İFTİXAR
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Bu günlərdə hədiyyə aldığım "Salam olsun" adlı bir şeir kitabı, tarixin qədim səhifələrindən bu günə qədər uzanıb gələn ədəbi xəritəmizin silinməz səhifələrindən birində özünə yer tuta biləcək bir ilhamla məni salamladı, kitabxanama daxil oldu və kitabxanamı zənginləşdirdi. Odur ki, mən də həmin salama, "Əleykümsalam...!" deməyi özümə borc bildim. Ən əsası isə ondan ibarətdir ki, kitabdakı şeirlərin hamısı məni "əleykümsalam" deməyə vadar etdi. Şeirlərin bədii keyfiyyəti, poetik səviyyəsi və vətənpərvərliklə cilalanmış məzmunu həmin şeirlərə biganə qalmağa imkan vermədi. Bu qədər vətənpərvər bir şairin, bu qədər vətən sevgisi ilə ürəyinin şamını əridən bir ananın şeirlərini su içimi kimi içməmək olmadığı üçün kitabı birnəfəsə oxudum. Oxuduqca, şairin tükənməz ilhamla və yüksək vətən eşqi ilə qələmə aldığı şeirləri vətənpərvər ruhuma yeni ruh qatırdı. Şair qəlbinin ana ürəyi ilə çırpınan vətəndaşlıq mövqeyinin zirvələrə yüksələn böyük təbi və qaynar ilhamı hər şeiri ilə ürəyimdə coşqu yaradırdı. Hətta şeirlər o dərəcə məni özünə bağladı ki, bir çoxunu öz səsimdə səsləndirərək bir albom halına gətirdim. Vətəni bu qədər böyük məhəbbətlə sevən Azərbaycan şairinə eşq olsun! - bu alqış, kitabdan aldığım təəssüratın iç dünyama hökm etdiyi hisslərlə könlümdən qopardığı səmimi duyğudur. Kitabı oxuyub bitirdikdən sonra, müəlliflə ilk görüşümüzü xatırladım. "Nəsimi ili" çərçivəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində hazırladığım, müəllifi olduğum "Haqq mənəm" əsərinin tamaşasında İmadəddin Nəsiminin işığına toplaşmışdıq. Tamaşadan sonra əsər haqqında və ümumən Nəsimi yaradıcılığı ilə bağlı tamaşadan aldıqları təəssüratları bölüşən mütəxəssislər sırasında onun da dəyərli, səmimi fikirlərini dinləmişdim və xoş təsir bağışlamışdı.
Müəllif kitaba məxsusi olaraq əsasən, vətən eşqli şeir nümunələrini, vətənpərvərlik ruhunu yüksəldən poetik tablolarını daxil etmişdir. Bütün ruhu və könlü ilə Azərbaycan sevdalısı olduğunu ifadə edən bu poeziya nümunələri ilə, bir kitabda, Mahirə xanım bütün Türk aləminə, öz soydaşlarına salam olsun! - deyə, səslənir. Həm də elə bir zamanda ki, millətimizi dünyanın dörd tərəfindən məngənə arasında sıxmaqdan əl çəkməyən böyük güclərə qalib gəldiyimiz bir zamanda. Otuz ilə yaxın bir müddət ərzində xalqımızı və millətimizi məcburən məğlub kökünə salan haqsızlara qarşı Ali Baş Komandanımızın rəhbərliyi altında haqq mücadiləsinə qalxdığımız və zəfər bayrağını mənfur düşmən üzərində dalğalandırdığımız bir vaxtda. Belə anlarda yaradıcı insanlar hisslərini öz bədii qüdrətləri ilə ifadə etməklə, vətəndaş mövdelərini göstərir, övladlıq, vətəndaşlıq borclarını yerinə yetirir, həqiqətin tablosunu poetik dillə təcəssüm etdirməyə çalışırlar. Məhz "Salam olsun" kitabının müəllifinin də şair ürəyi öz tükənməz ilhamı ilə qaynayır, hüdudlara sığmayan vətən eşqi coşur və onu Tanrı qədər uca tutacaq bir məhəbbətlə sevdiyini bəyan edir:
Azərbaycan -
Baş əydiyim Tanrı.
