"Daxili təmizliyi, saflığı, təmənnasızlığı, fədakarlığı, insanlığı və böyük alimliyi ilə Xəlil Yusifli əziz Gəncəmizin işığını, şəfqətini artıranlardandır"
akademik Rafael Hüseynov
Bizim bu kiçik yazımız Nizami sevgisi, Nizami müdrikliyi ilə yoğrulmuş bir insan ömrü, demək olar ki, bütünlüklə Nizaminin poetik dünyasına həsr olunmuş bir insan taleyi haqqındadır. Elə bir insan ki, onun adı çəkiləndə ilk növbədə Nizami Gəncəvinin ədəbi şəxsiyyəti və ölməz "Xəmsə"si göz önünə gəlir. Əlbəttə ki, söhbət filologiya üzrə elmlər doktoru, professor Xəlil Yusiflidən gedir. Təsadüf deyil ki, Prezident İlham Əliyev 2021-ci ilin Azərbaycan Respublikasında "Nizami Gəncəvi ili" elan edilməsi haqqında Sərəncam imzalayanda, düşündük ki, bu il həm də Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin ilidir. Çünki Nizami Gəncəvinin adı çəkiləndə respublikamızda ilk yada düşən alimlərdən biri də Xəlil Yusiflinin adı olmalıdır, - qənaətindəyik. Bunu, ən azından, onun respublikaya səpələnmiş tələbələri, eləcə də bütün nizamisevərlər yaxşı bilirlər...
Hələ tələbəlik illərindən bu dərin zəkalı, Nizami görüşlü alim çoxlarımızın sevimlisi, bəlkə də idealı idi. Professor X.Yusifli ona görə ideal şəxsiyyətdir ki, hərəkətləri ilk baxışdan çoxlarından fərqlənmir, amma danışdıqca, onunla davamlı ünsiyyətdə olduqca elmini, səmimiyyətini, əməksevərliyini daha yaxşı anlayırsan. Tədqiqatçısı olduğu Nizami kimi daima haqqın, ədalətin, doğrunun yanında dayandığını görürsən... Əlbəttə, ətrafımızda çox sayda müəllim və alim ola bilər. Amma tələbələrinin yaddaşında yaxşı mənada iz buraxan müəllim, hər məqaləsində, hər yazısında oxucusuna yeni söz deyən, yazdıqlarından daim bəhrələnən alim çox azdır. X.Yusifli məhz bu azlardandır. O, sənətini doğrudan-doğruya sevdirən, tələbələrinin ürəyində özünə əbədi sevgi işığı yandıran bir müəllimdir... O müəllim xoşbəxtdir ki, onu bütün auditoriya sevir, o müəllim xoşbəxtdir ki, 90 dəqiqənin necə gəlib keçdiyini tələbələri hiss etmir, o müəllim xoşbəxtdir ki, tələbələr dərsdən sonrakı vaxtlarını da onu dinləməklə keçirmək istəyir, o müəllim xoşbəxtdir ki... sadalamaqla bitməz. Professor Xəlil Yusifli belə xoşbəxt müəllimlərdəndir. Amma onun dərs dediyi tələbələr ikiqat xoşbəxtdir, çünki onlar həm canlı əfsanə kimi Xəlil Yusiflini dinləyir, həm də kitablarını oxuyur, gərəyincə bəhrələnirlər. O danışdıqca tələbə Xaqani, Nizami, Məhsəti, Nəsimi, Xətai və Füzulini sanki canlı görmüş olur, o danışdıqca tələbə özünü qədim və orta yüzillər Azərbaycanında hiss edir. Səsinin də, elminin də sehri dinləyəni çox-çox uzaqlara aparır... Etiraf edim ki, yuxarı kursda oxuyanda (Xəlil müəllim bizə birinci kursda "Qədim dövr Azərbaycan ədəbiyyatı"nı tədris edirdi), ixtisasımıza uyğun olmayan dərslərdən qaçıb Xəlil müəllimin mühazirələrini dinləmək, ürəyə yatımlı, o xoş və mülayim nitqini təkrar-təkrar eşitmək istəyərdik. Bir təvazökarlığı da vardı müəllimimizin; "mənəm" deməyi, özündən çox danışmağı sevməzdi. Tələbələrə tövsiyə edərdi ki, Ə.Səfərlinin ali məktəb tələbələri üçün "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı" kitabından faydalanın. Kitabxanadan aldığımız kitabla tanış olanda isə bir müəllifinin də sevimli müəllimimizin olduğunu bilmişdik. Bəzi "özündənbəylər" kimi istifadə edəcəyimiz ədəbiyyat siyahısını yazdıranda təkəbbürlə deməzdi ki, "mütləq bunu tapın, oxuyun və müəllifi mənəm". Tələbə, hətta şəxsi həyatında belə yaşadığı çətinliyi asanlıqla, çəkinmədən Xəlil müəllimə deyə bilirdi, sanki onu özünə mənən daha yaxın hesab edirdi. Bəli, X.Yusifli belə bir şəxsiyyətdir, elə buna görə də tələbələri çox sevirdi onu - müəllim kimi, alim kimi, ata kimi.
