Şuşa düşüncələri - Elxan ZAL

 

Şuşa həsrəti içimdə həmişə olub. Əvvəllər Şuşada olmamışdım, onun barəsində çox oxusam da, eşitsəm də bu gözəl məkanı ziyarət etmək imkanın olmamışdı. Azərbaycan ölkəsində hər bir yaradıcı adam üçün Şuşada olmamaq heç də yaxşı hal deyil, çünki böyük kişilər bu məkanı bir mədəniyyət məkanına çevirmişdilər. Bir qaya üzərində ücaldımış bu şəhərin üzərində həmişə ilham pəriləri (muzalar) pərvaz edib. Şuşa-nəğmələr diyarıdır. Rus şairi Sergey Yeseninin maraqlı bir cümləsi var: "Azərbaycanda kim mahnı oxumursa, demək Şuşalı deyil".

Şuşa bir növ Azərbaycanın, bəlkə də türk dünyasının "Parnas"ıdır. Parnas yunan mifologiyasında ilham pərilərinin yaşadığı yerdir. Tale belə gətirib ki, bizi, yəni bəşəriyyəti yunanca düşünməyə məcbur eləyiblər, amma məni türkcə düşünməyə məcbur eləyən iki məkan var- Tanrıdağ və Şuşa. Mənim ilham pərilərim həmişə bu iki məkandan gəlib. Zikrən, bu məkanlarla daima əlaqəm olub, hətta Tanrıdağın ətəklərində çox yazılar yazmışam. Şuşanı görmək qismətini isə mənə dövlətimizin rəhbəri İlham Əliyev bəxş elədi. Mən Mete xandan bəri gələn bir şəcərənin nümayəndəsi olan Ali Baş Komandanımız və onun müzəffər ordusu barədə "Ədəbiyyat qəzeti" səhifələndə dərc olunmuş yazılarımdan bir kitab bağladım və 30 il işğal şəraitində Şuşada türk ruhunu qorumuş Ulular mənə öz ağuşlarını açdılar...

30 illik işğaldan sonra Şuçaya ilk gələn Başbuğumuz İlham Əliyevin müzəffər ordusu oldusa, mədəniyyət ordusunun başında dövlətimizin Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun başqanı Mehriban Əliyeva durdu. Öncə O və Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu, işğalın müvəqqəti ara verdyi "Xarı bülbül" Festifalı ənənəsini dirçəltdi. Ənənələr, dövlətin və millətin bel sütunudur. Ənənəsi olmayan dövlətin də, millətin də yaşamaq imkanları çox deyil. Nə yaxşı ki, biz ənənəsi olan bir millətə mənsubuq, çünki şəcərəmiz çox uzaqdan gəlir. Prezident İlham Əliyev də, xatun Mehriban Əliyeva da o qədim ənənələrin bərpaçılarıdır. Onlar yadelli işğalların məhv etməyə çalışdığı çox şeyləri bərpa elədilər. İndi də "Vaqif poeziya günləri"...

"Vaqif poeziya günləri" ənənəsi hələ Sovetlər dönəmində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Qarabağ xanının vəziri olmuş böyük şair, Şuşa mədəni mühitinin qurucusu Molla Pənah Vaqifin məzarı üzərində məqbərə yapılması ideyası da Ulu Öndərə məxsusdur. Ayazlı, şaxtalı bir yanvar günü, 1982-ci il, yanvarın 14-də, Sovetlər dönəmində, Qarabağ xanının vəziri M.P.Vaqifin məzarı üzərində türbə yapdı. Həmin dövrdə bu elə də asan məsələ deyildi, adətən xanlara, şahlara, onlarla bağlılığı olanlara abidə qoyulmurdu. Amma o Heydər idi, buna qədər də onun iradəsiylə Bakıda Şah İsmayıla abidə qoyulmuşdu, çünki o ruhaniyyət aləmindən idi, Mən bunu "Heydər Əliyev barədə bahar düşüncələri"ndə də yazmışam: "O, könüllər xaqanıydı, o, insanlara hökm edirdi, mən sözə hökm edirəm. O, əbədi el qurdu, mən əbədi söz səltənəti qurmağa çalışıram. O, Azərbaycan adlı bir abidə qurdu, mən də ona könüllərdə abidə qurmaq istəyirəm. İnsan cəmiyyəti həmişə hökmdarla şairin arasında olub. Hökmdarlar insan cəmiyyətinə yön verir, şairlər insan duyğularına. O, şairləri sevirdi, indi O, burda da şairlərin arasındadır, sevdiklərinin arasında. Hələ Sovet dönəmində O, şairləri, yazıçıları, fikir adamlarını heykəlləşdirirdi... Nəsimi, Xətai, Vaqif, Cavid... 

