İlqar Əlfioğlu ilə Əlfi Qasımov haqqında söhbət - "Ömrümün keçdiyi sahildən uzaqlaşdıqca" - Layihə

"Ədəbiyyat qəzeti"nin "Ömrümün keçdiyi sahildən uzaqlaşdıqca" layihəsinin budəfəki qonağı İlqar Əlfioğlu atası Əlfi Qasımov ilə bağlı xatirələrini bölüşür.

- İlqar bəy, zaman keçdikcə insan ötənlərə boylanır, xatirələrə dalır. Xatirələrə dalmaq, ötən günlərə varmaq sizin üçün asan olar yəqin. Axı özünüzlə də bağlı xatirələr yaşanır...
- Əslində, biz hər gün o virtual xatirə dəftərini doldurmaqla məşğuluq, yaşamağımızla, gördüyümüz işlərlə, hadisələrə münasibətlərimizlə, dediklərimiz və yazdıqlarımızla o dəftərin ağ səhifələrini qaraldırıq. Elə təsəvvür edin ki, o dəftərin hər vərəqi bir insanın qəlbidir. Ömür başa çatanda, sən həmin vərəq-qəlblərdə yaşayırsan. Nahaq yerə demirlər ki, hər bir insan onu tanıyan axırıncı adam dünyadan köçəndə ölür. Amma məncə, heç onda da ölmür, çünki xatirə dəftərinin qəlblərdə yaşayan səhifələri əlahəzrət zamanın redaktəsindən keçir, ictimailəşir. Qəribəsi budur ki, bəzən biz yanımızdakı insanı da başqalarının danışdığı, yazdığı xatirələrdən tanıyırıq. Belə çıxır ki, insan əslində elə xatirələrlə yaşayır, xatirələr üçün yaşayır, xatirələrdə yaşayır.
- Bu dəfə sizin atanızla bağlı xatirələrinizi oxucularımıza paylaşmanızı istəyirik. Deyin, Əlfi Qasımov sizin üçün kim idi?
- Əlfi Qasımov mənim üçün saqqalı ağarmamışdan ağsaqqal olmağı bacarmış fenomen bir insan; daim ayaqda olan, canlı məktəb; həm mehriban, həm də müdrik ata və bütün sadaladıqlarımı ümumiləşdirsəm, oxumaqla doya bilməyəcəyin, heç vaxt bitməyəcək bir kitab idi. Və bu kitabın böyük bir hissəsini mən onun dostlarının dilində tapmışam.


- Çox istərdik ki, atanızla bağlı xatirələrinizin  ilk günlərindən başlayasız. O vaxtlardan ki, siz hələ balaca uşaq idiz. Uşaq yaddaşınızda atanız necə qalıb? Körpələrin yaddaşı iti olur axı...-  Uşağın yaddaşına yazılan ilk xatirələri çox vaxt anası ilə bağlı olur. Bilmirəm, bəlkə də o mentalitet deyilən bir zaddandır, amma bizdə uşaqların analarla ünsiyyəti daha çox olur. Mən də istisna deyiləm, uşaqlığımı xatırlayanda, daha çox anamı görürəm. Görürəm ki, dərdimi ona deyirəm, məsləhəti o verir, ərköyünlüyü ona eləyirəm, cəzamı ondan alıram... Amma bütün bunlar olanda, başımız üstündə nəhəng bir kölgə durur - atamın kölgəsi. Hər şey o kölgənin altında, onun sərinində baş verir...
Sizə bir şey deyim, atamdan eşitmişəm bunu. Deyirdi ki, mənim Əlfi olmağımın səbəbkarı Qaraqızdır. Özümə qalsa, yetim kənd uşağı idim, ana nəvazişi görməmişdim, qayğısı çəkilməyin, qayğı çəkməyin nə olduğunu bilmirdim, əlim çörəyə çatandan sonra əhlikef, məsuliyyətsiz ola bilərdim, anam qoymadı...
Yekə çıxmasın, anamın dilindən eşitdiyim "Ata nə deyər?" sualı sonralar həyatımın konstitusiyasına çevrildi. Mən indi də eyni konstitusiya ilə yaşamağa, hər addımımı "ata nə deyər?" sualına elə kökləməyə çalışıram ki, cavabı "düz eləyirsən" olsun.
Evimizdə bir "Ata" kultu, "Yazıçı" kultu vardı. Anam yaratmışdı onu. Ata yazı yazanda, barmaqlarımızın ucunda yeriyirdik, ata yatanda, az qalırdı nəfəs almayaq. Atanın yazı masası, atanın qazandakı payı toxunulmaz idi...
- Münasibətlər ata-oğul müstəvisində davam etdi? Onunla dost ola bildinizmi?
- Dost ola bilməzdim, eyni müstəvidə deyildik. Yalnız pərəstiş edə bilərdim, o da gizlində. Aşkarda büruzə versəydim, xoşu gəlməzdi, ət tökərdi. Amma yaşasaydı, indi yəqin möhkəm dost olardıq. Elə müdrik dosta yaman ehtiyacım var...


