YALLI
Şükür, Yurd oğlu, gedirik,
Çox dürüst-doğru, gedirik.
Günəşə doğru gedirik,
Şuşadan yola düşmüşük!
Gözlərimdə Koroğludur,
Mustafa bəy, Yurd oğludur.
Bu Vətənin bir oğludur,
Qələbə çalan oğullar,
Şuşanı alan oğullar!
Atillatək qırmancdılar,
Qayalara dırmaşdılar.
Sıldırımdan yol açdılar,
Qardaşım, balam oğullar,
Şuşanı alan oğullar!
Əzizdi Torpaqdan ötrü,
Doğma od-ocaqdan ötrü.
Şuşanı almaqdan ötrü,
Anadan olan oğullar,
Şuşanı alan oğullar!
Çaxıb şimşəyə döndülər,
Çıxıb çiçəyə döndülər,
Axır Şuşaya döndülər,
Ölməyib... ölən oğullar,
Şuşanı alan oğullar!
Qüvvət alıb nərəsindən,
Gah Daşaltı dərəsindən,
Gah Kirs dağın zirvəsindən,
Deyirəm: salam, oğullar,
Şuşanı alan oğullar!
Mizan yox bu Mizan təki,
Ehsan yox bu Ehsan təki,
Ay özləri Azan çəkib,
Namazın qılan oğullar,
Şuşanı alan oğullar!
Bu Vətənə qulluq edin,
Yurdu oba-elli edin.
Haqqınızdı, "Yallı" gedin,
"Cıdır düzü"ndə o ki var
Şuşanı alan oğullar!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!