Vilayət QULİYEV
Bu yaxınlarda mədəniyyət paytaxtını ziyarət edən sabiq səfir sonuncu dəfə Şuşaya 1990-cı ilin oktyabrında getdiyini söyləyib:
Şuşanın işğalına hələ il yarım qalsa da, şəhərdə hökm sürən inamsızlıq əhval-ruhiyyəsini görməmək mümkün deyildi. O zaman söhbət etməyə imkan tapdığım bütün adamlar taleyin ümidinə buraxılmalarından şikayətlənirdi. 1987-ci ildə sonuncu dəfə Ümumittifaq formatında keçirilən Vaqif poeziya günlərində gördüyüm səs-küylü, şən, hər guşəsindən musiqi, muğamat eşidilən, hər addımda gülərüz, mehriban adamlar gördüyüm qeyri-adi şəhərdən əsər-əlamət qalmamışdı. Məğlubiyyət fikrini yaxın qoymaq istəməsəm də, yadımdadır ki, 31 il əvvəl Şuşanı narahatlıq və nigaranlıq içində tərk etdim.
Ayrılığın ardınca 30 illik Şuşa niskili, Şuşa kədəri... Şuşanı qoruya bilmədiyimiz üçün çəkilən üzüntülər, qəm-qüssə və ağrıdıcı təəssüf hissi...
Şuşa ilə bağlı həyata keçirmək istədiyim bir arzum vardı. Xalqımızın Şuşanı mütləq geri qaytaracağına inanırdım. Amma bu günləri görəcəyimə, Zəfər yolu ilə düşmən tapdağından xilas edilmiş Şuşaya qayıda biləcəyimi düşünmürdüm. Arzuların həqiqətə çevrildiyi günü yaşadıq. Azərbaycan xalqının, Azərbaycan əsgərinin, Ali Baş Komandanın müstəsna hünəri, şücaəti sayəsində Məkkəmiz, Mədinəmiz, Qüdsümüz olan Şuşanı yağı düşməndən geri aldıq. Bir insanın, bir nəslin həyatında bundan daha xoşbəxt gün ola bilməz. Taleyimə minnətdaram ki, yüz minlərlə soydaşım kimi mən də bu xoşbəxtliyi yaşadım.
2012-ci ildə Şuşanın Ermənistan ordusu tərəfindən işğalının 20 illiyi münasibəti ilə Macarıstanda, Macar Poçtu xətti ilə tariximizin bu faciəvi səhnəsi ilə bağlı xatirə markası buraxmışdıq. Onu ölkəmizdə və dünya miqyasında geniş yaysaq da, 00001 saylısını azad Şuşaya aparmaq niyyəti ilə özümdə saxlamışdım. Onu Şuşada, Prezidentin səlahiyyətli nümayəndəsi Aydın müəllimə təqdim edəndə arzumun çin olmasından sonsuz dərəcə də fərəh hissi duydum.
Şuşada gördüklərimin təəssüratı altında ölkəmizin mədəniyyət paytaxtı elan olunan və addım-addım paytaxta çevrilən Şuşadan sarsılmaz inamla geri döndüm. Şuşada, Qarabağda, bütün ölkə miqyasında arzularımız çin olacaq. Çünki biz qalib xalqıq. Bu qələbənin ən böyük simvolu Şuşadır.
modern.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!