Sabahkı gün - İradə TUNCAY

 

 

Günəşli payız səhəri... Cənub bölgəsinədi yolumuz.

Yaxşı ki, bu yolu düzəltdilər, deyə düşünürəm. Rahat gedə bilirik. Yanımızdan yük maşınları da keçir. Diqqətlə baxıram. Arxadan əsgərlər görünür. Əsgər... Havada zatən top-tüfəng qoxusu var. Əsgər... Allah qorusun, deyirəm özlüyümdə. Sağ-salamat qayıdın... Yenə maşın keçir... Bəlkə?.. Qaçmaq istəyirəm fikirlərimdən - nə çox əsgər var?

...Hara gedir bu qədər əsgər...

- Hara gedir bu qədər əsgər?

- Hanı?

- Bax, maşınlarda gedirlər.

- Yəqin, təlimlərdi...

- Təki elə olsun...

Düşünürəm yenə özlüyümdə. Əvvəl-axır olacaq bu savaş. Bəlkə başlayır? Yenə qaçmaq istəyirəm - savaş olsa... olsa... Olsa bu gənclər... Amma sevincək, gülərüzlü bu gənclər savaşın qurbanı ola bilərlər... Amma, amma olub axı... Görmüşük... Nə qədər itki olub...

Bəs, necə olsun???

- Hara gedirlər?

- Qarşıdan yol haçalanır da. Qarabağa gedirlər...

 

Qarabağa gedirlər... Həəə...

 

Söz özü qorxudur... Neçə gündü bu söhbətlər evdə də gedir... Ola bilər, yəni. Əvvəl-axır olasıdı... Olasıdı... bilirik... Amma nə vaxt? Vaxtı-günü bilmirik...

Baxıram maşındakı əsgərlərə - (ay uşaqlar, müharibəyə gedirsiz???) Allah kömək olsun...

Dost qapısı, düşmən çəpəri Oğullar!!!

Əlim gedir telefona tərəf - dostlarıma yazıram... Əsgərlər gedir Qarabağa tərəf. Bilmirəm haa dəqiq, amma fikirləşirəm bunu.

Mən bunları özlüyümdə düşünürəm - amma sabah hər şey dəyişəcək. Çünki bunu ölkənin yiyəsi düşünüb artıq. Amma hələ bilmirik. Sabah yeni sabah açılacaq!!! Ölkənin yiyəsi bizi çoox təəccübləndirəcək... Dəmir Yumruğu ilə.

 

Müharibə irəliyə doğru bir addımdır

 

Təkcə torpaqlara doğru yox, həm də inkişafa doğru. Ordu döyüşərək təcrübə qazanır, boşluqlar bilinir, hərbi həkimlər formalaşır, hərbi mühəndislər formalaşır... Napoleon arzulayırsansa, döyüşməlisən!!! Ağlamaq olmaz!!! Bu illər içində ümidini itirməyən insanlara eşq olsun...

Sülh istəyirsənsə, müharibəyə hazır ol!!! Yeni söz deyil...

Gecə xəbər gəlir. Başlandı!!! Aman, başlandı... Dünyanı sarsıdan 44 gün başlandı. Necə olacaq? Necə olsa da başlamalıydı... Salamatlıq olsun... Nigaranlıqla bərabər həm də bir arxayınlıq var içimdə.

Dayanmadan "dayan" deyirlər... Ondan bilirəm bizim xeyirimizədir... Və adamlar artıq az qala öz xəyallarında evlərinə də qayıdıblar, torpaqlarını da qaytarıblar... Hər qarış üçün insan qanı tökülür... Belə asan ola bilməz axı...

Hərbi əməliyyatlar gedir. Bunu şüurlu qavrayanlar var, az şüurla qavrayanlar var.

 

 

Narahat adamlar var, panikaya qapılanlar var

 

Bilərəkdən "bilməyən"lər var. Bilərəkdən harasa işləyənlər var...

Hərb intizama bağlıdır... Bizim nazımıza yox!!! Və bizim göstərişimizə də yox...

Qarabağın qara bəxti?.. Qalmaz belə, qalmaz dünya...

Qarabağ təkcə torpaq deyil ki... İdeyadır həm də...

Biz güclüyük... Biz güclüyük!.. Biz güclüyük!!!

Tarix və coğrafiya ən önəmli dərslərdi...

Sakit olaq!!! Coğrafiya anlamı var. Və balans... Yaşadığımız coğrafiya türk-islam coğrafiyasının mənzərəsidir. Tarixi gerçəklər var... Bir gün olacaq. Və yaxın illərdə ard-arda həllinə cəhd olunub. Və olacaq!!!

