Doğrusu, Bakıda olanda yazacağım məqalənin adını "Şuşanın dağları, başı dumanlı (sız)" qoymağı düşünürdüm, amma alınmadı. Bunu ona görə fikirləşmişdim ki, Şuşa iki yüz ildir (onun otuz ili ermənilərin payına düşür) əsarətdə idi. Heydər Əliyev Fondu tərəfindən təklif ediləndə ki, avqust ayının 29-u Vaqif məqbərəsinin açılışında iştirak edəcəksən, məmnuniyyətlə razılaşdım. Otuz illik işğaldan sonra Şuşanı, mənəvi paytaxtımızı, illərdir içimizi sızladan, dağına-daşına həsrət qaldığımız bu şəhəri kim görmək istəmir ki? Bu şəhər bizim ideologiyamızı və musiqilərimizi dünyaya çatdıran insanlarımızın ana yurdudur. Bu şəhər zəfərimizin təsdiqidir. "Şuşa alınmasa qələbəmiz yarımçıq olar" - belə demişdi 44 günlük müharibə zamanı cənab Prezident. Doğrudan da, yarımçıq olardı...
Qırx beş illik yazı-pozu fəaliyyətimdə ilk dəfədir Şuşada oturub yazı yazıram. Şuşada yazı yazmaq. Bu bilirsinizmi nə deməkdir? Bu, müharibə sonrası savaşı qələm davam etdirməlidir deməkdir, etdiririk də. Bu, müstəqil dövlətimizin müharibədən sonra savaş diplomatiyasının qələbəsidir. Mən Şuşada yazı yazıram. Doğrusu, bir az da kövrəldim.
Proqramımız çox zəngindir. Hələlik yol təəssüratları.
Təbiidir, bunsuz olmaz, iki dəfə koronavirus testindən keçdikdən sonra Filarmoniyanın həyətindən on bir mikroavtobus (hər oturacaqda bir nəfər oturmaq şərtilə) Şuşaya yola düşdü. Bizimlə bir yerdə Prezident Aparatının Humanitar məsələlər üzrə şöbə müdiri Fərəh xanımla yanaşı, Azərbaycanın yaradıcı insanları, elm və ədəbiyyat adamları Zəfər yoluna uğurlandıq. Qoy onların bir neçəsinin adını sadalayım. Hörmətli oxucularım başa düşsünlər ki, Şuşaya doğrudan Azərbaycanın ictimai-siyasi fikir, bədii ədəbiyyatına təsir edə biləcək insanlar (vaxtilə 1982-ci ildə Heydər Əliyev tərəfindən açılışı edilən, həmin ilin yayında Vaqif Poeziya Günləri keçirildi) bu dəfə erməni vandallarının dağıtdığı məqbərənin yenidən bərpasına toplaşmışdılar. Açılış cənab Prezident tərəfindən sabah olacaq. Təbiidir ki, hələ 1982-ci ilin açılışında Heydər Əliyevlə birlikdə olan Yazıçılar Birliyinin sədri Anar və onun katibləri Elçin Hüseynbəyli, İlqar Fəhmi, AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza da iştirak edəcəkdilər. Daha sonra akademiklər İsa Həbibbəyli, Nizami Cəfərov, Teymur Kərimli, keçmiş səfirlər, millət vəkilləri Qənirə Paşayeva, Aqil Abbas, Fazil Mustafa, Əziz Ələkbərli, hocam, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq şairi, dəyərli Nəriman Həsənzadə, Xalq yazıçısı Mövlud Süleymanlı, qələmlərinə hər zaman hörmət etdiyim Vilayət Quliyev, Həsən Həsənov, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, tənqidçilər Elnarə Akimova, Vaqif Yusifli, Tehran Əlişanoğlu, şeirlərinə həmişə hörmət bəslədiyim və sevdiyim dostum Elçin Mirzəbəyli, gənc şairlərdən Şəhriyar del Gerani, Fərid Hüseyn, "525-ci qəzet"dən Yusif Rzayev və başqaları.
Nə isə, yola düşdük, Şuşaya doğru.