Sənə kömək olsun,
Anamın duaları.
Müəllifin "Salam olsun" kitabında cəmlənən şeirləri təpədən-dırnağa qədər oxucunu Vətən eşqi ilə ruhlanmağa, Vətən uğrunda döyüşməyə, Vətən, torpaq fəlsəfi hikmətinin mahiyyətini dərk etməyə və onu candan əziz tutmağa, Vətənin əvəzsiz olduğunu əxs etməyə və təlqin etdirməyə çağırır. Mahirə xanım həm bir ana olaraq, həm də bir şair kimi Azərbaycan övladlarını torpaqlarımızın azadlığı uğrunda zəfər cənginə qalxmağa, şanlı yürüşə səsləyir:
Komandanın özü verib dəyər sənə,
O güvəndi, arxalandı, ey ər, sənə.
Milyonların gözü baxır, əsgər, sənə,
Bu məqamdır, zəfərini çalmağa get.
Mahirə xanımın bu kitabda yer tutan bütün şeirləri ana qəlbinin, ana ürəyinin məlhəmi ilə yoğrulur, o qaynar ürəyin istisinə isinir və oxucusunun ruhuna hopur, ona qida verir. Ümumiyyətlə, ana ürəyi hər zaman Mahirə Nağıqızının şeirlərində sövq-təbii olaraq ön plana qədər yüksəlir, oxucuya məlhəm olmağa çalışır.
Baxın, Vətən uğrunda şəhid olan övladlarımızın qəhrəmanlığını bir azərbaycanlı şair - ananın şah damarında axan qanı hansı coşqu ilə nəzmə çəkir və necə oxşayır:
Analar ər doğar, oğul böyüdər,
Hər oğul dünyası - nağıl, böyüdər.
Torpağı sevərlər analar qədər,
Düşmənin qəddini bükər şəhidlər...
Mahirə xanım üçün şəhid anlayışı təkcə vətən uğrunda candan keçməkdən ibarət deyildir, əsasən, vətənə böyük sevgi ilə bağlılıqdan keçən bir məhəbbətin, sönməz eşqin qüdrəti ilə heç "of" demədən canını vətənin yaşaması uğrunda cəsarətlə qurban verməkdən keçən bir qalibiyyət vəzifəsidir. Ümumiyyətlə, Mahirə xanımın şeirləri göstərir ki, onun ruhu daim coşub-daşan mübarizə əzmindədir. Bir şair üçün isə belə ruh əvəzsiz bir sərvətdir. Ona görə də şair - ana Vətən sevgisi ilə yaşayan, Vətən üçün cəsarətlə canından keçən qəhrəman igidlərimizə ağlamağı, sızlamağı deyil, əksinə, onların ruhlarının şad olması üçün qürurla dayanmağı, mübariz olmağı tövsiyə edir:
Vətən, qurbanınam - üzdə demədi,
Əməldə göstərdi, sözdə demədi.
Mahirə, ağlamaq, sızlamaq nədi,
Sənin göz yaşından küsər şəhidlər.
Ana ürəyinin simfoniyası övlad, bala nəğməsi ilə havalanar. Çünki ananın bətnindən doğulan varlıq onun simfoniyasıdır. Bu hikməti, bu fəlsəfəni daim uca tutan ana qəlbi şəhidlik zirvəsinə yüksələn övladları bir nəğmə kimi yad edər, şəhidlik zirvəsinin üfüqlərindən boylanan gözəgörünməz baxışlarına ehtiram olaraq həmin nəğməni öz ürəyində daima səsləndirər. Mahirə xanımın səsləndirdiyi kimi. Çünki onların məzarı vətənin istehkamıdır:
Boy vermiş məzarın qəbir daşları,
Bir ömrün daşlaşan arzu-kamıdır.
Onların sağlığı döyüşən əsgər,
Məzarı - Vətənin istehkamıdır.