...İndi onun varisləri başladığı işi davam etdirirlər. Artıq Şuşa bizimdir və mən yazar dostlarımla birgə Şuşaya, "Vaqif poeziya günləri"nin açılışına gedirəm. Tədbirin təşkilatçısı xatun Mehriban Əliyevanın rəhbərlik etdiyi "Heydər Əliyev Fondu"dur.

...Yola düşmədən öncə mən söz və könül mülkünün sultanı  Əllamə Məhəmməd İqbaldan xeyir-dua aldım. İyunun 26-dan bəri Hisdistan müsəlmanlarının və Pakistan xalqının bu böyük oğlunun əsərlərinin Azərbaycan dilində səslənməsi yolunda çalışıram. Şuşaya getmək ərəfəsində də bu yazıların üzərində isləyirdim. Şuşanı, Molla Pənahı düşünürdüm, qəfil "Ün" gəldi qəsidə formasında. Bu möhtərəm İqbalın sevdiyi janrdır, mən bunu yaxşı bilirəm.

 

Haqqın hökmü böyükdür, nə xöşbəxtsən ey İqbal,

Sözünü türk ruhuna tamsındırdı Elxan Zal,

Yüksəklik məqamını axtaran könüllərə,

Qutlu Zəm-zəm suyu tək şirinlik verər bu bal.

 

Molla Pənahın və tüm Şuşa Ulularının ziyarətinə gedərkən aldığım bu xeyir dua mənə səfər öncəsi bir daha qol-qanad verdi. Şuşa mənim arzumuydu və bütün türklər kimi mənum arzularım da yəhərdə yaşayır. Türkə təki yön verən olsun, atının cilovunu buraxıb hara desən gedəcək. Biz şairlərin duyğu atlarına yunanlar Peqas deyiblər, türk babalarımız Tülpar deyib. İndi mən də, duyğu Tülparının belində duyğu adamlarımızın arzular şəhərinə, Şuşa şəhərinə yollanıram. Hələ Bakıdaykən onun üzərində pərvaz edən ruhların həyəcanını duyuram. Mən bu həyəcanı "Zəfər savaşı" gedən zamanlar da təsvir eləmişəm, çünki görürdüm onları...

Mən içi həyəcanla dolu şüara ordusu ilə birgə, Şuşaya axşam çağı çatdım. Ətrafımdakı insanların hissləri eləydi ki, onları bir yerə toparlasan nüvə partlayışı əldə edərsən. Mən indi hiss elədim ki, türkün həyəcanını bir yerə yığsan, atom bombasından daha güclü bir partlayış olacaq.

Bu dağlar, bu ağaclar, bu binalar və səmada pərvaz edən Ruhlar yalnız mənə həyəcan vermir ki. Bura gələnlərin əksəriyyəti ruh əhlidir. Uzun illərdən sonra Azərbaycanın Parnas əhli, Heydər Əliyev Fondunun təşkil etdiyi Tülparların belində öz arzular şəhərinə, Şuşaya təşrif buyurmuşdular. Və Şuşa bizi bir mistik gecəylə qarşıladı. Ay, Ay, sehr səpən Ay, Şuşa səmasından öylə qəribə asılmışdı ki. İndiyə qədər mən böyləsini görməmişdim. Sanki parıltılı bir tabaq Misri qılıcla iki bölünmüşdü. Bizim əsarətdə olan torpaqlar kimi...