Ta Səfəvilərin, Osmanlının qisasını da bizdən (bu balaca məmləkətdən) almaq istəyirlərsə keçib, baxın görün Bizansın torpaq iddiası yoxdu? Yaxın coğrafiyadı da...

Gün doğmadan nələr doğar... İnşallah...

Kürreyi-ərzin bütün proqramlarında baş xəbər olmuşuq, deyəsən...

 

Patlatar çıkarız

 

Liderimiz də öz əsgərləriylə birgə döyüşür - dünya mətbuat agentliklərində. Hamının cavabı verilir. Arxayınlıq artır. Atının nalından od çıxır Ağ atlı oğlanın...

Siyasi iradə belə anlayışdı - 10 günə 10 milyon səni qeyd-şərtsiz dəstəkləyir. Və dünya səndən danışır!!!

Füzulinin alınma söhbəti gəzir xalq arasında. Xalq dirçəlir...

Qarabağ torpağı o qədər bərəkətlidir ki... Əlindən təsadüfən bir tum düşə böyüyüb ağac olur... Və sən belə torpağı viran qoymusan... Əkməmisən, biçməmisən... Torpağın da öz qarğışı olur...

 

Qada-bala yüklüsən,

Torpağım, qadan alım...

 

Tutacaq sizi, xaraba bayquşları...

Yəqin, savaş tarixində belə hadisə olmayıb. İddia etdiyi ərazidən 3 dəfə artığını qamarlayıb oturasan, heç ora yerləşdirəcək adamın da olmaya... "Dənizdən dənizə"ni necə dolduracaqlarmış? Xaraba bayquşları...

Viran qalmış yurdlarımızı izləyəndə düşündüm...

Mütləq aranızda o qırılmışın yaşayış məskənlərini görən var. Yəni kəndlərini. Bütün evlər bir-birinə söykəli. Gözünüzün qabağına gətirin. Və kəndləri də "sığnaq" adlanır... Qorxu içində yaşayıblar hər zaman və bu da yansıyıb memarilərinə...

İndi bu 30 ildə də ancaq tunel və bunker tikiblər...

Deşik tikiblər...

Ən yaxşı yerlərdə yaşayırdılar, ən yaxşı işlərdə çalışırdılar, hətta ən yaxşı kişilərimizi də ələ keçirmişdilər... Başqa nə istəyirdiniz??? Yaşayırdıq da... Dənizdən dənizə? Dərs olar yəqin... Elə bizə də dərs olmalı çox nəsnələr var!!!

Miladdan öncə Assuriya imperiyası mövcud olub. Qüdrətli bir dövlət. Hərb elminə böyük qatqıları da olub, gözəl şəhərləri də olub... İndi yoxdu... Tarixdə qalıb. Və qalıqları aysor adlanır. Bütün dünyada təxminən 3 milyon ola bilərlər. Yəni dəqiq məlumat yoxdu. Bizim ərazidə də yaşayırlar...

Bu nəhəng dövlətin varisləri demirlər biz "dənizdən dənizə" yaşamışıq...

Yəni xəstə deyillər. Dünən ola bilər elə idin, bu gün nəsən ondan danış...

Bunların uzaq hədəfləri var. Özlərini inandırıblar və hər dəfəsində bizi nişan alırlar. Bizim başqa çarəmiz yoxdu - terrorçu təfəkkürü məhv eləmək bizim boynumuzun borcu.

İkinci Dünya müharibəsindən sonra alman və yaponlara ordu saxlamaq qadağan olundu...

İndi bunların da bir yolun tapacağıq...

Mahiyyətləri budur drevni mnoqostradalnıların...

SSRİ-nin dağılması da Qarabağdan başladı. Dünyanın dağılması da ordan gəlir...

 

Ən böyük Əsgər bizim Əsgər...

 

Gənclərdən fərqli olaraq mən o yerlərdə çox gəzmişəm gəncliyimdə. Qarabağda, yəni... İndi hər gün Əsgərlərimizlə addım-addım qayıdıram...

Var olun!!!

İnternetdə neçə illərdən sonra həyətlərinə qayıdıb ağacdan nar üzən hərbçimizin fotosu ürəklərə təskinlik verir. Bizim hərbçi öz həyətlərinə qayıdıb. "Qayıtmaq" sözü başqa məna daşımağa başlayıb. Liderimiz də deyir - biz öz evimizə qayıdırıq!!!

Mən Avropada çox olmuşam. Bəzən 15-20 gün qaldığım da olub... Nə deyirəm?