Nağıqızının Qarabağ haqqında yazdığı "Salam" şeirindəki misralarda şair ürəyinin, ana qəlbinin can yanğısı oxucunun içini göyüm-göyüm göynədir. Otuz il bundan əvvəl tapdağa düşmüş Qarabağın bütün əraziləri bir andaca gözlər önünə gəlir. Biz o zamanlar Qarabağa yalnız uzaqdan boylanardıq. Qəlbimizdə kükrəyən hiddət içimizi təlatümə gətirərdi. Çarəsizlik canımızı və ruhumuzu daim gəmirirdi. Uzaqdan göndərilən salamın göynərtisinə dözmək mümkün deyildi. Lakin indi biz Qarabağa salamı onun qoynuna vararaq söyləyə bilirik. Ona görə də şeiri oxuduqca həsrətli günlərin göynərtisi yada düşür və qaysaq bağlamış yaralar sızlayır, hazırkı sevinc hisslərinə qovuşaraq çılğın bir həyəcan yaradır:
Dönüb başına dolannam,
Salam, Qarabağım, salam.
Qadan allam, balan allam,
Salam, Qarabağım, salam.
Ya da:
Mahirə sevincdən ağlar,
Sinəsində ümman çağlar.
Dinər saza həsrət dağlar,
Salam, Qarabağım, salam.
Bu "Salam"dakı məhəbbət dolu ehkama diqqət yetirin. Bu "Salam" vətəndaş qəlbindən eşqlə qopan vətən sevgisinin qanunauyğun doğmalığının təzahürüdür. Bir başqa şeirində isə müəllif Qarabağa olan sevgisini ən gözəl və ən duyğusal hisslərlə belə şəkilləndirir:
Mahirədir mənim adım,
Dedim Qarabağ! ağladım,
Qəlbim ilə qucaqladım,
Diləyi əllərdi yazan...
Ümumiyyətlə, müəllif kitabda, Vətən kontekstində Qarabağ mövzusuna geniş yer ayırmışdır. "Salam olsun" seirinin biri Qarabağdakı döyüşlərin azman qələbəsindən ruhlanaraq qələmə alınmışdır. Haqq işimizə dəstək göstərən Türkiyə Cümhuriyyətinin, onun liderinin və türk qardaşlarımızın həmrəyliyini vəsf edən bu şeirdə Nağıqızının şair duyğuları daha da cövlana gəlir və İkinci Qarabağ savaşında bütün dünyanı önünə alaraq bizə böyük dəstək göstərən Türkiyə dövlətinin əzmini, təəssübkeşliyini və qardaşlığını, həmrəyliyini və birliyini tərənnüm edir:
Nağıqızı, az de, deyin,
Qardaş verər dərdə çiyin.
Kəlbəcərdə mehmetciyin,
Salamına salam olsun.
"Salam olsun" məfkurəsi ilə yola çıxan Mahirə Nağıqızının qəlbindəki Vətənə olan sevgisi, eşqi parlaq şəkildə göstərir ki, bu sevda ovuc boyda bir ürəyin sərhədləri çərçivəsində məhdudlaşmır. Geniş arealda qanad açıb, məsafələr qət edir. Böyük Azərbaycan arzusu ilə çırpınan ürəyinin durmadan döyündüyünü göstərir. Vətən haqqında yazdığı bütün şeirlərində onun Vətənə olan sevgisinin təkcə bir vətəndaş, insan, ana sevgisi ilə hüdudlanmadığını görürük. Yüksək amallarla yaşayan, böyük Vətən sevdası ilə ürəyi durmadan döyünən Mahirə xanımın düşüncəsindəki vətən anlayışı, onun həyat və əqidə məsələsidir. Bu səbəbdəndir ki, kitabda "Vətən" başlığı altında bir neçə şeirinə rast gəlirik. Bundan başqa, "Vətəndir", "Vətən, ay vətən" "Azərbaycan", "Azərbaycanım", "Ana torpaq" şeirləri də vətəni bütün varlığı və ruhu ilə tərənnüm edən şairin vətən sevgisinin cövhəridir:
Bitər sərhədlərin bu yer üzündə,
Qəlbimdə sərhədin nədən bitmədi?