Ali məktəblərin Filologiya fakültəsində təhsil alan bütün tələbələr Xəlil Yusiflini az-çox tanıyırlar. Amma onu daha yaxından tanımaq üçün təkcə kitablarıyla tanışlıq kifayət etmir. Yəni onun tələbəsi olmaq, maraqlı mühazirələrini dinləmək, onunla canlı təmasda olmaq bir ayrı xoşbəxtlikdir. Nə gözəldir ki, o xoşbəxtlikdən bizə də pay düşüb. Həm də biz başqa tələbələrdən fərqli olaraq, ikiqat xoşbəxt idik, çünki onun həm mühazirələrini dinləyir, həm də dərsdən sonra ayda bir-iki dəfə keçirilən "Pöhrə" poeziya dərnəyində tez-tez onunla təmas qurmaq, fikir mübadilələri aparmaq imkanımız vardı. Nizami əsərlərini təhlil və tədqiq edən tanınmış professor bizim ilk qələm təcrübəmiz olan şeir və hekayələrimizi böyük diqqət və səbrlə dinləyər, üstün və zəif cəhətlərimizi göstərər, ağıllı və müdrik məsləhətlərini verərdi. Xoşuna gələn bədii yazılarımızın institut, yaxud şəhər qəzetində nəşr olunmasına kömək edərdi.
Professor Xəlil Yusifli bütün varlığı ilə klassik Azərbaycan ədəbiyyatının vurğunu və zəhmətkeş xadimidir. 1961-ci ildən elmi fəaliyyətlə məşğul olan alimin 1968-ci ildə çıxan "Nizaminin lirikası", 1982-ci ildə isə nəşr edilən "Şərqdə İntibah və Nizami Gəncəvi" adlı tədqiqat əsərləri qoca Şərqin misilsiz dahisi haqqındakı silsilə əsərlərinin "ilk"ini təşkil edir. Əməkdar elm xadimi, professor Xəlil Yusifli "Nizami Gəncəvi: Lirika, filoloji tərcümə", "Nizami Gəncəvi: Lirika", "Nizami Gəncəvi: Sirlər xəzinəsi", "Nizami Gəncəvi: Xosrov və Şirin", "Nizami Gəncəvi: Leyli və Məcnun", "Nizami Gəncəvi: Yeddi gözəl", "Nizami Gəncəvi: Şərəfnamə", "Nizami Gəncəvi: İqbalnamə", "Hikmət xəzinəsi (Klassik Azərbaycan ədəbiyyatı müntəxəbatı)" və s. kimi çoxlu sayda kitabların da tərtibçisi və ön sözlərinin müəllifidir.
İstər ölkəmizdə, istərsə də Azərbaycanın xaricində Nizami irsinin daha çox tanınmasında professor Xəlil Yusiflinin böyük xidmətləri vardır. Ümumiyyətlə, o, Nizamiyə olan sevgi və heyranlığını elmi fəaliyyətə başladığı ilk günlərdən qələmə aldığı bütün yazılarıyla təsdiq etmişdir. Onu da deməliyik ki, Xəlil müəllim təkcə Nizami haqqında yazmaqla kifayətlənməmiş, yeri gəldikcə Məhsəti, Əvhədi, Xaqani, Həqiri Təbrizi, Füzuli, Nəsimi və başqa klassiklərimizi də araşdırmış, vaxtaşırı onlar haqqında da öz sözünü demişdir. Yeri gəlmişkən, Həqiri Təbrizinin "Leyli və Məcnun" poemasını ilk dəfə Xəlil Yusifli tərtib etmiş və geniş ön sözlə birlikdə nəşr etdirmişdir.
Xəlil Yusifli təcrübəli pedaqoq və araşdırmaçı alim olmaqla yanaşı, həm də klassik irsimizdən xeyli tərcümələr etmiş və müxtəlif bədii əsərlər də qələmə almışdır. Belə ki, o, Məhsətidən, M.Əhvədidən, A.Ərdəbilidən, N.Gəncəvidən etdiyi tərcümələrlə yanaşı, "Avey, hey", "Hanı o günlər, hanı?" kimi şeirlər kitabının da müəllifidir.
Bu yazını professor Xəlil Yusifliyə tələbələri adından doğum günü hədiyyəsi kimi hazırlamaq istədik, ona görə də nə xatirə kimi xatirə oldu, nə də onun çoxillik elmi-pedaqoji fəaliyyətini əks etdirən məqalə kimi məqalə. İnşallah, qarşıdan gələn yubiley illərində daha geniş elmi-publisistik yazılarla çıxış etmək arzsusuyla çoxsaylı tələbələri adından dərin hörmət və ehtiramla...
Zəkulla Bayramlı
Yeganə Hüseynova
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!