Xristian Avropasında hər kiçik qəsəbədə də kilsə var və kilsələrdə də hər yarım saatın, hər bir saatın tamamında zəng çalınır. Kilsə zəngi... Kimsə də narazılıq etmir və etmək də absurd olar... Yəni zəng həmin insanların orda varlığını təsdiq edir...

 

Azan harda varsa, orda bizlər varıq...

 

Azan da bizim üçün belədir. Harda varsa, orda bizlər varıq... Başqa söhbət yoxdu!!!

Səhər yerimdən duran kimi hava proqnozuna baxıram neçə gündü. Dağlarda, yəni...

Dağ kimi oğullarımız!..

Allah amanında...

Qubadlı geri alındı - deyəndə ilk xatırladığım Aygün Attar oldu... Qəhərləndim... Sonra şərhlərdə gördüm yazdığını - Ruhun şad olsun, abi...

O da ilk abisini xatırlamışdı doğma yurdunun adı gələndə.

Aygün Vətən, Bayraq olacaq qadındı. Hər an, hər dəqiqə Vətən kimi hər kəsi qucaqlayacaq qadındı... Elmiynən dünyanın yüksək kürsülərində, hərarəti, istisiynən yaxınlıqda...

Aygünün kim olduğunu anlamaq üçün azacıq ünsiyyətdə olmaq yetir... Hətta bioqrafisini oxumadan da... Professor, Dr., Giresun universitəsinin əski rektoru...

İki ölkə arasındakı körpünün sütunlarından biri...

 

Az əvvəl gəlmişdi Bakıya, görüşdük, söhbətləşdik. Çox danışdıq hər mövzuda...

Ancaq indi Qubadlı və qəhər... Və Aygün... Ətirlim... Kiçik vücuduna dünyanı sığışdıran qadın...

Universitetdə oxuduğum vaxtlar idi. "Dostluq" kinoteatrı ilə üzbəüz (Bakıxanov küçəsi ilə sağa dönəndə) bir heykəl qoydular bunlar. Qartal heykəli... Düz ağzımızın içində Daşnak partiyasının emblemini qoymuşdular bizə göz dağı... Bir xeyli vaxt qaldı orda... Biz də yatmışdıq elə bil... Kompartiya ola-ola Daşnak simvolu...

Videolarını görmüsüz də, qartal uçuşu ilə başlayır...

 

İndi bizə birgə yaşayış məsləhət görürlər...

 

Bu müharibə o qədər yanlış təsəvvürləri və mifləri darmadağın etdi ki...

Sadəcə, düşmən tərəf sağlam ağılla düşünə bilmir. Çünki sağalan deyil xəstəlikləri...

Bazar günü maşını həyətdən çıxaranda it sivişib qaçdı küçəyə... Qanım qaraldı da - gəl, indi qaytar həyətə. Qonaqlarım da qapıda gözləyir, getməliyik.

İndi içimdə fikirləşirəm ki, ay avara, hara qaçırsan axı? Küçədə yaşaya bilərsən? Müstəqil olmaq hünərin var sənin? Küçə doludu canavar kimi küçə itləriynən. Yeyərlər səni, ay axmaq, qayıt!! Özü də mənim kimi sahibədən qaçarlar?!

Nəysə qaytarıb gətirdik bunu küçənin o başından... Qonaqlardan biri də diaqnoz qoydu - sizin itin azadlıq eşqi iki tin qaçmağa çatdı... İti qovan kimi... yaxşı söz idi... Yeni sözlər də gəldi dilimizə... Savaş folkloru yarandı... Nooldu, Paşinyan? Bombacıq... Harop... Dron... Şirin sözlər... Acı sözlər də oldu - Gəncəyə, Bərdəyə atıldı bombalar.

Bütün İran sərhədi məntəqələri götürdük - Yaşa, Əsgər!!!

Elə Ağdamdan talayıb-daşıdıqlarıyla Ermənistanı zəngin eləmişdilər... Onu da yeyib-içiblər... Görünmür...

Bütün sosial şəbəkələrdə yaxşı cavab verirlər düşmənə - maşallah gənclərimizə!!! Son nidanı Əsgər qoyacaq!

 

Atəşkəsin "a"-sın eşidən kimi bayram edirdilər

 

Gör necə qorxurlar ki, atəşkəsin "a"-sın eşidən kimi bayram edirdilər Yerevanda. Nə qədər kütbeyin millətdi və gizlədə bilmirlər...

Son 200 ildə həmişə bunları kullanıb atıblar...