Gəmisən, üzürsən eşq dənizində,
Sənə məhəbbətim, Vətən, bitmədi.
Mahirə xanım Vətənə öz münasibətini bir də ana olaraq, alovlu bir istiqanlılıqla ifadə edir. Vətəni ağlar görməyin ən ağır dərd olduğunu və bununla heç cür barışmadığını son dərəcə kəskin şəkildə dilə gətirir.
Gözünü yaşlı gərməyim,
Qorxumdu-hürkümdü Vətən.
Sinəndə dağlar görməyim,
Dağ boyda yükümdü, Vətən.
Bu yükün çəkisini şəkilləndirməklə yanaşı, Vətənə sevgidən qala tikdiyinı söyləyir və buna da bir övlad ərki miqyasında baxır, Vətəni, insanın daxili dünyasında əbədi yaşayan və insanı əbədi yaşadan laylaları və türküləri olaraq dəyərləndirir:
Öpüb nazını çəkdiyim,
Eşqin qəlbimdə əkdiyim,
Sevgindən qala tikdiyim,
Ən böyük ərkimdi Vətən.
Mahirə bir çaydaşıdı,
Sel gətirdi, çay daşıdı.
Hənirtin yol yoldaşıdı,
Layladı, türkümdü, Vətən.
Mahirə xanım üçün Vətən anlayışı nə qədər ülvidirsə, onun dərdləri də bir o qədər kəskin əzab verən, varlığına hakim kəsilən ağrıdır. Məhz ona görə də Azərbaycan xalqının başına gətirilən ən dəhşətli bəlalardan biri olan qanlı 20 Yanvar faciəsi Mahirə xanımın varlığında sağalmaz yaranın silinməz izidir. Bu iz onun yaradıcılıq taleyində acılarla sızlayan unudulmaz bir səhifədir və bu səhifəni o, göz yaşları ilə poeziyaya gətirir:
Elə bil dünəndir, qaynayır Bakı,
Vətəni çulğayan Şərə dur deyir.
Topxana qırılır, əsirdi Kərki,
Kremlə qanları dayandır deyir.
Həmin vaxtın qara vahiməsini bu gün də ağrı-acı ilə unutmayan və heç vaxt unutmayacaq olan Nağıqızı o qanlı faciəni xatırladıqca intiqamını içində boğa bilmir:
Bu bizim torpaqdır, bizim vətəndir,
Min illər biz qurduq Azərbaycanı.
Ona göz dikənlər, yoldan ötənlər,
Hələ qurumayıb Babəkin qanı.
Elə çətin günlərdə Mahirə xanım ümidini yalnız xilaskarlıq missiyasının ağır yükünü çiyinlərində daşıya biləcək bir fenomenə müraciət etməyə bağlayır. İnanır ki, millətimizi, xalqımızı çoxbaşlı əjdahalardan yalnız həmin fenomen varlıq, həmin qüdrət sahibi qurtara bilər. Və bu inam onun təkcə şair qəlbinin diktəsi deyildi, həm də bir ana və insan ürəyinin inamı, fəryad dolu çağırış harayı idi:
Dərələz şənliyi, Göyçə, Ağbaba,
O ağır ellərim boşaldı bir-bir.
Yetiş hayımıza Xan Heydər baba,
Sənsən loğmanımız, dərman səndədir.
O günlərin məşəqqətlərinə sinə gərən, dəhşətlərindən azad olan Azərbaycan xalqı öz xilaskarına qovuşdu və onun şücaəti ilə bu gün firavan həyat yaşayan müstəqil bir dövlət qurdu. Qan tökdü, şəhid verdi, ancaq parçalanmaq təhlükəsindən, yıxılmaq faciəsindən qurtuldu. Ümummilli liderinin ətrafında sıx birləşərək zəncirləri qırdı, azad bir ölkəyə çevrildi. Demək ki, Mahirə Nağıqızının ağlı da, hissləri də onu doğru istiqamətə yönəltmişdi. Ümidlə baxdığı Çırağın şöləsi onu arzularına qovuşdurdu:
Nəsillər dəyişdi həmin himn ilə,
Arzular göyərdi şəhid qanında.