- Ətrafında çox dəyərli, böyük yazarlar olub, onlarla dostluq edib, bədxahları necə, olubmu?
- Onun dostları aşkar, bədxahları anonim idi. Hərdən "anonimka" yazırdılar yuxarılara. Nəticəsi olmurdu, həm ittihamlar əsassız idi, həm də dostu çox idi - qoruyurdular, qoymurdular başı ağrısın.
Bir hadisə düşdü yadıma. Bir dəfə, Mətbuat Komitəsində işləyəndə kollegiya zamanı xoşagəlməz hadisə baş vermişdi. Sədrlə məsul işçilərdən birinin arasında konflikt vardı. Həmin əməkdaş müharibə iştirakçısı idi, orden-medal taxırdı. Mübahisə zamanı sədr saymazyana demişdi ki, Kubinkada elə medalların birini beş manata satırlar. Əməkdaş da kollegiyadan çıxan kimi, yuxarı şikayət yazmışdı. Komissiya gəlib hadisənin şahidlərini bir-bir dindirməliydi. Onda atamı bir neçə gün dilxor gördüm, heç istəmirdi ki, ondan nəsə soruşsunlar. Soruşsalar, düzünü deyəcəkdi, ara qarışacaqdı. Düzünü deməsə də, Əlfi olmazdı... Komissiya öz işinə başladı, bir-bir hamını dindirdilər, camaat belə bir şeyin ümumiyyətlə baş vermədiyini söylədi, atamı isə heç çağırmadılar. Çox sonralar onun o vaxt məsul vəzifə daşıyan və bu araşdırma ilə bilavasitə məşğul olan bir dostundan soruşdum ki, həmin hadisədə atamı niyə çağırmadılar? Gülümsünüb dedi ki, elə bilirsən yuxarıdakılar sarsaqdır? Çağırsaydıq, düzünü deyəcəkdi, işlər korlanacaqdı. Adını siyahıdan sildik - həm özümüzü sığortaladıq, həm də onu qoruduq...   
- Daha çox kimlərlə oturub-dururdu və bu yaxınlıq yeniyetməlik dövrünüzə qədər sizdə o insanlara bir doğmalıq hissi oyada bilirdi?
- Yaxın dostları İslam Səfərli, Qabil, Məsud Əlioğlu... Bilirsiniz, saydıqca saya bilərəm. Onun aləmində dost ya var, ya yoxdur - onun yaxını-uzağı olmaz. İndi dost seçəndə, adam yaşına-başına baxır, mövqeyinə baxır. O qətiyyən elə deyildi. Sizə atamın elə üç dostunun adını deyərəm ki, aralarındakı yaş fərqinə görə təəccüb qalarsınız: Əli Vəliyev, Süleyman Rüstəm, Məmməd Rahim, Mirzə İbrahimov. Əli Vəliyevgildə Qumru nənənin qutabını bəlkə yüz dəfə, ailəlikcə yemişik, Süleyman Rüstəmin bağında bəlkə yüz dəfə qonaq olmuşuq, Məmməd Rahimin maşınını götürüb bütün Azərbaycanı gəzmişik. Atamdan soruşurdum ki, bu qocalar səni niyə çox istəyir? Deyirdi ki, dostuq, ona görə. Deyirdi ki, yaşa baxma, dostluq insanın ruh halının yaxınlığından doğur...
Bu insanlar həmişə süfrəmizin başında olub, bütün ailə məclislərimizi bəzəyib. Hamısı da mənə Əlfioglu deyirdi. Elə bilərsiniz dostları ancaq yazıçılar olub? Şofer Süleyman, Polkovnik Süleyman, Çapan Kazım (zirək idi), Tapan Kazım (milisdə işləyirdi), Qapan Kazım (evində it saxlayırdı)...
- Bəs atanızı tanıdıqdan, kimliyini bildikdən, nüfuz və istedad sahibi olduqdan sonra sizdə nələr dəyişdi? Sinif yoldaşları, dost-tanış, tay-tuş arasında qürrələnmək və sair. Olubmu ki, atanızın adına söykənib şıltaqlıq edəsiz?
-"Ata nə deyər?" sualı qoyurdu ki?.. Məndə ümumiyyətlə şıltaqlıq yoxdur - eynən, onun özü kimi. Atamın da prinsipial saydığı məqamları çıxmaq şərtilə, üzüyolayam, əziyyətə qatlaşanam, eqoist deyiləm. Bir sözlə, onda olan bir çox keyfiyyətləri özümdə görürəm. Bircə şey çatmır - səbir. Tanıyanlar yaxşı bilir, Əlfinin səbri nəhayətsiz idi - hərdən bir qanmazı qandırana kimi neçə il səbrini basırdı. Məndə o hövsələ yoxdur. Amma bəlkə də zaman fərqlidir, axı o vaxtlar hər şey daha rahat, daha asan idi. Rahatlıq olanda, insanın səbri də olur, hövsələsi də.
-  Əlfi müəllim sizin üçün təkcə ata olmadı, həyatı, mövqeyi və ətrafı ilə bir nümunə də ola bilib yəqin. Nələri əxz edib, nələri öyrəndiniz?
- İlk növbədə həyatı (bütün gerçəkləri ilə bir yerdə) sevməyi, insanları (pisi-yaxşısı ilə bir yerdə) sevməyi, xeyirxah olmağı, inanmağı, sədaqətli olmağı, dostpərəst, qohumcanlı olmağı, səxavətli, ürəyigeniş olmağı, başqasının uğuruna özününkü kimi sevinməyi, ağa qara, qaraya ağ deməməyi.
- Ailə başçısı olaraq necə idi? Sizə, ailəyə vaxt ayıra bilirdimi?
- Onda elə bilirdim ki, hamının atası belə olur. Təsəvvür etməzsiniz bəlkə də, amma hər bazar günü ailəlikcə gəzməyə çıxırdıq, naharımızı da çöldə yeyirdik. Adi günlərdə iki yerə gedərdik yeməyə - "Venesiya"dakı kababxana, bir də Zevindəki kafe. Bizi həftə ərzində sosiska-kolbasa yeməyə qoymurdular, o kafedə isə əla sosiska olurdu, ora getmək bayram idi bizim üçün. Bir də ara-sıra Dağüstü parkdakı "Drujba" restoranına aparırdı bizi. Bəlkə kimsə xatırlayır, orda müxtəlif mətbəxlərin ongünlüyü keçirilirdi. Birini də buraxmazdıq. Yaxşı günlər idi.
Ümumiyyətlə, mən bir şey hiss etmişdim atamda - istəyirdi bizi adam içinə çıxarsın, istəyirdi insanlar arasındakı ünsiyyətdən dərs götürək. Ona görə də, lap uşaqlıqdan böyüklərin məclisində olurduq.