Vallah iştirakçıların hamısını yazsam, üç-dörd səhifə olacaq. Odur ki, kimin adlarını yazmadım, gərək məni bağışlasınlar. Hamısına hörmətim olmaqla yanaşı, məqsədim gedənlərin tam siyahısını vermək deyil. Dəvət olunanların (bunu xüsusi olaraq qeyd etmək istəyirəm) əksəriyyəti Azərbaycanın ictimai-siyasi mühitində fərqli fikir söyləməklərilə həmişə ictimaiyyəti özlərinə cəlb ediblər.
Yollar, doğrusunu deyim ki, bu yollar ideal vəziyyətdədir. Kürdəmirdən birinci dərəcəli yoldan ikinci dərəcəli yola İmişliyə döndük. Yenə də ideal. Vallah, tərifləmirəm. İllərdir görülən işlər bəhrəsini verir. Əlbəttə, Ziya Məmmədovsuz. Çünki...
Şanlı əsgərlərimiz Şuşanı hansı yolla almışdılarsa, cənab Prezident də həmin cığırla Zəfər yolu çəkdirdi. Gəldik çıxdıq Şuşaya, "Xarıbülbül" otelinə. Sevincimizi, həyəcanımızı, gərginliyimizi dillə demək mümkün deyildi. Şuşa bizim sehrli gibləgahımız idi bütün bu işğal illərində. Bu nə möcüzəli sevgi imiş? Hər kəsin üzündən nur, işıq yağırdı.
Deyəndə ki, mən Şuşada yazıram, bir-iki nəfər xəfifcə gülümsədi. Sonra bunun mənasına dərindən vardıqda, ayrı-ayrılıqda məni çəkdilər qırağa, xahiş etdilər ki, olarmı bu sözlərin müəllifi mən olum? Qəti şəkildə etiraz etdim. Bunu ona görə yazıram ki, hər kəs nəsə etmək istəyirdi. Hər kəs özünü göstərmək istəyirdi. Ona görə yox ki, Heydər Əliyev Fondunun xəttilə Şuşaya gəlib. Ona görə ki, bu yaradıcı adamlarda bir nisgil vardı, Şuşa nisgili. Bu nisgil hər kəsin ruhuna təsir edirdi. Biz Şuşada təkcə fiziki cəhətdən gəzmirdik. Arada mənə elə gəlirdi ki, ruhum buralarda min ildir dolaşır. Hətta ünlü türkçü şairimiz Elxan Zal səhər-səhər mənə bir yuxu da danışdı. Onu burda yazmayacam. Müəlliflik hüququ onundur. İstəsə, qoy özü yazsın. Gəlişimizin birinci günü heç kim yatmaq istəmirdi. Bəs nə bilmişdiniz? Bilirsiniz, Prezidentə, sayın Mehriban xanıma o qədər deyilməli sözüm vardı? Amma Şuşa giley etmək üçün məkan deyildi. Sağ olsunlar, bizə bu Şuşa günlərini yaşatdılarsa, hər ikisinə böyük eşq olsun! Sadəcə olaraq hər ikisinə bir cümlə dedim, o da Vaqif Poeziya Günlərinin açılışından sonra görüşdə vurğuladım: "Cənab Prezident! Mən Şuşada yazıram". Bu yazının birinci hissəsi mətbuatda gedəndə bəziləri fikrimi təhrif etdi. "Mən Şuşadan yazıram". Qəti etiraz etdim. Bildirdim ki, Bakıda da oturub Şuşadan yaza bilərəm, necə ki, illərdir bunu etmişəm. Amma mən Şuşada yazıram. Əsgərlərimizin canı bahasına, Ali Baş Komandanımızın aldığı Şuşadayam. Otuz ilin həsrətinə son qoyuldu. Eşq olsun onlara!