Canımız yol gedər Vətən, səninlə,
Ruhumuz Şəhidlər xiyabanında.
Acı xatirələri unutmayan şair dönüb tarixin səhifələrinə boylanarkən o günlərin təlatümündə cövlan edən qurtuluş mahiyyətinə diqqət kəsilir və 20 Yanvar faciəsi nə qədər dəhşətli olsa belə, o məşəqqəti faciədən daha çox, bizim hürriyyətə qovuşmağımızın nikbin təntənəsi kimi görür və onu belə tanımağımızı tövsiyə edir:
Beləcə boylandım keçmişə tərəf,
Bir daha görəm ki, orada nə var...
Tarixi xalqımın düzülüb səf-səf,
Dilək qatarıymış 20 Yanvar.
Topluda nəzərə çarpan bir cəhət də xeyli diqqətçəkəndir. Mahirə xanımın şeirlərində ana yurdumuzun müxtəlif dilbər guşələrini sevgi ilə vəsf etdiyinin şahidi oluruq. Bu diqqətçəkən gerçəklik şairin yurduna, vətəninə candan bağlılığının göstəricisidir. Ana yurdumuzun hər qarışı şair üçün doğmadır, əzizdir, əvəzsizdir:
Yolun üstə bir bulaqdan su içdim,
Nazlıbulaq, tər gəlindi, Xınalıq
Deməzdim ki, vüsalına gecikdim,
Burda nə var heykəlindi, Xınalıq.
Azərbaycanın qədim yaşayış yerlərindən olan füsunkar Xınalığın əsrarəngiz gözəlliklərini təsvir edən şair, sonra üzünü böyük məhəbbətlə gözəllər gözəli Göygölə tutur:
Burda göy başqadı, burda yer başqa,
Rəsm olub ovsuna dönər hər ayrı.
Ağacı bir ayrı, gülü bir ayrı,
Rəngindən döymadı gözüm Göygölün.
Beləcə, özünü yurdunun hər meyarı üçün qurban verməyə hazır olan Mahirə Nağıqızı Vətənin gözəlliklərini vəsf etmək üçün yurdumuzun hər səmtinə nəzər salır, sözün hikmətinə söykənərək, rəngarəng təşbehlərlə onu xalı kimi bəzəyir, canlandırır:
Ömərölən, Daşdərədən keçərəm,
Palantökən, Dikbərədən keçərəm,
Eniş enib bir dərədən keçərəm,
Təki məni lal, xəbərsiz aparsın.
Yurdumuzun əsrarəngizliyini tərənnüm edən bir başqa şeirində, bir başqa rədifdə şeirə sözlə belə can verir:
Nağıqızı, denən elə: Gözaydın!
Bu günlərdən danış aydın, yaz aydın.
Demirdinmi Kəlbəcərdən yazaydın,
Yazdın, süfrə salanların sağ olsun!
Şairin şeirlərində təbiətə möhkəm bağlılıq şövqlə sezilir. Bu da, dediyimiz kimi, vətənə eşq ehtirasından irəli gəlir. Doğma Azərbaycanımızın insanı valeh edən əsrarəngiz mənzərələri, coşqun çayları, buz bulaqları, zirvəsi daim qarlı dağları, insanı bihuş edən güllü-çiçəkli çəmənləri, zəngin faunası olan sıx meşələri şairə yaradıcılıq dinamikası üçün ilham verir.
