Bala anasına qovuşan kimi... - Sərvaz HÜSEYNOĞLU

Sərvaz HÜSEYNOĞLU

 

Təbriz, Ərdəbil ziyarətlərimdən geri dönüncə sürücüdən xahiş etmişdim ki, qədim, köhnə dağ yolu ilə qayıdaq. Təəccüblənmişdi: "Baba, narahat, dolambac, vaxt aparan yollardı. Xeyli məsafə qət etməliyik..."

"Olsun, - demişdim, - məsrəfindən nigaran olma, artıqlamasıyla ödəyəcəm".

Qardaş Türkiyənin Malatya şəhərinə aparan yolun üstündəcə sürücüdən maşını bir anlıq əyləməsini istəmişdim. O yerdə ki, dağ zirvəsindən dolambac yollarla üzü Malatyaya doğru enirdik...

Eyni xahişi etmişdim Bartına aparan yollar boyunca. Qardaş Özbəkistanın Fərqanə vilayətinə aparan yol üstündəki Konacık dağ silsilələri boyunca keçib getdikcə eyni istəkdə bulunmuşdum.

Bütün bu yaşantıların səbəbi o yerlərin əziz Şuşa, Kəlbəcər, Laçın yaylalarına hədsiz bənzəyişləri idi. Həmin məqamlarda görüb-seyr etdiyim bənzəyişlər mənim Şuşa, Laçın, Kəlbəcər həsrətimi, nisgilimi bir növ ovudur, ovudurdu... O duyğulu anlar əhatəsində "Öylə sərməst idim, bilməzdim dünya nədir!"

Təkcə coğrafi ərazi, təbii gözəlliklər aləmi deyil ki, Şuşa, Laçın, Kəlbəcər mənim üçün. Daha çox xatirə muzeyləridir; analı günlərimin xatirəsilə açılan, atamın addım səsilə bağlanan muzey-abidə!

Düz 30 il ayağımla gedə bilmədiyim əziz Şuşaya hər nəfəs çəkimimdə xəyallarımla, ürəyimin döyüntüləri, Arif Babayevin köksötürmələrlə dolu "Qarabağ şikəstəsi"lə gedirdim. 44 günlük Qarabağ savaşı zamanı müzəffər ordumuzun sıralarında Şuşa uğrunda döyüşən qardaşım oğlu, atamın adını daşıyan Hüseynin atdığı hər addımda nəbzim atırdı. Həyəcanqarışıq bəxtiyarlıqla oturub ruhumuzun paytaxtı Şuşa şəhərinə müzəffər Ordumuz tərəfindən Azərbaycan bayrağının sancıldığı anın yazısını yazırdım. Gözlərim önündə ölkə başçımızın ümumxalq birliyini simvolizə edən dəmir yumruqları, yaddaşımda "Əziz Şuşa, sən azadsan!" müjdələməsi idi. O doğma, əziz Şuşamızın azad olunduğu həmin dəqiqələrdə ağır döyüş yolu keçən qardaşım oğluna (atamın adaşına), eləcə də tarix yazan əsgərlərimizə qürur dolu poetik mesajlar ünvanlayırdım. İndi mən o şeiri Şuşa küçələri boyunca keşikdə dayanan əsgərlərə oxuyuram:

 

Salam, əsgər balam yenilməz qallam,

Babəkdən, Həzidən yadigar qalan

And yerim, yurd yerim, salam, min salam!

 

Aç oxu bu şeri, Vətən yolunda

Həmişə ağ olan üzlərə oxu.

Ayaq izimizin heykəlləşdiyi

Cığırlara oxu, düzlərə oxu.

 

Ürəyi açılır qara daşın da

Sənin xoş xəbərin yetəndə, oğlum.

Torpaq vətənləşir sərhəd başında

Oğullar qayatək bitəndə, oğlum.

 

Sənə əmanətdir bu yurdun haqqı,

Sənin varlığınla belə xoşhalam.

Unutma, kökü çox dərinə getmir

Ürəkdə bitməsə bu Vətən, balam.

 

Sən tarix yazırsan bu gənc yaşında

Barmaqlar tətikdə şana kimidir.

Sərhəd kənarında, sərhəd başında

Elə oğullar da ana kimidir...

 

Bu misralar boyunca mənəviyyat paytaxtımız Şuşa mənzərələri kino lenti kimi canlanmaqdaydı gözlərim önündə. Gənclik illərimin xoş günlərində tələbə yoldaşlarımla bərabər Şuşa abidələrini, Cıdır düzünü, İsa bulağını, Daşaltı civarlarını seyrə çıxdığımız, yadigar şəkillər çəkdirdiyimiz anları xatırlayır, xatırlayırdım... O yerlərə dönmək, o yerləri qucmaq, bağrıma basmaq istəyimi boğa bilmirdim.

...Xəyallar gerçəyə dönüb... Şuşadayam! 30 illik həsrətə son qoyulub. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən "Vaqif Poeziya Günləri" çərçivəsində keçirilən tədbirlərin iştirakçısıyam... Hər çiçəyi, daşı qayası, çörəyi, suyu, havası qiblə olan Şuşada!