Gecə Molla Pənah gəldi uyquma. Şəkillərdə gördüyüm kimi deyildi, amma mən onu tanıdım. Dedi: Tək gəlmisən, bəs Vaqif hardadır, Səmədin oğlu. Dedim: Qağa, o gələ bilmədi, elə Polşaya da onun yerinə mən getmişdim, bura da mən gələsi oldum. Dedi: Sən də onun kimi ağ qarğasan, al bu badəni iç". Ertəsi gün yuxumu Anar müəllimə (Azərbaycan Yazılar Birliyinin sədri) danışanda, dedi ki, Molla Pənah səndən nə soruşdu.  Dedim, Vaqif Səmədoğlunu. Dedi ki, bilirdim onu soruşacaq.

Şübhəsiz ki, Molla Pənah Vaqif böyük şairdir, amma Azərbaycan xalqı onu yalnız ortada olan şeirlərinə görə deyil, (Vaqifin əsərlərinin böyük hissəsi, onun qətlindən sonra ruspərəst vandallar tərəfindən məhv edilib) həm də Səməd Vurğunun "Vaqif" pyesinə görə tanınır. Səhnədə 1000 dəfədən çox qoyulan bu pyes, Azərbaycan səhnə tarixində ən çox baxılan tamaşadır. Şeirlə yazıldığına görə, demək olar ki, xalqın əksəriyyəti bu əsəri əzbərdən bilirdi. Mən bunu Şuşada, cavan şair dostum Xəyal Rzaya deyəndə başladı "Vaqif" pyesindən sitatlar deməyə. Ürəyim öylə açıldı ki. Burası Azərbaycandır, burada ənənələr ölmür. Bu xalqın yaddaşı Şumerdən bəri çox şeyləri yaşadıb, hələ yaşadacaq da.

Bu gün bizim siyasi arenada bəzi adamlar var ki, "Vaqif" pyesinin səhnəyə qoyulmasının əleyhinə çıxırlar. Arqumentləri də odur ki, Səməd Vurğun şairi şahdan üstün sayıb. Əlbəttə bu fikir onların içlərindəki yaltaqlıq çeşməsindən qaynaqlanır. Bir də, guya bunlar Xacə (axta) Məhəmməd Şah Qacarın hərəmxanasının nəsilləridir. Gülünc adamlardır. Nə yaxşı ki, Allah bu millətə Heydər Əliyevi verib, İlham Əliyevi verib, Mehriban Əliyevanı verib. Bu xacəbazların umuduna qalsaq, görün axırımız nə olardı.

 

Böyük hökm yiyəsi,

xacələr şəcərəsi.

 

Dan üzü Şuşa bütün parlaqlığıyla gözlərimiz önündə açıldı. Mən bu kəndi ilk dəfə görsəm də, zikrən bu məkanda çox olmuşam. Bu küçələri, bu binaları döyüşlər gedən anlarda görmüşəm. Mən Onun müzəffər ordusuyla bərabər addımlayırdım bu yollarda. "...Günlərdən Cuma. Ərənlər ordusu keçib hucuma. Mələk xorunun sədaları altında, səmadan əcdadların alqışları səpilir qədəmlərinə. Ey Haqq müjdəçisi, cəng təbili vur. Ulu ormanlarda Qurdlar uluyur. "Ayələr" söyləyir qutlu mələklər, bu şanlı orduya alqış deyirlər.

 

O ordu çökəcək

O bayraq enəcək

Gəlir türk ordusu

Tanrı tək, Tanrı tək.