Qarabağımızın misilsiz gözəllikləri ilə insanı heyran qoyan şəhərləri, kəndləri onun qan yaddaşında həmişə çırpıntılar və təlatümlərlə yaşamaqdadır. Ona görə də topraqlarımız yağı düşməndən xilas olana qədər Mahirə xanım daim çağırışda oldu:
Nələr qoyub gəldim dağın, düzündə,
Ahındı qaynayan bulaq gözündə,
Bülənddi göylərə Cıdır düzündə
Xanın şikəstəsi, gedək, dur gedək,
Çağırır nəfəsi, gedək, dur gedək.
Bu, bir danılmaz gerçəklikdir ki, tarixdə dəfələrlə soyqırımı hadisələri baş vermişdir. O dəhşətlər müxtəlif millətlərin başına gətirilmişdir. Böyük güclər insanlığa xas olmayan əməlləri törədərkən heç vaxt öz talelərini həmin yerdə görmürdülər. Ona görə də inanılmaz vəhşiliklər törədirdilər. Dünyada baş vermiş soyqırımları arasında ən dəhşətlilərindən biri XX əsrin sonlarında, böyük güclərə yalmanaraq arxalanan erməni faşistləri tərəfindən xalqımıza qarşı törədilmiş Xocalı faciəsidir ki, bütün varlığını sarsıdan bu hadisə Mahirə xanımın canında həmişəlik bir zəlzələ və vəlvələ kimi yaşamaqdadır. Belə bir faciəni unuda bilməyən şair bu mövzunu ruhunun ağrısı kimi qələmə alır və bu faciəyə qarşı susanları lənətlə qınayır:
Qaysaqlanmaz süngülənən yarası,
Qan qarışıq göz yaşıdı Xocalı.
Çiliklənib, sinəmizdə parası,
Əbədilik başdaşıdı Xocalı.
Xocalı soyqırımı kimi ağır vəhşiliyin gerçəkliyini yaşayan bir millət üçün onun qan yaddaşında, qulaq, göz yaddaşında, ağıl, idrak yaddaşında silinməz və qaysağı həmişə qopan, həmişəyaşar bir yara kimi o millətə dərs olmalıdır. Xocalı dəhşətini yaşamış millətin nümayəndəsi olan Mahirə Nağıqızının şair ürəyində o faciənin gerçəkliyi unudulmazdır:
Dinc, silahsız adamlar,
Ölümnən baş-başaydı.
Xocalıda olanlar,
Amansız tamaşaydı.
Göründüyü kimi, "Salam olsun" kitabının məfkurəsi bir şair qəlbinin Vətən, millət, dövlət sevgisi ilə yüksək poetik duyğularını təcəssüm etdirən bədii topludur. Bu topluda şair - ananın Vətənə olan məhəbbəti müxtəlif rakurslardan boy verir, qanad açır, geniş fəzada göz işlədikcə uçur. Milli ruhu, milli məfkurəni, milli-mənəvi dəyərləri heç bir fenomenə dəyişməyən Mahirə Nağıqızı üçün Vətən qədər Ana Dili də, keçilməsi mümkün olmayan sevgiyə layiq bir fenomendir. Ana dili məhz elə, Ana Vətən deməkdir! Ona görə də şair - ana bugünkü həyat gerçəklikləri fonunda, yəni qloballaşan dünyanın təfəkkürümüzə zorla daxil etdiyi yaddillilik prinsiplərinin idrakımızda geniş meydan açmağa çalışdığı bir zamanda ana dilimizə sevgi aşılayır.
Bu dünyanın yaşı qədər tarixin var,
Sonu qədər, başı qədər tarixin var,
Dağı qədər, daşı qədər tarixin var,
Ha baş vursam bitməz qatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim.
Bütün ruhu və canı ilə doğma vətəninə bağlı olan və onunla nəfəs alan Mahirə Nağıqızının tək bir amalı vardır - milli dəyərlərlə, vətənə sevgi və məhəbbətlə, dövlətə və dövlətçiliyə sədaqətlə, milli atributlara dərin sayqı ilə yaşamaq, yaratmaq! Həqiqətlərimizin qorunması, haqqa söykənən əməllərimizin ləyaqətlə yaşaması, bayrağımızın daim zəfərlə dalğalanması Mahirə xanımın ən müqəddəs arzularındandır. "Bayrağımız" şeiri qeyd olunanları daha məzmunlu şəkildə ifadə edir:
Çöhrəsidir arzuların,
Bizi aparan yolların.