Nəsə qazandıqları haqqında deməyin mənə, yaşayışlarını gördüm... Bizimlə birlikdə ağa-bəy kimi dolanırdılar...

Biz döyüşək deyirik, onlar sevinir... Məntiq var, məntiq...

Həzrət Abbas haqqı, belə divan tutulmamışdı bunlara. Tarixdə ilklərə imza qoyan oğul!!!

Strasburqun mərkəzində bir monument var (daim iki xalqın rəqibliyi bu şəhərə öz möhürünü vurub. Hətta Atilla da burda döyüşüb. Bizim deyəkmi?). İkinci Dünya müharibəsində həlak olanların abidəsi. Strasburq, Elzas bölgəsi həmin müharibənin tam mərkəzində olub, qaynar nöqtəsi sayılıb. Həm almanlar, həm fransızlar tərəfindən savaşmağa məcbur olublar. Və 1936-cı ildə şəhər idarəçiləri əhaliyə müraciət edərək yardım istəyiblər memorialın hazırlanmasına. İanə yığılıb müharibədə əzizlərini itirən insanlardan. 50 frankdan tutmuş 50 000 franka qədər pul verən olub. Sonradan bu siyahını dərc edirlər.

 

"Canından keçənlərimiz" yazılıb monumentin üstündə...

 

Ana can verən iki oğlunu bağrına basıb. Biri fransız, biri almandı övladları. Hər ikisi uniformasızdı, fərqlənməsinlər deyə. Əl-ələ verib ölürlər, biri Fransaya, biri Almaniya tərəfə baxır. Uğrunda öldükləri torpaqlara. Ana isə öz dərdini belə bölüşür insanlarla. Məsələ burasındadır ki, burda iki millət də rahat yaşayıb. Yönətim kimdə olsa da... Deməyiblər çıx get və düş çöllərə...

Tarix yazılıb, qeyd olunmuş keçmişdən daha artıq bir şeydi. O yazılmış, yazılacaq və ən önəmlisi xatırlanan keçmişdən oluşur...

Qarşımızdakılar xatırlayırlar... Və Çar da mütləq xatırlayır ki, SSRİ-nin dağılması Qarabağ məsələsiylə başladı. Bu, dünya məsələsidi...

 

Səbirli olaq və sakit olaq!!!

 

Biz güclüyük və arxayınıq!!! Amma bu qövmün başbilənləri həmişə onları faciələrə sürükləyib. Heç nəyi düşünməyib. Harda yaşadıqlarını, kimlərlə qonşu olduğunu anlada bilməyib... İstər İran coğrafiyasında, istər Turan coğrafiyasında saraylarda önəmli yerlərə sahib olublar, amma azlıq edib. İtələyiblər xaosa... Gözəl həyatların məhv ediblər... Ziyalıları da xəstə təfəkkürlüdü. Tək-tək adamları anlayıb ki, olmaz nifrətlə yaşamaq. Qara Keşişdi bunlar...

Bayaq evə qayıdıram, bir binanın yanından keçəndə ayaq saxladım. Piano səsi gəlirdi. Qammalar çalırdı kimsə. Dərs öyrənirdi güman ki... Elə qəribə hisslər oyandı ki, içimdə... Sabahı gördüm, bir uşağın barmaqlarıyla... Ağdama qayıdacağına ən çox inanan adamlardan biri idi Aqil Abbas. Və savaş başlayanda dedi ki, ayaqlarından öpəcəm İlham Əliyevin və nəvəsinə - Fərəhə deyir: "Səni aparajam Ağdama. Ordakı evimizi də tikəjəm...".

Birinci dəfədi bu sözü deyir uşağa...

 

"...Payız vaxtı bağçamızın heyvaları dəyəndə,

Şaftalılar şirələnib budağını əyəndə.

Göndərərəm sovqatını - sənin də öz payını,

Sən də artır öz əlinlə zəfərlərin sayını.

Get, düşmənin qabağında igid tərpən vüqarla,

Tüfəngini təmiz saxla, atını da tumarla".

 

Dünyanı sarsıdan 44 gün...

Musa Peyğəmbər öz ümmətini Haqqa gətirmək üçün 40 il səhrada dolaşdırdı.

Biz 30 il gözlədik...

Bu tarixləri qeyd edirsinizmi? Ta işğal tarixləri olmayacaq!!!

Sabahkı gün haqqında düşündüklərimi bölüşdüm. Çox hadisələr oldu... Amma...

Qarabağ Azərbaycandır! Bunu Sən sübut elədin!

Tozlu, palçıqlı çəkmələrindən öpürəm, Əsgər!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!