Bu şəhərdə olanda başa düşdüm ki, bura gələ bilməyənlər niyə giley edirlər? Səhər altıya işləmiş balkona çıxdım. Şuşadan şam ağacının ətri gəlirdi. Ciyərdolusu nəfəs aldım. Və özümdən asılı olmayaraq qışqırdım: "Sabahın xeyir, Şuşa". Səhərə qədər yatmadıq. Hamı elə bil bir ürək idi. Qocaman nəhənglərimiz İsa Həbibbəyli, Anar, Mövlud Süleymanlı, Rafael Hüseynov, Elçin (adlarını çəkə bilmədiklərimdən üzr istəyirəm) sanki biz yaşda idilər. Gənclər, orta yaşlılar, cavanlar hamı bir yaşda görünürdülər. Prezident Aparatının şöbə müdiri Fərəh xanım, Mədəniyyət naziri Anar müəllim çox səmimi idilər. Elə bil hamı bir cisim olmuşdu. Əlbəttə, burada Prezidentin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın bizə yaratdığı şəraitə görə yalnız şükranlığımızı bildirirəm. Biz bir cisim idik, 44 günlük Vətən müharibəsində olduğu kimi.
Səhərə qədər oteldə müxtəlif nəsillərdə söhbət etdiyim heç yadımdan çıxmaz: Vaqif Yusifli, Azər Turan, Elnarə Akimova, Elçin Mirzəbəyli, Elçin Hüseynbəyli, Elxan Zal, Gülhüseyn Kazım oğlu, Salam Sarvan, Xəyal Rza, Əkbər Qoşalı, Sərvaz Hüseynoğlu, Şəhriyar, Fərid, Şahanə Müşfiq, İntiqam, Yaşar və başqaları hərəsi bir aləm, bir dünya idi. Bilə-bilə rəsmi çıxışlardan heç nə yazmıram, beyninizi yormuram. Onsuz da bizim cənab Prezidentin hər dəfə Şuşada olması ermənilərin olmayan yuxusunu qaçırır, min hiylə qurmaqda davam edirlər. Onlar zaman-zaman bütün Qarabağdan rədd olub gedəcəklər. Biz isə səbrimizlə daş deşəcəyik. Tədbirin özü möhtəşəm idi. Ermənilər, deyəsən, indi başa düşürdülər ki, Prezidentin dediyi kimi: "Qarabağ sizlik deyil". Biz addım-addım irəliləyirik. "Qarabağ Azərbaycandır! Nida. Vəssalam-şüttamam! Şuşa meydanını gəzəndə nəsə kefim yox idi. Başımda dünya qarışmışdı. Heykəllərə atılan güllələr əhvalımı lap pozmuşdu. Amma, vaxtı ilə fikir babalarımıza da bu ermənilər güllə atmışdılar. Hətta onlardan biri haqqında pyes yazıb səhnəyə qoymuş, bezikdirib Türkiyəyə yola salmışdılar. Bəli, düz başa düşdünüz. "Difai" Partiyasının əsasını qoyan, fikirlərini həyata keçirən 1907-ci ildə bütün əhalinin ümid yeri olan Əhməd bəy Ağaoğlundan söhbət gedir. Axı o da Şuşada doğulub.
Dərdimi dedim. Prezidentin Şuşa üzə xüsusi nümayəndəsi, bacım Qənirə xanım, Vilayət Quliyev, Gülhüseyn Kazımoğlu dərhal reaksiya verdilər. Hətta Qənirə xanım "Bacın ölməyib ki, indi gedib fikir babalarımıza baş çəkərik" dedi. Əhməd bəy Ağaoğlu, Mir Möhsün Nəvvab, Firidun bəy Köçərlinin yurdlarına baş çəkdik. Hiss etdim ki, fikir babalarının ruhları bizə göydən razılıqla baxır. Əlbəttə, onların, başqalarının yurdlarını sahmanlamaq lazımdır.
Bu gün rəhmətlik Heydər Əliyev ilə bir yerdə Şuşanı görmək qismət olmadı. Amma Prezidentin Şuşadakı çıxışından hiss etdim ki, o, atasını içində gəzdirir. Hər zaman ondan məsləhət alır, atasını sevindirir.
Görmədiyimiz günləri yaşayırıq!
Mən Şuşada yazıram!
29-31.08.2021, Şuşa
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!