Şair dostum Ələsgər Əlioğlunun dediyi kimi, məşhur Cıdır düzü boyunca sıralanan daşların, sarp qayaların üzərinə düşən kölgəm belə qürurludur. Dönə-dönə isbatlayıram ki:

 

Kökü qəlbimizdən dərinə getmir

Ürəkdə bitməsə bu Vətən, demə!

 

Görkəmli folklorşünas alim, şair Məhərrəm Qasımlı gözlərim önündəcə əyilib Şuşa divarlarını, qayaları, daşları öpür. "Əhdim, istəyimdi!" - deyə... Mütəəsir halda bu kövrək məqamı fotoyaddaşa həkk edirəm. Tənqidçi alim, professor Vaqif Yusifli eyni şükranlıqla "Şuşaya qədəm basdığım ilk andan bir daha diri olduğumu anladım, - deyir. -  Ötən əyyamlarda iki dəfə cəhd etmişdim ki, bu yerləri ziyarət edim. Qismət olmamışdı. Aradan otuz - otuz beş il keçəndən sonra o həsrətim vüsala döndü..."

Xalq artisti Fərhad Fədəlbəyli "Ölmədik, bu günü gördük" şükranlığı edir. Görkəmli şair Vaqif Aslan hər birimizə gözaydınlığı verir, "Ziyarətimiz qəbul olsun" - deyir. Dostum, qardaşım Barat Vüsalın siması günəş kimi işıqlanır, "Bu ziyarət günü, bu zəfər günü ürəyim döyünən bayraqdır mənim" sevincini dönə-dönə izhar edir. Əzizim İsmayıl İmanzadə deyir ki, mənim ölən günüm idi Şuşasız keçən anlarım.

Dolub-doluxsunmuş Vaqif Bəhmənlinin, Adil Cəmilin, Əbülfət Mədətoğlunun, Asim Yadigarın, Qafar Cəfərlinin, Əli Əmirlinin, Yunis Oğuzun, Yusif Nəğməkarın, Təranə Vahidin, Gülnarə Cəmaləddinin, Dayandur Sevginin Şuşalı günlərinin bəxtiyarlığını indi əks etdirir fotoşəkillər.

Akademik Rafael Hüseynovu, xalq şairləri Nəriman Həsənzadəni, Sabir Rüstəmxanlını, tanınmış yazıçılar Səyyad Aranı, Mustafa Çəmənlini Şuşasız günlərdə Şuşa barədə yazdıqları yazıların təəssüratlarına dalmış görürəm. Akademiyanın müxbir üzvü, professor Tehran Əlişanoğlu deyir ki, daha bundan sonra ədiblərimiz hər şeyi tarixin üzərinə atmamalıdır. Otuz il boyunca olduğu kimi, bəhanə gətirməməlidir ki, tariximizin bədii inikasını ifadə etməyə ürəyimiz, əlimiz gəlmir...

Millət vəkilləri Nizami Cəfərovu, Aqil Abbası Cıdır düzündə hər cür rəsmiyyətdən uzaq, körpə uşaq səmimiyyətilə gəzib-dolaşan görürəm.

Xalq yazıçı Elçin "Keçirdiyim duyğuları ifadə etməyə söz tapmıram, Sərvaz" - deyə dolmuş gözlərini gizlədir məndən. Xalq yazıçısı Anarın Qorqudlaşmış cismi, varlığı yenidən anladır ki, "torpağı qorumasan əkib-becərməyə, əkib-becərməsən qorumağa dəyməz".

Gözlərim Azər Turanı arayır; təəssüratlarımı bölüşmək üçün... Və dönüb əl telefonumun məlum düyməsini basıram; Xan əminin, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məmməd Fərzəliyevin, Cabbarın, Seyidin, Yaqub Məmmədovun, Arif Babayevin sıralanmış ifaları izləyir düşüncələrimi. Arzum idi; inanırdım ki, bir xalq, millət olaraq iradəmizi ortaya qoyacaq, "vətənin qıraqda qalan yerləri"nə, doğma Qarabağımıza dönəcəyik. Yenə də bu misilsiz ifaların nəvazişinə bülənd olacaq o unudulmaz yurd yerlərimiz. Mən o ifaları düz otuz ildir ki, mobil telefonumun yaddaşında ayaq basdığım hər məkana götürmüşəm. İmkan düşən kimi o tanış düyməni basıb hər kəs üçün səsləndirmişəm. İndi isə insanlardan daha çox vəfalı, qədim-qayım daşlar, qayalar, dərələr, dağlar üçün, əziz Şuşa üçün səslənirdi o ifalar. Xan əmi "Yaddan çıxmaz Qarabağ" oxuyurdu. Yaqub Məmmədov "Əzizinəm, Qarabağ" deyirdi. Arif Babayev "Mən dönsəm, üzüm dönməz" üzürxahlığı edirdi. Bu dəfə heç bir ifada hüzr, köksötürmə, nisgil yox idi. Yanağımdan süzülən "isti yağışlar" şükranlıq, qürur müjdələriydi.

Məni uzaq düşüncələrdən Şuşa küçələri boyunca ayıq-sayıq gəzişən əsgərlərin ayaq səsləri ayırırdı. Şəstlə sağ əlimi gicgahıma qaldırırdım: "Salam, əsgər!"

Qarşılığı Şuşa dağlarından, sərt, basılmaz qayalardan gəlirdi: 

- Salam! Salam!!!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!