Həsən ağanın qohumuyam - Nargis yazır

köşə

 

Son vaxtlar gündəm məni dəhşətə gətirir. Baxırsan ağıllı, savadlı, dünyagörüşlü yazarlarımız, tənqidçi və ədəbiyyatşünaslarımız bütün gün alırlar əllərinə qəhvə, çay, yaxud hərnəysələrini,  otururlar sosial şəbəkələrin başında. Ay sənə deyim elmdən, ədəbiyyatdan, dindən hətta siyasətdən böyük-böyük laflar edirlər. Di gəl gör ki, bu laflar bizim ekranımızı bəzəməkdən qeyri bir işə yaramır ki, yaramır...
Gah elmimizi, gah siyasətimizi tənqid edənlərə sormaq gərək ki, ay millətimin əziz nümayəndələri, bəs siz bu millət üçün nə etmisiniz?
Facebookda status paylaşmaq elə dəb halını alıb ki, həmin qiymətli şəxslərimiz işlərini-güclərini buraxıb "kim daha sərt status yazıb kimlərisə  sözlə çarmıxa çəkər" yarışına aludə olublar.
"Ədəbiyyatımız əldən gedir", "Anarı niyə oxuyursunuz?", "Filan akademik bunu, bunu edir", "AMEA bizdən nə istəyir", "Əli bəy Hüseynzadə dilimiz üçün nə edib ki?", "Nizami farsca yazıb əcəb edib", "gəlin Bəxtiyar Vahabzadəni qəbul etməyək" deyən bir ovuc bu tipli insanlar statuslarına rəy bildirən "şakşakçılarından" qeyri şəxsləri bloka atıb yazırlar ki, bəs onlar bizim statuslarımızı bəyənmirlər....
Ay millətimin əziz nümayəndəsi, sizin ixtisasınız da fililoqdu, bəs siz bizi dünya arenasında tanıdacaq hansı addımı atmısınız?
Ya da bu kimi addımları atmağı nə zaman düşünürsünüz?
Facebook qazetə deyil, sayt da deyil, bu gün-sabah Mark əsəbiləşib profilinizi bağlayanda bütün bu bihudə əməkləriniz gedəcək boşa. Gedin cızma-qaralarınızı elə yerdə, elə səviyyədə edin ki, millətə bir yararınız dəysin..
Ay gəncliyi mütəmadiyən pisləyən əzizlərim, siz axı öz mühitinizin siz yaşda nümayəndələrini də bəyənmirsiniz? Sizin bəyənmədiyiniz mövzu və şəxslər bu gün Azərbaycan elmini, incəsənətini, ədəbiyyatını formalaşdırmaq yolunda heç olmasa müəyyən xidmətlər göstəriblər axı...
"Gözəl görən gözəl düşünər" və gözəl uğurlara da imza atar. Siz gedin papağınızı qabağınıza qoyun, atın bu avropalaşmağın, mənasız sosiallaşmağın daşını,  gedin yazın, yaradın, elmdə qalın, jurnalistikada, ədəbi tənqid tarixində qalın...
Bir gənc olaraq şəxsən mənə facebook ədəbiyyatı, facebook tənqidi, facebook elmi lazım deyil...
"Bəs sizə nə var? Siz kimsiniz?" deyirsinizsə, mən sizin dəbdəbəli, lakin mənasız statuslarınızı oxuyarkən dodağımın kənarına qonan həmin ironik gülüşlə deyirəm ki, mən heç kiməm, amma sizə görə bizlər  Həsən Ağanın qohumuyuq...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!