 

Bəli gəlmişik, Şuşadayıq. Bu şəhri düşmən taptağından qurtaran şanlı Komandan da buradadır, bu şəhərin ilham pərilərini yenidən pərvazlandıran Xatun da. Molla Pənah Vaqifin, gözəllər və gözəlliklər şairinin yenidən bərpa olunmuş türbəsinin açılışına gedirik. O həmişə gözəlliklər barədə düşünüb, gözəlliyi vəsf edib, murdarlar 30 il onun sümüklərini sızlatdılar. Onunla bərabər Azərbaycan xalqı da sızladı və bir gün bu sızıltı "Dəmir yumruq" oldu. Göydən gələn göy yalmanlı atlar belində, "Dəmir yumruq" pərən-pərən saldı düşməni. Dağlar, daşlar, ormanlar və ağaclar, yetim qalmış binalar və küçələr azad oldu düşmən tapdağından. Uluların ruhları azad nəfəs aldı. İlham pəriləri yenidən xoş duyğular çilədilər Şuşa səmasında. Sadıqcanlar, Şuşinskilər, Hacıbəyovlar, Bülbüllər, daha kimlər, kimlər göy kəndindən mənzil aldı məskəninə. İndi biz, Azərbaycan şairləri onların arasındayıq. Omuz-omuza, qucaq-qucağa. Biz hamımız bir-birimizin davamıyıq, biz hamımız Tanrıdağ əhliyik. Bizi qovuşduran sağ olsun, bir olan Allaha şükürlər olsun. Səma məbədindən Ulu Azan sədaları yüksəlir. Nə xoşbəxt orduyuq, nə xoşbəxtəm mən. Alqışlar tökülür səyyarələrdən. Ağaclar rəqs edir, dağlar oynayır. Ölüm mələkləri  düşmən leşini sayır. Bizim orduyasa ayrı yazılıb yazı, öləni şəhiddir, qalanı qazi. Düşmənlərin tapdağında qala bilməz bu müqəddəs ərazi. Gec, ya tez hər şeyin hesabı sorulur, türkə diş qıcıyanın aqibəti puç olur. Kim ki, dayanıbdır türkün qəsdinə, bir gün "Misri" qılınc gəlir üstünə. Dəmir yumruq təpəsinə nallanır...

Qızıl daylaq məni "Xan qızının" türbəsinə aparmasa da, Molla Pənahın türbəsinə gətirdi. Ənənələr davam edir. 1982-ci il 14 yanvarda qarda, boranda  cəmiyyət üçün açılan türbə, 2021-ci il 29 avqusda günəşli bir gündə yenidən cəmiyyətimizin üzünə açıldı. Şairlərimiz yenidən böyük ustadın önündə şeir demək şansı qazandılar. Yenə də doğma ruhların məhrəm nəfəslərini duyduq. Başımız üstündə ilham pərilərinin pərvazını gördük. Başbuğumuzun, Xatunumuzun sevinci, şairliyimizin sevincinə qarşıdı. İnsanların belə xöşbəxtliyinin həddini ölçmək üçün cihaz tapılmaz. Xöşbəxt anlardır insan ömrünün bəzəyi, ətrafımda hamı xöşbəxtdir, mən də onlarla birgə. Şuşada, Molla Pənah Vaqifin məqbərəsi önündə dayanıb Tanrıdağ havalarını dinləyirəm.

 

Könül içrə fontan vurur söz qatı,

Mələklərlə pərvaz edir ovqatım,

Ayətmisal kəlamımdır sovqadım,

Mən Şuşaya söz tasımı gətirdim.

 

Badə verdi dərvişmisal rindinə,

Heyran qaldım coşqusuna, qəndinə,

Xurşud Banu Natəvanın kəndinə,

Uluların duasını gətirdim.

 

Qoşun-qoşun dayanıbdır söz səfi,

Ölməzlikdir hər misramın hədəfi,

Türbəsinə Molla Pənah Vaqifin,

Tanrıdağın havasını gətirdim.

 

Var ol cənab İlham Əliyev! Var ol xatun Mehriban Əliyeva! Var ol Şuşam!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!