- Qonşulara münasibətdə, dostlara münasibətdə sizin illərin o tayında qalan müşahidələriniz bizə nəyi deyə bilər?
- Qonşularla münasibəti çox ərkyana idi, deyim ki, özü də ərk götürən idi. O vaxtlar elə bil zaman da fərqli idi, insanlar da. Evdən-evə pay gedərdi. Bizim binada yaşayan insanların hərəsi bir məktəb idi - İslam Səfərli, Süleyman Rəhimov, Seyfəddin Dağlı, Ənvər Yusifoğli, Cabir Novruz, Əbülhəsən, Məmməd Cəfər, Süleyman Vəliyev, Məmməd Əkbər, Cabir Səfərov, Əli Tudə, Maqsud İbrahimbəyov, Qulu Xəlilov, Ənvər Əlibəyli, Əli Kərim, Nəriman Həsənzadə, İsmayıl Cəfərpur, Beydulla Musayev, Anar, Yusif Səmədoğlu... Onlara qonşu kimi baxmırdıq, atamın dostları kimi baxırdıq.
- Bəs dövr o dövr idi ki, senzura, təqib, təhdid, ehtiyatlı olmaq instinkti və sair. Heç təzyiqlərə məruz qalmışdımı?
- Eşitməmişəm. Özü o qədər xeyirxah idi ki, hamıdan eyni xeyirxahlığı gözləyirdi və görürdü də. Tanımadığı adamların belə uğuruna elə sevinirdi, gəl görəsən. O qədər olub ki, təsadüfən bir yazı görüb, bəyənib, sonra da başlayıb həmin şəxsi axtarmağa ki, görsün başqa yazıları varsa, bir kitab saldırsın plana.
O ki, qaldı təzyiqlərə, ona kim idi təzyiq edən - dostu çox, düşməni yox! Dostları imkan verməzdi. Cəmi bir hadisə barədə eşitmişəm. "Azərbaycan müəllimi" qəzetində işləyəndə Dərbənddə Azərbaycan teatrının bağlanması barədə kəskin bir yazısı çıxmışdı. Onda Mir Cəfər Bağırov onu Mərkəzi Komitəyə çağırtdırmış söhbətə. Yəqin dişinə vurmaq istəyirmiş ki, görsün, yazıda qərəzli bir şey varmı. 10-15 dəqiqə söhbət eləmişdilər. Sonra da demişdi ki, yaxşı yazıdır, amma elə bilmə ki, hökumət bu haqda fikirləşmir, sən yazını yaz, hər şey düzələcək.
- Gənclərə xüsusi qayğısı, diqqəti olub, onlara görə olubmu ki, kimlərləsə üz-üzə gəlsin, haqqı nahaqqın ayağına vermədiyinə görə əl-ayağına dolaşsınlar?
- Mən təsəvvür etmirəm ki, kimsə onun qarşısını almağa, ona mane olmağa çalışsın. O ki qaldı gənclərə qayğısına, onu az qala lətifəyə çevirmişdilər. Mətbuat Komitəsində nəşriyyat şöbəsinin müdiri idi, sədr rəhmətlik İsrafil Nəzərov, müavin Bayram Bayramov idi. İllik nəşr planını atam tuturdu. Bir dəfə sədrdən kimsə xahiş edir ki, filan kitabı plana saldırsın, söhbətdən Bayram müəllimin də xəbəri olur. Planın müzakirəsində İsrafil müəllim baxır ki, boş yer qalmayıb, üzünü Bayram müəllimə tutub deyir: "Bayram, Əlfinin "istedadlı cavanlar"ının əlindən yer qalsa, o xahişi də nəzərə alaq"...
- Ümumiyyətlə, Əlfi müəllim xatirələrdə daha şirin, xoş, sevilən, yadda qalan idi, yoxsa həyatda?
