Novruz Nəcəfoğlunun "Köynək" hekayəsi üzərində qısa gəzişmələr
Köynək gündəlik həyatımızda istifadə etdiyimiz adicə əyin-başdan biri deyilmiş...
Daha doğma, daha məhrəm adamları özümüzə bir köynək yaxın bilmişik.
Sonsuz qadınlar köynəkləri altdan keçirdikləri körpələri özlərinə övlad biliblər.
Tanınmış yazıçı, dostumuz Novruz Nəcəfoğlu həcm etibarilə qısa, necə deyərlər, məzmunca dolğun "Köynək" hekayəsində balaca bir insanın faciəli ömür yolunu qısa təhkiyə yolu ilə, bir az da soyuq tərzdə qələmə alıb.
"Özgəsinin batman gələn ruzisi bəlkə də Cəfər kişi üçün misqalnan, daşdan çıxırdı. Cəfər kişi yay-qış dəmir-dümürün arasında idi".
Bu, o Cəfər kişidir ki, dağdan ağır Həmid əmi "iki dağ arasındakı bir ağır eldən kənara çıxıb sorağı çox-çox uzaqlara yayılan, adı dildə-ağızda dolaşan məşhur Səmənd madyanının balasını, dərisinin üstü ləpir-ləpir boz, yorğa qulanını o kişiyə" bağışlayıb.
"Öz adı ilə yanaşı, atlarına da ölçüyə-çəkiyə gəlməz dərəcədə hörmət-izzətlə yanaşan Həmid əminin qıyıb Cəfər dediyimiz o adama Səmənd madyanının qulanını bağışlaması" o demək idi ki, Cəfər də "elə belə, cana-cuna adam" deyil.
Həmid əmi desə də ki, "Cəfər gəlib öz qulanını aparaq, Cəfər isə gəlib çıxmırdı ki çıxmırdı".
Aylar ötür, illər keçirdi... Axır ki, Cəfər kişi artıq madyan olmuş, yaşa dolmuş adına bağışlanan "qulanın" ardınca vaxt-macal tapıb bacısıgilə gəlir. "Cəfərin bacısının gözü qardaşının əynindəki köynəkdə qalmışdı. Təptəzə köynək Cəfərin əynindən tökülürdü".
Bu, Cəfərin bəy duranda geyindiyi qırmızı bəylik köynəyi idi. "Təzə qalmasından belə məlum olurdu ki, o köynək o vaxtdan bəri nə tərlənib, nə də su görüb".
Və yazıçı o qırmızı köynəyin alt qatlarını ustalıqla qələmə alaraq kiçik insanın ağır, məşəqqətli ömür yolunu qəhrəmanına rəhm və şəfqətlə oxucusunun gözləri qarşısında canlandırır.
Əlbəttə, Cəfər kişi o qırmızı bəylik köynəyini gündəlik geyinib nimdaş etmək də istərdi. Ancaq sanki gündəlik ömür-gün yolu, çətin, əzabkeş həyatı bunu ona qismət etmir: köynək korlanar.
Cəfər kişiyə əynində tökülüb gedən o qırmızı köynəklə çoxdan bəri yəhərinə qalxmaq istədiyi madyan atın belinə qalxmaq qismət olmur. "Dayının xahişi ilə bacı oğlanları yəhər gətirib atın üstünə qoydular. Cəfər kişi ayağını üzəngiyə keçirsə də, atın belinə qalxa bilmədi".
Vur-tut ömürləri boyu bircə dəfə qırmızı köynək geyinənlər kəhər üstə qalxa bilməzlər.
Cəfər kişi həm də məzlum, fağır adamdır. Onun təkcə bəylik köynəyi qırmızı olub. Özü isə qırmızı adam olmayıb. Yoxsa çoxdan yəhərinə qalxmaq istədiyi o məşhur qulanın ardınca gələrdi.
Qırmızı köynək və kədərli bir insan taleyi!
Arzusunda olduğu madyanın belinə qalxa bilməyən balaca adamın həyat tarixçəsi.
Bəylik köynəyini əyininə ömrünün ən xoşbəxt günündə bircə dəfə geyinən, o köynək illərlə sandıqda qalıb geyinmədiyindən köhnəlib rəngi bozarmayan, daha sahibinin əyninə gəlməyən, balacalaşan, cılışlaşan sahibinin artıq əyninə gəlməyən rəmzi köynək...
İstər qış-payız, istərsə də yaz-yay traktorun soyuq, kombaynın boğanaq kabinəsində oturub həmişə ağır iş üstündə olan bir insanın kəhər belinə qalxmaq intizarı, həsrəti ilə yaşanan yarımçıq ömrü...
"Bacın ölsün, ay qardaş, bacın ölsün! Belə görürəm ki, əyninə bircə dəfə geyindiyin olub bu köynək. Köynəyinin rəngi qırmızı olsa da günlərin, demə... Mən də burda giley-güzar edirdim ki, harda qalmısan, qaragün bacını itirib axtarmırsan?..".
Hekayənin elə bu yerindəcə hekayə içində hekayə başlanır.
Hekayə içində hekayədə artıq "köynək" bir köynəklik yaxınlığın yox, doğmalığın motivi kimi süjetdə aparıcı xətt təşkil edir. Hekayənin əvvəlində müəllifin hələ yaxından tanımadığı adama bəzən qibtə, həsəd, paxıllıq etdiyi bir insan taleyinə rəhm, mərhəmət, şəfqət həmin qəhrəmana bir köynək yaxınlıqdan çıxıb doğmalarının - bacılarının qardaş sevgisi haqqında qəmli nağıl nəql edilir.
Vaxtsız qardaş itkisi Həmid əminin xanımını göyüm-göyüm göynədə-göynədə "qardaşının əynindən çıxan köynəyi günlərlə nəfəsinə sıxıb qoxlamış, ətrini ciyərlərinə çəkmiş, bağrına basıb oxşamış, göz yaşları leysan olanacan ağlamışdı".
Və... Elə bu qəmli nəqletmədən sonra hekayə içində hekayə başlayır.
"Mən öləndə qardaşımın köynəyini məzarıma qoyarsınız". Hekayə içində hekayə bacının elə bu vəsiyyətindən sonra başlayır.
"Ölüm adlı əjdaha" bir gün bacını da, necə deyərlər, kamına çəkir.
Böyük bacı vəfat edir. Qardaşından öz axirət dünyasına əbədi yadigar kimi, bəlkə də axirətdə də qardaşının ömrünə-gününə ağı deyib oxşamaq üçün o qırmızı köynəyi məzarına qoyulmasını vəsiyyət edir.
Əlbəttə, şəriət hökmlərinə görə bacının bu vəsiyyəti qeyri-mümkündür.
İş bununla qurtarmır. Kiçik bacının da yası böyük bacının yasına qarışır. Yenə eyni bacı vəsiyyəti...
Süjet boyu öz təhkiyəsini davam etdirən müəllifin müdaxiləsi.
Belə məlum olur ki, böyük bacının vəsiyyəti yerdə qalıb. Bəs kiçik bacının vəsiyyəti yerinə yetiriləcəkmi...
Gəlin bir-birimizə bir köynək də yaxın olaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!