi ictimaiyyəti onu layiqincə qarşılamışdı.

Akademik Nərgiz Paşayeva yazır: "...Mənim atam Bertelsi şəxsən tanıyırdı. Babam yazıçı Mir Cəlal Paşayev Bertelsi evində qonaq etmişdi".

Böyük alimin böyük oğlu Akademik Arif Paşayev də evlərində, süfrə ətrafındakı həmin görüşü (1947-ci ildə Arif müəllimin on üç yaşı var idi - H.N.) belə xatırlayır: "...Nurani bir insan idi. Balaca saqqalı var idi, o da ona yaraşırdı".

Bu zaman artıq görkəmli alim Sufizm və sufi ədəbiyyatı tarixi, eləcə də fars, tacik xalqları ədəbiyyatı sahəsində elmi tədqiqatların müəllifi kimi, Ümumittifaq miqyasda nüfuz sahibiydi.

Azərbaycan ədəbiyyatına, mədəniyyətinə sevgisini təkcə alimin maraq dairəsinin deyil, həm də dostlarına, həmkarlarına yazdığı məktublardan da görür və indi onun xatirəsinə hörmət hissilə oxuyuruq.

1943-cü illərdə Özbəkistanda yaşadığı vaxtlarda, akademik Heydər Hüseynova yazdığı məktublarda Nizami Gəncəvinin əsərlərilə yanaşı, otuz beş yaşlı yazıçı Mir Cəlalın da "Füzulinin sənətkarlığı" monoqrafiyasını göndərməsini xahiş edirdi.

Mir Cəlal hələ 1940-cı ildə "Füzulinin poetikası" mövzusunda dissertasiya müdafiə etmiş və onu sonralar ayrıca kitab halında buraxdırmışdı.

Yeri gəlmişkən deyim ki, uzunmüddətli elmi axtarışların yekunu olan bu əsər, o vaxt Azərbaycan klassiki Füzuli haqqında deyilən yeni söz, yeni fikir kimi qarşılanıb və ədəbi hadisə kimi qiymətlənibdi.

Füzuli kimi sənətkarlar hər əsrdə bizim müasirimiz olduğu üçün hər dəfə bu mənəvi proqresə "qayıdışın" özü də yeni elmi axtarışlara səbəb olur. Azərbaycan intibahından söhbət gedir.

Bertelsin 1962-ci ildə gərgin elmi araşdırmalarının məhsulu olan "Nizami və Füzuli" adlı ensiklopedik əsəri də yuxarıda dediyim fikrə, elə bilirəm, əsas verir.

Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edildiyi əlamətdar günlərdə bu dostluq və elmi-ədəbi yaradıcılıq əlaqələri daha dərin köklərə gedib çıxır, daha geniş məna kəsb etmiş olur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!