Haqq səsidi milyonların,
Haqdan doğan bayrağımız.
Bütün ürəyinin çırpıntıları, hisslərinin, duyğularının həssasiyyəti ilə yazdığı "Salam olsun" kitab toplusuna daxil etdiyi şeirlərində öz vətəndaşlıq mövqeyinin hüsnünün poetik tablosunu yaradan Mahirə xanım Nağıqızı Qarabağın zəfər cənginə rəvac verən ölkə rəhbərimizin müqəddəs mətləbini müxtəlif şeirləri ilə son dərəcə böyük rəğbətlə tərənnüm etmişdir. Heç kəsə qaranlıq deyil ki, biz otuz il ağır təzyiqlər altında yaşamışıq. Öz haqqımızı sübuta yetirmək üçün nə qədər mücadilə etsək də, həmişə nahaqq duruma salınmışıq. Hətta qırx dörd günlük savaş zamanı belə, dünyanın ən qüdrətli dövlətləri Azərbaycanımızı təkləməyə qalxdılar. Mənfur düşməni doğma torpaqlarımızdan qovmağımıza maneçilik törətməyə çalışdılar. Düşmənin silahlanması üçün saysız-hesabsız maşın karvanları ilə silahlar göndərdilər. Hər tərəfdən, hər cür hücuma keçdilər. Lakin bu gərgin savaşda təmkinlə qərarlar qəbul edən, dünya qarşısında istər siyasi-ideoloji baxımdan, istərsə də hərbi-taktiki cəhətdən bütün üstünlükləri ilə diqqət çəkən Ali Baş Komandanımızın cəsarəti və yüksək sərkərdəlik qüdrəti hər bir həmləni anındaca dəf etdi. Hücuma qalxan hər kəsi mat vəziyyətinə saldı. Nəhayətdə doğma torpaqlarımızı, gözəl Qarabağımızı yağı düşmənin əlindən zorla qopararaq özümüzə qaytardı. Bu uğurları diqqətlə müşahidə edən və biganə qalmayan Mahirə xanımın, ulu öndər Heydər Əliyev ideyalarını qəhrəmancasına yaşadan Ali Baş Komandanımıza olan rəğbəti və Heydər Əliyev fenomeninə olan sonsuz məhəbbəti "Salam olsun" kitabında, bir neçə şeirdə poetik qüdrətlə, qabarıq şəkildə təcəssüm olunur. Coşqun şair ürəyinin dövlət rəhbərinə olan sonsuz rəğbətini tərənnüm edən həmin mənzərə poeziyanın kəhkəşanına "Görünür" şeiri ilə belə həkk olunub:
İlham yazdı yeni dövrü, zamanı,
Odur xalqın ümid yeri, gümanı.
Bu millətin tarixinin hər anı
Heydər baba dastanından görünür.
Əziz oxucu, diqqətinizə təqdim etmək istəyirəm ki, haqqında daha geniş danımaq imkanı verən, lakin qısaca olaraq söz açdığım "Salam olsun" kitabının ön söz müəllifi Firuz Kazımoğlu kitaba daxil edilmiş bütün şeirləri geniş şəkildə təhlil etmiş, hər bir şeirin məziyyətini, bədii keyfiyyətini ədəbiyyatşünas nəzərləri ilə süzgəcdən keçirmiş, onun ədəbi mühitdə yerini müəyyənləşdirmişdir. Ön sözün yekunda yazdığı bu fikirlə mən də tam razıyam ki, "...əminik ki, kitabı oxuyan hər kəs bu kitabdakı şeirləri Vətənin bütövlüyü uğrunda qanlı döyüşlərə girərək ya şəhid, ya da qazilik ucalığına qalxmış insanlarımız üçün əbədiyyət nəğmələri kimi qəbul edəcəklər...".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!