- Onun barəsində danışılan xatirələr özünün solğun əksidir. Özü daha şirin, daha sevimli, daha unudulmaz idi. Həyatda gözəl yazıçı idi, amma mənim aləmimdə şəxsiyyəti, insanlığı yazılarından daha böyükdür.
- Ola bilməsin ki, sizin ondan, onun da sizdən və başqalarından incimədiyi anlar olmasın, mümkünsə, bu barədə də danışın.
- Evdəkilərdən inanmıram, amma başqalarından incikliyi təbii ki, olmuşdu. Amma heç bir problemini çöldən evə gətirməzdi. Qapıdan içəri girəndə, vaxtından asılı olmayaraq, elə bilirdik üstümüzə gün doğdu. Bəlkə də nələrisə anama deyirdi, amma biz nəbəda bilməzdik. Heç unutmaram, bir dəfə ondan soruşdum ki, yazıçılar arasında pis adam var? Fikirləşmədən dedi ki, yox. Sonra tamam başqa söhbətin arasında birdən qayıtdı ki, İlqar, bayaq soruşdun, yoxdur dedim, amma bir dənə pisi var. Adını da dedi. Soruşdum, onun pisliyi nədədir, dedi, xəbərçidi, çox evlər yıxıb...
Onun üçün adamların hamısı yaxşı idi. Bəzən birindən narazılığımızı ailə içində bölüşəndə, səbirsizlənirdi. Həmişə deyirdi ki, bir pis hərəkətdən tutub adamı çıxdaş eləməyə nə var ki, bir də görərsən, ətrafında kimsə qalmayıb...
- Necə düşünürsüz, Əlfi müəllimin ümüdlərini doğrultmusuz?
- Bir dəfə müsahibələrimin birində demişdim ki, adam kimi yaşaya bilməsəm də, kişi kimi yaşayıram. Məncə, atamın umacağı həyatda kişi kimi yaşamağım idi. Deməli, onun əsas ümidini doğrultmuşam. Amma bir ümidi də vardı, güman edirdi ki, tanınmış adam olaram, yaxşı yazıçı olaram. Tanınmış adam, yaxşı jurnalist ola bildim, amma yazıçı yox.
80-lərin əvvəlində "Ulduz" jurnalında "Qorxu" povestim çıxanda, təəccüblənmişdi, çünki yazdığımdan xəbəri yox idi. Yazını ona verməmişdim oxusun, jurnalda çıxanda xəbər elədim. Mənə bir söz demədi, amma Yasif Nəsirliyə demişdi ki, İlqar əməlli-başlı yazıçı imiş, xəbərim olmayıb. Üzümə tərifləməklə heç arası yox idi. Sadəcə, dedi ki, yazırsansa, yaz, yazıçı ol, sözüm yoxdur, amma yarımçıq qoyma...
Mən də qoydum. Atamdan sonra çox şeyi anladım - məşhurlaşdım, məşhurluğun mənasızlığını anladım; ehtiyac gördüm - ehtiyacın mənasını anladım; dost nədir, bildim; düşmən nədir, bilmədim. Xirda ehtiyaclarla uğraşa-uğraşa, böyük işlər görə bilmədim. Atamdan sonra həyat elə dəyişmiş, elə köklənmişdi ki, xırda qayğılar imkan vermədi böyük işlər barədə düşünək. Amma, buna da şükür. Bu da bir ömürdür də, yaşayırıq...

Söhbətləşdi: Faiq Balabəyli


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!